17 Oktyabr 2017 18:20
1 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

17…ci ildə Prussiyaya səfir kimi göndərilən bir türk, çox da qoca sayılmayan bir yaşda, qəflətən öldü. Rumi Məmməd Əziz Əfəndi adı ilə tanınan bu şəxsin, on yeddi yaşında ikən yazdığı zəif bir “Divan”ı, təsəvvüf, Mövləvilik və bu gün bizim “mistisizm” adlandırdığımız bəzi mövzular haqqında iki balaca kitabı, bəzi avropalı böyük filosoflar və astronomlarla avtobioqrafik özəlliklər daşıyan bir türkün ağıl və məntiq yarışına qoşulduğu fəlsəfi və bədii bir əsəri (dialoqlarla qurulmuş) və qorxunun mənasının müzakirəsinə həsr edilən kiçik bir risaləsi vardı. Müəllifin Prussiyada vəfatından bir ay sonra, İstanbul Vəfa ünvanındakı qəsri yanarkən başqa nüsxələri olmayan bütün əlyazma kitabları yanıb külə döndü. Külə dönmüş əlyazmalar və Prussiyada basdırılan Rumi Məmməd Əziz Əfəndi haqqında, müəllifin ölümündən bir az əvvəl qələmə aldığı başqa bir kitabı sayəsində xəbərdarıq.

Bu gün əsli əlimizdə olmayan bu kitabın bir hekayələr toplusu olduğundan toplayıcıların əlyazmaların köçürülmüş variantlarına yazdığı şərhlərindən başa düşürük. Yazıldığı gündən bu yana …il boyunca, ilk variantı bir növ “Min bir gecə” nağıllarını xatırladan bu kitab, atadan-oğula, babadan-nəvəyə ötürülməklə səkkiz toplayıcının yaxud “müəllif”in əlindən keçib. Bu “müəllif”lərin hər biri, Məmməd Əziz Əfəndinin hekayələrini başdan sonra dəyişdirərək təzədən yazdıqdan, əsərə təzə hekayələr, macəralar, məlumatlar əlavə etdikdən sonra düzəldərək “mükəmməlləşdirdikləri” əsil variantla maraqlanmayıblar heç. Hətta bəzilərinin köhnə nüsxəni bir küncə tolazlayıb unutduğu, satdığı, hətta hədiyyə etdiyi, itirdiyi üçün kitabın … ildə keçirdiyi təkamül mərhələlərinə görə ilkin nüsxə olub-olmadığından bixəbərik. Səkkiz dəfə qələmə alınan bu əsərin əvvəlki yeddi nüsxəsinin yazı xüsusiyyətlərini yalnıza “yeni müəlliflərin” ustadlarına olan hörmət-izzətlərini göstərmək, əlyazmanı onlara təhvil verən böyüklərinə minnətdarlıq ifadə etmək və təbii ki daha çox öz təvazökar xidmətlərinin məna və önəmini ifadə etmək üçün kitaba əlavə etdikləri “qeyd”lərindən öyrənirik. Müxtəlif başlıqlar altında toplanan (“şərh”, “müəllifin tərcümeyi-halı”, “müqəddimə”, “önsöz”, “müəllif haqqında qeyd”, “oxucuya bir xatırlatma” və s.) bu qeydləri də yeni müəlliflərin müxtəlif zamanlarda dəyişdirərək yazdıqları nəzərə alınarsa, Rumi Məmməd Əziz Əfəndinin ilkin əlyazmasından nə qədər uzaq olduğu anlaşılar. Qısacası, riyaziyyatçıların təbiri ilə desək, əlimizdə ilk kitabın yeddinci dərəcədən bir törəməsi var.

Amma bizim yenə də bu kitab haqqında danışmağa, bu hekayəyə daxil olmağa cəsarətimiz çatır. Çünki əlimizdəki hekayəyə suyu yavan bir şorba, sürəti çıxarılmış bulanıq bir fotoşəkil olaraq deyil, ən azından ilk hekayələr qədər əhəmiyyətli bir "sənəd" olaraq baxırıq. Hekayəmizin, hekayələrimizin illər boyunca səhifələrinin hansı formalara, variantlara düşəcəyini izləyən oxucularımızın da bizə haqq verəcəklərinə inanırıq. Belə ki, oxucularımızın yeni-yeni hekayələrlə qarşılaşdıqca, həqiqi hekayənin üçüncü, beşinci və ya altıncı hekayə olduğuna qərar verib ondan əvvəlki hekayələri o hekayəyə gedən yolun daşları, ondan sonrakıları də ondan uzaqlaşan bulanıq nüsxələr olaraq görəcəklərini indidən təxmin edə bilirik. Doğrudur: hər kəsin öz hekayəsi olduğu kimi, hər kəsin inanmaq istədiyi bir hekayəsi də var, hər kəsin sevmək istədiyi bir hekayə. Bu səbəbdən, üzü köçürülən hansıdır, əsil variant hansıdır deyə baş sındırmaq əbəsdir. Yaxşısı budur biz kitabımızın sərgüzəştlərini mümkün olduğu qədər ümumiləşdirməyə çalışaq./Sim-sim.az/

Orxan Pamuk “Mənzərədən fraqmentlər”kitabından

Tərcümə: Məhəmməd Tanhu


Müəllif: Teleqraf.com