14 İyun 2017 12:39
2 858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hikmət Orhunun “Qadın qolları dövrü” kitabının təqdimatından reportaj naminə cibimdəki 1 manatı əllərimlə sıxıb yol aldım Gənc Tamaşaçılar teatrına. “Avtobus “Azadlığ”a qədər gedir” deyən sürücü məni 20 qəpik ziyana salsa da, sınmadım: “Bu, gediş pulu, bu, gəliş, bu da iki gilə siqaret...”

Avtobusdan düşüb yerin adamları udub qaytaran ağzından stansiyaya daxil oldum. Yerin mədəsində hər zamankı kimi gərginlikdir. Basabas, tər, qoxu, kişi qolları, “qadın qolları” və bir stansiya ayağımın üstündə gedən xanıma dözərək, nəhayət ki, “Sahil”ə çatdım. Yer uzun dilə bənzəyən eskalatoruyla məni yavaş-yavaş çölə atdı. Uzaqdan AYB öz səssizliyi ilə adamı hövsələdən çıxaran qamətiylə görünür. Yolumu “Malakan” tərəfə salıram. Malakan bağı, bir əlində dəsmal, bir əlində su şüşəsi olan adamlar, 5 nəfərlik skamyaları zəbt edən cütlküklər. Bir az gəzişmək qərarına gəldim.

Saat 15:00. Hikmətin gülüşünü uzaqdan bığının çarmıxda İsanın yana açılmış qolları kimi yanağına uzanmasından seçmək olur. Bir də işıldayan eynəyi, özünəxas, şirin axsamağı var.

- Hikmət, yekə şairsən, sənin indi təqdimat yerində həyəcanla dodağını gəmirib oxucularını gözləyən vaxtındır.

- O-o-o, şair necəsən?

Sualıma sualla cavab verib söhbəti fırlatdı.

- Mənəm də, saman çöpünə ümidlə yaşayıram, Hikmət.

Bu an içəridə Ayxan Ayvazı klaviyaturayla döyüşən görürəm. Qıraqdan başı qarlı, “saçların niyə belə tez ağarıb” suallarıyla tez-tez rastlaşan, toyundan küsülü olduğum yazarlarla üç öpüb bir barışdığım Oğuz Ayvaz gəlir. Salam verir, hal-əhvallaşıb gülümsünür. Oğuzun cəhdi ilə Hikmətdən kitaba qoyduğu pulu soruşub, sonra satış ehtimalını hesablayıb ürək-dirək veririk. Amma içimizdə hardasa bir qorxu var.

Budur, Ayxan söz davasında klaviaturaya qalib gələrək çölə çıxır. Məni görcək salamlaşır, iş uğuru diləyir, qardaşını təkrarlayır. Sonra onlar bir tikə yemək üçün qonorarlarının arxasınca, Hikmətlə mən Malakan bağına gedirik. Nəhayət, skamyalardan birini boş görürük. Otururuq. Hikmətin ürəyi Ayxangilin yeməyində qalıb: “hələlik” deyib, bizdən ayrılır.

Əvvəlcə bir kafedə sərinləyib yol alırıq təqdimata. Yol boyu ədəbi mühiti söküb yığırıq.

Çatdıq. Saat 16:00, teatrın önü. Son vaxtlar teatrlarda təqdimat keçirmək yazarların arasında dəbə minib. Necə ki tanınmış ədəbiyyat adamlarının teatrlardan nəşini çıxarırlar, deyəsən, indi də təqdimatların “nəşi”ni oradan yola salmaq qərarına gəlmişik. Önümə ilk çıxan Şərif Ağayar, Ağa Cəfərli və dostları olur.

Qarşıdan Qismət Rüstəmovun gülüşləri məni cəlb edir. Yaxınlaşanda görürəm ki, ədəbiyyatımızın Brus Lisi, bir müsahibəylə müsahiblərinin ağzından çıxan quşları anındaca vuran Kəramət Böyükçöl, qızların sevimlisi olduğunu iddia edən Ulucay Akif və tanımadığım ucaboy bir adam. Hikmətin bığsız, ucaboy, amma eynəkli variantı olan adamla da salamlaşıram.

Açığı bu lal tədbirdən necə yazmağı fikirləşib özü-özümə başımı bulasam da, yenə də fikrimdən dönmürəm. Yazacam! Kitabı əlimə alıb həmişəki qaydada birinci üz, sonra arxa qabığını oxuyuram. Sonra birinci səhifəni açıram:

“Bu kitab ölüb-dirilmiş bir adamın hesabatıdır. Bir yaşı tamam olmamış ölüb, sonradan zəmanətlə axsaya-axsaya həyata qayıdan körpənin hesabatı...

Mənim birinci şeirlər kitabım da bir növ özümlə eyni taleni yaşadı. Qonum-qonşudan borc alıb, nə ümidlə çıxardığım kitabda o qədər "axsaq" yerlər vardı, ayaq tutub yerimədi”.

Hikmətin təqdimatı da axsamış olmasın?! Yox, özümə ümid verib toxtayıram.

Gedirəm başqa qruplaşmanın yanına. Seyran İsmayılov və Hədiyyə Şəfaqəti görürəm. Əvvəlcə səmimi münasibətimizin bəhrəsi kimi görüşüb bir-birimizi bağrımıza sıxırıq. Sonra ikisi də bir ağızdan gördüyün işə verilən maaşın fərq etmədiyini, amma sevdiyin işi görməyin faydasından danışır. Yox, deyəsən, elə onlar bu tövsiyələri bir-birilərinə verirdilər, sadəcə, mən gəlib şərik olmuşam. Tövsiyələri qulaqlarıma yığıb onları da baş-başa qoyuram.

Axı, mən gəzməliyəm, müşahidə etməliyəm. Hikmətə yaxınlaşıb hal-əhval tutub çəkilirəm kənara, daha böyük plandan müşahidəyə. Gah təsadüfən teatrın aktyorlarından bir-ikisi gəlir, keçdiyim məşəqqətli öpüşüb-görüşmə yolundan keçir, uzaqdan mənimlə salamlaşırlar. Gah da qruplaşmalardan adamlar yer dəyişir. Amma bu azlığın içində oxucular demək olar, yoxdur.

Qan Turalının qardaşı Fuad, bəli, şəxsən mən elə tanıyıram, Taleh Eminoğluya pul üstünə qoyulublar. Kitab satışından və Talehin pulu saymağından əvvəlcə yüngül bir qonaqlıq, sonra kitabın mayası bir yekə təəssüflə yerə düşür. Ulucay, Müşfiq və mən şəhərin tualet problemlərindən danışıb kədərlənirik, yerimizdə güclə dayanırıq.

Bu an çantası çiynində Kəramət “kimdə siqaret var” deyib yanğını bir az da tüstüləndirir. Ulucay orucdur deyə, bizdən bir addım öndədir. Müşfiqsə son üç siqaretini paylayıb sözü qonaqlığa fırladır. Dalınca da, “görərsən, Kəramət zəng bəhanəsilə aradan çıxacaq” deyir. Kəramət gah nala, gah mıxa vurur. Sonra mənə məsləhət verir:

- Ayə, çətinlik çəkmə, burada nə var ki?! Bir az müşahidə elə, qalanını da gopa bas, vəssalam. Əlisəmid Kür gələn kimi onun lətifələrini yada salıb, gülüşən adamlardan yaz, Fuadın pulları saymağından. Nə bilim e, yaz da.

Birdən guya telefonuna zəng gəlir, zəngi açır və başını bizə çevirib ədayla, forsla, lap acıq verən baxışlarla gülüb uzaqlaşır. Tədbirsə elə ta əvvəldən sönməyinə davam edir. Aqşin Evrəni görürəm, salamlaşırıq. Sonra yanına kimsə yaxınlaşır, söhbətləşirlər. Arada getdikcə külləri gözümü yaşardan tədbirin ocaq kimi qızışdırmağa sanballı odun atmağa çalışsaq da, Əlisəmid Kürün, Cavanşir Yusiflinin, Elçin Əlibəylinin gəlişi də kar eləmir.

Onu da deyim ki, Elçin Əlibəyliyə salam verəndə qarşılığını elə verir ki, adam dönə-dönə salam vermək istəyir.

- Müşfiq, vallah, bilirsən bu tədbirlər nəyə bənzəyir?

- Nəyə, ay Emin?

- Anası ölən oğlun yasda olmamağına, atasız, anasız keçən övlad toyuna. Nəsə çatmır, tam deyil. Bizim yazarlar oxucu sarıdan yetimdir, oxucu sarıdan. Az da olsa, Aqşin Evrən bu teatrın önünü cana gətirməyi bacarmışdı. Yaz, xərc çək, kitab oxucuya yox, dosta, tanışa, şairə, yazıçıya qismət olsun.

- Emin, ədəbiyyat-zad boş şeylərdir, ciddiyə alırsan, başqa iş tapmaq lazımdır.

- Bax görürsən, hərə bir yerdə qruplaşıb. İndiki mühitin reallığı budur, parça-parça, ayrı-ayrı. Məsələn, bu tip təqdimatlar AYB-dən bir nəfər adam tapa bilməzsən. Çox təsadüfi hallarda taparsan, o da üzvlərdən kimsə ola bilər. AYB-nin də özünə görə tərifyaxdı, təltiftaxdı təqdimatları var. Sağ olsunlar, ürəkləri açıqdır, istedadlı-istedadsıza təqaüd paylayırlar.

Fikir verdim ki, Müşfiq öz işinə görə susdu, cavab vermədi. Ümumiyyətlə, son vaxtlar yaman susqunlaşıb. Ağzını açan kimi də gah getməkdən, gah intihardan danışır.

Yaxınlaşıram izdihamsızlığın içinə, şəkillər çəkirəm. Bayaqkı məşəqqətli yol bir də məni tapır. Kiminləsə salamlaşarkən Cəlil Cavanşiri Hikmətlə şəkil çəkdirən görürəm. Ürək-dirək verən təbriklərini üzündən, əl hərəkətlərindən sezirəm. Hikmətsə artıq həyəcanlı deyil, bir az qəmgindir, bir az narazı, bir az fikirli. Arası səngiyən imzalar atır, şəkillər çəkdirir. Yəni, bütün yazıçıların, şairlərin etdiyini edir. Əsas məsələ isə “Qadın qolları dövrünün” sonrakı taleyidir.

Və Hikmətə bu günlük son dəfə baxıram. Dodaqlarından oxuyuram, “bu kitabın çap xərci, bu balaca qonaqlıq, bu rayona qayıtmaq üçün yol pulu” deməyini. Təqdimatın külünü görməmək üçün içimdəki kədəri də ürəyimə yığıb uzaqlaşıram teatrın önündən. Sonra yenə Malakan bağı, təqdimatdan bixəbər insanlar, yolboyu oxunmağımıza, bir azca tanınmağımıza baxmayaraq, bizi tanımayan insanlar və “Sahil” metrosu...


Müəllif: Emin