17 Oktyabr 2017 09:14
1 540
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp hələ seçki kampaniyası zamanı vəd vermişdi ki, İran məsələsini gündəmə gətirəcək. Konkret olaraq, İranla 5+1 formatında bağlanan beynəlxalq sazişdən çıxacağını demişdi. İndi Tramp ona dəstək verən yəhudi lobbisi və İsrailin basqısı altında verdiyi öhdəliyi yerinə yetirmək üçün addımlar atmağa başlayır.

Bunu Teleqraf.com-a təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər ABŞ-ın İran strategiyasında baş verən dəyişiklikləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, sazişə əsasən, ABŞ prezidenti hər 90 gündən bir Tehranın nüvə sazişinə əməl edib-etmədiyini öz imzası ilə təsdiq etməlidir:

“Tramp iki dəfə bunu təsdiqləmişdi, ancaq üçüncü dəfə təsdiqləməkdən imtina etdi. Sazişi Konqresə göndərdi ki, bu qurum müqaviləyə yeni düzəlişlər etsin. İndi Konqres 60 gün ərzində buna cavab verməlidir. Yaxın iki ayda Konqres ya Ağ-Evlə uzlaşma şəraitində yeni düzəlişləri etməli, ya da İrana qarşı sanksiyaların tətbiqi haqqında qərar verməlidir. Əgər Konqres sanksiyaların tətbiqinə qərar versə, bu faktiki Vaşinqtonun 5+1 formatda bağlanan sazişdən çıxması demək olacaq”.

S. Əkbər bildirib ki, Avropa Birliyinin Xarici İşlər komissarı Mogerini ABŞ-ın nüvə sazişindən təkbaşına çıxa bilməyəcəyini desə də, bunun nəticəsi olmayacaq:

“ABŞ sazişdən çıxmaq qərarını verəcəksə, bu halda onu kim durdura bilər? Mogerini və ya Sergey Lavrovun nəsə deməsinin ABŞ-a təsiri ola bilməz. Söhbət dünyanın supergücünün birtərəfli qaydada bu sazişdən çəkilməsindən gedir. Onu bu addımdan durduracaq başqa bir güc mövcud deyil”.

S.Əkbər qeyd edib ki, 5+1 formatında İranla imzalanan nüvə sazişi BMT-nin Təhlükəsizlik Şurasında təsdiq edilib:

“Yəni bu sənəd beynəlxalq müqavilə statusundadır. Lakin buna baxmayaraq, ABŞ-ın bu müqavilədən çıxması ilə məsələ bitmir. Çünki ABŞ prezidenti artıq İranı “dünyada qlobal terrorizmi dəstəkləyən bir nömrəli dövlət” adlandırıb. Eyni zamanda o, İranı regionda sabitliyi pozan, nüvə silahı əldə etmək istəyən, ballistik raket sınaqları keçirən dövlət kimi səciyyələndirib. Həmçinin İran İslam İnqilab Keşikçiləri Qvardiyasına sərt sanksiyaların tətbiqi haqqında qərar verib. Bu qvardiya artıq ABŞ prezidentinin qlobal terrorizmlə mübarizə haqqında fərmanına əsasən, Maliyyə Nazirliyi tərəfindən ABŞ-a düşmən təşkilatlar siyahısına salınıb. Bu o deməkdir ki, İranın rəsmi bir qurumunu ABŞ özünə düşmən olan terror təşkilatı kimi tanıyır. Bu isə faktiki olaraq ABŞ-la İranı müharibə vəziyyətinə gətirmək deməkdir”.

Politoloq bildirib ki, yaranan bu vəziyyətə görə, Avropa Birliyində, region dövlətlərində ciddi narazılıq və narahatlıq var:

“Artıq İsrail baş naziri ilə İngiltərə baş naziri arasında telefon danışığı baş verib. Onlar İrana qarşı birlikdə hərəkət edəcəklərini dəqiqləşdirib. Eyni zamanda Fransa Prezidenti Makronun seçkilərdə qələbə qazanmasında yəhudi lobbisinin fəaliyyəti nəzərə alınarsa, Fransanın Trampla birlikdə hərəkət edəcəyini düşünə bilərik. Ümumiyyətlə, İranla bağlı siyasətdə BMT Təhlükəsizlik Şurasının 3 üzvünün ABŞ-la birgə hərəkət edəcəyini düşünürəm. O başqa məsələdir ki, bu addımlar regional dövlətlərin əməkdaşlığının sürətlənməsinə səbəb ola bilər. Burada söhbət Rusiya, İran və Türkiyədən gedir. Əlbəttə, sonrakı mərhələdə bura İraq və Bəşər Əsəd də cəlb edilə bilər. Amma bu prosesdə kilid rolunu Türkiyənin davranışı oynayacaq. Çünki ABŞ region dövlətləri ilə ciddi danışıqlara start verib. Son zamanlar region dövlətlərinə Pentaqon rəsmilərinin səfərlərini də bu konteksdə yozmaq lazımdır. Bu danışıqlar daha geniş və dərin çərçivədə NATO üzvü olan Türkiyə ilə də aparılacaq. Türkiyənin bu danışıqlarda davranışlarnı yaxın dövrdə görə biləcəyik. Çünki Türkiyənin davranışları bu regionda dəngələri dəyişə biləcək ciddi ünsürdür”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın oktyabrın 13-də İran İslam Respublikasını nüvə sazişinə əməl etməməkdə, ballistik raket proqramını inkişaf etdirməkdə və ekstremizmi dəstəkləməkdə ittiham edib.

Xüsusilə ABŞ prezidentinin İranı 2 il əvvəl imzaladığı müqaviləni ləğv etməsi barədə xəbərdarlığı diqqətdən yayınmayıb.

“Biz İranın nəticəsi əvvəlcədən bəlli olan zorakı, terrorçu və nüvə təhlükəsi olan yolda davam etməsinə imkan verməyəcəyik. Biz rejimin atom bombası əldə etməsinə imkan verəcək bütün cığırları qapadacağıq”, - Tramp bildirib.

Ancaq İran prezidenti Həsən Ruhani Tehranın nüvə sazişinə yenidən baxılmasına heç vəchlə razı olmayacağını bəyan edib:

“Sazişdən çıxması ABŞ-ın təcrid olunması ilə nəticələnəcək. Çünki sazişə imza atan başqa ölkələr mövqelərini dəyişməyəcək”.


Müəllif: Cavad