4 Oktyabr 2017 09:25
4 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəllifin pirat kitabı imzalamamaq haqqı var, lakin yaxşı olardı ki, özü əslini hədiyyə edib imzalayardı.

Bu sözləri Teleqraf.com-a Ramiz Rövşənin pirat kitabını imzalamaması ilə bağlı danışarkən Şərif Ağayar bildirib.

Onun sözlərinə görə, Ramiz Rövşən avtoqraf istəyən gənc şair İltimas Səmimini tanımayıb:

“Müəllifin pirat kitabı imzalamamaq haqqı var, lakin yaxşı olardı ki, özü əslini hədiyyə edib imzalayardı. İltimas Səmimi gözəl bir insandır, təmizdir, kitabları sevir, oxuyur, inanıram ki, Ramiz Rövşənin kitabını da sevə-sevə oxuyardı, imzalı vəziyyətdə ən böyük hədiyyə kimi saxlayardı.

Görünür, Ramiz müəllim onu tanımayıb. Mən də orada idim, İltimas vəziyyəti mənə desəydi, tədbir görərdim. Sağlıq olsun, bu anlaşılmazlığı aradan qaldırarıq”.

Qulu Ağsəs plagiatın yolverilməz olduğunu xatırladıb:

“Bunu tənzimləmək də olmur. Bizim jurnalın üstündə hədiyyə etdiyimiz kitabları da oxucuya satanlar olub. Ortada qanun var olmağına, amma qarşısını almaq olmur plagiatın. Və sonda: barlı bağa girər oğru. Təki bizdən oğurlasınlar”.

Pərviz Cəbrayıl pirat nəşrlərə qarşı mübarizəni alqışladığını, lakin imza verilməməsini yanlış hesab etdiyini deyib:

“Mən əzəmətli şairin pirat nəşrlərə qarşı barışmaz və amansız mövqeyini alqışlayıram. Ancaq mübarizə forması kimi bir kasıb, çarəsiz gənc şair-oxucuya avtoqraf verməməyi, bu addımı yaraşdırmadım şairə. Guya milyonlarla tiraja, şairin şəxsi gəlirinə böyük zərbə dəyəcəkdi bununla? Adam çoxdandı kitab alıb, nə bilsin saxtadı, ya qanuni? Lap bilib – deyək ki, ucuz olduğuna görə onu alıb. Səhv edib lap. Nəhayət, sitayiş etdiyi şairin yerini öyrənib, böyük bir umudla gəlib ki, onun mübarək imzasını alsın. Kitab pirat olub, bəli, şeirlər də plagiatdı bəyəm, imza atmağa çəkinirsən? Mən olsam, İltimas Səmimiyə orda satışda olan kitabımdan birini bağışlayıb, səmimi ürək sözü yazar, sonra deyərdim, o pirat nəşri hamının gözü qabağında bir yerdə zibil vedrəsinə ataq, bununla oğrulara etirazımızı bildirək. Bu, İltimasın da, başqa oxucuların da yadında ömürlük qalardı. Ramiz Rövşənin “Nəfəsi” neçəyədi ki? Lap olsun 15 manat. Nə böyük şeydi ki, bağışla birini, gəncə nəfəs ver də. Bir oxucuya, pərəstişkara nəfəs verə bilməyən kitabın daha harası “Nəfəs” oldu? Ona görə də İltiması şiddətlə qınayıram. Hesab edirəm, böyük şairimiz ona pərəstiş ünvanının seçilməsi ilə bağlı tarixi dərs verib”.

Tural Cəfərov bunu həmin nəşriyyat tərəfindən müəllif hüquqlarının pozulması adlandırıb:

“Müəllif Hüquqları Agentliyi var ki, müraciət edə bilərlər. Kitab orijinal olmalıdır da, niyə pirat nüsxə olsun. Mən olsam, imzalayardım. Mənim üçün fərqi yoxdur. O mənada ki, ədəbiyyt xalqın sərvətidir. Nəşriyyatın sərvəti deyil ki. Nizami Gəncəvini çap edirlər. Kimdən icazə alırlar? Əsas bədii mətndir və oxucuya çatmasıdır. Ramiz Rövşən elə düşünürsə, o da onun öz fikiridir. Markes plagiat kitabları izmalayırdı. Bu onun xoşuna gəlirdi. Bildirirdi ki, lap yaxşı. Çünki plagiat nüsxələr daha ucuz başa gəlirdi və daha çox oxucuya çatırdı”.

Aqşin Yenisey bu dəhşətli hadisənin səbəbini bilmədiyini söyləyib:

“Bəlkə də, Ramiz Rövşən İltimas Səmimini kitab oğrusu zənn edib və bəlkə də, İltimas o kitabı, doğrudan da, hardansa əkişdiribmiş, amma Səmimi olduğu üçün deyib, qoy müəllifinə də imzalatdırım. Bizdə həmişə belə olub, həmişə böyük oğrular balaca oğruları məhz səmimiliyi ucbatından ələ veriblər. Bəlkə də, Ramiz Rövşən İltimasın Səmimiliynə inanmayıb. Bəlkə də, İltimas heç Səmimi deyil, xalqı aldadır. Bəlkə də, Ramiz Rövşən gündəmdən getmək, İltimas Səmimi gündəmə gəlmək üçün millətin başına bu oyunu açıb. Bəlkə də, Ramiz Rövşən İltiması görkəmindən toyuq oğrusuna oxşatdığı üçün imzasını ona yaraşdırmayıb, amma bu versiyaya özüm də inanmıram, çünki Ramiz Rövşəngil bilirlər ki, onların şairlik etdiyi vətəndə bu gün bütün istedadlı, savadlı gənclər toyuq oğrusuna oxşayırlar. Bəlkə də İltimasın "Pencəyi-şalvarı özündən yekə" obrazı Ramiz Rövşəni əsəbiləşdirib. Bəlkə də İltimas Səmimi ilə yaşıd olanda "Pencəyi şalvarı özündən yekə" oğlana şeir yazanda Ramiz Rövşən özü səmimi olmayıb. Şair, yazıçı tayfasında olur belə şeylər, guya, indi Təhminəlik edən bir qız AYB üzv olmaq istəsə, Anar onu ittifaqa qəbul edər? Haqqında "Ədəbiyyat qəzeti"ndə rüsvayçı yazılar yazdırıb biabır edər yazıq qızı. Hər halda, məsələn, sədri Rəşad Məcid olan bir komissiya yaradılmalı və səbəblər araşdırılmalıdır. Ölkədə bircə dənə Səmimi adam qalıb, onun da öz cibinin puluna aldığı kitabı imzalamırlar. Olacaq iş deyil”.

Aqşin Evrən bildirib ki, dünyanın ən məşhur insanı Kriştano Ronaldoya pərəstişkarı saxta formanı uzadaraq imza istəyir:

“O boyda Ronaldo formanı məmnuniyyətlə imzalayır, üstəlik foto da çəkdirir və pərəstişkarını qucaqlayır. Amma bizim əzizimiz, ağsaqqalımız saxta kitabı imzalamaqdan boyun qaçırır ki, bu, pirat nəşrdir. Qardaşım, olsun da pirat nəşr, orda sənin bir misran var, ya yox?! Hətta müğənnilər belə adi ağ vərəqə imza atırlar. Bu, onların pərəstişkarlarına, bir insana olan münasibətinin göstəricisidir. Mən çox məyus oldum ki, futbolçuların, lağ etdiyimiz müğənnilərin göstərdiyi həssaslığı özümüzə qardaş hesab etdiyimiz Ramiz Rövşən etmədi. Axı şair olan adam avtoqraf kimi məzmunsuz bir şeyə görə bir insanın, gənc həmkarının qəlbini necə qıra bilər? Bu, məndən ötəri ağılasığmazdır. Görünən odur ki, Qərbin futbolçusu belə bizim şairlərimizdən daha çox şairdir, daha çox insansevərdir. Hanı bəs həssaslıq, şair ürəyi?! Ramiz Rövşən deməli idi ki, İltimas, bala, o kitab piratdır, onu at getsin, gəl sənə orijinal kitab imzalayım verim. O isə gənci pərt edib. Məzmunsuz, primitiv bir avtoqrafa görə. Vallah, şəhərdə məni saxlayıb avtoqraf istəyən olub, əlimdə heç nə olmayıb, siqaret qutusuna imza atmışam. Dostumuz İltimasa tövsiyə edirəm ki, bundan sonra ancaq Kriştiano Ronaldonun şeirlərinə baxsın. Fikrimi sevgili Nazim Hikmətin misraları ilə tamamlayım:

"Dünyayı çocuklara verelim

Kocaman bir elma gibi verelim sıcacık bir ekmek somunu gibi

Hiç değilse bir günlüğüne doysunlar

Bir günlük de olsa öğrensin dünya arkadaşlığı".

Qeyd edək ki, Bakıda təşkil olunan V Beynəlxalq Kitab Sərgi-Yarmarkasında gənc şair İltimas Səmimi Ramiz Rövşənin “Nəfəs” adlı kitabını şairə imzalatmaq istəyib. Ancaq Ramiz Rövşən imza çəkməkdən imtina edib. Səbəb isə ona təqdm edilən kitabın pirat nüsxə olması olub.


Müəllif: Şəfiqə Nazimqızı