14 İyun 2017 02:24
1 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən tələbəlik illərimdən Vladimir Nabokovla maraqlanmışam. Oturub onun mühazirələrini oxuyur, tərcümə edib saytlara, qəzetlərə verirdim. Bir də gördüm ki, artıq kitabın 70-80 faizini tərcümə etmişəm və düşündüm ki, bu tərcümələrimi toplayıb kitab halında dərc etməyin vaxtı gəlib çatıb.

Fikrimcə, bu, ədəbiyyatsevərlərə yaxşı hədiyyədir və son 2 ilimi məhz bu kitaba həsr etdim.

Teleqraf.com-a açıqlamasında şair Qismət tərcümə etdiyi kitab haqda danışarkən deyib.

O, qeyd edib ki, Vladimir Nabokovun "Rus ədəbiyyatından mühazirələr" kitabında dünya şöhrətli rus yazıçılarının bütün ədəbi-bədii yaradıcılığının geniş şəkildə təhlili və tənqidi toplanıb:

“Düşünürəm ki, bu kitab həm universitet tələbələri, həm filoloqlar, həm də ümumilikdə rus mədəniyyəti ilə maraqlananlar üçün yaxşı vəsaitdir. Gənc yazarlar ondan master-klass kimi də istifadə edə bilərlər. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub”.

“Hazırda Nabokovun Qərb ədəbiyyatına, Avropa yazıçılarına aid mühazirələrini tərcümə etməklə məşğulam. Artıq mühazirələrin 40 faizi hazırdır və yaxın gələcəkdə onu da kitab halına salmağı planlaşdırıram”, - deyən şairin başlıca məqsədi tanıdığı insanları yaxşı əsərlərlə tanış etməkdir.

Qeyd edək ki, "Rus ədəbiyyatından mühazirələr" kitabının təqdimat mərasimi sabah Gənc Tamaşaçılar Teatrında keçiriləcək. Tədbir saat 17:00-dan 19:00-a qədər davam edəcək.


Müəllif: Könül Əlibəyli