7 Dekabr 2017 20:56
1 618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün kitab satışından gəlir əldə etməyin asan olmadığını bir çoxlarımız bilirik. Demək olar ki, çap olunan kitabların təqdimatı zamanı müəllifin ətrafındakılar nə alsalar, elə o da satılır. Sonralar bu kitablar ən yaxşı halda hansısa kitab dükanında öz istifadə müddətini başa vururlar. Belə olan halda yazarlarımız normal olaraq başqa bir işdə də qazanc əldə etmək üçün çalışmalıdırlar. Bəs, dolanışığın nəsrdən çıxmadığı zamanda, işlə nəsri necə uzlaşdırırlar? İş vaxtından sonra yerdə qalan vaxtda, üstünə məişət problemlərini də gələndə, romanı necə yazılır?

Teleqraf.com bu mövzu ilə bağlı sorğu keçirib. Sorğunu təqdim edirik.

Kəramət Böyükçöl:

“Mən daha nəsr yazmıram, sırf jurnalistika fəaliyyəti ilə məşğulam. Hərdən yarızarafat deyirəm ki, gül kimi yazıçı idim, ehtiyac məni jurnalist kimi tanıtdı. Bütün düşüncələrim ancaq qonorara hesablanıb. Qonorarsız bir cümlə də yazmaq istəmirəm. Hətta kiminləsə iki dəqiqə söhbət eləyəndə istəyirəm deyəm ki, mənim qonorarımı ver. Təfəkkürüm başdan ayağa kapitallaşıb. Yaradıcılığa isə romanla başladım, qısa hekayələrlə davam elədim. Sonra təzədən bir roman da yazdım. Adamlar demək olar ki, mənim nəsr qələmimə inanırlar. Məncə, daha şübhə ilə yanaşan yoxdur. İndi isə dostlar tez-tez deyir ki, jurnalistika səni nasir kimi tükədir. Ancaq mən belə düşünmürəm. Yazıçılıq elə bir haldır ki, əgər sən həqiqətən də yazıçısansa, yaşadığın mühitin şərtlərindən asılı olmayaraq yazacaqsan. Çünki yazmamaq mümkün deyil. Mənim köşələrimin demək olar ki, əksəriyyəti sosial mövzulardan ibarətdir, dəfələrlə yazmışam ki, məişət problemlərinin, qayğıların get-gedə artdığı bir vaxtda yaradıcılıqla məşğul olmaq çətindir. Ancaq sonra həmin köşənin qonorarı ilə evə çörək almışam, arvad-uşağa pal-paltar almışam. Deməli, bizim çörəyimiz də problemlərdən çıxır. Ona görə də Allah problemlərin canını sağ, ömrünü uzun eləsin. Problemsiz həm maddi, həm də mənəvi mənada həyat çox kasıb olardı. Roman yazmamaq, yazıçı olmamaq isə mənim üçün problem deyil. Çörəyim jurnalistikadan çıxır, bəsimdir. Nə zaman nəsrdən pul qazana bilsəm, onda hər ay bir roman yazacam, buna əminəm”.

Ayxan Ayvaz:

“Bizim taleyimiz belə gətirdi. Jurnalistika bizim yaradıcılığımıza qalın kölgə kimi düşdü. İndi yazmaqdan çox oxuyuram. Hər gün işdən evə gələndə. Yaxud elə avtobusla işə gələrkən. Oxuya-oxuya yaza bilmədiyim romanların qisasını çıxıram. Əlimdə yarımçıq qalan bir roman var. Birini də təzəcə başlamışdım. Ancaq düşünmürəm ki, təkcə işim o yarımçıq qalan romanlarımı tamamlamağa mane olur. Həm də təcrübəmin azlığını hiss edirəm. İndi daha çox oxuyaraq və içimdəki nəğməni dinləyərək doğru yolu tapacağımı düşünürəm. Hər halda nə olur-olsun, yazmaq lazımdır. Bu ilin Nobel mükafatçısı Kazuo İşuquro müsahibəsində deyir ki, zəif yazdıqca daha çox həvəsə gəldim. Bir sözlə, əslində yaza bilən adam üçün heç nə mane deyil. Yaza bilməyənlərin çoxluca bəhanələri olur”.

İkinci Mahmud:

“Düzü mənə elə gəlir ki, peşəkar yazıçı dolanışığını mətnlərdən çıxarmalıdır. Məsələyə bu cür yanaşsaq, Azərbaycanda Çingiz Abdullayevdən və Varisdən başqa peşəkar yazıçı yoxdur. Amma bir iş də var ki, biz sözün pis mənasında, unikal ölkədə yaşayırıq. Biz mətnlərimizi boş vaxtlarımızda yazırıq... Mənə gəlincə, roman yazmamışam. Son hekayəm bir il öncə dərc edilib. Təxminən bir ildir ki, yerli mətuatda tələm-tələsik hekayə dərc etməyi özümə qadağan etmişəm. Vaxt tapan kimi hekayələrimin üzərində işləyirəm. Yaxşı bir hekayələr kitabı hazırlayıram. Özümə vaxt qoymamışam deyə tələsmirəm. Dediyiniz məişət problemlərini həll edirəm və yeni problem gəlib Ərəbzəngi kimi qabağımı kəsənədək, o qısa fasilədə girişirəm mətnlərə”.

Şərif Ağayar:

“Çətinliklə də olsa, vaxt tapıram. Bax elə bu gün səhər avtobusda yeni romanımın redaktəsini edirdim, maşın çuxura düşüb çıxanda qələm əlimdən yanda oturan kişinin qucağına düşdü. Elə də qəribə baxdı ki mənə. Yəqin dəli zənn elədi. Yazmaq üçün bütün şərtlərə hazıram. Heç nədən gileylənmirəm. Dona-dona, yol gedə-gedə, ac-susuz qala-qala, ailəni ehtiyac içində qoya-qoya yazmağa öyrəşmişəm. Azad ədəbiyyatın, könüldən gələn bədii sözün yiyəsiz olduğu cəmiyyətdə yaşayırıq. İşimi bilirəm və yazdıqlarım üçün heç kimdən heç nə ummuram. Mənə pislik etməsinlər, yetər. Heç kimə minnət də qoymuram. Bircə təvəqqəm var: yazdıqlarımı imkan daxilində oxuyun, yaxşı şeylər yazıram, zəhməti havayı çəkmirəm. Yəni, dəli deyiləm...”

Ülviyyə Tahir:

“Yazıçılıq hazırda bizim ədəbiyyatda gəlir mənbəyi deyil. Bunun da bir çox obyektiv və subyektiv səbəbləri var. Əksəriyyətimiz o səbəblərdən xəbərdardır. Müəllim kimi çalışmışam, hazırda tərcümə işləri və redaktə ilə məşğulam. Yazılarımla məzuniyyət, həftəsonları və ilham çox sığışdıranda gecələr məşğul oluram”.

Çinarə Ömray:

“Mən yaşadığım zamanın çoxunu özümlə dialoqa sərf edirəm. Əgər yazmasam, özümlə danışmaqdan dəli ola bilərəm. Ona görə dəli olmamaq, ailəmi dolandırmaq, hazırki işimdə işləyə bilmək və rahat başla məişət problemlərini də düşünə bilmək üçün yazmaq məcburiyyətindəyəm. Mənim üçün yazmaq, adını ədəbiyyat qoyduğumuz o məngənənin içinə düşə bilmək istəyi deyil. Sadəcə daxili rahatlığımı tənzimləmək, içimdəki o ağrını özümdən çıxarda bilmək çabasıdır”.

Mirmehdi Ağaoğlu:

“Nə yalan deyim “Bu gün səbr elə” əsərinin ayağı ağır oldu. O romandan sonra irihəcmli əsər yaza bilməmişəm. Daha doğrusu, bəzi hazırlıqları görmüşəm, plan tutmuşam, ancaq vaxt edə bilmirəm ki, intensiv şəkildə onu yazmaqla məşğul olum. Bizim dövrün insanları məişətə uduzub. Dolanışıq üçün əlavə işlər görməyə məcburuq, tərcümə ilə, redaktə ilə məşğul oluruq... Əvvəllər guya şənbə-bazar günlərinə güvənirdik, indi o günlər də əlimizdən alınıb. Heç nə... Deyirlər ki, yazıçılıq üçün ən məhsuldar dövr 30-40 yaşa aralarıdır, biz də onu qazanca sərf etməyə məcburuq. Təəssüf... Ancaq özümə söz vermişəm. Əlimdə olan xırda-para sifarişləri – yazı işlərini bu il, uzağı gələn ilin əvvəlinə tamam bitirəcəm və yeni ildən çoxdan düşündüyüm həmin əsəri yazacağam”.

Amin Sükut:

“Sözün düzü, sırf yazıb pul qazanmaq haqqında düşünmədiyimdən bu proses sövq-təbii, kor-təbii baş verir. Yazmaq istəyəndə gec-tez yazıram. Yazı var 2 il, yazı var 4 ildi ürəyimdədi, amma yaza bilmirəm. Bu qayğılardan fərqli məsələdi. Mən yazının diqtəsinə inanan adamam...”


Müəllif: Xəzər Süleymanlı