19 Oktyabr 16:35
302

Dünən İstanbulda Türk Ədəbiyyatı Vəqfində şair, yazıçı Sabir Rüstəmxanlı ilə oxucuların görüşü təşkil edildi. Vəqfin başqanı Sərhəd Qabaqlı S.Rüstəmxanlının həyat və yaradıcılığı haqqında geniş məlumat verdi, yazıçının Türkiyə və Azərbaycan münasibətlərində oynadığı roldan bəhs etdi. S.Rüstəmxanlının Türkiyədə çap edilən kitablarının naşiri, şair İmdad Avşar müəlliflə olan dostluğundan, 1980-ci illərdən etibarən Xəlil Rza Ulutürk, Məmməd İsmayıl və Sabir Rüstəmxanlının Türkiyədə tanınmaları və sevilmələrindən danışdı.

Daha sonra isə S.Rüstəmxanlı “Türk dünyasının məsələləri” mövzusunda mühazirə oxudu.

Rüstəmxanlı çıxışında Qərbin türk və islam dünyasını parçalamaq, qarışıqlıq yaratmaq cəhdlərindən bəhs etdi:

“İslamı gözdən salmaq üçün terror dəstələri, müxtəlif təriqətlər yaradırlar. Özləri terror törədir, sonra isə müsəlmanların üzərlərinə atırlar. Vatikan XXI əsri xristianlığın islam üzərində qələbəsi kimi görür. Biz isə XXI əsri türk əsri olaraq görürük. Bunun üçün də birlik lazımdır. Bu gün türk dövlətlərinin ortaq parlamenti var. Amma o parlament hansı gücə malikdir? Hər hansı bir qərarın alınmasına təsir göstərirmi? Avrasiyaçı Duqin kitabında türk dünyasının əleyhinə yazır, amma onu hörmətli adam kimi Türkiyəyə konfranslara çağırırlar. Mən bununla bağlı konfrasda ona etiraz edəndə, dedi ki, kitabımdakı fikirlərdən imtina etmişəm”.

Rüstəmxanlı daha sonra ortaq dil məsələsinə toxundu:

“Ortaq türk dilinin yaradılması mümkünsüzdür. Biz əksinə, hər bir türk xalqının başa düşəcəyi ortaq bir türkcəni qəbul etməliyik. Bu isə Türkiyə türkcəsidir”.

Görüşün sonunda müəllifə müxtəlif hədiyyələr təqdim edən vəqfin başqanı S.Qabaqlı tezliklə Azərbaycanda türk dünyası ilə bağlı bir universitetin açılacağını, bununla bağlı görüşmələrin davam etdirildiyini qeyd etdi.

Daha sonra S.Rüstəmxanlının Türkiyə türkcəsi ilə çap olunan “Ölüm zirvəsi” kitabının imza mərasimi keçirildi. Müəllif oxucular üçün yeni yazdığı şeirlərdən birini oxudu.

Görüşdən sonra Sabir Rüstəmxanlıdan Teleqraf.com üçün qısa müsahibə aldıq:

- Sabir bəy, bugünkü görüşünüz tarixi bir günə təsadüf edib. O tarix ki, siz də onun həyata keçməsinə imza atmış şəxslərdənsiniz. Hazırda həmin günlə bağlı nə hislər keçirirsiniz? Müstəqillik sizə və bizə nə verdi?

- Müstəqilliyin ən gözəl nəticələrindən biri elə budur ki, bu gün Türkiyəyə rahat şəkildə gəlib-gedir, Azərbaycanla bağlı konfranslar keçiririk. Azərbaycan ədəbiyyatı, mədəniyyəti, türk dünyası ilə əlaqələrin daha yaxşı olması haqqında danışa bilirik. Jurnalistlər məndən soruşanda, ən xoşbəxt gününüz hansıdır, deyirəm ki, 18 oktyabr. Çünki bir insanın şəxsi həyatı, ailəsi, təhsili, övladları, sevgi həyatı ilə bağlı unudulmaz günlər olur, amma bunlar şəxsi günlərdir. İnsanın Vətəni azad olmadan, Vətəni xoşbəxt olmadan özünün xoşbəxtliyi bir məna kəsb etmir, uzunömürlü olmur. Ona görə də 18 oktyabr bizim nəslin ən xoşbəxt günü idi. 1988-ci ildən 1991-ci ilə qədər Meydanda həyatımı riskə atdım. Döyüldük, həbs edildik. Tapşırıq olmuşdu ki, mərhum Elçibəyi və məni ölənədək döysünlər. 1991-ci ilin avqust ayında Xalq Cəbhəsinin qərargahına qaz buraxdılar, bizi orada möhkəm vurdular. Allah saxladı...

- Amma Meydana yenə qayıtdınız?

- Bəli, Meydana yenə qayıtdıq. 1988-ci ildən Meydana çıxan milyon yarım insanın qarşısnda 18 gün tribunada olmuşam. 1991-ci ilin özü də çox ağır idi. Həmin ilin mart ayında Azərbaycanda referendum keçirdilər və ölkənin Moskvanın sözü ilə hərəkət edən rəhbərliyi bütün milləti məcbur etdi ki, SSRİ-nin qalmasına səs versinlər. Məsələ Milli Məclisdə müzakirə olundu. 360 deputatdan yalnız 43 nəfər SSRİ-nin əleyhinə səs verdi. Onların 25 nəfəri Müstəqil Azərbaycan deputat blokunun üzvləri idilər. Digərləri isə ziyalılar idilər. İsmayıl Şıxlı kimi. Heydər Əliyev də həmin 43 nəfərin içindədir. Sentyabrın 1-də Moskvada SSRİ Ali Sovetinin sonuncu iclası oldu. Mən də orada iştirak edirdim. SSRİ faktiki parlament səviyyəsində öz mövcudluğuna xitam verdi. Oktyabrın 18-də bizim Ali Sovetdə iclas keçirildi, kommunistlər yenə də çox ciddi müqavimət göstərirdilər. Halbuki, bir neçə dövlət SSRİ-dən ayrılaraq Müstəqillik haqqında Akt qəbul etmişdi. Azərbaycanın Müstəqilliyi Haqqında Aktı da bizim deputat bloku hazırladı. Bütün parlamentin çevrəsi adamlarla əhatə olunmuşdu. Yəni, bu qərar qəbul edilməsə, buradan çıxa bilməzsiniz. Uzun müzakirələrdən sonra, nəhayət, səsvermə oldu və gözlədiyimizin əksinə olaraq böyük əksəriyyət müstəqilliyə səs verdi. Mən bu barədə “Xətai yurdu” kitabımda yazmışam. Aktın qəbulundan sonra bayrağımız gətirildi. Maraqlıdır ki, bayrağı da köhnə bir KQB işçisi gətirdi.

- Həmin gün çəkilmiş bir foto var. Gözləriniz dolub...

- Dönəmin ağır stresi, gözləmələr, Ermənistandan azərbaycanlıların qovulması, Qarabağın əldən getməsi qorxusu, bizimkilərin müstəqil addım ata bilmələri... Bütün bunların tək həlli yolu var idi ki, müstəqil olduqdan sonra yeni rəhbərlik gələcək, bütün problemlərin həllində dönüş nöqtəsi olacaq. Bu gərginliyə görədir ki, gözümün yaşını saxlaya bilmirdim. Həmin günlə bağlı fotoda da ağlaya-ağlaya dayanmışdım. Biz Konstitusiya Aktında “bərpası” sözünü qəbul etdirmək üçün günlərlə mübahisə etdik. Deyirdilər ki, “bərpa” sözü olmasın. Axı 1918-ci ildə dövlətimiz olmuşdu. Düzdür, indi həmin dövlətin bir çox addımları davam etdirilmir. Amma tarixi baxımdan son dərəcə önəmli idi. İndi 1918-ci ildə o dövləti quranların – Rəsulzadə, Topçubaşov, Xoyskilərə, təəssüf ki, Azərbaycanın bəzi yerlərində sayğısızlıq göstəririlir, hələ də abidələri ucaldılmayıb, xatirələri əbədiləşdirilməyib. Dövləti olmayan millət nə milli varlığını qoruya bilər, nə də ədəbiyyatını, mədəniyyətini. Gənclər Sovet dövrünü bilmirlər. Bir dənə üç mərtəbəli evi tikmək üçün Moskvadan icazə alınmalıydı. Kitablarla bağlı nəşriyyatın planı üç il əvvəldən Moskva ilə müəyyənləşdirilirdi. Mən nəşriyyat redaktoru idim, bəzən, partizanlıq edib plandan kənar cavanların kitablarını çap edirdim. Ümumi bir ad yazırdım, məsələn, “Gənclərin ilk kitabı”, sonra isə siyahını özümüz müəyyənləşdirirdik. Bu gün yeni nəsil bunu bilmir, bəzilərində isə yenidən Moskva sevgisi baş qaldırır.

- Son zamanlar bir neçə tarixi roman yazdınız. Əhməd bəy Ağaoğlu ilə bağlı “Difai fədailəri”, Cavad xanla bağlı “Ölüm zirvəsi”, Məhəmməd Hadi ilə bağlı “Şair və şər”. Hazırda hansı tarixi şəxsiyyətin həyatını yazırsınız?

- Mən “Göy Tanrı”dan başladım. Mifik bir dövrü təsvir etdim. Ondan sonra Əhməd bəy Ağaoğlu, Cavad xan və Məhəmməd Hadi haqqında yazdım. Bu şəxsiyyətlərin gördükləri işlər bizim tariximizin dönüş nöqtələridir. Həlledici adamlardırlar. Hazırda isə Nuru paşa ilə bağlı bir kitab yazıram. Povest olacaq. Nuru paşanın Batumdan həbsdən qaçırılması haqqındadır. Bu günlərdə isə “Akademikin son əsəri” adlı kitabım çap olunub. Bu kitab türklərə qarşı aparılan genetik savaş barədədir. Mən qəhrəman haqqında məlumat verməmişəm, amma görürəm ki, mətbutda artıq kitabın Ziya Bünyadov haqqında olması ilə bağlı yazılar yazırlar. Z.Bünyadov imzasını “Akademik Ziya Bünyadov” kimi yazırdı...


Müəllif: Dilqəm Əhməd