22 Avqust 2017 08:53
2 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını şair Musa Yaqub cavablandırıb:

- 2 gün öncə İsmayıllının Buynuz kəndində meşədə nəvənizin toyu oldu. Toy necə keçdi? Restoranda toylara öyrəşmişik deyə, meşədə toy xəbəri maraqla qarşılandı...
- Zarafatla oraya “orman istirahət mərkəzi”, “şadlıq meşəsi” deyirəm, ona görə müzakirəyə çıxarılır. Nəvəmin toyunu keçirdiyimiz məkan həm istirahət yeridir, həm də orada toy keçirmək olur. Adam istəyər həyətdə eləsin. Amma düzüb-qoşmaq ağır olur deyə, meşəni seçdik. Xüsusi kotteclər var, qonaqlar gəldi, hər şey əla keçdi, hamı razı qaldı. Kimi dəvət etmişdik,- şair dostlarımız, kəndçilərimiz, toyunda iştirak elədiklərim, eləmədiklərim, hamı gəlmişdi. Məsələn, 100 nəfər dəvət etmişdiksə, 150 nəfər təşri buyurmuşdu. Dostlardan soruşa bilərsiniz, toyumuz gözəl keçdi.

- İsmayıllıda sərinlər düşüb, hava şuluqluq eləmədi ki?
- Yox, hava şuluqluq eləmədi, amma sərin idi. Bakıdan gələnlər saat 8-dən sonra pencək axtarırdılar. Köynəklə gəlmişdilər, ordan-burdan pencək tapıb geydirdik. Çox ləzzətli havaydı, heç nə toyumuza mane olmadı.

- Yolunu gözlədiyiniz xüsusi qonaq vardı?
- Kimi ki istəyirdim, dəvət eləmişdim, hamısı da gəlmişdi. Rafiq Əliyev Kiprdədir, gələ bilmədi, təbrik elədi. Kimlərin ki işi vardı, necə deyəydim, mütləq gəl.

- Restoran ənənəsi israfçılığa görə tənqid edilir, akustika, toya dəvətlilərin siyahısı barədə giley-güzar eşidirik. Siz necə toyun tərəfdarısınız?
- Vallah, toy məsələsinə hər kəsin öz ixtiyarında olan məsələ kimi baxıram. Ümumiyyətlə, mən həyətdə keçirilən toyun tərəfdarıyam. O cür toya həsrətəm. Amma onu təşkil eləmək çətindir. Dəvət edirsən, narahat olursan ki, birdən yer çatmaz, yağışdan qorxursan. Təbiət qoynunda sərbəst toy xoşlayıram.

- Deyəsən, öz toyunuz da vaxtilə meşədə olub...
- Yox, oğlumun toyu həyətdə olub, bizim evimiz elə meşənin qırağındadır, dağın ətəyinəcən stol-stul, məclis qurulmuşdu. O cür toyu idarə emək çətin olur. Amma ləzzətli toy eləmişik.

- Neçə müddətdir Buynuz kəndindəsiniz, qulluğunuzda kim dayanır?
- Oğlum, gəlinim, nəvəm sağ olsunlar, qulluğumda dururlar. Hələlik çətinliyim yoxdur. Nəvəmçün təzə gəlin də gətirdik, o da kömək edəcək.

- İsmayıllıda vəziyyət, insanların güzəranı necədir?
- Rayonda vəziyyət yaxşıdır, icra başçısı yerlimizdir. O vaxt da deyirdim, Prezidentə razılıq elədim ki, onu tapıb rayona başçı qoydu. Camaat mehribandır, ölkə daxilində nə çətinlik varsa, o, hamıya aiddir. İnsanlar rahatdır, heç kəs həyəcanlı deyil. Kimin nə dərdi varsa, onu içində çəkir, amma hansısa söz-söhbətin, xəyanətin, münaqişənin dərdini çəkmirik. Yaşayırıq da, nəyimiz varsa, yeyirik, olmayanı yemirik.

- Yaradıcılıqda yeniliklər varmı, nə isə yazırsınız?
- Adətən, yayda yaradıcılıqla çox məşğul olmuram, amma bu dəfə yazdım. Şeir deyil e, silsilə düşüncələrdir, Xaqaninin həyatından yazmışam. Yanıma gələn-gedən çox olur. Dünən Beyləqandan İlqar Fəhminin başçılığı ilə 70 nəfər İsmayıllını seyr etməyə gəlmişdi, mənə də dəydilər, söhbət elədik. Çox razı getdilər. Düzdür, qəfil gəlmişdilər, yemək yemədilər, 1 stəkan çay içdilər, ədəbiyyatımız, mədəniyyətimiz haqda gözəl söhbətlərimiz oldu. Bu yaxınlarda da Sumqayıtdan məktəb, kitabxana kollektivi mənim üçün yaradıcılıq gecəsi təşkil etmişdi, amma gəlib Buynuzda keçirdilər. 60-dan çox adam idi, uşaqlar şeirlər dedilər, çox kövrəldim. Dostlarım məni yada salır. Çox sevinirəm ki, cavanlar ədəbiyyatın, sənətin qədrini bilirlər, sözə yaxşı girişiblər. Beyləqandan gələnlərə də dedim ki, ədəbiyyatsevərlər, sözsevərlər yığışıb görüşməlidir, bunu özümüz təşkil eləməliyik, dövlətin bu işlə məşğul olmağa vaxtı yoxdur.

- Musa müəllim, bir vaxtlar parlamentdə təmsil olunmusunuz, son vaxtlar siyasətlə nə qədər maraqlanırsınız?
- Siyasətlə belə məşğul oluram ki, ancaq suallara cavab verirəm, dostlarla söhbətləşirəm, bəzən müəyyən məsələlər olanda fikrimi açıqca deyirəm. Siyasətlə daim gərək işləyəsən. Düzdür, fikrimi lazımı anda deyirəm. İzləyirəm, dünya siyasəti dəhşətlidir.


Müəllif: Nərgiz Cavadzadə