17 Oktyabr 2017 12:46
3 937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Brifinq” layihəsinin budəfəki qonağı şair, folklor toplayıcısı, Azərbaycan Yazıçılar Birlyinin üzvü İlham Qəhrəmandır.

Qurban Yaquboğlu:

- İlham bəy, qalmaqaldan başlayaq... Sizin Kulis-də çap olunmuş son şeirlərinizdən biri ilə bağlı sosial şəbəkədə söz-söhbət çıxdı. Gənc şair Tural Turan həmin şeirin bir misrasının onun şeirindən götürüldüyünü iddia elədi. İddia ilə bağlı nə deyə bilərsiz?

- Mübahisə doğuran mənim şeirimdəki “Adı xəritəsinə sığmayan ölkə” misrasıdır. Bu misra hardasa 3-4 il idi ki, beynimdə idi. İstəyirdim bu misranın üstündə vətənlə bağlı böyük bir şeir yazım. Məndə şeir necə yaranır, əvvəl bundan danışım. Birdən olur ki, yol gedəndə qəfildən bir misra ürəyimə vurur. Bir dəfə bunu Qulu Ağsəsə deyəndə qayıtdı ki, get onu uşaqlara danış, buna ancaq uşaqlar inanar... Heyrət etdim ki, Qulu kimi bir adam qəfildən sözün ürəyə vurması ilə rastlaşmayıb.

Bir dəfə Ağcabədiyə gedirdim, laçınlılarla, qohumlarla görüşməyə. Fikirləşdim ki, Laçına getməliyəm, amma Ağcabədidə dayanmağa məcburam. Başımda belə bir sual yarandı ki, təmas xəttini doğma yurda sarı necə keçə bilərəm? Birdən elə bil qeybdən ağlıma gəldi ki, canavar dərisi geyinib, canavar kimi keçmək olar... “Gedəcəm” adlı şeirim belə yarandı. Dilimizdə belə bir ifadə var, “qeyb oldu, qeybdən gəldi”, bu da həmən o hadisədir.

Mübahisə doğuran bu misra da neçə il idi mənim beynimdə dolaşırdı. Dedim, yox e, heyfdi, qoymayacam bu misra itsin. Mən yaradıcılığımda çoxmisralı şeirlərlə yanaşı balaca şeirlərə də yer ayırıram. Yaradıcılığımı izləyənlər bunu bilirlər. Haqqında söz gedən həmin misranı balaca şeirdə işlətdim. Ondan da əvvəl Feysbukda bir şeir paylaşmışdım. Şərif Ağayar mənə yazdı ki, bu şeiri status kimi paylaşma, göndər, sayta yerləşdirək. Dedim, axşama göndərərəm. Dedi, onda Feysbukdan şeiri sil. Statusda iki təzə şeirim vardı, ikisini də sildim. Təxminən çap olunmayan 6-7 şeir toplayıb göndərdim, yerləşdirildi.

Bir də Feysbukda gördum ki, kimsə məni tağ edib, yazıb ki, bu misra mənim filan şeirimdəndi, kitabından da şəkil qoyub. Həmin şeirin misrası təxminən belə idi: “Bu yurdun adı torpağına yerləşmir”. Şərhdə yazdım ki, sənin şeirindən xəbərim yoxdu.

Pərviz Cəbrayıl:

- Həmin adamı tanıyırsız?

- Mən o müəllifi ümumiyyətlə tanımıram, şeirlərini də oxumamışam. Adını ilk dəfə eşidirdim. Ondan soruşdum ki, kitabın nə vaxt çıxıb? Çünki mən şeiri yazanda status kimi paylaşmışdım. Fikirləşdim ki, bir-iki ay bundan qabaqdırsa, statusumu çıxarıb ortaya qoya bilərəm. Məlum oldu ki, kitab apreldə çıxıb. Daha mən də axtarışa getmədim. Yazdım, izah etdim ki, mən nə sənin kitabını görmüşəm, nə də şeirlərini oxumuşam. Xeyri olmadı...

O gün gənc şair Ruslan Dostəli status yazıb, məni də tağ eləmişdi ki, bəs mən özüm iki dəfə belə hadisə ilə qarşılaşmışam, şeir yazandan sonra görmüşəm ki, birinin misrası eynilə Bəxtiyar Vahabzadənin, bir başqasının misrası isə İlham Qəhrəmanın şeirindəndir. Ruslan mübahisə edənlərə belə nümunələrin ola biləcəyi mesajını verdi.

Mənim başıma gələn qalmaqal budu. Onu da deyim ki, gənc şairin məni tağ etdiyi şeir qoşma janrında olsa da, qoşmanın tələblərinə qətiyyən cavab vermirdi.

Zahid Nurəli:

- Elə bir hal olubmu ki, şeir yazandan sonra hansısa misranızı haradasa, kimdəsə oxuduğunuzu düşünəsiz?

- Mərhum şair Eldar Baxışın şeirlərinin mənə təsiri olmuşdu. 1978-ci ildən Bakıda yaşayıram. 1985-ci ildə Eldar Baxışla tanış oldum. Əvvəllər şeirlərini oxusam da, üzünü görməmişdim. Elə bilirdim o, çəlimsiz, amma eldə deyildiyi kimi, od parçası kimi bir adamdır. Tanış olandan sonra gördüm, yox e, düşündüyümün əksinə, Eldar ucaboy, enlikürək, lay divar kimi bir kişidir. Beynimdəki şair obrazında dəyişiklik oldu. Məəttəl qaldım ki, bu boyda adam şeirlərindən oxucuya tamam başqa görkəmdə boylanır, ən azından mənə.

1985-87-ci illərdə biz bir dəstə gənc Musa Ələkbərlinin rəhbərliyi ilə Bakıda Maksim Qorki adına kitabxanada fəaliyyət göstərən ədəbi birliyə gedirdik. Bizi Məmməd İsmayılın rəhbəri olduğu “Gənclik” ədəbi birliyində, el diliycə desək, burunlayırdılar. Ora daha elitar sayılırdı. Halbuki onlardan axıra 5-6 imza qaldı. Bir zal adam yığışırdı ora. Mənə orda iki dəfə şeir oxumaq qismət oldu. Onu da Rasət, Hüseyn Əfəndi və Rəhman Babaxanlı bəyəndi, qalanlar tənqid etdilər. Çox gənc qələm sahibini qoymurdular şeir oxumağa. Nəisə...

Ədəbi birliklərə gedən dövrdə Eldar Baxışdan təsirlənib şeirlər yazmışdım. Onun öz intonasiyası vardı. Bir şeir yazdım, belə misrası vardı: “Deyirlər, şeirində Eldar Baxış var, Həzər, əl-həzər”. Bu təsir təxminən 1-2 il çəkdi. Sonradan o şeirlərin hamısını məhv elədim. Heç biri çap olunmadı. Çünki onları oxuyan kimi görünürdü ki, bu şeirlərdə Eldar Baxışın ləngəri var.

Ondan sonra yazdığım şeirlərə heç kim iddia edə bilməz ki, Filankəsin fikri və ya üslubu var. İstənilən adamın mütaliəsindən yaddaşına oxuduğunun havası hopur. Bu danılmazdır. Mənim şeir yazmağım necədir? Tutaq ki, bir hadisə baş verir, onun şahidi oluram. Ədəbiyyat nədir? Hadisələrə, ətrafda baş verənlərə yazıçının reaksiyasıdır. Yəni gördüyün hadisə ədəbi materiala bir qədər sonra çevrilir. Xəmiri də yoğururlar, qoyurlar ki, gəlsin. Məndə də belədir, tutalım, bir misram var, onu saxlayıram, belə demək mümkünsə, qoyuram gəlməyə.

Həmin şeirə gəldikdə, bu da bir müşahidədən qaynaqlanıb. Kiçik miqyaslı xəritələrdə Azərbaycanın adı rəqəmlə işarələnir. Hətta o şeirdən imtina da edə bilərəm. Orada böyük bir kəşf yox, ağrı var.

Qurban Yaquboğlu:

- İlham bəy, yeri gəlmişkən, Eldar Baxışın ölümündən sonra kitabını çıxartmağa niyə heç bir təşəbbüs göstərmədiz? Mən bilən, Eldarın vəfatından sonra, 22 il ərzində bircə kitabı da çıxmayıb.

- Eldar Baxışın ölümündən sonra “Sərçə” adında bir kitabını Fərid Hüseyn çıxarıb. Xəbər tutanda Fərid Hüseynə dedim ki, Eldar Baxışın məndə çap olunmayan şeirləri var...

Eldar Baxışın bütün şeirlərini yığıb toplamışam. Cəmi bir şeirini tapa bilməmişəm. Nə qədər elan verdim, soraq çıxmadı. Həmin itkin şeir təxminən belə başlayırdı: “Allah insaf versin Əli Kərimə, Allah insaf versin Məmməd Araza. Qoymadılar gedəm, ördəyə, qaza...” Yəni yazı-pozuya onlar gətirdi məni...

Fərid həmin kitabı çıxarandan sonra mənə elektron versiyasını göndərdi. Gördüm ki, şairin çox az şeiri var o kitabda. Daha çox “Sərçə” şeirinə güvənib, bu kitabı çıxarıblar. Eldar Baxışın Qırxından sonra üç-dörd dəfə onların evinə getdim. Yoldaşı rəhmətlik Həcər xanım məni tanıyırdı. Çünki Eldarın sağlığında bir neçə dəfə onlarda olmuşdum. O, əlyazma şeirlərini mənə oxuyurdu. Xoşuma gəlirdi ki, mənə güvənib şeirlərini oxuyur. Bir sözü yadımdadı, deyirdi ki, sən məndən daha yaxşı yazmalısan, çünki sən Həkəri çayının yuxarısından, daha təmiz yerindən su içirsən. Söz vermişdi ki, ilk kitabına ön sözü özüm yazacam. İlk kitabım çap olunanda şair dünyasını dəyişmişdi, amma mən kitabın əvvəlindəki səhifədə “Ön söz” yazıb mətn yerinə bir bütöv səhifə boyu nöqtələr qoyub altında imza yerində “Eldar Baxış” yazdım...

Eldar Baxışın ölümündən sonra gedirdim şeirləri götürdükcə qeyd edirdim ki, hansı şeiri götürdüm, hansı şeiri filan yerdə çap olundu. Bir gün getdim ki, Eldargilin qapıları açıqdı, şairin bütün əlyazmaları həyətdə səpələnib. Məlum oldu ki, həmin evi satıb çıxıblar, əlyazmaları da külək dağıdıb. Onu bir dəfə yazdım xatirələrimdə, ondan sonra oğlu Tural mənim telefon zənglərimə cavab vermir. Mən axı, gördüyümü yazmışdım. Bu gün pərəstişkarları tərəfindən əzbər olan “Gecənin bir aləmi” şeirini ilk dəfə mən üzə çıxardıb çap etmişəm. İndi o şeir Azərbaycan şeirinin şedevrləri siyahısındadı.

Eldar Baxışın kitabını çıxarmamağıma gəldikdə, mən onu Təbrizə göndərmişəm. Azərbaycanda çap etməməyimin səbəbi əvvəldə bəhs etdiyim şeiridi ki, onu tapmıram. Bircə güman yerim qalıb – həmin şeir millət vəkili Rafael Hüseynovda ola bilər. Çünki Rafael Hüseynovla Eldar Baxış o zaman Azərbaycan radiosunda bir yerdə işləyirdilər. İşdən sonra düşürdülər Dağüstü parka, orda ikisi uzun müddət o baş-bu başa var-gəl edir, söhbətləşirdilər. Ümid edirəm Rəafael müəllim şeiri xatırlayar.

Bundan başqa, kitab çap etməyin qaydası var. Ailədən icazə almalıyam. Oğluna neçə dəfə zəng etdim ki, gəl bir görüşək, bəlkə sizdə də nəsə var, topalayaq, əvvəl razılaşdı, sonra zənglərimə cavab vermədi.

Milli kitabxanada 1972-ci ildən bəri Eldarın çap oluna biləcəyi bütün mənbələri araşdırmışam, dediyim şeirindən başqa hamısı əlimin altındadır.

Firuzə Vahid:

- İlham müəllim, Azərbaycan ədəbiyyatından son vaxtlar kimi oxumusuz?

- Bu yaxınlarda Azərbaycan nəsrindən 3 yazıçının kitabını oxumuşam, onların havası hələ canımdadı. Biri Kamil Əfsəroğludu. Rusiya ədəbiyyatı üçün Turgenev imzası nədirsə, mən elə bilirəm, Azərbaycan üçün də Kamil Əfsəroğlu bu gün odur. Azərbaycan reallığının ədəbi mənzərəsini, bizim həyatımızı o qədər gözəl əks etdirir ki, oxuyanda ləzzət edir. İkincisi, Mübariz Örənin “Balıq gülüşü”dür. Mübariz Örənin gözəl süjet qurmaq məharəti var. Maraqlı bədii kombinasiyalar edir. Hiss olunur ki, bu yazıçının nəfəsi haracan desən çatar.

Üçüncü oxuduğum isə yazıçı Şərif Ağayardır. Sonuncu “Arzulardan sonrakı şəhər” romanı mənə çox maraqlı gəldi. Deyə bilərsiz maraqlı gələn nə oldu?.. Bizim tərəflərdə bir adam görmədiyi, xəbəri olmadığı şey – hadisə olsun, şəhər olsun, uzaq bir yer olsun – haqqında danışanda deyirlər, uyarından danışır. Bu, həyatda insanları aldatmaq mənasında pis sayılsa da, yazıçı üçün ustalıqdı. Yazıçının uydurması gözəl olanda əsər də gözəl alınır. Şərifin son kitabı onun gözəl uydurmaq qabiliyyətinin olduğunu üzə çıxardı.

Qurban Yaquboğlu:

- Bu yaxınlarda Laçın rayon icra hakimiyyətində işləyən Fizuli Tanirverdiyev tamamilə Azərbaycandan uzaq bir yerdə kürd dövlətinin qurulmasını, referendum keçirilməsini dəstəkləmişdi. Bir laçınlı olaraq, vətənə, torpağa bağlı şair kimi bu məsələyə münasibətiniz necədir?

- Bu məsələ ilə bağlı saytlardan biri mənim münasibət bildirməyimi istədi. Mən də onların sorğusunu cavablandırdım. Laçınlı kimi əvvəla onu deyə bilərəm ki, həmin bölgəni düşünən kənar adamlar, tutalım, şirvanlı hesab edir ki, etnik cəhətdən orda 2 xalq - türklər və kürdlər yaşayır. Laçının Minkənd kəndindən olan tarixçi alim, elmlər doktoru Ələmdar Şahverdiyevin 5-6 il bundan qabaq Moskvada çıxan “İrs Naslediye” jurnalında Azərbaycanda yaşayan etnik kürdlərin tarixi haqqında məqaləsi vardı. Araşıdırmada bildirilirdi ki, kürdlərin Laçına, Zəngəzura gəlişi təxminən 300 il bundan əvvələ təsadüf edir. Onlar Şimali İraqdan gəliblər. Əvvəl Laçının Bozlu kəndinə məskunlaşıblar. Məqalədə müəllif vurğulayır ki, kürd kəndlərinin ağsaqqalları hamısı öz tarixlərini çox gözəl bilirlər. Onlar Bozludan sonra sahibi olduqları heyvan sürülərinin örüş sahəsini genişləndirmək üçün başqa kəndlər də salıblar.

O ki qaldı kürdlərlə qarşılıqlı münasibətlərimizə, bu münasibətlər həmişə əmoğluluğa dayanıb. Düzdü, vaxtilə işğaldan sonra Laçında ermənilər tərəfindən guya kürd muxtariyyəti yaratdılar. Kürdlərin bəzi siyasətçiləri də ermənilərin felinə uyub tez getdilər ki, orda nəsə elan etsinlər. Bu bizi bir qədər pərt elədi.

O zaman mətbuatda söz atışması gedirdi. Mən də istədim nəsə yazam, amma əlim gəlmədi. Sonradan anladım ki, onun səbəbi bizim eyni rayonda yaşamağımız, eyni hava alıb, eyni suyu içməyimiz olub. Laçında 123 kənddən cəmi 9-u kürd kəndidir. Biz onlarla eyni məktəbdə oxumuşuq, eyni müəllimlərdən dərs almışıq, xəstələnəndə eyni həkimə getmişik, xeyir-şərimiz bir olub.

O ki qaldı icra hakimiyyətində işləyən həmin adamın hərəkətinə, bu hadisəyə münasibətim birmənalı şəkildə pisdir. Bu, separatizmin bir azərbaycanlı tərəfindən dəstəklənməsidir. Biz separatizmdən əziyyət çəkən xalqıq və bunun əleyhinəyik.

Bəzi üzdəniraqlar Kürdüstan söhbəti aparanda Zəngəzuru nəzərdə tuturdular, indi Kəlbəcəri də ora qatırlar. Kəlbəcərdə kürdlər yaşayan kəndlər olsa da, ora heç vaxt Zəngəzura aid edilməyib. Bəhs edəndə Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayılın bir hissəsi deyirlər. Çox maraqlıdır, əgər bu ərazilər Kürdüstandırsa, Zəngəzurun axı başqa rayonları da var - Gorusdu, Mehridi, Sisyandı, Qafandı - niyə onlara da iddia etmirlər?! Tutaq ki, Naxçıvana iddia edirlər, amma, Dərələyəzdə daha çox kürd yaşayırdı, ora iddia etmirlər. Vedidə də kürdlər yaşayıb. Nədən Azərbaycandan özlərinə “aid olan” əraziləri bilirlər, amma ermənilərdəki əraziləri bilmirlər?..

Mən yeri gələndə deyirəm ki, Laçın Azərbaycanın açıq yaxasıdır. O yaxanı bağlaya bilməsək, Azərbaycan həmişə oradan soyuq çəkəcək.

Səxavət Həmid:

- İlham bəy, sizcə, həmin şəxsin mövqeyi Azərbaycanda yaşayan kürdlərin mövqeyidir, yoxsa o özü cəsarətə gəlib bu fikri səsləndirib?

- Yox, mən hesab etmirəm ki, bu mövqe hamıya aiddir. Laçının bir neçə ağsaqqalı da buna münasibət bildirdi... Qəribədir ki, jurnalistlər sual verəndə ancaq Laçındakı türklərə sual verirlər ki, kürdlərin adından nə deyə bilərsiz... Yaxşı olar ki, bu suala kürdlərin mədəniyyət mərkəzinin rəhbərləri, kürd ziyalıları, kürd kökənli vəzifə sahibləri cavab versin. Mənim tanıdığım dost-tanışlar var, inanmıram ki, onlar belə qaranlıq məsələyə qarışsınlar.

Vaxtilə Həjar adlı bir oğlan ədəbi birliklərə gəlirdi. Adamın Allahı var, yaxşı da şair idi. Günlərin bir günü eşitdim ki, Həjar burdan Rusiyaya, PKK-nın təlim mərkəzinə gedib. Bu xəbəri eşidəndə ayağımın altından yer qaçdı. Çox təəssüf etdim, sarsıldım. Həjarı yamanlamadım. Mənə ən pis təsir edən o oldu ki, Azərbaycan, niyə sənin çörəyinin duzu yoxdur?!

Pərviz Cəbrayıl:

- Ədəbi birliklərdən tanıdıqlarınızdan imzası qalmayan adamlar yadınıza gəlir?

- Məmməd İsmayılın rəhbərliyi altında “Gənclik” ədəbi birliyindən danışdıq. O birlik ildə bir dəfə “Yaşıl budaqlar” adlı almanax da buraxırdı. Sovet vaxtı yazıçıların imtiyazları çox idi, onlara yaxşı qonorar, ev, maşın verirdilər. Sovet dağılandan sonra müstəqillik illərində ədəbiyyata əzizləmə, qayğı olmadığı üçün o imzaların çoxu qeybə çəkildi. Mən burda imzası qalmayanları yox, axıra qalan imzalardan yadımdakıları deyə bilərəm - Akif Səməd, Sabir Sarvan, Məmməd İlqar, Əjdər Ol, İlham Abbasov.

Əvvəllər “Natəvan” klubunda tədbirlərdə iynə atsaydın, yerə düşməzdi. Bir dəfə ora Söhrab Tahirin 60 illik yubiley tədbirinə getmişdim. Çatanda gördüm ki, klub dolub, qapının ağzında da çoxlu insan var. Elə qapı ağzında durdum, içəri görünmürdü, sadəcə, çıxış edənlərin səsinə qulaq verirdim. Bir neçə gündən sonra gördüm ki, mənim şəklim qapının ağzındakı qələbəlikdə “Ədəbiyyat və incəsənət” qəzetində çıxıb. Onu saxlayıram, arxivimdə durur.

Qurban Yaquboğlu:

- Akif Səmədin adını çəkdiniz. Münasibətiniz necə idi?

- Rəhmətliyə sağlığında “Gül dəstəsi” şeirini də həsr etmişdim. Mənə deyirdi, yol gedə-gedə həmişə sənin şeirinin “6-cı gül” hissəsini dodaqaltı vird eləyirəm.

Kimi ağzın boza verər,

Kimi aldadar şairi.

Anası Allaha tapşırar,

Şahı cəllada şairi.

Vur, cəllad, vur,

Sənin baltana gedərik.

İndi qəbir üstə çıxırıq,

Sabah altına gedərik.

Bir dəfə dostlardan birinin – səhv etmirəmsə, türkoloq alim Niyaz Yaqublunun – ad günü məclisindəydik. Çox adam vardı - Hikmət Sabiroğlu, Fəxri Uğurlu, Cavnşir Yusifli və rəhmətlik Eyvaz Əlləzoğlu. Məclisdə mən bir şeir oxuyanda Akif Səməd həmişəki kimi qayıtdı ki, kürd, yaxşı yazmısan. Üzümü məclisdəkilərə tutub sual verdim. Dedim, bir bağda 100 ağac var. Onun 95-i tutdu, 5-i gilasdı, bu bağ nə bağıdı? Akif Səməd dinmədi. Bir xeyli aradan sonra Eyvaz Əlləzoğlu qayıtdı ki, şair, tut bağı olar da. Dedim yox, Akif Səmədə görə, bu bağ gilas bağıdı. Ondan sonra Akif Səməd mənə qarşı o sözün varağasını bağladı.

Akif çox maraqlı adam idi. Ona deyirdim ki, sən kəndin ortasısan. Adam darıxanda sənə tərəf gəlmək istəyir. Rəhmətliynən söhbətimiz tuturdu. O, müalicəyə Bilgəhdəki kardioloji sanatoriyaya gedəndə, Semaşkoda yatanda həmişə yanına gedərdim. Akif dünyasını dəyişəndə hönkür-hönkür ağladım. Görünür, bu, həm də eyni ədəbi nəsildən olmağımızla bağlıdı. Vər Akif Səmədin timsalında bizim sıramıza tez çatdı.

Pərviz Cəbrayıl:

- İndi nə işlə məşğulsuz?

- Mən ixtisasca mühasibəm, amma işim yoxdu. 142 manat pensiya alıram. Gələndə də pensiyamı alıb, gəlmişəm. (Gülür). Təbrizə tez-tez gedib-gəlirəm. Orda məndən soruşurlar ki, nə qədər qazanırsan? Deyirəm, 142 manat təqaüd verir mənə dövlət. Deyirlər, bəs ayda ondan nə qədər xərcləyirsən? Deyirəm, 1000-1500 manat xərcləyirəm. (Gülüşmə). Soruşurlar, o necə olur, qalanın hardan alıb xərcləyirsən? Deyirəm ki, tapıram, oğurlayıram... Yenə sual verirlər ki, o necə oğurluqdu, səni tutmurlar?.. Deyirəm, elə bir oğurluqdur ki, hamı bilir, bu mənim haqqımdı, bu haqqı mənə aşkarda vermirlər. Onu bir daşın arxasına qoyurlar ki, bax bunu ancaq sən görürsən. Onu ancaq sən götürə bilərsən. 2015-ci ildən sonra daha o daşın dalında heç nə yoxdu, mənim də “oğurluğum” qurtardı.

Səxavət Həmid:

- Kitablarınızın çapında dəstəkçiniz olub?

- Bir dəfə Laçının qabaqkı icra başçısının yanına getdim, iki kitabın əlyazmasını aparmışdım. Biri Laçınla bağlıydı. Fikirləşdim ki, həm fikir bildirər, həm də çapına kömək etmək istəyər. Düzü, şeir kitabına olmasa da, “Laçın lətifələri”nə kömək edəcəyinə içimdə bir əminlik var idi. Görüşdük, gəlişimin səbəbini dedim, əlyazmalar qaldı. Bir müddət sonra yanına cavab üçün getdim, dedi ki, kitablarını arxayın çap elə, hər ikisinin də satışına kömək edəcəm. Başçı belə deyəndən sonra ürəklə mətbəəyə gedib kitabları nisyə çap etdirdim. İki kitab üstümə 4300 manata oturdu. Çapdan bir müddət sonra başçının yanına getdim. Heç “Allah mübarək eləsin” də demədi. Amma bildirdi ki, “Laçın lətifələri”ndən 200 kitab təhsil şöbəsinə ver.

Apardım, yığdılar şöbənin anbarına. 1 il 3 ay keçdi, kitabın pulundan xəbər çıxmadı. Axırda Taxtakörpüdə məskunlaşan qohumuma dedim ki, təhsil şöbəsinin anbarına get, orda kitab var, onları götür. Getdi, zəng edib dedi ki, 193 kitabdı... Yolum düşəndə atdım maşına gətirdim evə. “Laçın folkloru”nu da, Sarı Aşığın “Gül dəftəri” kitablarını da öz gücümə çıxartmışam. İndi ev doludu sonuncu iki kitabla, elə bir ucdan hədiyyə edirəm, qurtarmır.

Şəfiqə Məlikova:

- Üç folklor kitabınız çıxıb. Niyə regional folklor?..

- Folklor mənim üçün çox maraqlı sahədir. Folkloru oxumayan adamdan inanmıram ki, özünü tam ifadə edən yazıçı, şair çıxsın. Dilimiz ən gözəl şəhdi-şirəsi ilə hardadır? Təbii ki, dastanlarımızdakı, nağıllarımızdakı dialoqlarda, mənzərə, təbiət təsvirlərində. O mətnlərdə fikirləri dəqiq, dürüst çatdırmaq gözəlliyi var. Folklorumuzun zənginliyi baxımından deyərəm, Azərbaycan xalqı bəxtəvərlər sırasındadır. Bədii priyomlar harda gözəldi? Bayatılarda. Mən Sarı Aşıqdan elə bayatılar deyərəm ki, heyrətə gələrsiz, ağzınız açıla qalar ki, burda dilin nə qədər qatı var.

Folklor haqqında yazı yazmışdım. Fikrimcə, hansı folklor nümunəsi anonimdi, onun yaranmasında bütün əcdadlarımızın iştirakı var. O, ümumi maldır. Heç kim ona yiyə çıxa bilməz. Ona görə də folklor hamımız üçün müqəddəs və əzizdir.

Laçın folklorunu mən necə yazdım... 2005-ci ildə “Yes” bloku mənim deputatlığa namizədliyimi vermişdi. Üstümə düşdülər ki, namizədliyini geri götür, ən çox da qohumlarım...

Məlumdu ki, folkloru toplamaq üçün adamların qapısına gedəsən gərək. Namizəd olmaqdan gözəl fürsət ola bilməzdi, geri götürmədim. Artıq qapı-qapı düşmək üçün bəhanəm vardı. Siftəni, - İsmayıllıda Təzəkənddə Laçının Qorçu kəndindən bir qarı yaşayırdı, - onun bayatısıyla elədim. Ondan sonra camaat məqsədimi-məramımı bildikcə, mən də yavaş-yavaş danışdırıb yazırdım. O boyda kitabları əlimlə yazırdım, diktofonum yoxuydu. Bir dəfə qələmlə yazırdım, bir dəfə də klaviaturada.

Atam-anam çoxlu folklor nümunələri bilirdilər. Onları əvvəldən yazıb götürmüşdüm. Allaha qurban olum ki, mənə ömür vəfa etdi, xəstəliklərdə ölmədim, həmin nümunələri yığdım. Düz 6 il qapı-qapı düşüb, laçınlılardan bayatı, nağıl, lətifə, söz yığmışam. Nabrandan tutmuş Daşburunacan, harada laçınlı var, hərlənmişəm. Bir dəfə yataqda Laçının Hacılar kəndinə getmişdim. Məktəb direktoru kənd qadınlarını çağırdı ki, bildikləri bayatıları desinlər, yazım. Kənddə bir qadın oğlu öləndə bayatı çağırıbmış, eşidəndə tüklərim biz-biz oldu:

Kəkilin topar-topar,

Yel vurar, ürək qopar.

Heyvan məndən yaxşıdır,

Mələr, balasın tapar.

Bərdənin Gərənə kəndində Haxnəzərdən Zeynəb adlı qadın var, onu mənə başqa qadınlar isnad vermişdilər. Yanına 4 dəfə getdim. Birinci dəfə dedi ki, Laçın yoxdu, mən danışmıram, nəyə gəlmisən... Gəlini ilə oğlu da istəyir ki, mən durub gedim. Amma mənə demişdilər ki, bu qadın çoxlu söz bilir. Cavan ər-arvada yalvardım ki, siz burdan aralanın. Gəlinlə əri gedəndən sonra başqa yerdə Laçınla bağlı topladığım söhbətlərdən söz salandan sonra açılışdı, başladı danışmağa. Mən buna eydirmək deyirəm, gərək folklor yığan danışdırdığı adamda olanları eydirməyi bacarsın. İndi Zeynəb xala deyir, mən yazıram, deyir, mən yazıram. Əllə yazırdım. Saat 12-də gəlmişdim, bir də baxdım ki, saat 6-dı, axşam düşüb. Bakıya qayıtmalıyam.

Bir dəfə də gedəndə məni görən kimi stolun üstündəki süfrəni qaldırıb, altından əlyazmaları çıxardı, verdi mənə. Görüb ki, hər dəfə gəlib yazıb gedirəm, özü yazıb hazır qoymuşdu. O qadını sinəsi sözlə dolu gördüm. O qədər gözəl bayatıları var:

Qoyun eyvanda mələr,

Çıxıb eyvanda mələr.

Vətən elə şirindi,

Ona heyvan da mələr.

Laçın folkloru toplamağımın yeganə səbəbi Laçının işğal altda olmasıdır. Torpaq gedib, heç olmasa, gələcək nəsil üçün sözü qalsın. O mətnlər folklor sayılsa da, orda etnoqrafiya, adət-ənənə, tarix, mətbəx mədəniyyəti bir yerdə çulğaşıb. Burda qədim kitabımız olan “Oğuznamə”dən bir zərb məsəl yadıma düşür: “İşi könül görür”. Mən Laçının folklorunu da, Sarı Aşığın irsini də sevgiylə topladım.

Şəfiqə Məlikova:

- İlham müəllim, bəzi şairlərimiz zaman keçdikcə şeirdən ayrılıb başqa janrlara keçirlər, amma sizi həmişə şeirdə görürük. Özünüzü necə formada saxlayırsız?

- Ədəbi mətn kimi şeirin öz sirləri var. Bir var, şeir yazmaq xətrinə yazmaq, bir də var, dolub yazmaq. Bəzən yazmaq xətrinə yazılan şeirlər üç günlükdən yaxasını ələ verir. Mən dolub yazan şairlərin cərgəsindəyəm. İndiyə qədər başımda məni narahat edən misra, mövzu olmasa, yazı masasına yaxın durmamışam. Formada qalmaq şairin içində, qələmin sahib olduğu ərazini qoruya bilmək bacarığından asılıdır. Vaxtında və indi etdiyim mütaliə, müşahidələrim, folklora bağlılığım, xaraktercə kövrək olmağım məni şeirdən ayrılmağa qoymur.

İçimi qorumaqda musiqi də əlimdən tutur. Muz.tv-də işləyən Sədi adlı dostum var – hərdən ona internetdən ruhumu oxşayan İran musiqiləri göndərirəm, diskə yazır, sözsüz olan bu ifaları maşınla yola çıxanda dinləyirəm. Axırıncı dəfə ona İranın ustad violençelçisi var – Pərviz Yohəqqi – onun ifalarını göndərmişdim. Hicranı onu kimi çalan olmaz. Bundan başqa milli rəqslərimizə də qulaq asmağı xoşlayıram.

Ruslan Xəlil:

- Musiqi kimi sevgi duyğuları da də şairin əlindən tuturmu?

- Sevgi də təbiət hadisəsidir. Açıq havada qəfil yağan yağış kimi olur sevgi. Bir onu görürsən ki, cılxa su içindəsən. Sevginin toya gedəndə bəzənən, ətirlənən adam kimi aşiqi təzələməyi, dəyişdirməyi var. Sevginin aparmağı hal aparması kimi bir şeydi. Hər sevgi şairə yeni mövzu gətirir. Daha özünü məcbur etmirsən, şeir ürəkdən təpir.

Pərviz Cəbrayıl:

- Ümumiyyətlə, şair sevgisiz yaşaya, yaza bilərmi?

- Mümkün deyil. Sevgi insanı təzələyir. Lap uzun illərin sevgisini hər gün təzə hesab edə bilmək də təzələyir səni. Təzə sevgilər, təzə mövzular verir. Son vaxtlar bir-iki şeir yazmışam. Birində belə bir deyim: “Səni sevmək bostana özgə arxdan su çəkməkdir”. Bunu demək üçün sevmək lazımdır. Mən heç vaxt yalandan yaza bilmərəm. Özümü heç vaxt yazmağa zorlamıram. Nə vaxt şeir yaxamdan tutur, onda yazıram. Mən yazanda ətrafda heç kim olmamalıdır. Mənimçün şeir yazmaq intim bir şeydi.

Firuzə Vahid: - İlham müəllim, bəlkə toylarımıza da münasibət bildirəsiniz?

- Ən ağrılı yerimizdi bu günün toyları... Bu ağrının baiskarı da elə özümüzük. Mən hələ israfçılığı demirəm. Ən çox məni yandıran toyda rəqs edənlərin gül kimi milli rəqslərimizi, xalq havalarımızı qoyub ara mahnılarına qol qaldırmasıdır. Biri aşığa yaxınlaşıb demir ki, tutaq ki, filan mahnını, ya rəqsi ifa edin, oynayaq.

Yadıma bir xatirə düşdü. Bir dəfə Miyanaya toya dəvət etmişdilər. Oranın toyunda kişilər ayrı otaqda olur, xanımlar ayrı otaqda. Orda bir fars rəqs havası var, adına “Bəndəri” deyirlər. Kişi üçün heç münasib rəqs havası deyil, göbək rəqsini xatırladır. Toyda duran-duran deyir “Bəndəri!” Axırda dözmədim, durdum, mikrofonu götürüb çıxış elədim. Təbrizdən mənimlə iki şair getmişdi, biri qulağıma pıçıldadı ki, ağa, ehtiyatlı ol, bizi ilişdirərlər. Amma çıxışımdan sonra bir oğlan ürəklənib ortaya çıxdı, çox gözəl milli rəqs etdi. Məni toylarda rəqsə dəvət edəndə “Ağacda leylək”, “Naz-naz”, “Yar, ləlik oldum, ləlik” rəqslərini sifariş verirəm, çoxları durub oynayır...


Müəllif: Şəfiqə Məlikova