8 Avqust 2017 12:06
1 777
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gündəlik Teleqraf” holdinqin mərhum yazıçı Mövlud Mövludun xatirəsinə təşkil etdiyi “Mövlud Mövlud Mükafatı” adlı hekayə müsabiqəsinə əsər qəbulunun tamam olmasına 7 gün qalıb.

Bu barədə Teleqraf.com-a məlumatı “Mövlud Mövlud Mükafatı” hekayə müsabiqəsinin təşkilat komitəsi verib. Təşkilat komitəsindən bildirilib ki, ola bilsin, mükafat fondunda hər hansı artım olsun. Çünki bəzi vətəndaşlar öz hesablarına müsabiqənin mükafat fondunu artıracaqlarını deyiblər.

Qeyd olunub ki, müsabiqəyə Güneydəki soydaşlarımız da böyük maraq göstərirlər. Artıq bir neçə güneyli yazıçımız da müsabiqəyə hekayə göndərib. “Mövlud Mövlud Mükafatı” adlı hekayə müsabiqəsinə xeyli əsər göndərilsə də, təşkilat komitəsi bunların arasından yalnız müsabiqənin şərtlərinə cavab verən hekayələri seçir. Ona görə də təşkilat komitəsi yazarlarımızdan xahiş edir ki, müsabiqənin şərtlərinə bir daha diqqət yetirsinlər.

Xatırladaq ki, müsabiqədə iştirak qaydaları və digər şərtlər aşağıdakı kimidir:

Şərtlər:

Müsabiqədə 40 yaşına qədər olan bütün yazarlar iştirak edə bilər.

Hər bir müəllif müsabiqəyə yalnız 1 hekayə göndərə bilər.

Hekayələrin həcmi 15 min işarədən çox olmamalıdır.

Müsabiqəyə yalnız çap olunmamış hekayələr buraxılacaq.

Hekayələr korrektə olunaraq göndərilməlidir. Həddən artıq korrektə səhvi olan mətnlər isə müsabiqəyə qəbul olunmayacaq.

Müəlliflər öz mətnlərini kult.az2017@gmail.com elektron ünvanına göndərməlidirlər.

Hər bir müəllif mətnlə birlikdə şəxsiyyət vəsiqəsinin sürətini də göndərməlidir (şəxsiyyət vəsiqəsinin sürəti “word” faylının içində olmamaq şərti ilə).

Müsabiqədə mövzu məhdudiyyəti yoxdur.

Mükafatlar:

“Mövlud Mövlud Hekayə Mükafatı” laureatı adını qazanan yazarlar pul və diplomla mükafatlandırılacaq:

I yer – 1000 manat

II yer – 700 manat

III yer – 500 manat

Müsabiqədə 10-luğa düşən əsərlər kitab halında işıq üzü görəcək və qaliblərin elan edildiyi tədbirdə təqdim ediləcək.

Mətnlər münsiflərə müəlliflərin adı gizli saxlanılaraq təqdim olunacaq və münsiflərin, qaliblərin adları yalnız mükafatlandırma mərasimində açıqlanacaq.

Mükafatlandırma mərasiminin sentyabr ayının sonlarında keçirilməsi planlaşdırılır.

Qaliblərin müəyyən olunması qaydası:

Münsiflər ayrı-ayrılıqda bütün əsərləri oxuyub, layiq bildikləri 10 hekayəni 10 ballıq sistemlə qiymətləndirəcək. Təşkilat Komitəsi ən çox bal almış hekayələri seçib 10-luğu, bundan sonra isə qalib üçlüyü müəyyən edəcək.

Bundan sonra 10-luq Kult.az mədəniyyət portalında onlayn səsverməyə çıxarılacaq.

Onlayn səsvermədə qalib olan 1 hekayə oxucuların seçimi kimi qiymətləndiriləcək və bunun münsiflərin seçiminə heç bir aidiyyəti olmayacaq.

Onlayn səsvermənin qalibi də diplom, eləcə də planşet və ya mobil telefonla mükafatlandırılacaq.

Ola bilər ki, onlayn səsvermənin qalibi münsiflərin seçdiyi 3 hekayədən biri olsun. Belə olan halda həmin hekayənin müəllifi həm münsif seçiminin, həm də onlayn səsvermənin qalibi kimi hər iki mükafatı alacaq.

Qeyd edək ki, gənc yazar Mövlud Mövlud martın 16-da faciəli şəkildə dünyasını dəyişib.


Müəllif: Könül