7 Noyabr 2017 11:52
3 664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Portret” layihəsində Qan Turalı mərhum Elçin Səlcuq haqqında danışır.

– Tural bəy, Elçin Səlcuqu necə xatırlayırsınız?
– Əslində, Elçin tez-tez yadıma düşür. Az qala hər gün. Gör ölümündən neçə il keçib. Amma yenə də hər dəfə dostlarla yığışanda, ya da nə bilim, tutaq ki, köhnə Monolitin yanından keçəndən, lap elə yadıma hansısa bir əhvalat düşəndə belə Elçinin surəti gəlib gözlərimin önündə dayanır.
Elçin mənim üçün unudulmaz adamdır. Daxili dünyam, bu küləkli şəhərimiz və dostlarımızın ürəyi Elçinlə, Elçinin əhvalatları ilə doludur. Mən onun hələ də bu həyatda mövcud olmadığına inana bilmirəm. Elə bilirəm ki, bir sabah məni səhər vaxtı yuxudan oyadacaq. Həmişə belə edirdi...

– Sizi səhərlər yuxudan niyə oyadırdı ki?
– Mən o vaxt qardaşımla bir yerdə yaşayırdım. Qardaşım dərsə gedirdi. Səhər saat 9-da isə Elçin gəlib qapını döyürdü, deyirdi ki, gedək içməyə. Səhər saat 9-da. Özü də dəfələrlə...

– Siz də gedirdiniz?
– Mən həvəssiz idim əlbəttə ki... Bir də görürdün səhər saat 8-də zəng vururdu, deyirdi ki, filan yerdə oturmuşuq, gəl.

– Niyə belə edirdi?
– Başqa cür yaşaya bilmirdi.

– Çox içirdi?
– Necə deyim sizə? Mən Elçinlə çox yoldaşlıq eləmişəm. Amma onunla heç zaman içməmişəm. Çünki onunla içmək mümkün deyildi. Bir dəfə şəhərə çox erkən çıxmışdım. Nəsə işim var idi. Saat 9 ancaq olardı. Elçini Natəvan heykəlinin yanında gördüm. Sərxoş idi. Dedim ki, Elçin, artıq içməyə imkan tapmısan? Qayıtdı ki, bu vaxta Elçin qalar? O, belə adam idi.

– Onu içməyə nə məcbur edirdi ki?
– Bu cür insanları anlamaq asan deyil. Elçinin çox gözəl ailəsi vardı, çox gözəl qələmi vardı və çox gözəl də dostları vardı. Çünki Elçin tərtəmiz bir insan idi. Onu hamı sevirdi və bu sevgidə bir təmənnasızlıq vardı, Elçinin insan kimi xarakterinə hörmət vardı, sayğı vardı. Gözəl insan idi. Ona görə də hamının ona münasibəti gözəl idi. Elçin ağır xəstəlik tapandan sonra daha heç kim onunla içmirdi. Hamı bilirdi ki, o öləcək. Kim Elçini görürdüsə, deyirdi ki, az iç. Amma Elçin bilirsinizmi neynirdi? Gedib İlyas Ərnəfəslə içirdi. Elçin bu dünyada sanki hamını xərcləyib bitirmişdi, artıq onunla stolda oturacaq heç kim qalmamışdı. O da gedib bir zamanların istedadlı şairi ilə içirdi. O şair, yəni İlyas Ərnəfəs ağlını itirmişdi və Elçinin gedib onunla içməyində mən çox dəhşətli bir tənhalıq görürdüm. Bunu mənə Azər Əhmədov danışmışdı, sonra öz gözümlə də gördüm.

Bu günlər Elçinin, əslində, bu həyatdakı son günləri idi. Bu hadisədən bir neçə gün sonra Azər müəllim mənə zəng vurub eləcə bircə söz dedi: “Elçin”... Heç nə soruşmadım daha, onun da danışmağa taqəti yox idi. Telefonu bağlayıb bir neçə dəqiqə düşündüm. Elçin daha bu dünyada yox idi. Qəribədir, bu xəbəri də bir yasda almışdım və o atmosferdə belə Elçinin ölüm xəbərini qəbul edə bilmirdim. Telefonu götürüb Elbrus Ərudu yığdım. Elçinin ölüm xəbərini Elbrus mənə istinadla yazdı.
Hə, bir də son yazısı vardı, onu çap etdirə bilmədi. O yazını da Elçin məndən yazmışdı. Özü mənə bu haqda demişdi, lakin o yazı qəzetdə çap olunmadı. Şahbaz bəy Elçin üçün xüsusi buraxılış çap etdi. Elçinin çap edilmiş son yazısı orda çap olundu. Bir də Aqşinin “Sənə məktub yazıram” adlı o məşhur şeiri. O şeir də ilk dəfə məhz həmin almanaxda çap olundu. Aqşin bu şeiri Elçinə həsr etmişdi. O almanaxda Turxan Qarışqanın çəkdiyi bir foto da vardı. II Fəxri Xiyabanda Elçini çöməldiyi yerdə çəkmişdi, Elçin kameraya baxırdı. O baxışlarda nələr yox idi...

– Gəlin, bir az da zamanın əqrəblərini geriyə çevirək...
– Elçin Səlcuq hər şeydən qabaq ədəbiyyat sevdalısı olan bir insan idi. Hələ Naxçıvanda yaşadığı, orta məktəbdə oxuduğu dövrdə şeiri çox sevirdi. Şeir dəftərləri tuturdu, bəyəndiyi şeirləri ora köçürürdü. Bir dəftər də Vaqif Bayatlının şeirlərindən ibarət idi. Vaqif müəllim həmişə deyir ki, mənim ilk kitabımı Elçin çıxardıb. Elçin mənə dəftərlərini göstərəndə bir şəklini də göstərmişdi. Həmin şəkildə o əlində Əkrəm Əylislinin portretini tutmuşdu və məhəbbətlə ona baxırdı. Onun ədəbiyyat sevgisi də heç zaman öləzimədi. Məni də daim həvəsləndirirdi, deyirdi yaz, yazdıqlarımı oxuyurdu, deyirdi, daha yaxşısını yaz, daha yaxşısını yazanda deyirdi ki, sən bundan da yaxşısını yazacaqsan. Hər dəfə təzə bir şey yazanda indinin özündə də gözüm Elçini axtarır. Gözləyirəm desin ki, Tural, daha yaxşısını yaz. Bu sözlər, əslində, mənim qulağımda sırğa kimi qalıb. Çox təəssüf edirəm ki, Elçin mənim kitablarımı görmədi. Çox təəssüf. Oxuyub deyəcəkdi ki, bu nədi yazmısan? Sonra qayıdacaqdı ki, dünya üçün yaz, daha yaxşısını yaz. Adam bəzən belə sözlər üçün çox darıxır.

– Özü də bədii əsər yazırdımı?
– Hə... Demək, Elçin bir hekayə yazmışdı. Onun bütün proza külliyatı bu hekayədən ibarət idi. Bu da təbiidir, çünki Elçin yazıçı deyildi, jurnalist idi. Hekayəsinə “Ayıbaşı” adın qoymuşdu. Elçinin bu hekayəsi “Sənət” qəzetində çap olunmuşdu. İlk dəfə biz tanış olanda Elçinin bu hekayəsi təzə çıxmışdı. Dedi, eşitmişəm mənimlə bağlı zarafat qoşmusan. Haqlı idi. İlk hekayə söhbəti ilə bağlı zarafat etmişdim hardasa. Elçinə də bu çox xoş gəlmişdi. Dedi, hekayəni oxumusan, dedim yox. Dedi, buyur oxu. Axundov kitabxanasında idik. Mənə o iki səhifəlik hekayəni oxutdurdu. Aqşin də ordaydı, yaxşı yadımdadır. Oxudum hekayəni. Fikirlərimi dedim, Elçin hamısı ilə birbəbir razılaşdı. 22 yaşım vadı cəmi. Dedi, povest yazıram. O hadisədən Elçinin ölümünə qədər biz dostluq elədik. Amma o povesti yazıb ortaya çıxartmadı. Deyirdi ki, birinci və sonuncu cümlələrini yazmışam ancaq. O povest də eləcə qaldı. Elçin ürəyinin istədiyi kimi yaşayan adam idi, həyatda heç nədən və heç kimdən çəkinmirdi. O necə istəyirdisə, eləcə də yaşayırdı və çox təəssüf ki, qaraciyəri onun bu tərzinə heç cürə alışa bilmədi.

– Deyirsiniz ki, Elçin Səlcuq jurnalist idi. Bir az da onun jurnalistika fəaliyyəti haqqında danışaq...
– Elçin Azərbaycan ədəbi mətbuatının flaqmanı olan “Azadlıq” qəzetinin ilk jurnalistlərindən biri idi. Elçin “Azadlıq” qəzetini yaradan insanlardan biridir. Biz onunla bir yerdə işləmişik. Elçinin yazı manerası təkrarsız idi. O sözü plastilin kimi istədiyi formaya sala bilirdi. Uzun cümlələrdə elə gözəl gəzişmələr edirdi ki... Yazılarında daim qəribə bir özünəməxsusluq vardı, şirinlik vardı. Bəlkə heç məzmun bu qədər göz doldurmurdu, nəinki forması.

Elçin jurnalist kimi çox maraqlı bir jurnalist idi. “Detektiv” qəzetini buraxmışdı, çox təəssüf ki, mən Elçinin yalnız son illərini görə bildim. Bu illərdə də Elçin ağır xəstəliyinə, eləcə də çox içməyinə baxmayaraq, daim yazırdı. Yazısına qəribə bir diqqəti vardı. Yazını kağızda yazıb qəzetə gətirirdi. Bufetdə yazını mənə oxuyurdu. Bəzən yazısını bizə gətirirdi, qardaşım Fuada yığdırırdı. Fuadla möhkəm dost idi. Hər yerə birgə gedirdilər.

– Maraqlıdır, onun ən çox hansı cəhətləri üçün darıxırsınız?
– Elçin bəzən dözülməz, bəzən çox sərt olurdu. Amma daima maraqlı idi. Bir dəfə ona dedim ki, Elçin, görürəm ki, burda sənə çətindir. Bəlkə mühacirətə gedəsən? Qayıtdı ki, yox e, mən hər axşam Filankəslə içməsəm, məclisin axırında ona deməsəm ki, sən istedadsız adamsan, amma yaxşı kişisən, mən yaşaya bilmərəm.

– O filankəs kim idi ki?
– Filankəs doğrudan da yaxşı kişi idi, heyf ki, həyatda yoxdur, ona görə də onun adını çəkməyim düz olmaz.

– Tural bəy, Elçin öləcəyini bilirdimi?
– Əlbəttə, hətta mən deyərdim ki, bir neçə il əvvəldən bilirdi. O öz ölümü ilə barışmışdı. Hamı ona nəsihət edirdi, deyirdi ki, belə eləmə. Özü də əlbəttə dəqiq bilirdi ki, bu cür həyat tərzi onu ölümə aparır. Dostları ondan çox narahat idilər. Misal üçün, Kamal Abdulla mənə dəfələrlə demişdi ki, Elçindən muğayat ol. Özü də dəfələrlə Elçinə nəsihət verirdi ki, belə eləmə, normal həyat tərzi keçir. Elçin Kamal Abdullaya çox hörmət edirdi, onu böyük kimi sayırdı. Elçinin çap olunmuş yeganə kitabı da Kamal Abdulla haqqında yazdığı “Kədərin sirri” idi. İndi düşünürəm ki, Elçinin özünü göz görə-görə ölümə aparmağı da bir sirr idi. Heç zaman çözələyə bilməyəcəyimiz bir sirr.

Elçinin ölümü hamını çox pis yandırdı. Çünki Elçin az qala hamının sevimlisi idi. Çünki Elçin yaxşı oğlan idi. Çünki Elçin yaxşı insan idi. Elçin bir şeir deyirdi həmişə. Türk şeiri idi, təqribi yadımda qalıb, mənası belə idi ki, bir gün qocalarsan, saçların ağarar, üzünə qırışlar gələr və iştə o gün sən bana bənzərsin. Mən bu yaxınlarda da o şeiri yadımda qalan bütün variantlar üzrə internetdə axtardım və heç nə tapmadım. Düşündüm ki, bəlkə bu şeiri də Elçinin özü yazıb.

– Mən Elçin Səlcuqun üzünü belə görməmişəm. Mənim kimi adamlara onu necə xarakterizə edərdiniz?
– Elçin, bəlkə də hardasa sərt idi, kobud idi. Lakin onu tanısaydınız, çox sevərdiniz. Elçin çünki yapışıqlı idi, maraqlı idi, sözün yüz çalarını bilirdi, çox gözəl əhvalatlar danışırdı, bəzən dost yolunda davaya da gedərdi, hətta dost özü davaya getmək istəməsə belə.

Elçin qətiyyətli adam idi, güclü adam idi. Elçin bu mərhəmətsiz dünyada çox əzəmətli duruş gətirməyi bacaran adam idi, Elçin darıxan adam idi və darıxmağın qabağını almağı da bacarırdı. Həm də o təkcə özünün yox, elə hamınının darıxmağının da, kədərinin də, əzabının da qabağını almağı bacarırdı. Kimsə Elçinə öz problemi haqda danışırdısa o, ikicə dənə söyüş söyüb, üç əhvalat danışırdı və o adam dönüb dünyanın xoşbəxti olurdu. Elçin belə adam idi, sona qədər pozitiv, müsbət və müqəddəs.

Düzdür, Elçin bu dünyada cəmi 42 il yaşadı. O öləndə “Azadlıq” qəzetində nekroloqu mən yazmışdım. Elçinin köşə yazıları “Bağdan bağlantı” rubrikasında çap olunurdu. Nekroloqun adı isə belə idi: “Bağdan bağlantı kəsildi”. Bəli, daha o rubrikada Elçinin yazıları çap olunmadı, amma o ürəyimizin Elçin adlı rubrikasında daim öz yerini qoruyur. Bunlar gəlişigözəl, hər adamın arxasından deyilən sözlər deyil, tam əksinə ruhumuzun ifadəsidir.


Müəllif: Çinarə Böyükçöl, Kəramət Böyükçöl