24 İyul 2017 23:23
4 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atatürk Mərkəzinin əməkdaşı Nazir Əhmədlinin bu günlərdə çapdan çıxmış "Haqq nahaq seçilər haqq divanında" kitabı Qərbi Azərbaycan türklərinin böyük narazılığına səbəb olub.

Bu haqda Teleqraf.com-a tədqiqatçı Şahlar Hacıyev məlumat verib. Onun sözlərinə görə, qərbi azərbaycanlıların keçirdiyi, 100-ə yaxın ziyalının iştırakıyla keçən toplantıda kitabda tanınmış ozan-aşıqlar haqqında yol verilmiş yanlışlıqlara və Qərbi Azərbaycanda qədim türk adlarının erməniləşdirilməsinə etiraz edərək, kitabdakı istinadların Erməni Milli Arxivində saxlanan sənədlərə əsaslandığını sərt tənqid ediblər:

"Tanınmış Göyçə ziyalıları Eldar İsmayıl, Qabil Hüseynli, Elbrus Cəfərov və bir sıra ziyalıların etirazına Nazir Əhmədli təhqirlə cavab verdi. Bu isə Qərbi Azərbaycan türklərinin hiddətinə səbəb oldu.

Türk dünyasının məhşur ozan-aşıqları Ağ Aşıq Allahverdi, Aşıq Alı, Aşıq Ələsgərin doğum tarixinin, milli mənsubiyyətinin saxtalaşdırılması cəhdləri XX əsrdə Şamil Əsgərovla başlanan kampaniyanın davam etdirilməsi çox üzücü bir haldır.

Çar Rusiyası dövründə əhalinin siyahıya alınması fransız mənşəli ermənipərəst İvan Şopenə tapşırılıb. Şopenin hazırladığı kameral təsvir isə ermənilərin maraqlarına xidmət etməkdən başqa bir şey deyil.

Tarixən Göyçə mahalında Oğuz türklərinin yaşadığına heç bir şübhə yoxdur. Amma müəllif bu ərazilərdə Qıpçaq mənşəli Qarapapaq türklərinin və kürd mənşəli Millilərin yaşadığını yazır.

Kitaba sərt etirazını bildirən Aşıq Ələsgərin nəticəsi Xətai bəyi və jurnalist Mürvət Yusifovu Polis şöbəsinə "dəvət etdirən" müəllifin kimlərə arxalandığı çox təəccüb doğurur".

Tanınmış yazıçı-şair Eldar İsmayılınsa kitab haqqında qənaəti belədir:

"Nazir Əhmədlinin Göyçənin tarixi haqqında kitab yazmaq təcrübəsi və səriştəsi tamamilə yox dərəcəsindədir. Kitab Göyçə aşıq sənətinə və Göyçə mədəniyyətinə zidd olaraq yazılmış bir çap məhsuludur. Əhalisinin 80 faizi türk olan İrəvan və eləcə də Göyçə mahalını olduğu kimi kameral təsvir etmək ermənilərin xeyrinə ola bilməzdi. Buna görə də İrəvanda ilkin siyahıya alınmaya ciddi nəzarət ediblər. Bu, tarixi faktdır. Onlar rus generalı Qraf Paskeviç İrəvanskini narahatçılıqla anlatdılar ki, siyahıya alınmanı türk Mirzə İsmayıla tapşırmaq olmaz. O, hər şeyi olduğu kimi yazacaq. Bu isə sərfəli deyil. Elə onun təkidli tələbilə İrəvan xanının vəziri işləmiş Mirzə İsmayıl bu işdən kənar edilib. Qraf Paskeviçin dostu, milliyətcə fransız, ermənipərəst Şopenə tapşırılan kameral siyahıya alınma Nazir Əhmədlinin kitabının istinadı olub".

Qeyd edək ki, Qərbi Azərbaycandan olan 200 ziyalı bu məsələ ilə bağlı prezidentə müraciət edib.


Müəllif: Könül Əlibəyli