11 Oktyabr 2017 13:33
1 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təkarvadlı yox, çoxarvadlı mədəniyyətin təmsilçisi olmaq, şübhəsiz çox şeyə təsir edir. Ən azı təhkiyənin strukturunda (söz deyə biləcəyim yeganə sahə) qarşımıza Qərbin göz ardına vurduğu xeyli imkanlar çıxır.

Söz gəlişi deyim, qərb nağıllarında geniş yayılmış bir motivi – qəhrəmanın gözəl bir qızın rəsmini görüb ona vurulmasını – şərqdə də görürük, amma çoxalmış şəkildə. XII əsr İran şeirlərindən biri belədir: Bəhram şah yeddi gözəlin rəsmlərini görür və eyni vaxtda yeddisinə də aşiq olur. Qızların hərəsi bir qitənin hökmdarının qızıdır, Bəhram onların hər birinə evlənmə təklif edir və hamısı ilə evlənir. Sonra yeddi qəsr tikdirir, qəsrlərdən hər biri ayrı rəngdədir, “yeddi planetin özəlliklərinə uyğun”dur. Yeddi qitənin gözəllərindən hərəsinə bir qəsr, bir rəng, bir planet və həftənin bir günü uyğun gəlir. Şah həftənin hər günü ayrı bir arvadını ziyarət edəcək, onların dilindən bir hekayə dinləyəcək. Şahın əlbisələri həmin günün planeti rəngində olacaq, gözəllərin danışacağı hekayələr də öz planetlərinin rəng və xüsusiyyətləri ilə simmetriya təşkil edəcəkdir.

Bu yeddi hekayə “Min bir gecə nağılları”ndakı kimi fövqəladə əhvalatlarla dolu nağıllardır, amma hər birinin konkret etik məqsədi var. (Həmin məqsədlər rəmzlər pərdəsinin arxasından həmişə aydın şəkildə görünməsə də). Beləliklə, şah-ərin həftəlik ziyarətləri kainat özəlliklərinin insandakı əksolunması kimi əxlaqi fəzilətlərin də kəşfidir. (Bir şah-ərin birdən çox qadınla cinsi və ruhi poliqamiyası; ənənədə cinsiyyətlərin rolu tərsinə çevrilməz və bu məqamla əlaqədar heç bir sürprizdən söhbət gedə bilməz). Bu yeddi hekayə də qərb modellərinə görə, çoxaldılmış şəkliylə ortaya çıxan eşq macəralarıdır.

Məsələn, yetkinləşmə nağıllarının tipik sxemində qəhrəmanın sevdiyi qızla evlənmək və şahlıq taxtına layiq olması üçün müxtəlif sınaqlardan keçməsi vacibdir. Qərbdə bu sxem evliliyin sona saxlanmasını qabardır, ya da hekayənin gedişatında evlilik baş tutursa, işin içinə evlilikdən əvvəl gəlinin (bəyin) itməsi, sonra yenidən tapılması ilə müşayət olunan silsilə əhvalatlar, maneələr və ya sehr-cadu girir. Amma burda söhbət qəhrəmanın üstəsindən gəldiyi hər sınaqdan sonra daha üst mövqedə olan gəlinlə evləndiyi bir nağıldan gedir. Qəhrəmanın ardıcıllıqla evləndiyi bu gəlinlər bir-birini inkar etmirlər, əksinə, həyat boyu əldə edilmiş təcrübə və müdriklik xəzinləri kimi bir-birini tamamlayırlar.

Orta əsr İran ədəbiyyatının klassikasından danışıram, Rizzoli nəşriyyatının Bibloteca Universale Rizzoli (Universal Rizzoli kitabxanası) seriyası çərçivəsində, tərifəlayiq həssaslıqla, incə bir cild şəklində nəşr edib oxucuların ixtiyarına verdiyi, Alessandro Bausaninin giriş yazısı və tərcüməsi, Bausaninin və Giovanna Calassonun qeydləri ilə zəngiləşən bu kitab Nizaminin “Le Sette Principesse”sidir. (Yeddi gözəl) Mövzunun mütəxəssisi olmayan bizlər üçün Şərq ədəbiyyatının şedevrlərinə yanaşmaq çox vaxt qeyri-dəqiq nəticələr verə bilər, çünki uzaqların rayihəsinin tərcümə və uyğunlaşdırmalar vasitəsilə bizə gəlib çatması çox önəmli olsa da, əsəri bilmədiyimiz bir kontekstə yerləşdirmək çətin məsələdir; xüsusən də üslub özəllikləri və ruhi eyhamları ilə son dərəcə qarışıq mətn olduğu açıqca görünən bu əsəri. Amma Bausanin tərcüməsi (sonsuz məcazları olan bu mətnə tərcüməçinin sadiq qalması, söz oyunları qarşısında belə geri durmaması, mötərizələr içində farsca sözlərin mənasını göstərməsi) zəngin qeydləri, giriş yazısı (bundan başqa çox vacib vizual materiallardan istifadə), zənnimcə, bizə bu kitabın nə olduğunu anladığımız illüziyasından fərqli şeylər hiss etdirir, əsərin poetik sehrini (heç olmasa sətri tərcümənin ifadə edə biləcəyi qədərini) dadmağımıza yardımçı olur.

Beləliklə, bu tərcüməylə dünya ədəbiyyatının şedevrlərindən birini kitab rəfimizə əlavə etmək kimi həmişə ələ düşməyən şansa sahib olduq. Həmişə ələ düşməyən deyirəm, çünki kitabın bibloqrafiyasındakı məlumatlar gerçəkdirsə, bu fürsət bütün qərb oxucuları arasında biz İtalyanların bəxtinə düşmüş bir imtiyazdır. Belə ki, bibloqrafiyada əsərin 1924-cü il tarixli yeganə ingiliscə tərcüməsinin səhvlərlə dolu olduğu, almanca tərcüməsinin qismən sərbəst yenidənyazma tipində olduğu və nəhayət mətnin fransız dilinə tərcümə edilmədiyi yazılıb.

(Xatırlatmaqda fayda var: Bausaninin bu tərcüməsi illər öncə Bari mərkəzli “Leonardo Da Vinci” nəşriyyatında nəşr edilmişdi, amma o nəşrdə indiki kimi zəngin qeydlər, şərhlər yox idi.)

Sünni bir müsəlman olan (o dönəmdə İranda hələ şiələr üstünlüyü ələ almamışdı) Nizami Gəncədə doğulub, orda da vəfat edib. (Artıq SSRİ-nin sərhədləri içində olan Azərbaycanda. Deməli, iran, kürd və türk soylarının iç-içə olduğu torpaqlarda yaşayıb). Nizaminin yazdığı beş əsərdən biri olan və təxminən 1200-cü illərdə yazıldığı ehtimal edilən “Yeddi gözəl” (“Həft peykər” sözünün tam mənası “yeddi çöhrə” deməkdir) V əsrdə yaşamış olan Sasani xanədanlığından padşah Beşinci Bəhramın hekayəsidir. Deməli, Nizami Zərdüştlüyün dominant olduğu İranın keçmişini İslam təsəvvüfünün bucağından təsvir edib. Nizaminin şeiri həm insanın bütünlüklə təslim olması gərəkən ilahi iradəni, həm də paqan və qnostik proyeksiyalarla yer üzündəki müxtəlif mistik təlimləri özündə ehtiva edir. (Xristian mistikasından da, kəramət sahibi uca İsudan, yəni İsadan da bəhs edilir).

Nizami yeddi qəsrdə söylənən yeddi nağıldan əvvəl və sonra, hökmdarın həyatını, təhsilini, ov mərasimlərini (aslan, yaban eşşəyi, əjdaha), Böyük Xanın Çinlilərinə qarşı savaşlarını, qəsri inşa etdirməsini, şənliklərini və sərxoşluqlarını, ən önəmsizlər də daxil olmaqla eşqlərini bizə çatdırır. Deməli, əsər əvvəla ideal hökmdarın portretidir, bu portret içində, Bausaninin qeyd etdiyi kimi, İranın qədim “müqəddəs hökmdar” ənənəsilə, İslamın ilahi qanuna boyun əyən dindar sultan ənənəsi birləşir.

Biz düşünürük ki, ideal hökmdarın rifah içində şahlığı və xoşbəxt rəiyyəti olmalıdır. Unudun getsin! Bunlar həddindən artıq yer məntiqinə bağlanmış düşüncəmizin önhökmləridir. Hökmdarın bütün mükəmməlikləri özündə cəmləyən qeyri-adi kəs olması o demək deyil ki, onun şahlığı xain və acgözlərin əlində ədalətsizliklə əzilmir. Amma hökmdar Tanrının lütfünə layiq görüldüyü üçün vaxt gələcək ki, o hökm etdiyi torpaqlardakı acı reallığı bütün çılpaqlığı ilə görəcək. Onda zatıqırıq vəziri cəzalandırcaq və kim gəlib başına gətirilən ədalətsizliyi danışsa, (yenə yeddi əhvalat, amma o biri əhvalatlar kimi cəzbedici olmayan “zərərçəkmişlərin hekayələri”) padşah o adamı sevindirəcək.

Bəhram hökm etdiyi torpaqlarda ədaləti yenidən qurduqdan sonra, ordunu təzədən qurmaq və Çinin Böyük Xanını məğlub etmək imkanı əldə edir. Alın yazısını bu cür reallaşdırandan sonra, bircə işi qalır – yoxa çıxmaq, ovladığı yaban eşşəyini qovalamaq üçün atı ilə girdiyi mağarada sözün bütün mənalarında yoxa çıxır, qeybə çəkilir. Kəsəsi, Bausaninin də dediyi kimi, şah “bəşər övladının özüdür”; önəmli olan onda bədən qiyafəsinə bürünən kosmik simmetriyadır – müəyyən ölçüdə hakimiyyətində və rəiyyətində də əks olunan, amma xüsusən öz şəxsiyyətində gizlənmiş simmetriya. (Nəticə etibarilə, bugün belə öz xalqının son dərəcə pis vəziyyətdə yaşadığını vecə almayıb öz daxilində özünü tərifəlayiq hesab edən rejimlər var).

Qısası, “Yeddi gözəl” iki cür fantastik şərq hekayəsini özündə cəmləşdirir: Firdovsinin “Şahnamə”sinə xas olan epik-təntənəli təhkiyə ilə qədim hind hekayətlərindən tutmuş “Min bir gecə nağılları”na qədər uzanan nağıllar silsiləsi. Əlbəttə, bu ikinci damar oxuma zövqümüzə daha çox təsir edir (bunun görə də, oxumağa yeddi nağılla başlayıb sonra çərçivə hekayəyə keçməyiniz məsləhətdir), amma çərçivə hekayədə də fantastik ovsunlar və erotik incəliklər (məsələn, ayaq sığallamağa çox dəyər verilir: “hökmdarın ayağı, o könül oğrusunun ipək paltarları arasından girib ombasına süzülürdü”) baxımından çox zəngindir; eynilə nağıllarda kosmik-dini duyğunun kuliminasiyaya yüksəldiyi kimi. (Məsələn, Allahın iradəsinə özünü təslim edən bir adamla, hər şeyi ağıl yolu ilə açıqlamaq istəyən adamın birlikdə etdikləri səyahətin nəql olunduğu hekayət. İki adamın da psixoloji portreti o qədər inandırıcıdır ki, birincinin tərəfində olmamaq qeyri-mümkündür: Birinci adam, bütövün qarmaqarışıq olmasını inkar etmir, ikinci adam isə bədniyyət və çox da laubalidir. Hekayədən çıxara biləcəyimiz “ibrət” fəlsəfidən deyil, belə demək olar: insanın öz reallığı ilə harmoniya içində yaşaması önəmlidir).

“Yeddi gözəl”də cəmləşən fərqli ənənələri bir-birindən ayırmaq qeyri-mümkündür, çünki Nizaminin baş gicəlləndirici məcazi dili bunların hamısını bir boşqabda əridir və hər səhifədə göz oxşayan bir boyunbağıdakı qiymətli daş-qaşlar kimi iç-içə keçmiş məcazlar kolleksiyası yaradır. Bu baxımdan kitabın üslubi tamlığı vahid görünür və o biri aləmlə əlaqədar mistik-ezoterik giriş bölümlərini də özündə ehtiva edir. (Bu bölümlərdən birinə diqqət çəkmək istəyirəm. Bir mələk-atla göyə, üç ölçünün yox olduğu nöqtəyə qədər yüksələn Həzrəti Məhəmmədin meracı xatırlanan hissə: “Peyğəmbər məkandan arınmış Allahı gördü, ağızdan və səsdən arınmış sözlər eşitdi.”)

Bu hörgünün toxumaları o qədər zəngindir ki, qərb ədəbiyyatından uyğun örnək tapmaq üçün təbii ki, orta əsrlərdəki motiv bənzərliklərini və Ariosto ilə Şekspir intibahının zəngin fantaziyasını da adlayıb, daha yüklü barokko tipli əsərlərə baxmalıyıq; amma Marionun “Adonisi” və Basilenin “Pentamerone”si belə Nizaminin təhkiyəsindəki məcaz bolluğu ilə (o qədər zəngindir ki, hər imajdan, hər obrazdan bir hekayə doğulur) qarşılaşdırılanda kasıb görünür.

Bu məcazi kainatın bütünlüklə özünəməxsus özəllikləri və dəyişməz xüsusiyyətləri var. İran yaylaqlarında yaşayan, ensiklopediyalarda və yalnış xatırlamıramsa, zooparklarda gördüyümüz yaban eşşəyi Nizaminin misralarında aristokratların gerbindəki heyvanların kübarlığına bürünür və demək olar ki, hər səhifədə qarşımıza çıxır. Bəhramın ov mərasimlərində yaban eşşəyi ən çox arzulanan və çətin ovlanan, çox vaxt ovçunun gücünü, qabiliyyətini ölçdüyü şikar kimi aslanlarla yanaşı durur. Bundan başqa, simvolik qatda yaban eşşəyi gücün, həm də kişinin cinsi iqtidarının simvoludur; amma eyni zamanda eşq ovunun (aslana şikar olan yaban eşşəyi), qadın gözəlliyinin və ümumən gəncliyin simvoludur. Bundan başqa öyrənirik ki, əti çox ləzzətlidir: “yabaş eşşəyi gözlü qızlar, atəşdə yaban eşşəyi budu qızardırdılar”.

Çoxmənalı bir başqa məcaz da sərv ağacıdır. Kişinin gücünü göstərmək üçün yada salınması və təbii ki, fallik simvol olmaqdan başqa, qadın gözəlliyinin modeli olaraq da (uzun boy həmişə dəyərli sayılır) qarşımıza çıxır; sərvlə qadın saçı, həm də su axınları, hətta səhər günəşi arasında da əlaqə qurulur. Sərvin demək olar ki, bütün məcazi funksiyaları (başqa bir çox funksiya ilə birgə) yanan şama da aiddir. Kəsəsi, bənzərliklər çılğınlığı o qədərdir ki, istənilən şey başqa bir şey anlamına gələ bilər.

Bir-birinin ardınca sıralanan sonsuz məcazlardan əmələ gəlmiş usta təsvirlərdən yadda qalanlar arasında bir qış təsviri də var: bu təsvirdə, donduruculuqla bağlı silsilə obrazların ardınca, atəşin öyülməsi və qış təsvirinin simmetriyasına uyğun olaraq, “məltəm, reyhana əsir düşüb” bənzətməsi kimi capcanlı bitki dünyası ilə baharın təsviri gəlir. (“soyuğun təsiri suyu qılınc, qılıncı su etdi”; qeyddə açıqlaması belə verilib: günəşin işıq-qılıncları yağmura, yağmur da şimşək qılınclarına çevilir; açıqlama doğru olmasa da, obraz gözəlliyini qoruyur).

Yeddi nağıla hakim olan rənglər də hər biri özlüyündə məcaz katalizatorudur. Bütünlüklə bir rəngdən ibarət hekayə necə nəql oluna bilər? Ən sadə metod, adamlara o rəng paltar geyindirməkdir, qara nağılda olduğu kimi: bu nağılda hamının qara geyindiyi Çin əyalətindən danışan qara geyimli bir yabançıyla rastlaşdığı üçün qara geyinən bir padşahın yanında qaravaşlıq etdiyinə görə həmişə qara geyinən bir qadından bəhs edilir…

O biri nağıllardakı bağ təkcə simvolik olub bir rəngə yüklənən mənalardan ibarətdir: sarı rəng günəşin, avtomatik olaraq şahlığın da rəmzidir; deməli, sarı nağılda bir şahdan bəhs olunacaq və yoldançıxartma əhvalatı ilə özünün kuliminasiyasına çatacaq (yoldançıxartma – içində altın olan qutunun zorla açılmasına bənzədilir).

Bəyaz nağıl, gözlənilməz şəkildə ən erotik olandır; süd bəyazlığındakı işığa bürünmüş bu erotiklik içində “sünbül kimi məmələri və gümüş rəngi ayaqları olan qızlar”ın hərəkətlərinə şahid oluruq. Amma ismət barəsindəki nağıl da, açıqlamağa çalışacağım kimi (icmallaşdırmaq xeyli əsas nöqtəni qaçırmağımıza yol açsa da), ən erotik olanlardandır. Qabiliyyətdə və ismətdə qüsursuz olan bir gənc oğlan görür ki, onun bağçasını rəqs edən çox gözəl qızlar işğal ediblər. Qızlardan ikisi, gənci oğru bilib qamçıladıqdan sonra (müəyyən mazoxizm əlamətləri olan səhnədir), anlayırlar ki, oğlan onların əfəndisidir, əllərini-ayaqlarını öpməyə başlayırlar və gənc oğlandan içlərindən birini, ən xoşuna gələnini seçməyi xahiş edirlər. Gənc oğlan qızların çimməyinə baxır, seçimini edir və seçdiyi qızla (nağıl boyu bütün hərəkətlərinə yön verən iki qadın nəzarətçi, ya da “polis”in yardımı ilə) görüşür. Amma bu görüşdə də və sonrakılarda da kuliminasiya anında həmişə cütlüyün birləşməsini əngəlləyən nəsə olur: Ya otağın döşəməsi çökür, ya bir pişik quş tutmaq üçün qucaqlaşmış sevgililərin üstünə hoppanır, ya da bir siçan çardaqda balqabaq gəmirir, balqabaq yerə düşüb səs-küy çıxardır və gəncin ehtirası soyuyur. Bu, ibrətamiz finala qədər belə davam edir: gənc anlayır ki, qızla evlənməlidir, çünki Allah onun günah işləməsini istəmir.

Sürəkli kəsilən cütləşmə motivinə qərbdəki xalq hekayələrində də rast gəlmək olar, amma motiv qərbdə həmişə gülünc rakursdan işlənir: Basilenin bir hekayəsində bir-birini izləyən gözlənilməz hadisələr Nizamininkilərə çox bənzəyir, amma Basilendə ortaya insanın səfilliyi, cinsəllik qorxusu və qabalıqdan əmələ gəlmiş cəhənnəmvari bir görüntü çıxır. Lakin Nizaminin dünyası erotik gərginliklə və qayğı ilə yüklüdür, həm də yazdığını ucaldan, böyüdən, bəşəriləşdirən, psixoloji kontekstdə işıq-kölgə oyunları ilə zəngin dünyadır. Burda hurilər cənnətinə xas olan çoxarvadlılıq fantaziyası bir cütlüyün özəl həyatı ilə iç-içə təsvir edilir və məcazi dilin sərhədsiz açıq-saçıqlığı, imkan verir ki, Nizami təcrübəsiz gəncin ruhi təbədüllatlarına nüfuz etsin. /sim-sim.az/


Müəllif: Teleqraf.com