8 Dekabr 2017 09:54
2 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış yazar, APA TV-nin əməkdaşı İlqar Rəsul yeni çapdan çıxmış “Getmə” romanı haqqında Teleqraf.com-a müsahibə verib.

- Müxtəlif insan talelərini əks etdirən hadisələrin, demək olar, hamısı yazılıb. “Getmə” romanında nə kimi fərqli məqamlar var?

- Əslində, bu roman bir insan haqqındadır. Öz mühitindən, cəmiyyətindən, zamanından xeyli üstün olan bir insan. Roman boyu onun düşüncələri, zamana, məkana və ümumiyyətlə həyata münasibəti müşahidə olunur. Bilmirəm, bu fərqlilikdi, ya yox, hər halda düşüncələri fərqli saymaq olar. Həmin adamın hadisəsinin fonunda isə müxtəlif insanların da taleyi yer alır.

- Demisiz ki, romanda real həyat və xatirələr üzərində qurulan süjet xətti boyu bir insan hamını tərk edir. Bu mənə bir az Herman Hessenin “Siddhartha”sını xatırlatdı. Bu haqda fikriniz maraqlıdır.

- Romanda tez-tez gedən adam və onun fikirləri xatırlanır. Hessenin dediyiniz əsərini oxumamışam. Ümumiyyətlə, yazanda çalışıram heç nə oxumayım. Və əvvəldən də oxuduğum hansısa əsərin təsirinə düşməyi və düşünülmüş şəkildə ona oxşar nəsə yazmağı xoşlamıram.

- Romanın əsas mahiyyətində insanın psixoloji durumu, yaşadıqları, həyata, zamana münasibəti durur. İnsan bu münasibəti hamıdan getməkləmi bildirməlidir?

- İnsan heç kimə münasibətini bildirmir. Sadəcə, çıxıb gedir. Heç kimi də buna görə qınamır. Hamının onun haqqında nə düşünəcəyi, nə danışacağı da adamı heç maraqlandırmır.

- Demisiz ki, əsərin bir orijinallığı da ondan ibarətdir ki, qəhrəmanlar müəllifdən asılı deyillər, azaddırlar, istədikləri vaxt ciddi və qeyri-ciddi ola bilirlər. Müəllifin qəhrəmanlarına verdiyi azadlığın sərhədləri hara qədərdir bəs?

- "Orjinallıq" ifadəsini mən işlətməmişəm. Elə yazıblar. Suala gəlincə: Heç bir sərhəd yox idi. Yazı prosesində qəhrəmanlar hara qədər gedəcəklərini özləri müəyyən edirdi. Bəzən hətta mən istəmədiyim qədər çox, ya da az gedirdilər.

- Az qala bütün kitab təqdimatlarına gedən biri kimi təqdimat keçirməyi düşünürsünüzmü?

- Yox. Belə bir fikrim yoxdur.

- Ümumiyyətlə, bizdəki təqdimat formatlarına necə yanaşırsız?

- Hər şey imkan daxilindədir. Yazıçılarımızın maddi imkanı əl versə, heç şübhəsiz ki, daha maraqlı təqdimat formaları düşünərlər, ya da ağıllarındakını gerçəkləşdirərlər. Amma indiki şərtlər daxilində bu təqdimatlar da qənaətbəxş sayıla bilər.

P.S.

Bəziləri romanın adını yanlış anlayırlar. Burada "Getmə" kiməsə "qal, getmə" söylənir mənasında deyil. Çıxıb getmək, tərk etmək mənasındadır.


Müəllif: Xəzər Süleymanlı