11 Oktyabr 11:28

Teleqraf.com-un “Portret” layihəsində Murad Köhnəqala mərhum Mövlud Mövlud haqqında danışır.

– Murad bəy, Mövlud Mövludun ən yaxın və sevdiyi dostlarından biri olmusunuz. Onun haqqında xatirə danışmaq necə hisdir?

– Onun intihar xəbərini alanda əsəbimdən az qalmışdı beynim qafamı çatladıb çölə dağılsın. Onu bir də görməyəcəyimdən dibsiz bir kədərin içinə girmişdim, həm də bu hərəkətinə dəhşət əsəbləşmişdim, dəli kimi olmuşdum. Boynuma alıram ki, həmin əsəbim hələ də soyumayıb. Buna görə Mövlud haqda uzun müddət danışmaq istəmədim. Di gəl ki, onun bu faciəsi fikrimdən-xəyalımdan çıxmırdı. Mövludu həyat yoldaşım Şəlalə xanım da yaxşı tanıyır, xətrini çox istəyirdi. O bizim hər ikimiz üçün çox əzizdi. Ona görə evdə Mövlud mövzusundan nə qədər qaçmaq istəsək də, mümkün olmur, mütləq onun bizə elədiyi hansısa bir gözəl hərəkətini xatırlayıb qəlbimizi təzədən qanadırıq.

Həmin faciədən sonra mən içməyi, Şəlalə də ağlamağı çoxaltmışdı. Ölümündən sonra çoxları Mövludu öz doğması kimi xatırladı. Mən hamısına inanıram, çünki Mövlud dostluq elədiyi adamların yanına yalnız qəlb körpüsündən adlayıb gedə bilirdi. Onun hər dəfə bizə gəlməsi bizə mənəvi dayaq enerjisi ötürürdü. Mövlud dünyadan gənckən, qəfil getdiyinə görə ölümü ona yaraşdıra bilmirik. Mən onun ölümünün tam təsdiqinə hələ də hazır deyiləm. Ona görə nə yasını qəbul eləyə bildim, nə də qəbrini. Bu mövzuda həmişə özümü aldatmaq istəyirəm. İndiyə qədər də onun Feysbukda paylaşılan şəkillərini dərhal görünməz edirəm ki, ətrafındakı yazıları oxumayım.

– Ölümündən sonra Mövluddan bir yazı yazmışdınız. Amma o yazıda sanki özünüzü tam ifadə eləyə bilməmişdiniz. Razısınızmı?

– Bayaq dediyim kimi, Mövlud hadisəsi məni hər yanda təqib elədiyinə görə o yazını yazıb bir az sakitləşməyə çalışmışdım. O yazının özündə də yazmışdım ki, məqsədim daxilimə yığılmış yüküdən bir az çölə boşaltmaqdı. Uzun dostluq illərinin bütün rənglərini bir yazıda, özü də o halımda necə vermək olardı ki?

Mənimlə dostluğa başlayanda Mövludun heç üzü də tüklənməmişdi. Əslində nə dost? Hələ də anlaşdıra bilmirəm, o mənim dostumdu, oğlumdu, ya kimimdi? Mənə münasibətində o da bu hisləri dəyişik salırdı. Hərdən məndən gah dost kimi, gah da doğma oğlum kimi küsürdü. Bizə gələndə oğlumla, qızımla onların yaşıdı kimi müxtəlif oyunlar oynayıb şənlənirdi. O biri otaqda isə mənimlə araq içirdi. Uşaqlarım onu çox sevirdi. Mən Mərdəkanda yaşayanda Mövlud bizə az-az gələrdi, ancaq hərdən şəhərdən mənə qoşulub bizə gələndə evimizdə bayram olurdu. Aralarındakı yaş fərqi az olsa da, mənim təklifimlə, uşaqlarım ona Mövlud əmi deyə çağırdılar. Yadımdadı, bir dəfə Mövlud dedi ki, ilk dəfə mənə sənin uşaqların əmi deyib, bu sözün sayəsində uşaqlıqdan çıxıb özümü kişi hiss elədim. Sonra da kövrəldi. Ümumiyətlə, tanıyanlar da bilir, Mövlud aşırı hissiyatlı, kövrək adam idi. İnsanlara, heyvanlara, ağaca, daşa – həyatda hər bir şeyə, hadisəyə dərin duyğu ilə yanaşırdı. Məsələn, çayxanada oturduğumuz zaman mənə astaca belə deyə bilirdi: “Üzbəüz oturan adamın sifətindəki əzabı görürsənmi?”.

Həə, uşaq vaxtı qızımın belə bir məzə çıxarmağı vardı, evdəki əşyalardan birini mikrofon kimi tutaraq gələn dostlarıma müxtəlif suallar verib onlardan “müsahibə” götürürdü. Türkiyə televiziyalarının aparıcılarını yamsılasa da, qızım qurduğu səhnəni çox maraqlı eləyirdi. Bir dəfə “troynik”i mikrofon eləyib Mövluddan da “müsahibə” götürdü. Mövlud əmisi onun bütün suallarını ciddi, səmimi cavablandıraraq öz uşaqlığından, ata-anasından, arzularından, sevdiyi əsərlərdən, xarakterindəki sevmədiyi məqamlardan, nə bilim, hər şeydən uzun bir müsahibə verdi və sonunda hansısa məqamda ağlayıb söhbətə nöqtə qoydu. Mən onun həyatının üzdə görünməyən tərəflərini qızımın suallarına verdiyi həmin cavablardan anladım. Çünki mənə bağlı olan vaxtlar, qəlbinə dəyməsin deyə, ondan ata-anası, qardaş-bacısı haqda heç vaxt soruşmazdım. Bilirdim ki, Mövlud valideyn təsirindən qaçıb ayrıca fərd kimi böyümək, yetişmək istəyir.

Bir dəfə həmin “müsahibə”dən söz düşəndə zarafatla dedim, Mövlud, nə yaxşı hər şeyi uşağa səmimi etiraf eləyirdin? Dedi, allahdan gizlin olmayan şeyi Zeynəbdən niyə gizlətməliyəm ki? Sonralar o əhvalatı yad eləyəndə mənə deyirdi, qoy özümü hazırlayım, gedərik sizə, Zeynəbə yenə müsahibə vermək istəyirəm. Bax, beləcə o, sürəkli bir neçə il, özü də hər gün mənimlə zəngləşib görüşərdi. Mənə o qədər isnişmişdi ki, bəzən gecikəndə gəlib görürdüm Mövlud səbirsizliklə o baş-bu başa var-gəl eləyir. Məni görən kimi üstümə atılıb deyirdi, ayə, gəl çıx dana, bağrımız partladı axı. Mən də ona eynən eləcə bağlı idim. Belə bir saf, maraqlı, gözəl insanı necə sevməmək olardı? Nəsə, söhbətin əvvəlinə qayıdıram. Yəni bütün bu qədər yaşanmışları, acılı-şirinli illəri bir xatirə yazısına sığışdıra bilməzdim. Yəni Mövlud haqda yazdığım qələmimin gücünü göstərmək üçün deyildi.

– Lap əvvələ qayıdaq. Onu ilk dəfə gördüyünüz günə... Deyirsiniz ki, hələ üzü tüklənməmişdi. Harda və necə oldu tanışlığınız?

– Həmin tarixçəni bayaq xatırlatdığınız yazımda da yazmışam. Bildiyim qədər, topladığınız bu müsahibələri kitab halında çap eləmək arzunuz var, ona görə bayaq danışdığımız yazımın bəzi məqamlarını burada da təkrarlamaq istərdim. Çünki o yazıda da Mövlud haqda xatırlamalarım çoxdu. Demək, necə tanış olmuşduq? Şair dostumuz Qəşəm Nəcəfzadə bir vaxtlar Sabir adına kitabxananın binasında yaradıcılıq dərnəyinə rəhbərlik eləyirdi. Gənc qələm adamları ayda iki dəfə o dərnəyə yığılar, öz yazılarını oxuyub yaradıcılıq polemikaları açardılar. Yadımdadı, Şərif Ağayarın çapdan çıxmış ilk kitabının müzakirəsi günü mən də həmin dərnəyə getmişdim. Balkonda siqaret çəkməyə çıxanda mənə ağsifət, yeniyetmə bir oğlan yaxınlaşıb soruşdu ki, siz Murad Köhnəqalasınız? Dedim, hə. Sonra da zarafatla əlavə elədim ki, icazə verirəm, əlini vura bilərsən mənə. Bu zarafatdan sonra onun gərginliyi dağıldı, gülüb əlini mənə uzadaraq dedi, sizinlə yaxından tanış olmaq istəyirəm, adım Mövluddu. Başını yana əyərək adamı süzməsindən, utancaq, qapalı görkəmindən və biri-birinə möhkəm sıxdığı kip dodaqlarının göyümsov rəngə çalmasından hiss elədim ki, bu adamın daxilində əsəb vulkanı var.

– Söhbət neçənci ildən gedir?

– Həmin xatirə yazısını yazanda Mövludla tanışlıq gününün ilini öyrənmək üçün internetdə Şərifin ilk kitabının çapolunma tarixinə baxdım, 2003-cü il imiş. Mövlud 1989-cu ildə doğulub, deməli, mənimlə tanış olanda onun 14 yaşı varmış. Həmin tanışlıqdan sonra Mövludu uzun müddət görmədim. Sən demə, Qazaxa, nənəsinin yanına gedib, orda orta məktəb təhsilini davam eləyirmiş. Mövludun uşaqlığı Qazaxda keçmişdi, bunu qızıma danışdığı söhbətdə də deyirdi. Onda bir Qazax sevgisi vardı, Qazaxı və qazaxlıları dəli kimi sevirdi.

Sonradan, yazarlarımız “Vahid” poeziya evinin çayxanasında yığılanda Mövlud təzədən üzə çıxdı. Elə oralardan yavaş-yavaş biri-birimizə isinişdik. Aramızda uçurumlu yaş fərqi olsa da, Mövlud mənimlə yaxından dostluq eləyirdi. Elə o vaxtlardan onu dəhşət çox istəyirdim, o da həmişə mənsiz darıxardı. Demək olar ki, hər gün zəngləşib görüşər, çayxanada-meyxanada oturub söhbətləşər, deyib-gülərdik. Heyrətamiz yaddaşı vardı, dostların telefon nömrəsini əzbərdən deyirdi. Haçan, harda nə söhbət eləmişəm, hamısını olduğu kimi danışa bilir, özümün də yadıma gəlməyən sözlərimi söyləyib gülürdü. Ona görə öz tay-tuşlarına zarafatla deyirdi, mən Köhnəqala məktəbi keçmişəm ee, a bala!
Məni hər yerdə müdafiə eləyir, arxamla danışanların cavabını verirdi. Həmişə eşidirdim, Mövlud məclislərdə mənim söylədiklərimdən, əhvalatlarımdan danışıb camaatın başını qatırmış. Həm də mənim dediklərimi o, təhrifsiz-zadsız daha gözəl danışırdı. Çox olub ki, kimsə Mövluddan eşitdiyi hansısa əhvalatımı başqa yerdə danışmaq istəyəndə o adamda alınmırdı, çünki söhbət hərlənib-fırlanıb özümə çatanda bilirdim ki, bunu hansısa bir istedadsız gəvələyib.
Biz indi Mövludu xatırlayırıq, gərək bağışlayasınız, özümdən də danışmağa məcbur oldum, çünki Mövludun bir hobbisi də mənim haqda danışmaq və mənim danışdıqlarımı söyləmək idi. Ona görə bu məqamları məcburən danışıram. Şərif Ağayar Mövluda deyirdi, Muradın əhvalatlarını ən çox sən bilirsən, yazsan, gözəl bir kitab alınar. O da gülürdü.

– Bəzi dostları deyir, Mövlud öz istedadının çəkisi səviyyəsində əsərlər yaza bilmədi... Siz bu fikirlə razısınız?

– Mənim tanıdığım Mövlud heç vaxt böyük yazıçı olmaq, qalın-qalın əsərlər yazmaq iddiasında olmayıb. Ola bilsin, öz yazar tay-tuşları arasında bədii əsər yaratmaq həvəsi haqda danışırmış. Nədənsə, mənim yanımda özünün bədii yaradıcılığı haqda heç nə danışmazdı. Onun hərdən hekayə yazmasına da ötəri həvəsi kimi baxırdım. Bəlkə də özünün daxilində bu dalğalar başqa cür qabarıb çəkilirmiş. Mən onun ağır nəsr üçün hələ gənc olduğunu, həm də bu şeyləri özünün yaxşı bildiyini zənn edib nə yazmaq istədiyini soruşmurdum. Ancaq onun irihəcmli nəsr əsəri yazmasına həvəsini, yaxud da hazırlaşmasını duymuşdum. Onunla son görüşlərimdə maddi və ruh durumuna önəm verdiyim üçün həmişə dolanışığı, ailəsi, işi, iş planları haqda danışmasını arzulayırdım. Məncə, Mövludun özü dahiyanə qələmlə yazılmış bitkin bir əsərdi. O, sanki dünyanın ən gözəl əsərlərinin birləşərək yaradıb ortaya çıxartdığı bir obraz idi. Mövlud heç vaxt yazmaqla özünü biruzə verə, özünü aça, özünə çata bilməzdi. Ona görə mənim üçün Mövludun yazdıqlarını yox, üz-üzə oturub söhbətləşərək özünü oxumaq daha maraqlı idi.

– Səhv etmirəmsə, hələ Mövludun sağlığında bir müsahibənizdə demişdiniz ki, o, dini düşüncəsi olan bir yazıçıdır. Yadınızdadırmı?

– Yadımdadı, əlbəttə. Bunu onun özünə də deyirdim. Deyirdim, yazıçı dini düşüncədən arınmasa yazdıqları ilə insanlara düzgün həyat, yol göstərə bilməz, onlara göylərdən ummaq öyrədib camaatı göylərə dadandıracaq. Onun intiharında bu dini düşüncənin də payı var. Bəlkə də Mövlud özünü hansısa ağrı-acısız, özünün haqlı olduğu bir dünyanın qucağına atdığını düşündü, gerçəkdə isə asfalta dəydi. Ancaq Mövlud dindar deyildi, onda daxili, irsi ruhaniyyat vardı. Niyə irsi deyirəm? Çünki ondakı ruhaniyyat buddizmə daha yaxın idi, ancaq o, elə bilirdi ki, onun islam dininə dəxli var. Məsələn, Mövlud bir küçə itini qucaqlayıb öpə, yaxud yaxın bir dostu ilə günlərlə içki məclisi qura bilərdi, halbuki meyilləndiyi dində bunlar haram hesab edilir. Eləcə də çoxlu təmizqəlbli mömin adamlar tanıyıram ki, onlar elə bilir ibadətlə məşğul olduqlarına görə yaxşı insanlardı. Ta bilmirlər ki, bu gözəllik onların zatındadı. Yəni düşünürdüm ki, Mövlud da bunları bilməli, bir ziyalı kimi dini təsəvvürlərdən kənar durmalı, real həyatla qaynayıb qarışmalıdı.

– Ümumiyyətlə, həssas bir insan kimi fikriniz maraqlıdır, onun taleyi niyə belə faciəli oldu?

– Bayaq tanışlıq söhbətində də dedim, Mövlud elə ilk gündən mənə əsəbi uşaq təsiri bağışlamışdı. Sonrakı dostluq illərində də bildim ki, zənnimdə yanılmamışam. Ancaq onun əsəbi olması özündən başqa heç kimə zərər gətirməzdi. O, əsəbi olanda da özünə çəkilib öz içini yeyərdi, başqa heç nə. Bir ara onda uzun müddət kəkələmə əmələ gəlmişdi. Deyim ki, o elə kəkələyəndə də sevimli olurdu. Sonra müalicə olunub nitqini düzəltdi. Bax, belə bir adam spirtli içki qəbul eləyirdi, özü də elə vaxtlar olurdu sürəkli, hər gün içirdi. Əvvəllər nə qədər içsə də, canı sulu idi, sərxoş olmurdu, həm də bununla bir növ özündə daxili sakitlik yaradırdı. O, arağı su kimi içirdi, içəndə heç üzünü turşutmur, əksinə üzündə məmnunluq, xoşbəxtlik görünürdü. Deyirdim, Mövlud, sən az qalırsan içəndən sonra rumkanı da öpəsən, bu arağı tərgitmək sənə çox çətin olacaq. Ancaq müvəqqəti tərgidə də bilirdi.

Sonralar Mövludun başı bir az tələbəlik illərinə qarışdı, ondan sonra saytlara yazılar yazdı. Beləliklə özünə başqa dost-tanış, kollektiv tapdı. Bax, beləcə biz zəngləşsək də artıq gec-gec görüşürdük. Sonralar mən Bakıdan ayrılası oldum. Altı ay Avropada, sonra da qayıdıb bir ildən çox Gəncədə və Tovuzda yaşadım. Rayonda olanda da Mövludla zəngləşirdik, hər dəfə deyirdi, gəlib bir sizə baş çəkəcəm.

Sonra Mövlud iş yoldaşı Sevinc xanımla ailə qurdu. O vaxtlar mən şadlıq saraylarındakı toyları boykot elədiyimə görə Mövlud məni toya çağırmamışdı. Həm də sonralar özünün dediyinə görə, aramızı vuran uydurma bir söhbət üçün məndən inciyibmiş. Biz görüşüb o söhbətə aydınlıq gətirəndə bildi ki, onu aldadıblar, məndən üzrxahlıq elədi. Mən də dedim, özün ki, məni yaxşı tanıyırsan, inciməzdən əvvəl özümdən soruşardın. Nə isə... Toylarından bir xeyli vaxt keçmişdi, biz Bakıya qayıtdıq. Sonra onların bir oğlu dünyaya gəldi. Mövludun özünün söylədiklərinə görə, bilirdim ki, uşaq çox ağlağandı, evdə gərginlik, yuxusuzluq yaradır. Bu mənzərə mənim özümə də tanış idi, çünki mənim də birinci övladım ağlağan olmuşdu. Ağlağan deyəndə ki, normal həkim tapmaq olmur. Evdə uşaq sürəkli ağlayarsa, həmin ailədə mütləq gərginlik, ziddiyət yaranır. Onun ailəsində də yavaş-yavaş gərginliklər yaranmışdı. Üstəgəl, Mövlud içirdi. Belə-belə ziddiyət alovlanıb pik həddə çatır. Sonra uşaq da yavaş-yavaş düzəlir, ancaq keçmiş ziddiyətlər hərdən yenidən alovlanır və səngiyir. Hər şey yenidən yoluna qoyularkən ailənin başına məlum yanğın hadisəsi gəlir. Bu dəhşətli hadisədən sonra Mövlud deyirdi, telefona zəng gələndə hələ də elə bilirəm Sevinc Ucal da qucağında yanğının içindən zəng eləyir. O hadisə Mövludun travmalarını daha da dərinləşdirmişdi. Maddi məhrumiyyətlər, evsizlik, əsəbi övlad kimi yüklər azmış kimi, bu yanğın hadisəsi də bir yandan onların başına gəlir. Və nəhayət, hər şey yaxşılığa doğru bitir.

– Səhv eləmirəmsə, yanğın vaxtı da siz rayonda yaşayırdınız...

– Hə, biz onda Tovuzun özündə bir evdə kirayədə yaşayırdıq. Mən orda bütün rejimimi dəyişmişdim. Yazılarımı gecələr yazır, gecəyarıya qədər yatmırdım, ona görə də günortadan sonra oyanırdım. Səhər biz yuxudan oyanaraq interneti açıb hadisədən xəbər tutanda artıq onlar xilas olmuşdular. Dərhal Mövluda zəng elədim. Kövrəldi, ağladı, dedi, ustad, gərək hər şey mənimmi başıma gələ? Sakitləşdirdim onu. Onsuz da sakitləşmişdi, sadəcə, mənim səsimi eşidib kövrəlmişdi. Sonra dedi, sənə nə qədər zəng eləmişəm, telefonu niyə bağlayırsan axı, bu nə adətdi, bir də telefonunu söndürmə! Dedim, baş üstə.

Bax beləcə, Mövlud kimi əsəblərinin üstü açıq, həssas bir adam bu gərginliyi də yaşamışdı. Ancaq Mövluddan fərqli olaraq onda Sevinc xanım öz möhkəmliyi ilə fədakarlıq göstərmişdi. Sonra onlar köçüb bir müddət Tiflisdə yaşadılar. Mövlud orda da duruş gətirə bilmədi. Nə bilim ee, hamımız kimi, onların da işləri düz gətirmirdi. Qonorardan asılı olub kirayədə yaşayanın həyatı necə rahat ola bilər ki? Sonra bildim ki, Mövlud içib evə gedəndə problem yaradır. Belə zamanlarda bir dəfə ona zəng eləyib uzun söhbət elədim. Dedim, başa düşürəm, gənc ailəsiniz, biri-birinizi tam anlayıb qəbul edənə qədər ziddiyət də ola bilər, ancaq biri-birinizə güzəşt edin, dirəşməyin, səhvə görə biri-birinizdən üzr istəməyi özünüzə sığışdırın. Mövlud deyirdi, düz deyirsən, biz növbəli şəkildə, hərdən mən, hərdən də o dözülməz oluruq. Deyirdim, o da insandı, daş deyil, onun da əsəbi var.

Nə isə... Onların ailədaxili işlərinə çox da qarışa bilmirdim. Nə Mövlud, nə də Sevinc mənə açıq, doğru nəsə deyirdilər. Cəmi bircə dəfə Sevinc təsadüfən söz açmışdı, onda da mən Mövluda zəng eləyib bayaq dediklərimi demişdim. Bu danışıqdan bir müddət sonra Mövlu içkini buraxır. Mövluddu da, bir haqsızlıq görən kimi qayıdıb yenə içir. Axırda həyat yoldaşı ona deyir, övladımız var, istəmirəm o bizim ziddiyətlərin arasında travmalı böyüsün, ona görə biz ayrı yaşamalıyıq. Mən uşağı götürüb atamgildə qalacam, sən də şəhərdə yaşa. Belə yaşayaq, istədiyin vaxt gəlib uşağı görə bilərsən, bizdə gecələyə bilərsən, rəsmən boşanmayaq, ancaq ayrı-ayrı yerlərdə yaşayaq, çünki artıq mənim əsəblərim də sənin aqressiyana dözmür. Səhər ayılıb üzr istəməklə heç nə həll olunmayacaq, günlərin bir günü biri-birimizi qıracağıq. Sevinc həm də ondan əsəb müalicəsindən keçməyi xahiş edir.

Mövlud bir müddət onunla razılaşır, ancaq ailəsinə alışmış adam kimi, tənha yaşamağa dözə bilmir. Nə qədər zəng edib başa salmağa çalışsa da, Sevinc hələ ki, geri qayıtmağı düşünmür. Bax, həmin ərəfələrdə Mövlud mənimlə heç əlaqə saxlamırdı, sən demə, məndən qaçırmış. Bir dəfə Kəramət mənə dedi, bəs bilirsənmi, Mövlud xəstəxanadadı. Tez Kəramətə dedim, zəng elə görüm ona, zəng elədi, hal-əhval tutandan sonra telefonu mənə verdi, soruşdum ki, bəs mənə niyə demirsən bunu? Dedi, elə-belə şeydi, səni incitmək istəmədim. Bax, elə həmin vaxtlardan onun dərin depressiyası başlayıbmış. Yenə çıxış yolunu içkidə görür.

Dostlarla içəndən sonra gecə tənha yaşadığı evə qayıtmaq mən tanıdığım Mövlud üçün deyildi, əlbəttə. Belə həyatdan o ancaq dəli ola bilərdi. Ancaq həmin vaxtlar onun tək yaşadığını mən bilmirdim. Bax, belə sərxoş vəziyətlərində Mövlud Sevincə zəng edirmiş ki, sən qayıtmalısan. O da deyirmiş, mən sənin bu vəziyətinə dözə bilmirəm. Belə mübahisəli söhbətlərdə Mövlud dəfələrlə deyirmiş, sən qayıtmasan, mən intihar edəcəm. O da fikirləşirmiş ki, Mövluddu da, bu sözləri hər gün deyir. Və sonuncu gün, həmin gecə də təxminən, belə bir vəziyət yaranır. Tam depressiyanın içində olur. Yaxınlarına zəng eləyib deyir, mən intihar eləyəcəm. Onlar da qayıdıb ona, təxminən deyir ki, sən alla, az iç!

– Bunlar sizin öz versiyalarınızdı? Yoxsa?

– Çoxusu mənim öz versiyamdı, bu sözləri Mövludun xarakterindən çıxış edib söyləyirəm. Sonuncu gecə isə affekt vəziyyətə qədər içib qalxıb binanın sonuncu mərtəbəsinə və yenə istədiyi adamlara zəng eləyib. Yenə hamı onun sözlərini növbəti sayıqlama hesab edib. Onu da deyim ki, Mövludda tərslik də vardı, bir anda hər şeyi darmadağın eləyə və beş dəqiqədən sonra peşman olduğunu deyə bilərdi. Və həmin an 17-ci mərtəbədə həmin tərslik tutur. Alın, bu da sizə intihar, indi inanarsınız! - fikri ilə anlaqsız vəziyətdə özünü aşağı atır. Sözsüz ki, intiharda peşman olmağa vaxt ayrılmır. Vəssalam! Mən bu hadisəni belə təxmin edirəm.

– Aradan aylar keçib. İndi onu sizə ən çox xatırladan nədir?

– Bir vaxtlar Mövludla hər gün görüşdüyümüz yer Nərimanov metrostansiyası tərəflər olmuşdu. Bu xatirəni də yazmışam, qoy bir də danışım. Bir dəfə Mövlud, Şərif, mən “Neftçlər” tərəfdə bir kafedə oturub geri - şəhərə qayıdırdıq. Metro vaqonunda Şərif bizdən aralı düşmüş, Mövlud isə mənim yanımda dayanmışdı. Bilmirəm hardan ağlıma gəldi, onun qulağına dedim, vaxt olacaq mən olmayacam, bu günümüz haqda hardasa danışacaqsan ki, bir gün rəhmətlik Muradla “Neftçilər”dən gəlirdik. Bunu deyib də güldüm. Dediyimə peşman oldum. Baxdım ki, Mövlud sol əlini üzünə tutaraq hönkürüb ağlayır. Birtəhər sakitləşdirdim onu. “Nərimanov”da çay içməyə gəldik. Metrodan çıxanda məni qucaqlayıb kövrələrək, sən canın, tez ölmə, dedi, sən bizim hamımıza lazımsan. İndi hərdən yolum “Nərimanov”dan düşəndə metronun parka tərəf çıxışında, məni qucaqladığı yeri görəndə çox pis oluram.

– Birini də danışa bilərsinizmi?

- Biz 28 May metrosu tərəfdəki kirayə evdə yaşayanda hərdən gəlib mənə baş çəkirdi. Keçən il, elə bu vaxtlar olardı, bir dəfə yenə gəldi, oturduq, xeyli söhbət, dərdləşmə. Axşama dönəndə dedi, mən getməliyəm. Qalxdıq, onu 28 May metrosunun bizə yaxın olan təzə çıxışından yola salıb geri qayıtdım. Çıxışda bir qəzet köşkü var. Köşkün qarşısından səkiyə düzəlib evə tərəf bir-iki addım admışdım ki, qəfildən çinarın bir dənə iri və gözəl bir yarpağı qarşıma düşdü. Yarpaq üzüaşağı düşəndə az qalmışdı burnuma dəyə. Səkidə o yarpaqdan başqa yarpaq yox idi. Nədənsə, bu mənzərə məni çox duyğulandırdı. Köşkdən bir-iki dənə siqar alıb evə qayıtdım və Feysbukda belə bir status yazdım ki, indicə Mövludu metroya ötürüb qayıdanda çinar qəfildən qarşıma bir yarpaq atdı, görəsən, təbiət mənə nə demək istəyirdi? Həm də ürəyimin dərinliyində düşündüm ki, yəqin ömrün payızıdı, demək istəyib. Ancaq Mövlud intihar eləyəndə o statusum yadıma düşdü və fikirləşdim ki, bəlkə də elə bunu deyirmiş? Nə bilim ee, yazıçı adamlarıq, bəlkə də təbiət bizə hansısa mesajları ötürür, çox zaman onu oxuya bilmirik. Məsələn, mən adicə ağacdan aşağı sallanıb düşən hörümçək görəndə mütləq axıra qədər ona tamaşa eləyirəm. İndi harda həmin çinarın yarpağına bənzər iri yarpaq görürəm, istər-istəməz Mövludu ötürdüyüm həmin o axşam yadıma düşür.

– Görəsən, küçədə getdiyiniz yerdə Mövlud qəfildən qarşınıza çıxsaydı, nə edərdiniz?

– İnanın, əvvəlcə ona yaxşı bir şillə çəkərdim, sonra da bağrıma basıb öpərdim. Hərdən küçələrdə, metroda ona oxşar adam axtarıram ki, heç olmasa, ona belə canlı baxım.

– Yaşca sizdən xeyli kiçik olmasına baxmayaraq, çox yaxın olmusunuz. Bəs onun xatirəsi qarşısında özünüzü nədəsə borclu hiss edirsiniz?

– İndiyə qədər Ucala baş çəkmədiyimə görə bir az özümü suçlu sayıram. O da necədi? Ucal körpə olan vaxtlar Mövlud və Sevinc xanım əlbəttə, çox da uzağa ailəvi qonaq gedə bilmirdilər. Sonralar Ucal təzəcə yeriyən vaxt Mövludgil cəmi bir dəfə ailəvi, yəni üçlükdə bizdə oldular. Məni dil açmamış, təzəcə yeriyən vaxtlarında görən uşaq indi xatırlaya bilməz, təbii. Bu mənada Ucal üçün mən yad bir adamam. Həm də düşünürəm ki, belə vəziyətdə hərə əlinə bir hədiyyə götürüb atasız bir uşağa baş çəkməyə gedəndə anası narahat olar. İstəmirəm Mövludun övladının yanına yetimə baş çəkən kimi gedib baş çəkim. Mən bu fikirlərlə onlara baş çəkməyi lazım bilməmişəm. Uşaq doğma anasının yanındadı, hər şey yaxşıdı. Vaxt olacaq Ucalla görüşəcəyik, əlbəttə. Bilmirəm rastınıza çıxmışdımı, Ucalın anası da elə təxminən mən dediklərimi öz Feysbuk səhifəsində yazmışdı.

– Son olaraq... Sizcə, Mövludu nə xilas eləyə bilərdi?

– Həmin gün yanında olan bir dost onunla içib başını qata, onu xilas edə bilərdi. Ancaq tam xilası üçün həm əsəbdən, həm də alkoqoldan ciddi müalicə olunmalı idi. Onda heç olmasa, uzun müddətə içməyə bilərdi. Həyat yoldaşı ilə barışması, yaxud onunla ayrılması məsələsi tamamilə ayıq və sağlam ağılla həll olunmalı idi.


Müəllif: Kəramət Böyükçöl, Çinarə Böyükçöl