19 İyun 2017 16:09
5 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tarix elmləri doktoru Anar İsgəndərli ilə müsahibəni təqdim edir.

– Anar müəllim, Bakı Dövlət Universiteti “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasının müdirisiniz, ona görə də fikrimə gələn ilk sual Qız qalası ilə bağlı oldu. Bu abidəmiz haqqında yayılan rəvayətlərdə tarixi həqiqət varmı?

– İstər Azərbaycan ərazisində, istərsə Azərbaycandan kənarda belə müdafiə qalaları çox olub və həmişə olacaq. Amma elm və texnikanın inkişafı müasir dövrdə elə qalalara ehtiyac yaratmır. Keçmişdə isə baş verən ardıcıl müharibələr müdafiə tipli qalalara ehtiyac doğururdu. Qız qalası da həmin qalalara aiddir. Zaman keçdikcə, odlu silahlar yarandıqca, orduların sayı çoxaldıqca Qız qalası da müdafiə əhəmiyyətini itirdi. Bu gün Bakıya gələn turistlər ona tarixi abidə kimi baxırlar.

Bir var tarix, bir də var tarix ətrafında gedən rəvayətlər. Çox qəribədir ki, insanlar tarix faktlardan çox rəvayətlərə inanırlar. Rəvayətlər ona görə söylənilmir ki, onlar doğrudur.

– Qız qalası haqqında rəvayətlərdən biri atanın qızına olan meyli ilə bağlıdır...

– Bəli... Çox pis haldır ki, insanlar bu rəvayəti tarixi həqiqət kimi görürlər. Halbuki bu yanlış rəvayəti dilə gətirməyin özü də günahdır.

– Təkcə Bakıda yox, Azərbaycanın müxtəlif bölgələrində də müdafiə qalaları çoxdur. Qazax, Lerik, Naxçıvan və s. Niyə məhz Bakıdakı Qız qalası adlanır?

– Bu haqda ancaq mülahizələr irəli sürmək olar. Fikirlər doğru da ola bilər, yanlış da. Bunları araşdırmaq tarixçinin işi deyil.

– Deyilənə görə, bölgələrdəki qalalarla Bakıdakı Qız qalası arasında yeraltı əlaqələr, yollar olub. Bunlar da rəvayətlərdir?

– Yanlış fikirlərdir. Heç qırx-əlli ildir Bakıda düz-əməlli yeraltı metrolar çəkə bilmirik. Bu sözlər insanlara xoş gedir. Axı bizlər beləyik, olmayan şeylərdən danışırıq. Biri var tarixi, biri də var filoloji təfəkkür. Filoloji təfəkkürlə yaşayan insanlar çox xoşbəxt olurlar. Məsələn, Koroğlu on qoyunun cəmdəyini bişirib yedi. İnsan on qoyun yeyə bilərmi? Tarixi təfəkkürdə isə hər şey reallığı əks etdirir. Yenə də deyirəm, o zamanlar heç vaxt yeraltı yollar ola bilməzdi. Bunların hamısı insanların sadəcə, eşitmək istədiyidir.

– Bəs sizcə, filoloji təfəkkür tarixi təfəkkürə kölgə salırmı?

– Dəhşətdir... O xalq ki, filoloji təfəkkür sahibidir, həmişə faciələrlə üz-üzə gələcək. Çünki onlar unutqan olurlar. Tarixi təfəkkür sahibləri isə tarixdən nəticə çıxarırlar.

– Yəni necə?

– 1905-ci ildə ermənilər bizdən nə istəyir sualına cavab tapsaydıq, 1918-1920-ci illərdə bu qədər faciə ilə üz-üzə gəlməzdik. 1918-1920-ci illərdə erməni bizi nə üçün qırır sualına cavab tapsaydıq, XX əsrin 90-cı illərində gərək biz bu qədər torpaq itirməyəydik və bir milyon qaçqınımız olmayaydı. Nə zaman ki, yunanların əlində qılınc vardı, az qala dünyanın yarısını tutmuşdular. Nə zaman ki, Liraya uydular, vətən, torpaq əldən çıxdı.

Bədii təfəkkürlə xalq heç vaxt dövlət qura bilməz. Mən istər Nizami Gəncəvinin, istərsə də Füzulinin “Leyli və Məcnun” əsərini yazsam, Leylini qapqara, boyunu da iki metr göstərərəm. Bu ki bədii sözdür, istədiyim kimi yaza bilərəm. Amma sən 944-cü ildə Bərdənin yandırılmasını necə inkar edə, necə dəyişdirə bilərsən ki? Bu, tarixdir, faktdır, tarixi təfəkkürdür. Şeirlə xoş bir məclisi yola vermək olar, tarixi yox!

– Sah İsmayıl Xətaidə də bədii təfəkkür vardı. Amma dövlət qurdu, elə deyilmi?

– Bizə Şah İsmayıl Xətainin qurduğu dövlət lazımdır, divanı yox, bədii yaradıcılığı yox. O divan olmaya da bilərdi. Əgər olmasa Şah İsmayıl Xətaini ittiham edə bilərikmi? Divan yazıb, lap yaxşı. Onun qurduğu dövlət görün haraları əhatə edir: Amudərya, Sırdərya, Fərat, Dəclə, Gürcüstan... İlk dəfə Azərbaycan Səfəvi dövləti bir imperiya yaratdı. Dünyadakı böyüklük budur ki, dövlətinin ərazisini artırırsan.

Dünyada ən böyük dəhşət döyülmək, ən böyük qəhrəmanlıq döyməkdir. Torpaq tutmaq, öz qanunlarını o torpaqda tətbiq etmək, insanların sənə tabe olması və sənin qanunlarını həyata keçirməsi... Dünyada bundan böyük xoşbəxtlik yoxdur. Bu gün biz böyük güc sahibi olsaq, yarım saat ərzində torpaqlarımız azad edərik. Amma kiçik dövlətik, gücümüz böyük dövlətlərin gücü qədər deyil deyə çarəsiz vəziyyətdə qalmışıq. Siz hansı fakültədə oxuyursunuz?

– Filologiyada...

– Əgər sizin qrupunuzda iyirmi beş tələbdən ikisi, üçü şeir yazırsa bu, çox normaldır. Heç kəs sizi qınaya bilməz. Amma iyirmi beş nəfərdən iyirmisi şeir yazırsa bu, dəhşətdir. Göy, ay, bulud... Hə, nə olsun? Bütün bunların Dağlıq Qarabağ probleminə bir xeyri dəyəcəkmi? Xeyr! O xalq ki tarixi təfəkkürə malikdir, heç vaxt işğal altına girmir. Filoloji təfəkkürə malik xalq isə çox uzağa gedə bilmir. Çünki o göz yaşı axıtmağa hazırdır. Bax, bu dəhşətdir...

– Sizcə, dövlət üçün onun mədəniyyətinin heç bir rolu yoxdurmu?

– Dövləti dövlət edən onun siyasətidir, mədəniyyəti yox. Mən 1973-cü ildən bəri bir dənə də olsun şeir oxumamışam. Oxuduğumu da ali məktəbə qəbul olmaq üçün oxumuşam. Nə itirmişəm ki? O şeirin mənə bircə xeyri oldu, ədəbiyyatdan beş aldım. Vəssalam! Bu gün üçün o şeirlərin mənə heç bir xeyri yoxdur.

Dağlıq Qarabağ həqiqətini dünyaya çatdırmaq üçün bizim şairliyə ehtiyacımız yoxdur. Amma tarixçilərə ehtiyacımız var ki, Kürəkçay müqaviləsində qazancımız nə olub? 1921-ci il iyulun 5-də necə oldu ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qaldı? Dünya Dağlıq Qarabağın həqiqətini öyrənmək istəyəndə bizdən bunu soruşur. Heç vaxt şeir soruşmur. Şeir xoşbəxt xalqlara lazımdır. Xalq xoşbəxt olanda nə qədər istəyirsən kef məclisi qurub şeir oxuyur.

Təsəvvür edin, Şuşa azad olunur, onun geri qaytarılması ilə bağlı bütün bölgələrdə şeir müsabiqəsi keçirilir. Hə, onda problem yoxdur... Amma azad olmamış Şuşaya yazılan şeirlərin mənası varmı? Bakının bütün küçələrində yeməkxanaların adı Laçın, Qubadlı, Şuşadır. Lap o yeməkxanalarda müğənnilər göz yaşı tökə-tökə mahnı oxusun. Axı bunların nə xeyri var?

– Bizdə tarixi ciddi elm kimi qəbul eləməyənlər var. Bəs dünya tarixi bir elm kimi necə qəbul olunur?

– Dünyada tətbiqi tarix var. Ayın neçəsi, saat neçədə problemi yoxdur. Bu məsələlər ancaq bizdə var, o da sovet dönəminin təcrübəsidir və bundan imtina etməliyik. Tarixi faktı bilmək lazımdır, əsas müddəalardır. Mart soyqırımı martın 31-i baş verdi yox, niyə baş verdi? Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti 1918-cilin 28 mayında yarandı, onu kimlər yaratdı, necə fəaliyyət göstərirdi, niyə 23 ay yaşadı, niyə 23 aydan artıq yaşamadı? Siz təsəvvür edin, bu dövlət 282 dəfə ilk sözünə imza atıb. İlk universitet, ilk parlament və s... Tarix budur, səhvləri, doğruları göstərir və ibrət dərsi keçir.

– O düz sözdür ki, tarixi yazanın ədalətindən çox şey asılıdır?

– Bəli, bunu Abbasqulu ağa Bakıxanov deyib. Necə ki, müəllimin şagirdlərə qarşı ədalətindən çox şey asılıdır, eləcə də tarixçinin tarixə. Tarix yazılırsa tarixdir. Yazılmırsa yaddan çıxır. Fəxrlə deyirik ki, türklər tarixi yaradır, yazmır. Amma yazılmırsa yaratmağa ehtiyac yoxdur. Əgər tarix vaxtında yazılsa qeyd etdiyimiz Qız qalası rəvayətləri, fərziyyələri olmazdı.

– Tariximizdə yazılmayan, qaranlıq qalan mərhələlər çoxdurmu?

– Kifayət qədərdir.

– Bəs niyə yazılmayıb, səbəb nə olub?

– Ədəbiyyatçılar imkan verməyib ki, tarixçilər tarix yazsın. Böyük Səməd Vurğun “Vaqif” əsəri yaratdı. Təbii ki, bunu yerlisi üçün etdi. Amma fəxr edəcəyimiz Ağa Məhəmməd şah Qacarı elə günə qoydu ki, mən uşaq vaxtı ona nifrət edirdim, Vaqifi isə sevirdim. Zaman keçdi, tarix oxudum və gördüm ki, şah Qacar Azərbaycanın ən qüdrətli hökmdarlarından biri olub. Vaqifin fəaliyyəti isə çox dəhşətli idi, cəzasını da çəkdi. Cıdır düzündə oğlu ilə birlikdə faciəvi şəkildə öldürüldü.

Mən Vaqifin öldürülməsinə heç də təəssüf eləmədim, sadəcə, tarixçi kimi düşündüm ki, nə yaxşı cəzasını aldı. Onun Qarabağdakı fəaliyyətini bir tarixçi kimi oxuduqdan sonra hər şey mənə aydın oldu.

Və ya Nəriman Nərimanov böyük şəxsiyyət olub. Amma “Nadir şah” əsərini yazdı. İslam dünyasında istənilən tərəfdən baxanda Nadir şah zirvədir. Nərimanov tarixçilərə icazə vermədi Nadir şahı yazsınlar. İmkan vermədi və özü elə bir biabırçı əsər yazdı. Mənim bütün dostlarım filoloqlardır, amma tarixçi ilə filoloq arasındakı çəpər qədər aramızda ehtiyatlı bir sərhəd var.

– Anar müəllim, sizcə, niyə islam ölkələrinin inkişafı xristian ölkələrindən geri qalır? Səbəb dindirmi?

– Bu məsələlər dinlə bağlı deyil. İslam dünyanın ən ədalətli dinidir. Bilirsiniz, bu çox ağır mövzudur. İndi isə yorulmuşam, uzun danışmaq istəmirəm. Heyvanlar yeriyir, uçur və suda üzür... Xalqlar da belədir. Yaponlarda yerin altında heç nə yoxdur, amma xoşbəxt yaşayırlar. Bizim torpağımızın altında hər şey var, amma ehtiyac içindəyik. Xalqın böyüklüyü yeraltı sərvətlə deyil, beyinlə, ağılla ölçülür. Yenə deyirəm, məsələ dində deyil, insanların düşüncə tərzindədir.


Müəllif: Çinarə Böyükçöl, Elçin Murad