21 İyun 2017 11:10
58 947
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həbs olunduğuna dair heç bir söz yazmacağam. Çünki bunu sizin özünüz də gözləyirdiniz. Mən Naxçıvanda qala bilmədim. Məktubu sənin tanışın İsmayıla verdim. Həftə başına qədər sənə yemək parası da verdim. Qəbul etmədi. Sənin kiminsə yanında para qoyduğunu söylədi.

Mən altı gündən sonra yenə də gələcəyəm. Məktubun cavabını yazıb İsmayılova göndərərsən. Mən də Culfada qalmayacağam. Fikir etmə! Səni tək buraxmaram. Evdən də yazıb, getməyimi tələb etmişəm. Sənin haqqında bütün əhvalatı evə yazmışam. Özünü çox da bədbəxt hesab etmə! Sənin başına gələn bütün bədbəxtlik mənim taleyimlə də əlaqədardır.

Raya, 14 yanvar”

“Gözəl yoldaşım, Raya! Məhbəsdə birinci məktubu səndən aldım. Bu da bizim həyatımızda tarixi bir hadisədir, Raya! Mənim rahat olmağım üçün sənin mütəhəmmil olmaq istədiyin hər bir əziyyətin nəticəsiz qalacağını sənin özün də bilirsən. Saritsin şəhərinə yetişənə kimi kim bilir nə qədər həbsxanalarda bulunacağam. Yollarda neçə ay qalacağımı indidən təyin etmək mümkün deyil. Mənim üçün şəhərdən- şəhərə gəlmək əziyyəti qadınlardan tələb ediləcək bir əziyyət deyil.

Raya, mənə heç bir şey lazım deyil. Heç kəsə para və başqa şeylər vermə. Hər şeydən qiymətli bir şey varsa, o da sənin məktubundur. Məni yaxşılıqla xatırlayacağınıza əminəm.

Səmimi yoldaşın Səid. 16 yanvar”

Bu sətirlər böyük ədib Məmməd Səid Ordubadinin sevdiyi xanımla məktublaşmasındandır. Təfərrüata bir sonra varacağıq...

***

Bura Azərbaycanın görkəmli ictimai xadim, yazıçı Məmməd Səid Ordubadinin xatirə muzeyidir. Muzey ədibin 1938-ci ildən ömrünün sonuna,1950-ci il mayın 1-nə qədər yaşayıb-yaratdığı mənzildə yerləşir.

Çox tez yaşlarında atasını itirmişdi. “Fəqir” təxəllüsü ilə tanınan atası Hacı Ağa uzun yaşamadı, ağır həyat şəraitinə dözmədi, xəstələnərək vəfat etdi.

Atasının vəfatından sonra dostlarından biri Məmməd Tağı Sidqi Ordubadinin müəllimi və ən yaxın məsləhətçisi oldu. Ordubadi əsas təhsilini də Sidqinin “Əxtər” adlı məktəbində aldı.

Evin hər köşəsi barədə bizə məlumat verən muzeyin elmi işçisi İradə Vəliyeva ilə Ordubadinin həm çətin, həm parlaq günlərinə işıq tutmağa çalışacağıq.

Ədibin xatirə otağı onun həm iş, həm də qonaq otağı olub. Buradakı əşyalar, fotoşəkillər, kitablar Ordubadiyə məxsusdur. Bəzi dəyişiklikləri nəzərə almasaq, otağın görünüşü ədibin həyatının son anlarında olduğu kimi qorunub saxlanılıb.

Yazı masası arxasında ədib özünün ən tanınmış “Gizli Bakı”, “Döyüşən şəhər”, “Serjant İvanov adına körpələr evi”, “Qılınc və qələm” və başqa əsərlərini yaradıb. İradə xanım deyir ki, yazı masasının qoyuluşu indiki kimi olmayıb. Masanın üzü pəncərəyə tərəfmiş. O, üzü işığa sarı yazmağı sevərmiş.

Masanın yanında yazıçının sevimli kitabları qoyulmuş rəf yerləşir, divarda isə ədibin Azərbaycanın xalq rəssamı Altay Hacıyev tərəfindən işlənmiş portreti yer alır.

Ordubadinin çox sevdiyi kreslosu da burdadır. Otağın divarları isə ədibin özünün, bacı və qardaşının, həyat yoldaşı Taisiya Vasilyevnanın, oğlu Maqsudun şəkilləri ilə əhatələnib.

Onun maraq dairəsi çox geniş idi. Evinə tez-tez qonaqlar gələrdi. İradə xanım deyir ki, burda ədib yoldaşları ilə söhbət etməyi, radiodan xəbərləri dinləməyi çox sevərmiş.

“Buraya görkəmli şəxslər dahi bəstəkar Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Səid Rüstəmov, xalq yazıçısı Mirzə İbrahimov yığışardılar. Tez-tez ədibin yaxın dostu və qonşusu Bülbül gələrdi. Gördüyünüz “Bekker” markalı bu piano arxasında Bülbülün ifasında Fikrət Əmirovun musiqisinə və Ordubadinin sözlərinə bəstələnmiş “Gülərəm gülsən” mahnısı vaxtaşırı səslənərdi”.

Muzeyin ikincisi zalına Məmməd Səidin ədəbi yaradıcılığını əks etdirən vitrinlər, fotoşəkillər yığılıb.

“Məmməd atasının yolunu davam etdirməyi qərara alanda özünə “Səid Ordubadi” təxəllüsünü seçdi. Zaman bu nikbin və uğurlu adın sənətkara yaraşdığını sübut etdi.

Onun şeirlə maraqlanması lap uşaqlıqdan hiss olunurdu, axı, o şair ailəsində doğulub, şairlər mühitində böyüyürdü. Hər gün şairlər və şeir həvəskarları ilə qarşılaşırdı”.

Ordubadi həyatın acı üzünü çox erkən yaşlarından daddı. Atası öləndə hələ kiçik olan Məmməd 14 yaşından əmək fəaliyyətinə başladı, müxtəlif ipək, barama zavod və fabriklərində çalışdı.

“Gənc şair ədəbiyyat və mətbuat aləmində XX əsrin əvvəllərindən tanınmağa başlayıb. İlk mənzum kitabı “Qəflət”də dinsizlik nişanələri görən ruhanilər Ordubadini kafir elan etdilər, ikinci kitabı “Vətən və Hürriyyət”dən sonra onunla çar jandrm idarəsi maraqlanmağa başladı; evində axtarış aparıldı, həbs olundu, nəzarət altında saxlanıldı”.

Ordubadda yaşamağın çətinləşdiyini görən ədib 1908-ci ildə Culfaya köçməyə məcbur oldu. 1908-1913-cü illər Ordubadinin yaradıcılığında Culfa dövrü adlanır. Burada o, jurnalistik fəaliyyəti üçün də əlverişli imkan tapır. Bakıda nəşr olunan qəzet və jurnallara, Tiflisdə çıxan “ Molla Nəsrəddin” jurnalına yazılar göndərir, “İrşad”, “Tərəqqi”, “Tazə həyat” və sair qəzetlərlə müxbir sifəti ilə əməkdaşlıq edir. Ədibin jurnalistik fəaliyyətində “Molla Nəsrəddin“lə əməkdaşlığı xüsusi yer tutur.

O, həmçinin burda “Hümmət” bolşevik təşkilatının üzvü olur, ara-sıra Cənubi Azərbaycanda inqilabi hərəkatda iştirak edirdi. Elə Rayaya da məhz burda "Anqliya" mehmanxanasında rast gəlir. Sonralar Ordubadi bunu "Həyatım və mühitim" kitabında belə təsvir edir: "Mehmanxanada ara- sıra ağlamaq və yalvarmaq səsləri eşidilirdi. Bunun qarşısında oturduğumuz odadan gəldiyini biləndə otelin sahibi Surenlə içəri girdik. İki gənc qız - birisi çarpayının üzərində oturub, digəri isə odanın bucağına qısılıb titrəyirdi”.

Ordubadi iki yüz manat verib qızları fahişəxana müdirinin əlindən qurtarır. Qızlardan biri Lida Surenə ərə gedir, Raya isə polkovnik Ştraubenin evində qulluqçuluğa başlayır, amma bütün həyatını Səidə həsr edir.

İran inqilabında iştirakı və çarizm əleyhinə fəaliyyətinə görə Ordubadi daim nəzarət altında saxlanılırdı. Birinci Dünya müharibəsi ərəfəsində Culfada fəaliyyət göstərən qrupun üzvləri bir-bir həbs edildi, sürgünə göndərildi. Ədib qaçıb qurtarmaq üçün Ordubada qayıdır, oradan Bakıya gəlmək istəyir. Lakin mümkün olmur. Onu həbs edib Saritsinə (Volqoqrad) sürgün edirlər.

​1914-1919- cu illər Ordubadinin həyatında və fəaliyyətində sürgün dövrü adlanır. Sürgündə nələr görəcəkdi, Saritsinə çatana qədər olacağı bütün həbsxanalarda yaşayacağı hadisələri sonralar bir kitaba belə sığdıra bilməyəcəkdi...

Səid həbsxanada olanda Raya ona məktublar yazırdı, görüşünə gəlirdi, bir sözlə onu tək qoymurdu. Bu isə Səidə mənəvi əzab verirdi. O yazırdı: “Öz-özümü tənqid edirdim. O qız nə üçün mənə bağlandı? Nə üçün Rayanın taleyini öz qaranlıq taleyimlə bağlanmağa imkan verdim. Nə üçün birinci səfalətdən qurtardığım bu səmimi kəndli qızının ikinci səfalətə düşməsinə zəmin yaratdım?.. Mən özümdə bu vəziyyəti hər dəfə dışarıdan məktub aldığım vaxt hiss edirdim. Lakin məktublar yubandıqda hiss etdiyim ağırlıqlar məni daha da acı vəziyyətdə saxlayırdı”.

Başqa bir qeydində isə yazırdı ki, Rayanın da Saritsin şəhərinə gələcəyini, orada həmişəlik birgə həyatımızın əsasını qoyacağımızla bağlı qərara gəlmişdik.

Amma Rayanın həbsi bütün planları alt-üst etdi.

“Həbs olundum. Bir günahım yox. Mənə nə olubsa polkovnik Ştraubedən olubdur. Çünki o alçaq məni sevirdi. Mən isə onunla yaşamaq istəmədim. Onun razılığı olmadan çıxıb gəldim. Salamat qal.

Sənin Rayan”.

“Kədərimdən çıldırmaq istəyirdim” deyən Səid həbsxanalarda qadınların başına gətirilən müsibətləri çox yaxşı bilirdi. Bunu kitabında Mələknisənin timsalında belə izah edirdi: “Onun yerişi nə qədər təhqir edildiyini, vəhşi qucaqlardan yorulduğunu göstərirdi”.

Bu gerçəkliklə yaşamaq dəhşət idi... Səid bir yol tapıb Rayanı ziyarətə gedəndə dəhşətli mənzərə ilə qarşılaşdı: o, artıq dəlixanaya salınmışdı. Bu nə qədər davam edə bilərdi ki?

“Rayanın qəbri üstə bir dəstə gül qoydum. O gül və yığın torpaqdan ibarət qəbir indi də gözümün önündədir”.

Saritsinin ağır imtahanları - aclıq, ehtiyac ədibin səhhətinə çox pis təsir edir. Vərəmə tutulan Səid iki ilə yaxın xəstə yatır. Lakin imkan tapınca yaradıcılığını və ictimai fəaliyyətini davam etdirirdi.

Sürgün illərində o, Taisiya Vasilyevna ilə ailə həyatı qurur. Onların yaş fərqi həddən artıq çox idi. O vaxt Ordubadi Taisiya Vasilyevnanın ata-anası ilə çar üsul-idarəsi əleyhinə birgə mübarizə yoldaşı olmuşdu. Və o mübarizə ərəfəsində Taisiyanın valideynləri öldürülmüşdü. 16-17 yaşında yetim qalan Taisiyanı 40-ı haqlamış Ordubadi himayəyə götürüb, onunla ailə qurmuşdu.

"Fondumuzda olan bir şəklə əsasən demək olar ki, Ordubadi ilə Taisiyanın sürgündə bir qız övladları dünyaya gəlib. Amma körpə elə bələkdə də dünyasını dəyişib" – İradə xanım deyir.

1917- ci il fevral inqilabı zamanı Ordubadi sürgündən azad olunur, orduda qulluq etməyə başlayır.

​Onu 1919-cu ildə Saritsindən Həştərxana, daha sonra Dağıstana göndərirlər.

Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra 1920-ci ilin may ayının əvvəllərində onu öz xahişi ilə Bakıya yollayırlar. Və yazıçının həyatının və yaradıcılığının ən məhsuldar dövrü başlayır.

Ədib yazırdı: “May ayının 2-də yoldaşımı Bakı stansiyasında şeylərin yanında qoyub mənzil hazırlamaq üçün şəhəri dolaşdım. Bahabovun evlərində iki otaqdan ibarət mənzil tapdım. O günlər “Əxbar” qəzeti çıxırdı. Mən Bakıya gələndən iki gün sonra həmin qəzetə müdir müavini təyin olundum”.

Milli səhnə sənətinin inkişafı üçün yorulmadan çalışan Ordubadi Azərbaycan teatrında hazırlanan ilk dram əsərlərinin müəlliflərindən biri olur.

Azərbaycanda ilk operalardan olan, inqilabi mövzusu ilə yeni tipli əsərlər içərisində xüsusi yer tutan “Nərgiz” operası (1935) inqilab mövzusunda işlənib. Opera istedadlı bəstəkar Müslüm Maqomayevlə bir neçə illik birgə zəhmətinin nəticəsində yaranıb.

Bu operanın yaranmasının isə maraqlı tarixçəsi var: 1930-cu illərdə Bakıda ilkin “RV-8” radio stansiyası işə salınıb. Ordubadi burada ədəbi hissə müdiri, Müslüm Maqomayev isə bədii rəhbər vəzifəsində çalışıb. Əvvəlcə Ordubadi radio üçün kiçik dramatik süjetlər, Maqomayev ona musiqi yazırmış. Əsər radioda verilir və bəyənilir. Bundan sonra müəlliflər həmin süjet əsasında opera yazmaq fikrinə düşürlər. Beləcə “Nərgiz” operası ərsəyə gətirilir.

Ordubadinin avtoqrafı ilə Əzim Əzimazadəyə, Əzimzadənin avtoqrafı ilə Ordubadiyə yadigar verilən şəkillər muzeyin dəyərli incilərindən hesab olunur.

“Ədilə xanım danışırdı ki, Ordubadi axır vaxtlar çox xəstə idi. Masanın arxasında oturub deyərmiş ki, mən niyə ölüm, axır kimə neynəyirəm. Sadəcə oturub yazıram”.

O çox yazarmış, saatlarca, günlərcə, aylarca...Yazmaqdan artıq barmaqları da əyilmiş, keyləşmişdi.

Ədib 1950-ci ilin may ayının 1- də uzun sürən ağır xəstəlikdən sonra vəfat edir. Son anında Bülbülü yanında görməyi arzu edirmiş. 1 May paradından tələsik gələn Bülbül Səidin son nəfəsində onu yalnız buraxmır.

İki il sonra oğlu Maqsud 32 yaşında dünyasını dəyişir. Təəssüf ki, Ordubadi ailəsinin davamçısı olmur. Bülbülün həyat yoldaşı Ədilə xanım deyirdi ki, Maqsudu evləndirmişdilər, hətta qız Ordubadinin öz qohumlarından idi. Amma o uşaq üstündə dünyasını dəyişdi.

Taisiya Vasilyevna isə 1976-cı ilə qədər yaşadı. Dünyasını dəyişəndən sonra vəsiyyətinə əsasən ev qulluqçusu Mariyaya qismət oldu. 1979-cu ildə bura muzey olandan sonra dövlət Mariyaya ikiotaqlı ev verdi, o isə öz növbəsində Ordubadinin evində olan əşyaları muzeyə satdı.

İndi kiçikli-böyüklü o əşyaların hər biri xatirə danışır...


Müəllif: Nərmin Muradova, Elçin Murad