14 İyun 2017 16:05
2 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış şair Salam Sarvanın dünya ədəbiyyatı incilərindən tərcümələri davam edir.

Teleqraf.com xəbər verir ki, Salam Sarvan bu dəfə fransız şairi Pol Valerinin “Gecə-gündüz bərabərliyi” şeirini dilimizə çevirib.

Tərcüməni təqdim edirik:

GECƏ-GÜNDÜZ BƏRABƏRLİYİ

Dəyişirəm... o nəydi göylərə qalxdı səssiz,

nə baş verdi, nooldu?

Yarpaqlar duyğuları yatırda bilmir daha

və sükut da lal oldu.

Mən sağam, başım üstə göylər kor oldu birdən...

Leta sahillərində

Dolaşıq addımların qalıqları yatdılar

sanki kül üzərində.

Sular Psixeyanı gizlədi duvaq kimi,

qatdı “gəlin köçünə”...

Ey yuxuda gəzənim, sənin duru məzarın

kimi çəkdi içinə?

İçində bağışlayır, amma üzünü məndən

yana çevirir həm də.

Vəfalı qalıb qaçır, sevə-sevə tərk edir

bu ölü çöllərimdə.

Görəsən, nədən belə dəli könlüm çırpınır –

agahdı bir Allaha.

Köksündən ilan çalmış Evridika, ey Orfey,

qayıdan deyil daha.

Daha qara sevdanın şahidi dönməz, Günəş,

indi növbə sənindi:

Qara çayın özünə dartan o tərəfinə

sürünürsən sən indi.

Bu payızın kədərli azadlığı yanında

ürəyim elə təkdi.

Ətrafımda nə varsa, getmək istər: yox olmaq -

aydınlaşmaq deməkdi.

“Niyə?” kimi lal sual daş kimi donub qalıb

gözümün qarasında.

Göz qapağımsa qəfil titrəyib yerə düşdü

mənlə mən arasında.

Bu nə əbədiyyətdi, bircə anın içində

kəsildi birdən ardı?!

Budaqdan qopan yarpaq yüngül bir cızıq çəkib

ili ildən ayırdı.

Fırlan yanımda, coşsun alovlu burulğanın

sənin, ey quru xəzəl.

Ey Günəş, bir şüanla gedən ayaqda sən də

öləri zamanı dəl.


Müəllif: Könül Əlibəyli