10 Avqust 2017 15:58
1 867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Salam Sarvanın 51-ci yayı tamam olur.

Teleqraf.com bu münasibətlə şairin yazar dostlarının fikirlərini öyrənib.

Rasim Qaraca:

Salam şeiri metafizik çalarları ilə özünəməxsus məzmuna malikdir. Ənənəvi Şərq poeziyasına xas olan söz oyunu, metaforik ifadə tərzi bu şeirlərin aparıcı özəlliyidir və Salam bu sahədə ustalıq göstərməyi bacarmışdır. Yeni gələn nəsillər onun bu söz oyununa aludə olur və burada gözəllik tapırlar. Mənə görə şeirdə metafora ikinci dərəcəli olsa da, Azərbaycan şeir anlayışında bu cür poeziyanın əsasları çox möhkəmdir.

Salam Sarvanı klassik Azərbaycan poeziyasının sonuncu ən güclü nümayəndəsi də adlandırmaq mümkündür... Salam şeirində gerçəklik başlı-başına buraxılıb, şair dünyası idarə olunmur, buna görə də gözəl metaforaların arxasındakı birbaşa məna, tamamən bu gözəlliklə tərs olan tablolar yaratmaqdadır.

Salamın şeirində sözlər deyil, şair iradəsi ön sıradadır, buna görə sözlər çox vaxt energetikadan məhrumdur, şair iradəsi sözləri mənalara tabe etdirib, bu şeirlərin güc mərkəsi mənalar üzərindədir. Salam mənasız heç bir misra da yazmır...

Şərif Ağayar:

Salam müasir dövr ədəbiyyatımızın sütunlarından biridir. Gənc yaşında klassikləşən nadir imzalardandır. Onunla müasir olmaq, dost olmaq mənimçün şərəfdir. Ad gününü təbrik edirəm, can sağlığı arzulayıram.

Qurban Yaquboğlu:

Bəzən adama elə gəlir ki, ədəbiyyat heç vaxt indini ifadə eləmir, sadəcə, keçmiş haqda gələcəyə “xəbər” ötürür. Bu keçmiş də elə indinin özü kimi bir şeydir. Vaxt keçdikcə Salam Sarvanın şeirlərinə daha artıq bağlanıram, bu şeirlər mənə gələcəkdən baxır.

Bu, mərasimlərlə dolu təntənəli gələcək deyil, bu, hissiyyatın, duyğunun var olduğu, hücrə əhvallı ikindinin və ya axşam toranının nisgilli ovqatıdı. Nə üçün gəlmişdik? Niyə sevinirdik? Nə gözləyirdik? Allah bilir...

Salam Sarvan “ədəbiyyatımızda iz qoya bildi”- deyə düşünürəm.

Fərid Hüseyn:

Salam Sarvan Azərbaycan şeirinə yeni intonasiya gətirmiş, ritm duyğumuzu təzələmiş, geridə qoyduğumuz əsrin seçkin şairlərindəndir. Salamın şeiri müxtəlif parametrlərinə görə mənə maraqlıdır: onlardan ümdəsi həmin şeirlərin öz-özünə təzələnməsi, yeni fikir oyatması və öz-özünə “köhnəlməsi” – əzbərinə çevrilməsi, mənanın qapanması baxımından mənimçün maraqlıdır.

Salamın şeiri mənaya rahatlıqla çatıb, ondan rahatlıqla da yaxa qurtarır; şeirlərindəki ironiya, absurd, dərkiçətin məqamlar də məhz bu qovşaqlarda daha çox görünür. Ömrünün yeni yarıməsrində ona rahatlıq, hövsələ, dinclik və sağlamlıq arzulayıram.

Aqşin Evrən:

Pəncərədən baxıram payızın son ayında
vərəqləri saralmış səmavi kitablara.
Göydən yağışlar yağır, göydən yağışlar yağır,
dolur yer altındakı qədim saxsı qablara.

Bu gün bu “proses” misraların müəllifi, böyük şair, doğma qardaş Salam Sarvanın doğum günüdür. Salamın şeirləri getdikcə Azərbaycan ədəbiyyatının alt qatındakı saxsı qablara dolaraq, onun sütunlarına çevrilir. Bir xeyli təbriklər, şair, özünün də dediyin kimi, həyat yoxdur. Heç nəyi faciəyə çevirmədən ancaq yaşamaq, yaşamaq, yaşamaq!

Aqşin Yenisey:

İtalyan filosofu Kroçe sənətin və elmin məqsədi kimi Gözəllik və Fayda anlayışlarını təklif edir; sənəti gözəllik maraqlandırır, elmi fayda. Dini isə gözəlliyin faydası maraqlandırır - bunu da Kroçenin təsnifatına mən əlavə edirəm gizlincə.

Salam Sarvan haqqında düşünəndə fikir başdan axan qan kimi bütün ədəbiyyat otağının döşəməsinə yayılır və biz bu gün ədəbiyyatımızın künclərini boş, ortasını dolu görürük, çünki bu gün onun məqsədi gözəllik yaratmaq deyil, faydalanmaqdır.

Şair və yazıçılarımızın yaradıcılığa canfəşanlıq kimi baxmasının sirri-xudası da budur. Salamın poeziyasında şair canfəşanlığı yoxdur; o nə özünün şair obrazının qeydinə qalır, nə yazdığı şeirin dayəliyini edir. Özü də hiss etmədən öyrədir ki, ədəbiyyatda hamıdan qabaqda getmək üçün, cəmiyyətdə hamıdan arxaya qalmalısan, yalnız bu yolla önündə çığır-bağırla gedənlərin hansı səmtə üz tutduğunu görə bilərsən.

Təəssüf ki, Azərbaycan ədəbiyyatında şairi həmişə xalqın hüzurunda, oxucuya yaltaqlanan yerdə görmüşük. Sənətin seçimi isə heç vaxt xalqın seçimi ilə üst-üstə düşməyib. Xalqın sevdiyini ədəbiyyat qəbul etməyib, ədəbiyyatın sevdiyini xalq unutdura bilməyib. Salam ikincilərdəndir; hamı nifrət etsə belə, şairdir, heç kim oxumasa belə, şairdir, yazmasa belə, şairdir.

Və son olaraq; Salam hər nə qədər içindəki yox olanı allahla doldurmağa cəhd göstərsə də, o bu əbədi yoxluğun fərqindədir, bəlkə də, hamımızdan çox fərqindədir. Zatən şairi şair edən də içində nəyinsə var olduğuna ümidsiz inamsızlığıdır. İnanandan şair olmaz! Çünki şair bilən deyil, hiss edəndir.

Bir fizik kainatın ölçülərini ölçür, şair isə bu ölçülərdə yaşayır. Yaradıcılığın səbəbi də bu ölçülərdə hər şeyin, hər kəsin yoxluğu, ya da bir gün yox olacağı hissiyyatıdır. Sənətdə buna fanilik duyğusu deyirlər.

Şairi yazdıran “yox”un olmasıdır. Şairlik bir az da Don Kixotluqdur, olmayanlarla döyüşdür. Yaratmaq “YOX”a qarşı müqavimətdir. Salam Sarvan başdan-ayağa müqavimətdir, o dərəcədə ki, hətta özü-özünü də öz müqaviməti ilə “YOX” etməklə məşğuldur. Ondan nə bizim xəbərimiz var, nə də allahın.

Şəhriyar del Gerani:

Salamdan olsa, deyər, "mənə sağlıq yox, başsağlığı verin 51-ə görə". Amma biz onu daim cavan gördük, diri gördük. Ol səbəbdən dost adamı gəncliyin 51-ci ili münasibətilə təbrik edir, bağrıma basıram.

Tam səmimi deyirəm, Salamsız Bakı dözülməz olardı mənim üçün. Rast ki "onlayn tost" istədiniz məndən, durum bir on qram viski süzüm şairin sağlığına... Var ol, şair. Endiyin-qalxdığın bütün ucalıqlarının sağlığına. Eşqlərimlə!

Faiq Balabəyli:

Salam Sarvan haqqında oxucuya deyiləsi nə varsa, səbəbkarın özü deyib. Hər bir oxucunun öz Salamı var. Desəm ki, gözəl, bənzərsiz şairdir, sözsüz ki, dediklərim onun haqqında deyilənlərin təkrarı olacaq. Onun haqqında çox yazılıb və yazılacaq.

Onun bostanına çox daş atılıb və yenə də atılacaq. Onu şair kimi tanıyıb, sevənlər imkan tapdıqca qarasına da danışıblar və danışacaqlar da. Şeirlərində qüsur görə bilməyənlər şairin özündə, hərəkətində qüsur axtarmaq istəyiblər, axtarıblar və axtarmaqdadırlar. Sevindirici olan isə odur ki, həmin insanlar bu əməlləri ilə Salamın doğrudan da böyük şair olmasını etiraf etməkdədirlər.

Mənim Salamla 30 illik dostluq əlaqəm var. Bu 30 ildə çox çalaxalanmalar, qabarmalar, yerdəyişmələr olub, lakin münasibətlərimizi qorumuşuq. Birimiz su olanda, digərimiz od olmağı bacarmışıq. Onu daima izləmişəm, ehtiyacı və xəbəri olmadan kiçik qardaşım bilib böyük qardaşım kimi hörmətini saxlamışam. Şeirləri, künc yazıları, replikaları ilə məni özünün oxucuları sırasında önə çəkib. Şairə xoş yaşamağı, çox yaşamağı arzulayıram…

Pərviz Cəbrayıl:

“Nəsimi” filmində bir epizod var: deyəsən, Dərvişi tutub gətirirlər, o da inada-inad deyir ki, məni öldürsəniz də deyəcəyəm: “Fəzlullah kafirdi”. İndi mən də dediyimi deyəcəyəm: “Salam Allahın adıdı və Allah Azərbaycan şeirinə Füzulidən sonra salamı ilk dəfə onunla verib. Bu gün həmin o ilahi salamın doğum günüdür.

Onunla bir çağda yaşadığıma görə qürur duyuram. Onun haqqında, məncə, böyük danışmaq yox, böyük susmaq olar. Bəlkə elə buna görədir - yeganə adamdı ki, onunla saatlarla oturub susa və ya çox qızğın şəkildə heç nədən danışa bilirik.


Müəllif: Könül