29 İyun 14:35
348

Teleqraf.com şair Salam Sarvanla müsahibəni təqdim edir.

– Deyə bilərik ki, müasir poeziyada duyulası, bəlli bir "Salam Sarvan üslubu” var. Yaradıcılığınızın bundan sonrakı mərhələsində üslub dəyişmə ehtimalı varmı?

– Mən heç bilmirəm, bundan sonra nə yazacağam, hətta yaza biləcəyəmmi? 30 yaşdan bəri hər şeirim sonuncu olub, düşünmüşəm ki, ta bitdi, bu idi, bu şeir idi demək istədiklərimin hamısı. Məncə, şeirdə informasiya ilə intonasiya birlikdə gəlir, düşüncə tərzi öz-özünə şeirin texnikasını da yaradır. Məsələn, belə təcrübə aparaq: götür istənilən dünya şeirinin sətri tərcüməsini və bədiiləşdirməyə başla. O sətri tərcümədəki informasiyaya baxan kimi səndə uyğun avaz, uyğun texnika avtomatik yaranacaq. Düzdü, sən bu ilk instinkti zorlayıb, həmin informasiyanı başqa qəliblərə də sala bilərsən, amma informasiyaya şeir bəstəsinin ilkin ritmi, ilkin ifadə tərzi spontandı.

– Son dövr bir sıra gənc şairlərin yaradıcılığında müşahidə olunan şeir şablonlarından necə qurtulmaq olar?

– Ağır məsələdir. Deyəsən, bunun hazır reseptləri yoxdur. Bəlkə də şeir aləmini bürümüş "sənsizlik” sindromundan xilas olmaq lazımdı. Yox, əgər şeiri mütləq ayrılıq havasına kökləmək istəyirlərsə, onda "sənsizliyi” yarsızlıq ovqatında yox, məsələn, günəşsizlik, ağacsızlıq ovqatında düşünmək, ağacla, günəşlə ayrılığın qatlarını, duyğularını yazmaq olar. Məsələn, "Qar əriyib gedəndən sonra hansı hala düşdüm?" hissiyyatına qapılmaq, qarsızlığın hisslərini yazmaq. Yarsızlığa sonradan da gəlmək olar. Başqa bir yol, bəlkə də dili dəyişməkdi – keçid üçün, tutalım, qədim mətnlərin dilindən yararlanmaq olar. Çünki gənclərimizin əksəri şeiri "əzbərdən” yazırlar və bu halda, əsas rolu dil şablonları oynayır.

– Otuz bir yaşınızda özünüzü "sac üstdə qovurulan qar dənəsi” kimi hiss edirdiniz? Bəs indi?

– Şeir dili ilə desəm, indi də günəşin zirvələrdə unudub atdığı qar kimi... Həyat dilində vəziyyət başqa cürdür: daxili narahatlıq həyatda ağıllı olmağa imkan vermir. Son illərimi bir balaca gərginlik içində yaşadım. Düşüncə boşluğuna düşmüşdüm – buna düşüncə depressiyası da demək olar. Suallar girinc eləmişdi məni: Şərq-Qərb dilemmasında hansı tərəfdəyəm? İnsan azadlığı nədir, ona can atmağa dəyərmi? Sevmək, yoxsa sevməmək? Elmi idrak, yoxsa eşqi idrak? Kiniklər it kimi yaşamağın lazımlığını deyəndə haqlı idilərmi? Bizim istifadə etdiyimiz dil, sözün böyük mənasında bizim dilimizdimi? Həyat səliqəsinə ehtiyac varmı? Texniki tərəqqi dünyaya lazımdımı? Məna hardadır? Çox idi bu suallar. Axmaq bir "hə, nə olsun?!” qənaətinə gəlmişdim, bu da həyat tərzimə pis təsir edirdi. Bu girdabdan çıxmaq üçün tərcümə ilə məşğul olmağa başladım, beləcə, hələlik də olsa, unutdum o sualları. İndi nisbətən rahatam.

– Məşhur türk şairi Melih Cevdet Anday deyir ki, şeir duyğu ilə yazılmır, şeir fikirlərlə yazılır. Bu fikirlə razısınızmı?

– Kant isə başqa şey deyirdi. Deyirdi ki, poeziya hisslərin oyunudur, düşüncə sadəcə ona sistem verir. Şeirlə bağlı bir-birindən fərqli xeyli mövqe sadalaya bilərəm. Məsələn, şeiri başdan-ayağa dil hadisəsi sayanlar var. Amma elə şairlər də var ki, təfəkkürün dildən təmizlənməsinin, dil normalarının buxovlarından azad olmağın tərəfdarıdırlar: deyirlər ki, əslində, biz dili yox, dil bizi məna ilə doldurur və bu, normal hal deyil, yəni əsl poeziya – söz mərkəzçiliyindən qaçmaqdı. Bir münasibət də belədir ki, şeirdə hər şey cütlük kimi önə çıxarılmalıdır: hərfi-məcazi, ciddi-bayağı, transsendent-empirik. Belə münasibət də var ki, mədəniyyət gerçəkliyə yox, mədəniyyətə istiqamətlənməli, şair yeni oxucu formalaşdırmaqla, yeni gerçəklik yaratmalı. Bəzi şairlər gerçəkliyin fəlsəfəsinə də başqa cür baxmağa başlayıblar: əmindilər ki, real həyatda təkcə adamlar və əşyalar yox, adamların yaratdıqları simvollar da canlı olaraq yaşayır. Bəzi şairlərsə belə düşünür ki, yeni poeziya kəşf etmək onsuz da mümkün deyil, olsa-olsa, yeni müəllif yaratmaq olar. Belə bir düşüncə də var ki, vacib olan ideyadır, emosional yaşantılar yox, deməli, söhbət əsəri yaratmaqdan yox, əsərin ideyasını yaratmaqdan getməlidir...

– Hətta şeirin təqdimatı ilə bağlı da fikirlər müxtəlifdir...

– Hə, məsələn, iddialardan biri bu ki, danışılan kimi yazmağa dəymirsə, danışılmayan kimi yazmağa heç dəyməz. Yəni çap sətri sözü qəfəsə salmaqdan başqa bir şey deyil, sözə canlı nəfəs vermək lazımdı, şair ya nəğməkardır, ya da heç nə. Yəni disk, radio, canlı insan səsi sözü kitab rəflərindən xilas etməli, ona azadlıq, həyatilik verməlidir: şeir səslənməlidir! Burda söhbət bizdəki meyxana ənənəsindən, sinədəftərlikdən, bədahətənlikdən getmir, sadəcə, yazılmış şeirin oxucuya yazı kimi, çap məhsulu kimi yox, səslə çatdırılması arzulanır. Ancaq başqa bir məqam da var: şeirin yazıda səslənməsi. Yazıda səsləniş yuxuda sayıqlamaya bənzər bir effektdir: müəllif şeiri deyir, ancaq auditoriyaya, mikrofona yox, birbaşa kağıza. Oxucuya isə bu səsin əks-sədası qayıdır. Maraqlı bir şeyi də deyim: axır vaxtlar Qərbdə belə düşüncə də səslənir ki, poeziya Şərq mediativliyinə, Şərqin daxili sakitliyinə qayıtmalıdır...

– Düzdü, mövqelər fərqlidir, bəs Azərbaycan şairi bu yanaşmaların içində özünü necə hiss edir, özünü necə aparır?

– Yaxşı şairlərin əksərinin qəribə azarı var. Hər özünəməxsus şairə elə gəlir ki, şeir məhz onun yazdığı kimi olmalıdır. Rəngarəngliyi həzm eləmək istəmir. Əslindəsə fərqli estetikaları hansısa eyni süzgəcdən qəbul eləmək mümkündür: məsələn, mən Füzuli ilə Nizamini, Ramiz Rövşənlə Əli Kərimi, Sarı Aşıqla Camal Sürəyyanı, Artur Remboyla Brodskini eyni ədəbi kriteriyadan oxuya bilirəm, yəni fərqli şairləri qəbul etmək üçün hansısa ortaq dəyər, ortaq prinsip tapmaq mümkündür və tapılmalıdır da. Hətta bu ortaq dəyəri özündə tapa bilmədiyin halda da, sənə yad olan şairlə dil tapmaq olar. Bu zaman başqalarının fikri ilə hesablaşmaq lazım gəlir. Məsələn, mən Xanəmiri heç vaxt anlamamışam, onun şeirləri ağır gəlib mənə, mümkün ki, təsəvvüf elmini yaxşı bilmirəm. Bu halda, məsələn, duyumuna inandığım Şərif Ağın onun haqdakı arxayın fikrinə istinad eləyirəm və Xanəmirin möhtəşəmliyinə inanıram. Məsələn, mən Martin Svetliskini sevməyə bilərəm, amma Murad Köhnəqalanın onun haqdakı yüksək fikrini rahat qəbul edirəm.

– Sizcə, yaxşı oxucunun şairin tanınmasında nə dərəcədə rolu var?

– Acı həqiqət var: indi istedadsız şairlə istedadlı şairin şöhrəti eyni səviyyədə ola bilir. Hətta bəzən istedadsız daha tanınmış ola bilir. Piar texnologiyaları çox şeyi həll eləmək gücündə. Bu texnologiya ilə oxucunu da azdırmaq mümkündür.

– Dünya poeziyasından tərcümələr edirsiniz. Bizim şairlərlə müqayisə edəndə, eyni dövrləri tutuşduranda, hansı fərqləri, geriləmələri və ya üstünlükləri müşahidə edirsiniz?

– Bu yaxında Türkiyədə yaşayan dostumuz Aqşin Yenisey bir fikir yazmışdı ki, Türkiyənin çağdaş şairləri bizimkilərdən qat-qat geridədir. Bir vaxtlar Vaqif Bayatlı da deyirdi ki, Azərbaycan şeiri dünya şeirindən geri qalmır... Bunu indi mən də deyərəm. Ümumi cəhətimiz nədir? Odur ki, dünyanın bütün şairləri eyn şüuraltı axının, eyni kədərin adamlarıdır – hamısı tənhalığın poeziyasını yazırlar. Bu poeziya, əvvəla, kosmik tənhalıqdan – insanın kainata xüsusi missiya ilə gəlişinə inanmasından və bu missiyanı yerinə yetirə bilmədiyinə görə, yaşadığı komplekslərdən doğulur. Yəni bu, dünya ilə, yaradılışla daimi konfliktdə təklənmək hissinin poeziyasıdır. Tənhalığın poeziyası həm də şairin sosial tənhalığından – yaşadığı dövrün sosial-ictimai reallıqları ilə ziddiyyətlərdən qaynaqlanır. Bir də mədəni tənhalıq var: sən daşıyıcısı olmadığın dəyərlər sisteminin içindəsən, təfəkkür qürbətində yaşayırsan.

XX əsrdən üzü bəri, dünya poeziyası yalnız dağıtmaqla məşğuldur. Şairlər bu dünyanı dəyişmək gücləri olmadığından, əvvəlcə mətndə öz xəyali dünyalarını qurmağa və oxucuları da bu aləmə köçürməyə başlayıblar. Bir müddət sonra təsəvvürlərində yaratdıqları həmin dünyanı dağıtmağa girişiblər. Son vaxtlarsa yaşadıqları bu real dünyanı şeirdə dağıdırlar. Bəzən bu dağıdıcılıq ehtirası sönür, ya da şair gedişat qarşısında gücsüzlüyünü anlayır və heç olmasa, dünyaya onu bağlayan əlaqə sistemlərini məhv etməyə girişir. Bu, hansı idrak fəlsəfəsidir, hansı düşüncədir? İnsanla ətraf dünya, onun predmetləri arasında bağlar varsa, insan öz tarazlığını saxlamaq üçün dayaqlardan istifadə edirsə, məsələn, mənəvi müvazinət üçün dosta-qohuma, maddi müvazinət üçün işə bağlanırsa, deməli, tam azad deyil. Necə ki, əsaya söykənib gəzməkdə hərəkətin fəlsəfəsi tam deyil, bütöv deyil. Əsl azadlıq insanla əşyalar, adamlar arasında bağları qırmaqdan sonra mümkün. Bax, dolayısı ilə bunu yazır əksər şairlər, bu boşluğa, bu azadlığa can atırlar.

Burası var ki, Avropa coğrafiyasının estetik xəritəsi rəngarəngdir. Amma bir qabarıq cəhət var: bütün dövrlərdə şeir eyni paltarda gəzib – pencəyi romantik olub, şalvarı realist. Hətta filologiyanın metodlarından yararlanmağa başlayanda da şeir dəst kostyumda olmayıb: Son əlli ildə ədəbiyyata gələn şairlərə baxaq: yeni ifadə modellərindən yararlanan "müasir modernistlər” də var, yeni modelləri "geridə qalmış” ənənələrlə birləşdirən "klassik modernistlər” də. Ancaq fərqi yoxdur, onların hamısının şeirlərində "həmin tənhalıq hissi” bir ağrı kimi keçir.

– Bəs müasir şeirdə postmodernizmin yeri nədən ibarətdir?

– Ekonun bir yazısını oxumuşdum, məğzi təxminən beləydi ki, indi "postmodernizm” anlayışı, nəyə desən, aid edilə bilir. Həm də artıq onun təyinatını keçmişə çəkmək istəyirlər: əvvəlcə bizə elə gəlirdi ki, yalnız son iyirmi ilin bəzi yazıçı və rəssamlarını postmodernist saymaq olar, sonradan bu anlayış tədricən əsrin əvvəllərinə, bir azdansa daha uzaq keçmişə aparıldı və daha uzaqlara çəkilməkdə davam edir, beləcə, nə vaxtsa Homerin özünü də postmodernist elan edəcəklər. Ekonun bu eyhamından çıxan nəticə bu ki, postmodernizm konkret bir dövrə şamil edilməyəcək meyldir: belə demək olar ki, hər dövrün öz postmodernizmi var.

Bizim dövrün postmodernizmi şeirdə necədir? Bilirsən ki, estetik axınlar Avropada yeni həyat tərzi, yeni davranış, yeni yaşam dəyərləri axtarışlarından irəli gəlib. Onun üçün də bu dövrün şeirlərinin postmodernistliyində müəllif "ölmür”, şeirlə müəllif, müəlliflə sosial mühit arasında gözəgörünməz razılaşma var. İndi sənə çox ciddi bir məsələni deyim: əslində, bizim dövrün şeirlərində postmodernizm "moderndən sonra” deyil, onunla yanaşı meydana çıxan, onunla yanaşı yeriyən yanaşma kimi görünür. Çünki sərt nəzəri standartlardan baxsaq, belə çıxır ki, postmodern şeir dünyanı, insanı deyil, məhz özünü ifadə etməli, özündə qapanmalı, "eqoist mətn” və yalnız mətn olmalı, onda modernizmin metafizikasına yer olmamalı, fraqmentarlıq, irreallıq, quramalıq hakim olmalı. Varmı belə şeir, belə şeiri yazmaq mümkünmü, daha doğrusu, şeirin belə yazılması mümkünmü? Yarızarafat, həmişə deyirəm: siz dünyaca məşhur olan üç-dörd postmodernist nasir adı çəkə bilərsiniz, amma bircə dənə də olsun cılxa postmodernist şair adı çəkə bilməzsiniz. Yəni qəti fikrim bu ki, postmodernizm – poeziyada növbəti yeni mərhələ deyil, heç cərəyan, üslub da deyil, olsa-olsa, trafaretlərdən biridir ki, ondan yararlanıb şeir yazmaq olar.

– Dediniz ki, Azərbaycan şeiri dünyadan geri qalmır, onda dünya bizim şairləri niyə tanımır?

– Məşhur yazıçı var – Artur Kestler. Onun macar şair Attilla Yozefin faciəli ölümü haqda yazısında məhz bu hiss qabardılır – dünya ədəbiyyatından təcrid hissi. Kestler deyir ki, bəlkə də bu xalqın yalqızlığıdır belə dahiləri yetişdirən, bəlkə də macar yazarlarının özünütəsdiq iradəsi millətin tənhalığından gəlir: Attila Yozef kimi şairlər xarici dünya üçün lal-kar doğulurlar. Fərid, təbii, başqa səbəblər də var, amma Kestlerin vurğuladığı bu məqam çox ciddi amildir. Bizim xalqımız tənhadır, məsələ bundadır.

– Müasir şeirdə nəsr elementlərinin (daha çox dildə) olması haqqında nə deyə bilərsiniz?

– Bu barədə düşünməmişəm. İlk ağlıma gələni deyəcəyəm: əslində, bu tendensiya Qərb şeirinin ənənələrindən gəlir – verlibr ingilisdilli poeziyaya xasdır, çünki lüğətin zənginliyinə rəğmən, qafiyələnən sözlər azdı o dildə. Həm də ingilis dili çox "sərtdir”.

– Özünüzə qədərki şairlərin bir çoxuna ironiyalar duyulur şeirlərinizdə, bu hansı ehtiyacdan doğdu və bu hal sizcə, ədəbiyyatımıza nə dərəcədə təsir etdi?

– Yadımdadır ki, şeirdəki bəzi ənənələrə ilk ironik münasibətim çox xırda bir detaldan başlayıb: şairlərin uşaq ərköyünlüyü adamı əsəbiləşdirirdi: elə hey nəsə istəyirdilər şeirdə və bunu başqalarından istəyirdilər: məsələn, biri yazırdı ki, mənə bir buludsuz səma verin siz... Biri yazırdı ki, mənə dünya verin, qansız-qadasız... Mənə qəribə gəlirdi belə şeylər, düşünürdüm ki, ey gözəl insan, onu biz niyə sənə verməliyik, zəhmət çək, get özün götür... Tutalım belə şeirlərdən sonra durub, "bir qurtum su verin, tüpürmək üçün...” yazırdım. Bu, əlbəttə, xırda detaldır, deməyim o ki, belə-belə hallardan başlayıb bəzi ənənələrə ironiyam. Söhbət təkcə şeir şablonlarına münasibətdən getmir, o kitabda xeyli sayda daşlaşmış yaşam dəyərlərinə, anlayışlara, mənalara da ironiya var. Nə demək olar, məncə, təsirsiz ötüşmədi.

– 10 il öncə sizin şeir dəsti-xəttinizi, ifadələrinizi, intonasiyanızı yamsılayanlar daha çox idi, sonra azaldılar. Bunun səbəbini nədə görürsünüz?

– Şairlərin əksəri əvvəlcə özünəqədərki ənənələrin axınına qoşulur, sonradan özünü axtarmağa başlayır. Bir "ilk kitab” sindromu var, bu kitab özündənqabakı üzdə olan şeir ənənəsinə söykənir, adətən. Hərçənd indi başqa vəziyyət yaranıb: indi o şeirlərin intonasiyasını, düşüncə tərzini yox, birbaşa ayrı-ayrı fraqmentlərini götürürlər və düzü, bu, məni narahat edir. Belə hallarla rastlaşanda hər dəfə etiraz bildirməyə də utanıram.

– Vaqif Bayatlının şeirlərində sizi çəkən nədir?

– Ruhaniyyat, doğmalıq, spontanlıq…

– Poetik mətnlərin şərhində təcrübəlisiniz, şeirin saxta, qurama olduğunu nədən bilirsiniz?

– Əvvəla, dilin pintiliyindən... Ruhunu, qəlbini, düşüncəni zora salanda şair istər-istəməz kəkələməyə başlayır. Bir də hissiyyatla. Açığı, belə şeirlər yorur məni. Bir də içindəki göndərmələr statistik informasiyadan ibarət olan şeirləri oxuya bilmirəm. Məncə, göndərmələr oxucunu vikepedik çətinliklərə yox, təfəkkür labirintlərinə salsa, əla olar.

– Yeni dövr Azərbaycan poeziyasını nə dərəcədə izləyə bilirsiniz?

– Mən tənqidçi deyiləm, onun üçün də ədəbi prosesi ardıcıllıqla, dörd gözlə izləmək öhdəliyim yoxdur. Oturub gözləməyin tərəfdarıyam: istedadlı adam varsa, gec-tez üzə çıxacaq, şimşək kimi çaxacaq və mən onu, sadəcə, görməyə bilməyəcəyəm, məcbur olacam oxumağa... Belədə isə məni 19-20 yaşdakı gənc yazarlarımızda cəhd maraqlandırır: adam fərqli düşünməyə, fərqli yazmağa cəhd edirmi? Var belə gənclər. Amma yenə deyirəm, 25, lap uzağı 30 yaşa qədər özünü şeirdə parlaq göstərə bilməyənlər, vaxt itirmədən nəsrə keçsələr, yaxşı olar.

– Adətən, bir sıra şairlər onların estetikasında yazanlar haqqında xoş söz deməyə, o üslubu təqdir etməklə, əslində, öz yazdıqlarının dəyərini göstərməyə çalışırlar. Bu tendensiyanı normal qəbul edirsinizmi?

– Bayaq dedim, fərqli estetikaları oxumaq üçün ortaq prinsiplər var, tutaq ki, biri talant amilidir. Talantla yazılmış hər yazını adekvat dəyərləndirmək mümkün.

– Şöhrət və o şöhrətə biganəlik haqqında danışaq, sizcə, şöhrət mahiyyət etibarı ilə şairə nə verir?

– Yazı adamına həyatda da, sənətdə də əlavə problemlər yaratmaqdan başqa heç nə.

(Artkaspi)


Müəllif: Fərid Hüseyn