22 İyun 2017 09:06
1 774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şairə-bəstəkar Xanım İsmayılqızının siqaretlə bağlı yeni şeiri sosial şəbəkədə maraqla qarşılanıb.

Teleqraf.com bu il mayın 7-də yazılmış şeiri təqdim edir.

Xanım İsmayılqızı bu şeirinə diqqətin çox olduğunu qeyd edib: “Səbəbini bilmirəm, bu şeirin oxucusu yaman çox oldu...”

Mənim adım Siqaretdi, hər dərdə qatılıram,

Bəzi adamlar kimiyəm, hamıya satılıram...

...Mən də torpaqdan yarpaqtək yetişib bütün oldum,

Ovuclarda sığallandım, quruyub tütün oldum.

Məni də ağa bələyib beşiklərə yığdılar,

Gözəl-gözəl adlar verib, üzü üstə yıxdılar.

Bağladılar əllərimi, ağzımı və dilimi,

Zərli bir kəmər ilə də sarıdılar belimi.

Gəmilərdə, qatarlarda, təyyarədə süzdüm mən,

Gizli-gizli, xəlvət-xəlvət sıxıntıya dözdüm mən.

Həm duruldum, həm bulandım yasaqların içində,

Azadlığı axtarırdım dustaqların içində.

Əldən əllərə də düşdüm, ciblərdə yerim oldu,

Bəzənib-düzənsəm belə, qəmdən xəbərim oldu.

Kimlərsə məni oynadıb, adımla lovğalandı,

Mənimlə şəkil çəkdirdi, şəkilə damğalandım.

İki barmaq arasında dodaqlarla öpüşdüm,

Bütün nəfəslərə qonub, ehtirasla görüşdüm.

Kimin içində nəyi var, nəyi yoxdu - bilirəm,

Mən ki, bütün adamların ciyərini görürəm.

Sinəmə dağlar çəkdilər, həvəsimə çatdılar,

Ömrümü heçə göndərib, kötüyümü atdılar.

Oduma odlar qarışıb, tüstüm göyə sovrulub,

Mənim külümün içində neçə canlar qovrulub...

...Mənim adım Siqaretdi, hər dada qatılıram,

Bəzi adamlar kimiyəm, hamıya satılıram...


Müəllif: Kəmalə