6 Oktyabr 2017 21:59
2 698
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qiraətçi”də Emil Rasimoğlunun şeiri.

Teleqraf.com təqdim edir:

***

Allahın üstünə it hürür otağımın küncündə...

Məktubları yandırma,

külünə vurularsan barmaqlarımın,

allah eləməsin yıxılarsan bu qapqara payızdan,

birdən ölərsən sonuncu şəklimdə...

Saatın kəfgiri ömürdən uzun...

Sənə oxşayan bu yağışda

çətirsizdi səninlə yaşıd qucağım

Anamın köhnəlmiş gözlərində

təptəzə qəbrim daralır,

ölür təkayaqlı başdaşı.

Hələ şam işığında dilənir azan səsi,

dilənir bir qadın şəhərində.

Səhəri açılmır fahişə duaların

və bir də küçə itlərinin,

və bir də

İsa, Musa, Məhəmməd adlı göy üzünün.

Sən demə,

adam ayağlarıyla sevişərmiş

kor rəssamın tablosunda...

...Mən hardan biləydim

divarlara payız gecələr gəlirmiş,

...və balıqların səsindən

yuxusu qaçırmış yalqızların.

Yoxsa toxunmazdım

külqabıların bakirəliyinə də...

Mən hardan biləydim

Qadın - azadlıq adlı həbsxanaymış,

Allahsa ən böyük ateist.

...İndi sevinməyə doğum günüm də yoxdu.

Deyirdim, ayrılmağa sevgi də çatmayacaq,

ömür də...

Amma

əllərimizə qədər düşmən olduq

qapıların darıxdığı evdə.

Unutma ki...

Sən bütün şəkillərin adını dəyişdin,

rəngini güllələdin,

Mənsə yandırdım bütün

Vətən şəkillərini sənə görə.

Darıxma,

bir gün tapılacaq alnının qırışında

gizlətdiyin adam

Onda bətnin ovulacaq,

onda söyəcəksən güzgüyə

Onda birisi deyəcək: - Gözün aydın!..


Müəllif: Teleqraf.com