28 İyun 2017 14:00
2 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com mühacir şair Almas İldırımın oğlu Azər Almasla müsahibənin davamını təqdim edir.

Əvvəli burada:

- Azər bəy, kitablardan oxumuşuq ki, bacısı Almas İldırıma Bakıdan məktublar göndərib. Bu barədə məlumatınız varmı?

- Bu məsələni biz sonradan eşitdik. 1940-cı illərə qədər məktublaşıblar. Onda mənim 5-6 yaşım olardı. Necə olubsa, quş uçmayan dəmir pərdədən ona bir məktub gəlib. Məktubda yazılıb ki, Almas, sən daha bizə məktub göndərmə, çünki sənin məktub yazdığın ünvandakı adamlar yoxa çıxırlar. Hacıağa sonralar mənə danışdı ki, gəlirdilər, atamgili Nargin adasına aparır, 2-3 ay orada saxlayır, soruşurdular ki, bu məktub niyə gəlib, necə gəlib? Bütün ailəni sorğu-suala tuturmuşlar. Demək, Almasa gələn məktubda yazılanlar doğru imiş.

O məktubları evi axtaranda tapmasınlar deyə bibim köhnə çarpayıların borusunun içərisinə yumrulayıb qoyarmış. Bir gün deyirlər ki, gəlib bütün evi dağıdıb axtarış aparacağıq. Sona xanım da qorxur, bütün məktubları odda yandırır. Ondan sonra da ağlını itirir... Bunu mənə Bakıda əmilərim danışıb. Çox zülm çəkdik dedilər. Atam bundan sonra nə məktub aldı, nə də göndərdi.

Atam kitab aşiqi idi. Mən orta məktəbi oxuyanda evimizdə Taqorun külliyyatı vardı. Tez-tez evimizə kitablar gəlirdi, bütün pulunu onlara verərdi. Hamısını oxuyardım. Evimizdə heç nə olmasa da, kitab olurdu. Ziya Gökalpın, Atsızın, Taqorun əsərlərini əzbərləmişdim. Atama qarşı ilk təzyiq 17-18 yaşlarında İstanbulda bir dərgidə çap olunan “A dağlar” şeiri ilə başlayır. O zamankı KQB onu sorğulayır ki, bu şeir oraya necə gedib? O da deyib ki, mən göndərməmişəm. Həqiqətən o göndərməyib. İlk öncə Dağıstana sürgün edirlər, orada da boş oturmur, şeirlər yazır, ona görə də Aşqabada sürgünə göndərirlər. Anamla orda tanış olur. Mən Aşqabadda doğulmuşam. Artıq bundan sonra öldürüləcəyini düşünən atam xalça qaçaqçılığı ilə məşğul olan kürdlərlə yola düşür. Anamın atası ona yardım edir.

Almas görür ki, kürdlər onları yarı yolda buraxacaqlar, karvandan ayrılır, yola düşürlər. Nəhayət, İran sərhədinə gəlirlər. Mən qucaqlarında 3 aylıq körpə olmuşam. Məni bir qayanın dibində buraxırlar, atam deyir ki, məni onsuz da öldürəcəklər, heç olmasa bu uşağı kimsə görər, götürüb saxlayar. Anam danışır ki, 10-15 addım getdikdən sonra sənin ağladığını görüb geri dönür ki, onu burada qoya bilmərəm. Beləcə, yenə yola davam edirlər, bir gün sonra sərhədə çatırlar. Amma İranda casus adı ilə 25 gün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar.

- Atanızın ölümündən sonra ananız nə etdi? Sizi necə böyütdü?

- Anam həmişə Aşqabaddan qaçışlarını danışardı. Aşqabadda iki qardaşı varmış. Onlar da sonradan Tehrana gediblər, deyəsən. Aydın dayım bir dəfə bizi ziyarətə gəldi. Xomeyni inqilabından sonra Aydın İranda çox əziyyət çəkir. “12 yaşlı oğlumu götürüb İraqla savaşa apardılar” deyərdi...

- Türkmənistana getməyi düşündünüzmü heç?

- Nəsib olsaydı, gedərdim, getmədim. Bakıya bir neçə dəfə getdim. Bakıda hamı məni tanıyır. Maraqlı bir xatirəm var. Ötən il Novruzda Bakıya gedəndə gömrükdən keçərkən dedilər ki, çamadanlarınızı açın, zəhmət olmasa. Dedim, mən şair Almas İldırımın oğluyam, buraya dəvət ediblər. Qayıtdı ki, nə dedin? Dedim, Almasın oğlu Azər Almasam. Dedi ki, a kişi, bayaqdan niyə demirsən bunu? Dedim özüm demədim, hər vətəndaş necə, mən də elə. Dedi ki, Azər bəy, Almas İldırım bizim milli istiqlal şairimizdir. Elə bu vaxt digər cərgədən bir gənc “Kimsə, bilməz, Tanrı dağın yaşını, duman almış Altayların başını...” deyə oxumağa başladı. Tutuldum, dedim ki, gənclərə böyük ümidim var.

- Zivər xanımın məzarı haradadır?

- İstanbulda Ömərlidəki məzarlıqdadır. O zaman orda yaşayırdıq.

- Azər bəy, hazırda qardaşlarınız haradadır?

- Bakuhan Almaniyadadır, təqaüdə çıxdı, elə orada da qaldı. Bir şirkətdə xidməti sürücü idi. Onun övladları yoxdur. Odkan İstanbulda Küçükçekmecedə yaşayır. Bir oğlu, bir qızı var. Odkan atamla bağlı nələrsə xatırlamaz, çox kiçik idi. Aras hüquq fakultəsini bitirdi, maliyyə müşaviri oldu. Evlənmədi. Mənim isə iki oğlum var. Biri Rutil İldırımdır.

Mən mədən mühəndisi olduğum üçün mədənlə bağlı ad qoydum. İstanbul Texniki Universitetini bitirib, neft ixtisası üzrə magistr oxuyub, indi isə Bakıdadır, bir şirkətin müdiridir. İşləri çox olduğu üçün ildə bir-iki dəfə bayramlarda bura gələ bilir. Digər oğlum Səlcuq isə dərman sənayesində çalışır. Tiblə bağlı bir firması var.

Azər bəylə müsahibəmiz yekunlaşdıqdan sonra həyat yoldaşı Katerina xanımla söhbətləşirik:

- Azərbaycan oxucusu üçün maraqlıdır ki, Azər bəylə necə tanış oldunuz?

- İstanbulda Azərbaycan dərnəyi var idi. Mənim də, Azər bəyin də anası oraya gedərdilər. Sonra biz tanış olduq, beləcə evlənməyə qərar verdik. Atam dedi ki, mənim üçün fərq etməz, yetər ki, yaxşı insan olsun, mənim qızımı kim xoşbəxt edəcəksə, onunla da evlənsin.

- Sizin ailəniz də mühacir həyatı yaşayıb. Necə olub?

- Babam hərbçi idi, ukraynalı idi. Çar Rusiyası devrildikdən sonra bolşeviklər onu güllələyiblər. Nənəm Gürcüstana gedir, orada bir gürcüylə evlənir, sonra Türkiyəyə qaçırlar. Atam həmin gürcünü ata olaraq bilir. Çünki qaçanda uşaq idi. Anamla atam da qonşu imişlər. Anamın adı Sona, bacısının adı Rübabə idi, Kadri və Bedri adında da iki dayım vardı. Ana babamın adı Hüseyn Xanbabayev idi. Türkiyədə soyadını Babacan yazıblar. 84 yaşında öldü, 1.90 boyu vardı. Dayılarım da hündürboy idilər. Babamın məzarı itib. Amma anamın, dayılarımın məzarları qalır.

- Azər bəy həm də sizin müəlliminiz olub.

- Fizika müəllimim idi. Həyatım boyu yalnız Azər bəyi tanımışam. Evliliyimizin 50 ili tamam olub.

- Zivər xanım necə bir insan idi?

- Çox yaxşı yaddaşı vardı. Hər şeyi xatırlayırdı. Konsul nəvəsi imiş. Qayınanam Rutilə deyərdi ki, sən konsulun nəvəsisən, sən də konsul olacaqsan. Elə də oldu. Rutil konsul da oldu. Zivər xanım çox ağıllı qadın idi. Dörd uşağı çətinliklə böyütmüşdü. Həmişə “mən azəriyəm” deyərdi.

- Bakıya getdinizmi?

- Çox getdim. Ən son 2007-ci ildə Almas İldırımın 100 illiyinə getdim. İlk dəfə 1993-də getdik. Çox xoşuma gəldi. Anam çox istəyirdi getsin, ona qismət olmadı, mən getdim.

- Siz daha yaxşı xatırlayarsınız, Almas İldırımın Bakıdakı qohumları ilə ilk əlaqə necə quruldu?

- Onlar bizi tapdılar. Televizorda görüblərmiş. Azərbaycanlı bir jurnalist vardı, onun sayəsində də tanış olduq. Onlar bizdə qonaq oldular, biz onlarda. Beləcə, qaynayıb qarışdıq. Aras sonra getdi, orada qaldı. Aras çox yaxşı insan idi, şeirlər yazardı. Mənim üçün də bir şeir yazmışdı. Heç vaxt pisliyini görmədim, ona həmişə dua edirəm.

- Sizin Arasa yazdığınız bir məktubu da arxivdən tapdım, onu da kitaba əlavə etdim ki, gələcək üçün xatirə qalsın... Sizlərə təşəkkür edirəm.

P.S. İldırım ailəsindən xoş təəssüratlarla ayrıldım. Qərara aldıq ki, bu il Almas İldırımın doğumunun 110-cu ildönümü olduğu üçün İstanbul və İzmirdəki Azərbaycan dərnəklərinin birgə əməkdaşlığı ilə İzmirdə Ege Universitetində tədbir keçirək.

Azər Almasla müsahibənin təşkil edilməsinə yaxından dəstək göstərən, İzmirdə yaşayan jurnalist həmkarımız Nigar Ögeday xanıma da təşəkkür edirəm.


Müəllif: Dilqəm Əhməd