15 Avqust 2017 17:04
10 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatın əqrəbləri

Məncə, müasir insan həyatının bir anı şeirlə bağlıdır. Bu müqəddəs anları xatırlatmaq hər vaxt yerinə düşür.

Deyirlər, indi şeirin zamanı deyil. Mənə elə gəlir ki, belə fikirlərin dövriyyəyə buraxılması bədii publisistikanın meydanını qızışdırmaq üçündür. Yaxşı şeir ondan “ucalıq umanların” deyil, onu hər zaman ömür kimi yaşayanların nəzərində, diqqətində olur. Şair Günay Səma Şirvan bir şeirində yazır: “Ömür saatının əqrəbləri hər saatın, dəqiqənin, saniyənin üzərundə bircə dəfə olur”. Zamanın, yəni onun saatının, dəqiqəsinin hər yaxşı şairiə nəzərən bircə dəfə an qədər ləngiməsi belə elə zaman hadisəsi sayılmalıdır. Bu misralarda, deyəsən, yaddaşın zamana, zamanın da yaddaşa, düşüncəyə münasibətinin hər an dəyişə bilməsi reallığından da bəhs olunur. Bu məsələ Eynşteynin nisbilik nəzəriyyəsi ilə təsdiqini tapıbdır. Enşteyn nəzəriyyəsinə görə, zaman xətti axmır və işıq sürətinə görə dəyişir. Enşteyndən başqa zaman anlayışına fərqli yanaşan Anri Berqson "Şüurun birbaşa parametrləri" adlı əsərində subyektiv zaman haqqında yazır. Berqsona görə, zamanı obyektiv olaraq saata, dəqiqələrə sıxışdırılmış şəkildə ölçmək olmaz. Şairin şeir yazmasını əqrəblərin, əslində, əqrəblərin hərəkətində rəmzləşən insan ömrünün zamana münasibəti kimi dəyərləndirmək olar. Ədəbiyyatın yaranışdan üzərində zamanın əməyini mütləq dəyərləndirmək lazımdır. Zamanla səsləşmək poeziyanın bir nömrəli əlamətidir. Əks təqdirdə, yazılan hər hansı mətnin tarixlə heç bir əlaqəsi olmur.

***

Dünyada hər kim və hər nə varsa, bir-birinə ya bənzəyir, ya fərqlənir. Məsələn, ATƏT-in Bakı ofisinin bir rəhbəri vardı. O, eynən mənim xaloğluma bənzəyirdi. Heç görməsəm də, bilirəm ki, Afrikadakı Nil çayı ilə bizim Dəli Kür arasında elə bir fərq olmaz. Kəlbəcərin Dəlidağı ilə Qubanın, Qusarın Şahdağı da eyni təbiətə, eyni quruluşa malikdir. Üstündən xoş iqlimlər də, dəli tufanlar da eyni “üsul və qaydalarla” keçib gedir. Yenə də bir-birinə az, ya çox bənzəyən istənilən sayda əşya və hadisələri misal göstərə bilərik. Eyni zamanda həmin o dağlar və çaylar və ya insanlar bir-birinə qətiyyən bənzəməzlər. Bu nisbi və mütləq bənzəyişlərin, fərqlənmələrin əsasında bizim baş çıxara bilmədiyimiz ciddi səbəblər mövcuddur. Bütün olmuşların, olacaqların sırasında ən başlıca yeri tutan vaxtdır. Bu üzdən oxşar və fərqli situasiyaların qarışdırılmaması üçün vaxt amilinə istinad etmək olar. Şüurda gedən bəsit və mürəkkəb proseslərin mahiyyətini vaxtın dəyərləndirilməsi ilə anlamaq mümkündür. Mənim vaxtım olmasaydı, bu cümlələri yaza bilməzdim. Fəlsəfədə və qrammatikada konkretlik və mücərrədlik anlayışı vardır. İnsan düşüncəsi həmişə mücərrəddən konkretə və ya konkretdən mücərrədə doğru hərəkət edir, yaxud yaşayır, inkişaf edir. Məsələn, sevgi mücərrəd isim olduğuna görə onu konkretləşdirmək üçün məhəbbət şeiri yazmaq olar. Deməli, mücərrəd saydığımız sözü də bu üsulla əyaniləşdiririk, gözlə fəhm ediləcək hala gətiririk. Deyilir ki, söz Allahın ilk kəlməsi kimi yer üzünə “şərhü bəyan” edilibdir. Deməli, zaman həm mücərrəd, həm konkretdir. Vaxtın, zamanın konkretlik göstəricisi olaraq saat cihazını bir nümunə, model olaraq götürmək olar. Dünyanın hər yerində saatın əqrəblərinin soldan sağa (istisnalar olsa da) və dairəvi hərəkəti Yer kürəsinin öz oxu ətrafında bu cür fırlanmasının əlaməti kimi izah olunur. Saatın əqrəbi xarab olanda eyni yerdə çırpınıb qalır və zamanın işləmədiyi təsəvvürü yaradır. Onda saatı təmir edib yenidən qurmaq lazım gəlir və adama elə gəlir ki, saat kimi vaxt da daha işləməyə başlayır. Məsələ burasındadır ki, vaxtı konkret göstərmək üçün saatın işləyən əqrəbi ilə yanaşı, insan özü də işləməlidir. Ya ev tikməli, ya da şeir yazmalıdır. Vaxt bir çox hallarda yer sakinlərinə eyni şərtləri diktə edir və günəşin doğusuna, batısına sərf olunduğu kimi, insaniyyətin zühuruna və çöküşünə də sərfiyyatı labüddür. Fizika elmi isbat edir ki, Yer kürəsində ərazidən asılı olaraq vaxtın, zamanın ölçüləri dəyişir və hər hansı bir səbəbdən dəyişir. Kəmiyyətcə onun həcmində ciddi fərqlər yaranır. Eynşteynin nisbilik nəzəriyyəsinin bir əlaməti budur ki, istinad etdiyimiz müəyyən bilik və kriteriyaların zamanla bağlılığı vardır.

Mənə elə gəlir ki, vaxt fərqləri şeir yazılarkən daha əyani görünür. Dünyanın bir yerində axşam düşəndə, o biri tərəfdə səhər açılırsa, məsələn, elə bu dünyanın tarixində səhər hər kəsdən tez yuxudan durub, ilk şeir misrasını hansı ölkənin vətəndaşının kağıza köçürdüyünü heç kim deyə bilməz. Ya da hansı ilk gecədə yerindən qalxıb, şamı yandırıb şeir yazan kim olubdur, ya hansı ölkənin insanı olubdur. Problemi çözməyə onda bircə yol qalır. Vaxtın sonsuzluğunu nəzərə alıb, belə bir fikir söyləmək olar ki, ən yaxşı mətni kim yazıbsa, ən tez yuxudan qalxan şair odur. Çünki şairlər bir-birindən sonra yox, bir-birindən qabaq doğulurlar. Bu üzdən, məsələn, deməyə adamın haqqı çatır ki, Azərbaycanlı Mirzə Ələkbər Sabirin, Eldar Baxışın, Səməd Qaraçöpün və ya Nizami Gəncəvinin və ya Musa Yaqubun... dünyanın ən qədim şairlərindən olduğunu deyəsən. Zamanı ləngidə bilən mətni tarixin müəyyən bir səhifəsindən axtarıb tapmaq mümkündür. Məsələn, böyük Nizamini “arpa tərəzidə çox olsa əgər, tərəzi qızıldan tez üz döndərər” hikmətindən, Sabiri “şairəm, əsrimin ayinəsiyəm” qənaətindən, Səməd Qaraçöpü “gedib asılmağa iki ağac var, Çörək ağacıdır, dar ağacıdır” həqiqətlərindən təsbit etmək olar və s.

Qızıl kimi vaxtını sözə dəyişənlərin qazancı ürəklərdə və şüurlarda iz qoymaqdır. Poeziyada məşhur ifadə ilə desək, qəlbləri fəth etməyin yolunu, adətən, şeir yazarkən səmimi olmaqda görürlər. Ancaq bu səmimi kəlməsindən o qədər sui-istifadə olunub ki, daha heç kəsin “səmimiyyətinə” adam inanmaq istəmir. Şair, məncə, səmimi olmaqdan öncə oxucunu inandırmağın yolları barədə düşünsə yaxşıdır. Sovet dövrünün ədəbi projeləri elə qurulurdu ki, imzası tanınan yazıçı və şairlər oxucunu daha çox cəlb edirdi, yaxud problemə belə bir yanaşma, mütaliə tərzi vardı. Məsələn, şeir S. Rüstəmin, B. Vahabzadənindirsə, baxmaq olar, əgər ad tanış deyilsə, üstündən keçmək olar. Keçən əsrin 80-ci illərinin sonlarından etibarən yeni imza axtarışlarına, çap olunmaq üçün müəyyən əngəllərin aradan qaldırılması cəhdlərinə başlanıldı. Məmməd İsmayılın “Gənclik” jurnalı gənclərin yazılarını “nöqtə-vergülünə toxunmadan” çap edirdi. Təxminən, həmin illərdən etibarən şeirə, ədəbiyyata aparan yollardakı postlar tədricən yığışdırılmağa başladı. Daha ədəbiyyatın “generalları” oxucunu “öz əmrinə almaq” iqtidarında deyildilər. Yeni imzalara meyilin artması üçün vaxt daha sürətlə axıb keçməli idi. Vaxt öz sürətini ölkənin içində və dışında cərəyan edən ictimai-siyasi hadisələrlə konkretləşdirə bildi. Başımıza elə böyük işlər gəlməyə başladı ki, vaxt qollarını geniş açaraq yeni imzaları ağuşuna almağı bacardı. Həmin yeni imzaların yaşı deyil, yeni yüzilin “satış mərkəzlərinə, bazarlarına” çıxardığı mətn-əmtəələrin dəyəri nəzərləri cəlb etməyə başladı. “Yerli mala” yaxşı pul verilməsə də, yaxşı əmtəənin dəyəri, əyarı hər zaman üstündədir. Etibarlı məmulatın (əsərin) həmişə alıcısı (oxucusu) olur.

Beləliklə, mətnə yerləşdirilmiş dil işarələri, məzmun elementləri, onların fonetik, leksik, sintaktik göstəriciləri elə səviyyədə olmalıdır ki, həmin mətnin poetik səviyyədə qavranılmasında hər hansı çətinlik yaranmasın. İnandırıcılıq şeirin bədii strukturunun tərkib hissəsi olmalıdır. Bu baxımdan, bir neçə misala müraciət edək.

Vaxtın düz göstərib, göstərmədiyi saatın əqrəblərinin hərəkəti ilə “müəyyən olunduğu kimi”, şeirin öz hədəfinə ulaşması üçün sözün, ifadənin düzgün seçilməsi və yerinə düzgün quraşdırılması lazımdır. Şair dünyaya nə qədər həssas yanaşsa da, duyğunu nə qədər “etizaza gətirsə də”, əsas işi bütün “olub-keçənləri” söz şəklində xatırlatmağı bacarmaqdır. Şeirlə vaxt həmahəng səslənən iki cisimin bir-birinə bağlılığı kimidir. Bu iki predmetin ölçüləri üst-üstə düşməyəndə tamlıq pozulur. Daha doğrusu, digər “əşyalar” vaxtın hüdudlarından kənara düşür, onun sərhədləri daxilində yer tuta bilmir. Məsələn, bir neçə ədəbi epoxada şanı-şöhrəti ilə yer alan böyük Əli Kərimin elə yazıları var ki, zamanla ayaqlaşa bilmədiyindən oxucu üçün də hər hansı bir ədəbi aktuallıq kəsb etmir. Məsələn,

“Neçə gündür, yazmamışam,

Sözlər qaçıb dağa, düzə.

Baxımsızlıq olan zaman

Söz özü də baxmaz sözə”. (Seçilmiş əsərləri, Bakı, 1991)

Zamansızlıq bu misraların tez dəyərdən düşməsinin əsas səbəbidir. Bu fikri digər tanınmış yazarların timsalında da davam etdirmək olar.

Vaxtın dəyərləndirməsi söz adamlarının həyata keçirə biləcəyi əsas ehtiyat tədbirlərindən biridir. Ədəbiyyat adamının üzərindən vaxt daha sürətlə axıb kiçir. Bu selin altında qalmamaq üçün üzüb üzə çıxmağı bacarmaq lazımdır. Vaxtla işləməyi bacaran bir gənc şairimiz Günay Səma Şirvandır. Poetik aləminə yaxın olmaq, isinişmək, necə deyərlər, söz mülkünə giriş etmək üçün hər şairin bir “zəif” yerini tapmaq lazım gəlir. Günay xanımın “Tonqalda yanan yaş odunların sızıldayıb, ah-uf etməsi ömrünü uzatması üçündür” poetizmi onun mətn qurma üslubunu bilmək üçün çox xarakterikdir. Birincisi, şairdə hər hansı bir yaşantı yetkinləşib kamala dolmasa, onu sözə ötürmək çətinləşir, yəni kal düşüncəni söz qəbul etmir. Bizim misalımızda müəllifin mükəmməl hiss, “işarət” adamı olmağı dərhal üzə çıxır. Belə olduğundandır ki, məşhur atalar sözündəki ideyadan yayınaraq şair mətləbi həyatın ayrı səmtlərinə yönəldə bilir. Bu misralarda “yaş” fərqli bir örnəyə keçid açır. Həyatda ah-uf edən, “ölürəm-ölürəm” deyib, daim xəstə olduğunu dilə gətirən, axırda hamını öldürüb “qurdla qiyamətə qalanları”n əhvalatlarını bilirik. Şeirdə yeni ictimai-bədii fikir də, onun təsviri də uğurlu alınıb. Belə həssas məqamlara istinadən Günay Səma Şirvanın şeirlərindən, kitablarından aldığımız müəyyən təəssüratları ümumiləşdirməyə əsas yaranır. Deməli, şeir yazmaq insanın özündən bir az aralanmağıdır. Gedib kənardan öz halına yanmağıdır, sevinməyidir, gülməyidir, ağlamağıdır, ya da öz halından gileylənməyi, şikayət etməyidir. Klassik poeziyada iri həcmli əsərlərdə öz halından şikayət hissəsi də yazılırdı. Amma insan özünə ayrı bir yerdən necə baxmaq istəsə də, özündən heç bir halda qurtula bilmir. Qurtula bilməmək şeir yazma prosesini ifadə edir. Ona görə də Günay Səma Şirvan yazır:

Qurtarsaydım bircə qaçıb özümdən,

Min yol sənə şükr edərdim, Tanrım hey!”

Şairin missiyası başqalarının əvəzinə də uzaqdan özünü seyr etməyidir. Bu, şairliyin bir xassəsidir və şair olmaq sosiallıqdan bir qədər kənarda qalmağa səbəb olur. Həmin şeirdə deyilir ki,

“Dəli olduq” “ağıllılar” gözündə,

Nələr yoxdu bizdə “dəli” sözündə...”

Cəmiyyət “ağıllılar və dəlilər” qismində iki yerə bölünəndə “dəlilər”in işi çətinləşir. “Bizdə” problem daha ağır şərtlərə bağlanır.

Günay xanımın şeirlərində hekayə üslubu diqqəti cəlb edir. Bir kitabının “Tanrının hekayəsi” adı ilə təqdimi, mənə elə gəlir ki, onun yaradıcılıq xüsusiyyətləri ilə bağlıdır. Şairin mütəmadi olaraq hislərin içində batıb qalmağı yeni “işgüzar” mühitin şərtlərinə o qədər də uyğun deyil. Lirik obrazın öz taleyndən və məqsədlərindən bəhs etməsi də oxucu üçün maraqlıdır. Bir kənd və ya şəhər adamının keçdiyi ömür yolu başqaları üçün örnək və təcrübə ola bilər. Hamının babası, nənəsi də olur, onlara bağlı borc və doğmalıq duyğuları da. Bu kövrək məqama “Əl ağacları” şeirində vaxt ayıran şair elə bir əhvalat söyləyir və ya əhvalatı elə söyləyir ki, burdan oxucu uzun müddət öz həyatına yaxın məsafədən nəzər yetirmək imkanına malik olur. Təhkiyə bu sözlərlə başlayır: “Ayağı yer tutanda hər nəvə bir əl ağacı idi nənəmə”. Nənənin xoşbəxt günləri bu canlı əl ağaclarının hələ ki ona əl verməkləri ilə bağlıdır. “Nənəli günləri”n necə dolğun və əvəzolunmaz olduğunu şeirin sonrakı misralarından oxuyuruq. Amma günlər keçdikcə vəziyyət dəyişir. Zamanın işlərə müdaxiləsi nənənin də, “əl ağaclarının” da durumuna təsir edir. “Deyirlər, nəvələrdən üzülən əlinə əl ağacı istəyib nənəm. Hər oğul bir odun parçasından bir əsa düzəldib nənəmə...” Şairin niyyəti məlum olur. O, etirazını bildirmək üçün “odun” bənzətməsindən istifadə edir. Uşaqlar odun parçasına çevrilirlər. Nənənin gözündə həqiqi taxta, odun dayaqlarla indi ondan uzaq düşmüş canlı “ağaclar” arasında elə bir fərq qalmadı. “Hər dəfə əl ağacı dəyişəndə nənəm: -- “Gəl, gəl, ey allahın ağacı, görək sənin səbrin nə qədərdir?” – deyərmiş...” Bu cür yanıqlı, kövrək həyat hekayətlərini yazmaq zamanı vaxtında təyin edib dəyərləndirməyin nəticəsidir.

Şair Aybəniz Əliyar da poetik gerçəkliyi vaxtında görüb dərk etdiyi üçün onun yaradıcılıq dünyası oxucunu cəlb edir. Məsələ burasındadır ki, bu iki şair üslubca nə qədər fərqli estetikanı təmsil etsələr də, onları birləşdirən, ya yaxınlaşdıran bir vacib amil ədəbiyyatı əyarlayan meyarların işlək və keçərli olmağı ilə, vaxtla bağlıdır. Aybəniz xanımın bir şeirini bütöv halda nəzərə çatdırmaqla onun çağdaş sosial-estetik mühitdəki orijinal obrazını təqdim etmək və sənətkar taleyinin ümumi cizgilərinə diqqət çəkmək istəyirəm.

Sənə köynək almışam,
nə olsun ki, küsmüşük.
Tez-tez açıb baxıram,
işıqlanır ev-eşik...

Barışsaq göndərəcəm,
barışmasaq da, nə qəm...
Düyməsini sayıram,
yaxasını çəkirəm.

Bu köynəkdə var hər şey,
var min dərdə dəva da..!
Qollarını açıram,
oynadıram havada...

Nə gözəl rəqs edirik
tənhalığın əlində.
Daha xoşbəxt görünər,
bilirəm ki, əynində...

Küsüşüb barışmağın
artıq mənası yoxdu...

Nə isə... göndərim bax,
geyin, hava soyuqdu...”

Mətnin alt qatından boylanmaq poeziyanın əsas mahiyyəti və prinsipi sayılmalıdır. “Köynək” dəqiq həyati təsvirlərə gedib çatmağa yaxşı dəlildir. İtkin düşənlərin qanlı köynəyindən çox yazıblar. Məhəbbət umu-küsülərində köynəyin işə yarayacağını bu şeirin misalında yəqinləşdirmək çox xoşdur. Burda aşıq şeirindən gəlmə notların tanış akkordlarını hiss etmək estetik duyğunu daha da etizaza gətirir. Aşıq Ələsgərin məşhur “Köynəyinə” rədifli qoşmasında köynək “kəbə örtüyü” kimi səciyyələnir. Aşıq “izn versən, sürtəm üz köynəyinə” yazır. Bu köynək əhvalatı, doğrudan-doğruya, adamın diqqətini hər yana çəkib apara bilir. Aybəniz xanımın “aldığı təzə köynək” canlı obraza çevrilərək, işi düz gətirməyən insan övladının dərdinə dərman olmaqda birinci yerdə durur. “Köynəklə rəqs etmək” olduqca poetikdir, məcazidir. Hələ o köynəyin hərarəti şairin dilində xüsusi istilik gətirmə qabiliyyətinə malikdir.

“Nə isə.. göndərim bax,
geyin, hava soyuqdu...”

Bir sözlə, Aybəniz Əliyar xalqın (camaatın) əyninə bir məhəbbət köynəyi geyindirməyi bacarmışdır.

Vaxtın parçaları kimi, biri digərinə az bənzəyən, ya çox fərqli görünən Xanım İsmayılqızı, Firəngiz Sabirqızı, Hədiyyə Şəfaqət, Bahar Zamanova, Vüsalə Asif kimi şairlər ürəklərə və arzulara poetik yönəlişin zamanını və zamanın poetikasını bəlirləyib oxucunun maraq və düşüncələrinə “mizrabzən” ola bilirlər. Zamanın sonsuzluğunda misrası ilə itib-batmamaq taleyi, məncə, onların da alnında yazılıbdır. Xanım İsmayılqızının qanı nəğmədə, melodiyada necə qaynayırsa, eyni hərarət onun söz dünyasında da ürəkləri isitməyə yetərlidir. Mən onu öncə bəstəçi kimi, daha sonra şair kimi tanımağa başlamışam. Şairin musiqi dünyası onu söz sənətinə yaxınlaşmağa tutarlı etibarlı vasitə kimi oxucuya doğmalaşdıran səbəbdirsə, poetik qəlbindən süzülən titrək misraları da eynən onu musiqiyə aid edən ruh və könül əhvalatlarıdır. Xanım şairin poeziya qanadı həmişə gərilmiş vəziyyətdədir və Xanım İsmayılqızı son zamanlar ədəbi təbircə desək, məhsuldar işləyən sənət adamlarındandır.

“Mən adamam, boş deyiləm,
Ruhum da var, daş deyiləm,
Nə olsun ki, quş deyiləm,
Qanad gərən adamam”.

“Həyatımın illərini, Hisslərimin əllərini, Ürəyimin tellərini Açıb-hörən adamam” deyən şairin həssas qəlbini, tarixə baxışını, sənətkarlıq məharətini bu məqamda daha yaxşı anlamaq, dəyərləndirmək mümkündür. “Ürəkdən tel qoparıb” onu hörməli olmaq vəzifəsi xanımlara aid olan məsələdir. Şəxsi taleyindən boylanan şair ən əziz adamını itirən insanların kədərini ümumiləşdirərək “bu dünyadan o dünyaya gedib-gələn adamam” yazır. Son illərdə qələmə aldığı yazıları iki ağır yükü özündə daşımaqdadır. Həm ağır kədəri, həm də sənətə xas ciddi mətləbləri Xanım İsmayılqızının aşağıdakı misralarnda təyin etmək asandır.

“Xırda-xırda göz yaşları birləşir,
Dolu-dolu yağıntılar yaranır.
Kiçik-kiçik düyünlərin içində,
Böyük-böyük sıxıntılar yaranır.

Damla-damla süzülürəm gözümdən,
Cümlə-cümlə asılıram sözümdən,
Parça-parça ayrılıram özümdən,
Neçə-neçə çıxıntılar yaranır.

Bir vaxt vardı, mən bir gözəl nağıldım,
Bu dünyaya sevən gözlə baxırdım,
Dərdə-qəmə, şeirə-sözə dağıldım,
Belə-belə dağıntılar yaranır”.

Bu yığcam qoşma bu janrda hələ də baş işlədib bir ağ günə çata bilməyənlərə yaxşı örnək sayıla bilər. Heca vəzninə bu istedadda, bu rübabda köklənməmək sözü havaya sovurmaq deməkdir. Məsələn, Aybəniz Əliyarın şeirlərindəki ruh və cismin tamlığı ilə kainatın vahid bütöv halında eyni zamanda dərki onun poeziyasının fəlsəfi qatını təmin edir.

“bir əlim oyundur, bir əlim düyün,
bir boz buluduyam yeddinci göyün.
gəlin, gəlin, siz də qapımı döyün,
göz yaşım tökülür arxımdan uzaq”.

Poeziya iksiri, ya ana maddə deyilən şeir elementləri yaradıcı prosesdə nəzərdən qaçırılmamalıdır. Burada göz yaşının arxdan kənara tökülməsi barədə fikir mətnin özəyini təşkil edir. Göy və kainat kimi insanın idrakı sonsuz və sərhədsizdir. Adamı göyün yeddinci qatına qoyan və orada da onu imtahana çəkə bilən gözəgörünməz qüvvə var. Adamın qapısı ağzında kimlər və nələr dayanmalıdır ki, darıxmasın, kədərlənməsin, ümidi artsın və dərdinə çarə tapılsın?! Dünyanınmı deyək, fələyinmi deyək, bu iki əlin sahibinin oyunları, düyünləri poetik vüsət alanda şairlərə inam daha da çoxalır. Ümumiyyətlə, Aybəniz xanımın son bir neçə ildə yazdıqları, mənə elə gəlir ki, vergili şeirlərdir. Şairə vergi veriləndə onu ruh aləmindən bir an da olsun ayırmaq mümkünsüzdür. Belə şairlərdə məhəbbət duyğuları dünyəvi istəklərin fövqündə baş qaldırır. Bu zaman allahın qarışqası da gəlib şairin sevgisindən yetik olmağa başlayır.

“Dolub qarışqaya evim-otağım,
Bahar çoxdan gəlib, siz gecikmisiz.
Kim sizə bir belə ixtiyar verib,
Evimin içində yuva tikmisiz?

Bu nə haray-həşir, eyib deyilmi?
Yenə çağrılmamış qonaq olmusuz.
Qanad çıxarmısız kəpənək kimi,
Bəlkə gəlin gedir bir qarışqa-qız?

Bəlkə sevgi kimi yoxdu yeriniz,
Beləmi bildirir hicran özünü?
Yenə at oynadır sürüləriniz,
Pəncərəm uzunu, pərdəm uzunu.

Yatmışam sizi də verib yuxuya,
Bu gecə ovcuma dolmusuz nədən?
Bir eşqi-pünhanı sevmişəm deyə,
Əlim bala batıb bəlkə bilmədən?...”

Bizim qaynar həyatımızın qarışqa yuvası ilə assosiasiya olunması yaxşı başlanğıcdır. Şeirdə nəyə eyham olunacağı “qarışqa-qız” misrasından bəlli olmağa başlayır və sonda yüksək şairlik istedadı ilə, məcazi dillə dərdi dərdbilənə açıb söyləməyin məqamı gəlib çatır. Şeirdə ifadə olunan dəhşətli ironiya ilə qeyri-adi poetizm oxucunu heyrətə gətirir. “Əlim bala batıb”ın işlənmə yeri o qədər dəqiq seçilib ki, bu qarışqa topasını adam məzəmmət və öyüd-nəsihət üçün “eşqi-pünhanların” ardınca göndərmək istəyir.

Söz-sənət bilicilərinin hər sözü-kəlməsi qızıla bərabərdir. Onların yazdıqlarında hər kəs ya özünü tapıb müəyyənləşdirir, ya da o böyük söz orbitinə daxil olub birdəfəlik yer üzündən yox olur. Yəni əbədiyyətə çatır. Sözün əbədiyyətinə. Bahar Zamanova adlı şair getdiyi yerdə insanların önünə birdən-birə ya sel, tufan kimi, ya da ən əziz dost kimi, sevgili kimi çıxır. Onun poetik üfüqlərə doğru adamı çəkən göylərindən söz yağır. Bu söz ulduz yerinə, işıq və yağış seli əvəzinə yağır. Cürbəcür o təbiət cisimləri, hadisələri kimi, istedaddan doğan cəsarətlə yazılan həmin şeir mətnləri də təbii və bənzərsizdir. O da öz qadın taleyini yaşayaraq, bu “yaşayışı” poeziyada davam etdirərək, bütün insanlara bir qəribə (qərib) tale yaşatmalı olur.

“Mənim kimi qadını
Unutmaq deyil asan.

Öpərəm səni, adam,
Dönüb şeir olarsan”.

Və beləcə, “bahar nəğməsi”, bahar əfsanəsi dildən-dilə yayılmağa başlayacaq. Böyük cəsarət və istedadla Bahar Zamanovanın yazdıqlarını yenidən təkrarən nəzərə çatdırmaqdansa, onun yeni yazılarını mütaliə etməyin daha xeyirli məşğuliyyət sayıla biləcəyini bəyan etməklə hələlik bu yazıya da nöqtə qoymaq olar. Təki şair kimi dünyaya gələnlərin və dünyaya gəlib tanınanların mətnlərində ikinci bir ömür qazanmaq başqalarının (oxucunun) nəsibi ola.


Müəllif: Zakir Məmməd