Xəzər Suleymanlını ilk dəfə Pərviz Cəbrayıl tanıdıb mənə. Bir gün link göndərdi, ardınca da “Çox istedadlı oğlandı, bir bax. Bütün şeirləri ilk bizim saytda gedəcək” dedi. Yadımdadı Aqşin Evrənin şeirini səsləndirmişdi. Sonra Salam Sarvan, zövqünə-sözünə inandığım bir çox adamlar tərifləmişdilər.
Daha sonra Feysbukda dost olmuşduq bu oğlanla. Üzünə baxan kimi özlüyümdə demişdim ki, allah bu istedadı bunun nəyinə verib görəsən?. Özündən razı, yekəxana bir adam. Qıcıq olurdum hər onu görəndə. Tərslikdən həyatımın bütün hissəsindən bu qıcıq olduğum adam çıxırdı.
İşim Bakıda olduğu üçün, ömrüm Bakı-Sumqayıt yollarında axıb gedir. Deməli, bu 1 manatlıq taksilər məhərrəmlikdə “Can Hüseyn” mərsiyyələrini, payızda da Xəzərin şeirlərini benzin əvəzi içirlər. Yəni, payız girdimi, ta qışın ortasınacan bu adamın bütün taksilərdən səsi gəlir, işə təzə gedib çatıram. Bir qızımız var, ailəsində xoşbəxt yox, daha çox mətbəxtdir, o da gözlərini taa uzaqdakı bir göydələnin sonuncu pəncərəsinə dikib Xəzərin ifasında Qismət Rüstəmovun eyni şeirini dinləyir. Evə gəlirəm, anam bu adamı dinləyir. Bir sözlə, adamın səsi zəli kimi oturub bütün ömrümü sorur. Xarici əjdadlarımızın bir sözü var, deyir, “gördün, səni zorlayırlar, qurtula bilmirsən, özünü rahat burax və zövq almağa çalış”. İndi eyni taktikala məcbur bu adamın səsində maraqlı nəslərsə axtarmağa çalışırdım. Onsuz da hər gün bunu dinləmək zorunda oluram. Eyni zamanda qarşıma kim çıxır, kim bunu məndən soruşur, ancaq pisləməklə məşğulam ki, özündənrazının, yekəxananın biridir.
Nəysə, günlərdən ən pis bir gün idi. Darıxmağın pik nöqtəsi. Şəxsi həyatda boyu boyumdan yekə problemlər, minlərlə dostlar içində o ana görə yanında heç kimin olmadığı ayaqlarımı qucaqlayıb yerdən oturduğum bir axşam idi. Mesaj qutuma kimsə yazdı.
Xəzər Suleymanlı. “Səni çox istəyirəm. İstədim biləsən” tipli bir mesaj. Və həmən gün bir neçə saat danışdıq.
Sabah açılıb işə gedirəm, iş yoldaşım, həmən mətbəxt-qız şeiri uca səsdə qoyub. Və təəccüblə üzümə baxır ki, niyə əsəbiləşmirsən bəs?
Zamanla Xəzəri tanımağa başladım. Qəlbinin həzinliyi, kövrəkliyi səsinə hopmuş, uca zirvələrdən də uca, uca olduğu qədər də sadə və mehriban biriymiş bu adam. Tanıdıqca bildim ki, o, dostları üçün dua kimi adamdır. Hər an yanlarında ola bilməz, amma hər an onları qoruduğunu hiss edərsən. Hərdən dağ adam olur bu. Uzaqdan görüb varlığına arxalana bilərsən. Səsindəki o həzinlik də içinin təzahürüdür. Deməli, o gün dinlədiyi bir musqi ilə söhbət edirik musiqi deyir:
- Ay Ömray, sən kaş görsən onun bizlə davrandığnı. Bizi onun qədər dinləyib anlaya bilən, sonra möhtəşəm sözlər seçib bizi öz səsiylə, o sözlərlə evləndibib toy edə bilən, həm sözəri həm bizi xoşbəxt etməyi bacaran ikinci adam yoxdur.
- Hmm...
- Hmm yox, həqiqətən deyirəm. Axı bizim də hissiyatımız var, axı biz də yaradılmışıq. Bizim də anlaşılmağa, sözlərlə sevişməyə ehtiyacımız var. O bizə tam bizim zövqümüzdə, tam bizim sevdiyimiz sözləri seçib yaraşdıra bilir. Bunu hər adam bacarmır ki, o bacarır. Və bu işə nəfəsini də qatdımı, vəssalam. Kim alar bizim qarşımızı?
...Xəzəri tanıdıqca onun haqda düşündüklərimə, başqalarına dediklərimə görə bir cıqqan utandım.
Nəysə, çox danşdım sizə Xəzərdən. Əslində, söhbəti fırlayıb onun ogünkü şeir gecəsinə gətirmək istəyirdim, amma “kruqu” çox yekə götürdüm deyəsən. Hə, bir neçə gün öncə Xəzərin şeir gecəsi idi. İndi mən dostlarıma necə deyə bilərəm ki, gəlin gedək? Adamı hər söhbətdə 5-6 kilo pisləmişəm onlara.
Bir təhər dəvət etdim və getdik. Yolda polis saxladı maşınımızı, Xəzərin üzü suyu xətrinə 18 manat ona verdik, dostumun biri dedi ki, “gör məhərrəmlik ayında allah Xəzərin əli ilə onlara çörək pulunu necə yetirdi”. Sonra yolu səhv saldıq, az gəzdik, çox dolandıq, gəldik tədbir olan məkanı tapdıq, oturduq. Məkan dolu yox, dopdolu idi pilləkənlərinəcən. Çoxluğun içindən doğma bir səs “Çİ necəsən?” Bu, Xəzər idi. Bu arada, bir bacımın 2 yaşı oğlu mənə Çİ deyir (adımı tam deyə bilmədiyi üçün), bir də Xəzər (adımı tam deyməyə ərindiyi üçün).
Hələ ki hamı bir birinə qarışmışdı, adamlar yer axtarırdı oturmağa. Bizim masanın üstündə də taxtadan bir mərtəbə də yığılmışdı və ora da dolu idi. Orxan Əzim yanımızdadır. Çantasından 5 fotoparat çıxartdı qoydu stola, amma biri ilə çəkdi, qalan dördünü də gedəndə yığışdırıb apardı. O bizə dedi ki, yuxarıda Cəlil Cavanşirgil əyləşib. Bu arada ortam səs küy, hamı danışır, hamı nəsə sifariş verir. Dostum bizim stola meyvə tabağı sifariş verdi, bir də gürcü çaxırı. Hesabı ödəyəndə 3 dəfə yuxarı baxıb məhərrəmlikdə çaxır aldığına görə allahdan üzür istədi. Dostuma yavaşca bir söz demək istədim, amma demədim.
Yan masadan bir xanım dedi ki:
- Bu kimdi belə, türk kinolarındakı kabadayılara oxşayır?
Əyilib baxdım ki, pencəyi çiynində ağır-ağır gəzən Aqşin Evrən imiş. Yavaşcana o xanıma da əyilib:
- Kabadayı deyil e, Aqşin Evrəndi.
- O, niyə helə yeriyir, xəstədi?
- Yoo, xəstə deyil e, imici elədi.
- Zajqalkan olmaz?
- Yo bacımsan, çəkəni deyiləm.
Xəzərin səsi qurbağa gölünə atılan daş effekti verdi. Hamı susdu, bütün diqqətlər Xəzərdə. Xəzərin səsi, musiqi və Orxanın fotoparatının səsi ortama hakim kəsilmişdi. Xəzərin səsi hamının xəyallarının əlindən tutub aparmışdı ot basmış yollarla o məkandan tam uzaqlara. Diqqətlə baxanda orda oturan sadəcə boş bədənlər idi, hamının ruhu, düşüncəsi o sehirli səsin əlindən tutub getmişdi taa uzaqlara.
Arada dostuma baxırdım, məhərrəmlikdə bizə aldığı gürcü çaxırının əzabını çəkirdi, deyirdi, günahdı, dua-filan edirdi dilinin altında. Xəzər şeirlərini səsləndirdiyi şairlərdən bir neçəsini yanına dəvət edib tanıdır, sonra onlardan şeir oxuyurdu. Əslidə, hamsını Feysdən qiyabi tanıyırdım. Orda görəndə öz-özümə deyirdim ki, ay allah, orda yekə, asıb-kəsən qaqaşları real həyatda bir cıqqılı görmək nə qəribəymiş.
Bu arada bir xanım yaxınlaşdı bizə. Masamızda əyləşən Arzu Murada dedi:
- Məni elə çək ki, orda oturan çılpaq qız düşməsin.
Başqa da nəsə dedi, amma eşidə bilmədim, çünki Xəzər mikrofona şeirləri ilə sevilən bir imzanı - Rəşad Nağı Mustafanı dəvət etmişdi. Niyəsə hər bu oğlanın adı gələndə mənim yadıma Rəşad Nuri Güntəkin düşür.
Xəzərin səsi öz sehrini saat yarımdan sonra itirdi. Çünki çoxunu pivə, çaxır tutmuşdu və söhbət edirdilər, ayıq adamlar isə bir qulaq üstə Xəzərin səsi gələn yönə əyilirdi.
Dostum dedi:
- Bax görürsən, bu səs müqəddəsdir. İçki olan məclisdə öz sehrini itirir. Bayaqdan hamı necə ləzzətlə qulaq asırdı. Hamını dartıb ruh aləminə aparmışdı bu səs. Elə ki, içki gəldi, içən adamların ruhları qovuldu o aləmdən və dərhal danışmağa başladılar.
Xəzər mikrofonu möhtəşəm səsli bir oğlana verdi və Eyyub Yaqubovun möhtəşəm bir mahnısını ifa etdi o oğlan. Gecə maraqlı davam edirdi, artıq ortam da əla hal almışdı. Musiqilər, qiraət bir-birini əvəz edikcə insan mənən zövq alırdı.
Yuxarıdan səs gəldi, kiminsə telefonu əlindən düşdü deyəsən. Dostum dik atıldı:
- Mən demişdim də sizə.
Mən:
- Həə, indi göydən başına Cəlil Cavanşir düşəcək.
- Bəlkə duraq?
- Ciddisən?
- Hə, vallah.
- Bir az oturaq, durarıq.
Yenidən Xəzər bu dəfə Cəlil Cavanşirdən oxuyur. Bu darıxan adamdan. “Allah haqqı darıxıram, qurban olum, qayıt gəl”.
Yenə yuxarıdan səs gəldi. Bu dəfə dostum:
- Vallah, ordan nəsə düşəcək bu dəqiqə başımıza, gəlin duraq. Həm də sən Sumqayıta nə vaxt çatacaqsan, bir saata bax.
- Tamam, duraq.
Xəzərlə sağollaşdıq, ev yiyəsi kimi əlində siyahı qapıyacan yola saldı bizi. Özümü pul yazdırmamış toydan qaçan adam kimi hiss elədim bir anlıq.
Sonra Xəzər dedi ki, bizdən sonra daha maraqlı olub...