11 İyun 2017 09:56
1 822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şairə-bəstəkar Xanım İsmayılqızı yeni şeiri ilə sosial şəbəkələrdə diqqət çəkib.

Teleqraf.com bu il aprelin 16-də yazılmış şeiri təqdim edir.

Canının ağrısı tutar qəfildən,

Oyanarsan, əlin belində qalar.

Görərsən ki, yenə yatağındasan,

Bir körpə nəfəsi telində qalar.

Göz yumarsan, səni yuxu aparar,

Bir doğma səs yenə çağırar səni.

Baxarsan ki, anan durub həyətdə,

Qaçarsan üstünə, aparar səni.

Aparar atanın olduğu yerə,

Özünü qoynuna itələyərsən.

Ayağı altından torpaq götürüb,

Qartopu əvəzi kündələyərsən.

Dilin topuq çalar, barmaqlarının

Uzunluğu örtər qum qarısını.

Təpədən-dırnağa tozun içində,

Göyə tullayarsan qum topasını.

Atanın qaşları düyün bağlayar,

Ananın gözünü yaşa çəkərsən.

Həmişəki kimi bir sual gələr:

- Ay bala, hələ də böyüməmisən?..

Küləyin əlində qum dənələri

Fırlanar, dolanar, göylərdən enər.

Başına, gözünə, üzünə dəyib,

Düşüb bapbalaca otağa dönər.

Əllərin, böyüdən əllərdən qopar,

Bu təzə mənzilə doğru qaçarsan.

Üstündən bir ovuc torpaq götürüb,

Bir də yumurlayıb göyə atarsan.

Qayıdıb bəxtini örtər dənələr,

Dönüb görərsən ki, hamı yox olub.

Ağappaq köynəyin sıxar boynunu,

Səsin də kəsilər içinə dolub.

Üzünə şillələr dəyib çatlayar,

Deyərlər, qayıtmaq arzusu yoxdu...

Hardansa bir soyuq kəlmə açılar:

- Bu uşağın alın yazısı yoxdu...

Sancının içində çapalayarsan,

Ayılıb, bayılıb, yıxılıb, durub...

İşıqları sönən səs eşidərsən:

- Bu ki, canlı deyil, ölü doğulub...

...Canının ağrısı tutar qəfildən,

Oyanarsan, yükün belindən düşər...

...Görərsən ki, yenə yatağındasan,

Bir körpə nəfəsi əlindən düşər...


Müəllif: Kəmalə