7 Oktyabr 2017 09:15
7 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elə adamlar var ki, onlar kəşf edilməmiş, yaşanmamış adamlardı. Təptəzədirlər. Ömər Xəyyam – bunca haqsızlıqların, insansızlıqların içində tütün tarlasına düşmüş şəkər qamışını xatrladır. Həyatı – bir tabloya çəkilmiş dörd mövsümün rəngləri. Könlünün quzeyində nar çiçəkləri açmış, güneyində ağ qar çiçəkləri…

Teleqraf.com üçün bir az söhbət etdik bu təptəzə adamla.

- Hələ də çox adam dəqiq bilmir. Sən Ömərsən, Xəyyam?

- Salam. Ömərlə Xəyyamın sərhədində. Şirin suyla acı kimi: qarışmır, həll olmur, həm də, iç-içə.

- Onda necəsən?

- Yağışlı. Yox, daha doğrusu, sanasan yağış yağıb, bələnmisən yorğana. Odun sobasının də üstündə alma bişir. Almanın hiss qoxulu dadında yağış damcılarının rəqsi.

- İlk kitab yazarın ilk övladı kimidir, deyirlər. Sənin ilk kitabın bir az fərqli qəbul olundu. Məsələn, dünyada doğulmuş yadplanetli kimi.

- Məryəm kimi bakirəyəm. O kitabla bircə bağım da yoxdu. Doğmamışam, balalamışam. Gücənə-gücənə… Əşi, zibildi.

- Allah çox uzaqdadı?

- Suallarını cavablandıracaq qədər yaxın, şah damarın qədər uzaq.

- Həyat başdan, ölüm ayaqdan başlayır. Bəs yaşamaq?

- Yaşamaq ortadan – cibdən…

- Kənardan baxanda 3 Ömər (ya da Xəyyam) görünür. 1) O hekayələri yazan həssas Ömər. 2) Feysbukda hər şeyə ironiyayla yanaşan bivec Ömər. 3) Real həyatda çoxunun ünsiyyət qurub ardınca da "çoxbilmişdi" dediyi Ömər. Bəs əsil sənin tanıdığın, inandığın, güvəndiyin Ömər bunlardan hansıdı?

- İnsanlar inanmaq istədiklərinə inanır. Görmək istədiklərini görür… Bu dediyin adamların heç biri Ömər deyil. Ömər, ümumiyyətlə, obrazdı. Adam deyil.

- Fikirlərinin birində demişdin ki, "mən hələ özümü heç bir sahədə tapmamışam". Özünü tapanda tapdığın özünə ilk sözün nə olacaq?

- Normal insan özünü niyə hansısa sahədə axtarsın? Elə bil, dəzgah hissəciyi axtarır. Deyəcəm, ay əclaf, düz əməlli yer seçəydin, adam olub çıxardıq başa.

- Ürəyini münbit torpaq bilib, təbiyyətinə güvəndiyin olub heç?

- Ürəyim o qədər ləkələnib, deyərsən, səhralıqdı, nədi, ay evin tikilsin, gəl güvən quma, görüm, dözərmi?

- Razısan ki, rəngi olan adamlar var. Hansı ki, o adamlar bir məclisə girəndə, ya sənlə danışanda qaramatlılığını, ya rəngliliyini hiss eləmək olur.

- Bu, daha çox rəng yox, enerji məsələsidi. Elə qara qızlar var, korşalar işığına adam. Enerji… Ümumiyyətlə, sənə deyim, heç kimə demə: İnsan enerjidi.

- Yola verənsən, ya yola gedən?

- Yol çəkənəm.

- Film çəkirdin. Bir az ondan danış.

- Davam edir. Bitirim, bu barədə daha geniş danışarıq.

- Heç istinə üşüyən olub?

- Bu nə sualdı? Bax bu suala necə cavab verim?

- Neçə kitablıq ağrımısan?

- Bir kitablıq. Atamın kitabı…

- Deyirlər e, “Bu, əsil islam deyil”, “Bu, əsil ədəbiyyat deyil”, hərdən mənə elə gəlir ki, bizdə heç nəyin əsli olmadığı kimi sevgilər də əsil deyil. “Bu, əsil sevgi deyil”.

- Həmişə demişəm, yenə də deyim. Mənim üçün sevgi – yatağı olmayan bütünləşmədi. Əgər qadını öpə bilirsənsə, hər yerinə toxuna bilirsənsə, seksdən sonra durub tualetə gedirsə, ya da əksinə, seksdən sonra yüngül bayıra gedirsənsə, bu, sevgi deyil. Cütləşmədi. Adını ar-abır edib sevgi qoyublar.

- O indi hardadı?

- Yerini deyim götürəsən? Ay səni qaraca, qaraca.

- Atalar iki cür olur. Dünyadan tez köçüb övladlarının xəyalındakı qəhrəmanı bir ömür yaşadırlar, bir də yaşayaraq övladlarının xəyalındakı o qəhrəmanı öldürməklə məşğul olurlar, ya da çox vaxt öldürmürlər, kiçildirlər.

- Bilmirəm. Ata dedin, yadıma düşdü. Sol əlinin üstündə qartal döyməsi vardı. Uzatmışdılar üzü qibləyə. Qəfildən baxdım ki, döymə yoxdu, qartal uçub gedib, nədi... Yox, deyərdin, uçan yerdəcə vurublar. Sonra anam dedi, damarlarında tromblaşma gedib. Məni ovutmaq üçün dedi, anam. Guya başa düşməyəcəm, uşaq deyiləm ki, qartal ölmüşdü. Sonra mən öldüm...

- Acının üst qatı var. Adam ora çatanda hər şeyə gülə, ironiyayla yanaşa bilir. Bir də var bivec. Hər şeyə ironiyayla yanaşan. Ömərdə bunların hansıdı?

- Hə. Sən bilməzsən. Təbiətin ən gözəl nemətlərindən biri, müqəddəs içki araq ki var, onu içib-içib bir məqama yetirsən ki, sonrası sudu. İçdikcə ayılırsan. Sənə deyim, acılar çoxaldıqca aydınlandım, paklandım.

- Dünyaya nəyi qışqırmaq istəyərdin?

- Qışqırardım ki, dolma bizimdi!

- Onda sağ ol…


Müəllif: Çinarə Ömray