25 İyun 2017 21:39
4 511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mirzə Fətəli Axundov adına milli kitabxanada 1922-1939-cu illərdə çap olunan nəşrləri araşdırarkən “Aprel alovları” adlı bir kitaba rast gəldim.

“Azərnəşr” tərəfindən 1930-cu ildə çap olunan bu kitab “Gənc işçi” qəzetinin 10-cu ildönümünə ithaf olunub. Kitabda dönəmin gənc şair və yazıçılarının şeirləri və hekayələri toplanıb. Süleyman Rüstəm, Mikayıl Müşfiq, Humay Həsənzadə kimi ədəbiyyata yeni qədəm qoymuş gənclərin şeirləri digərlərindən daha çox seçilir.

Almanaxda diqqətimizi daha çox çəkən Süleyman Rüstəmin “Hanı?” şeiri oldu.

S.Rüstəmin 2005-ci ildə “Şərq-Qərb” nəşriyyatından çap olunan üç cildlik “Seçilmiş əsərləri”ndə bu şeiri görmədiyimiz üçün yayımlamağı qərara aldıq.

Teleqraf.com Süleyman Rüstəmin 24 iyul 1929-cu ildə yazdığı “Hanı?” şeirini təqdim edir:

Uca dağlarının yaşıl ətəyi,
Qoynunda lalələr gizlər, İrəvan!...
Açılır adamın paslı ürəyi,
Baxdıqca doymayır gözlər, İrəvan.

Hanı keçmiş günlər, hanı daşnaklar?
Hanı ürəyini soran alçaqlar?!.
Köksünə dayanan qanlı bıçaqlar,
Hanı kin doğuran üzlər, İrəvan!.

Vaxtilə sinəndə tufanlar qopdu
Köksünü dağıdan tüfəngdi, topdu,
İndisə qalmadı yerində, qopdu,
Əski yarandakı közlər, İrəvan!

Dün sənə uzaqdır, çox yaddır indi,
Dünkü xarabalar abaddır indi,
Bax bir öz gözünlə, bax şaddır indi
Dərələr, təpələr, düzlər, İrəvan.

Artıq mən gedirəm... Qəmginsən niyə?
Qorxma Azərbaycan umsunar deyə,
Səndən olacaqdır ona hədiyyə,
Hüsnünə qoşduğum sözlər, İrəvan!!


Müəllif: Dilqəm Əhməd