26 Dekabr 2017 09:31
6 334

Teleqraf.com-un “Portret” layihəsində Qorxmaz İbrahimli əmisi, Xalq şairi Məmməd Araz haqqında danışır.

– Qorxmaz bəy, əminiz Məmməd Arazı bir şair kimi nə vaxtdan tanımağa başladınız?

– Əmimi təxminən, 5 yaşımdan tanıyıram. Rəhmətliklər mənə onun şeirlərini əzbərlədirdilər. Özü kəndə gələndə deyərdik...

– Sizin 5 yaşınız olanda əminizin neçə yaşı vardı ki?

– 37 yaşındaydı. O zaman neçə yaşı olduğunu bilməsək də, sevimli, əziz əmimiz idi. Böcəkləri uçurdar, "uç-uç, get əmimi gətir" və ya "təyyarə göydədir, qanadları yerdədir, tez get əmimi gətir" kimi sözləri təyyarə səsini eşidən kimi deyərdik.

Gəlişi isə ayrıca bayramımız olardı. Yaxın qohumlara muştuluğa qaçardıq. Axşam qohumlar və dostları yığılanda uşaqların şeir demə yarışı olardı. Qızlarla gizlənqaç oynamanın dadını çıxarardıq.

– Məmməd Araz qardaşları içərisində yaşca ən böyüyü idi?

– Xeyr. Ailədə beş uşaq olublar. İki bacıları olub. Üç qardaşdan ortancılı idi. Ailəmiz repressiyaya məruz qaldığından uşaqlıq illəri çox sıxıntılarla keçib, babamın sürgündə olmasına baxmayaraq, mətanətli olublar. Nənəm Cahan və o zaman gənc olan İbrahim əmim ailəni idarə ediblər.

– Əmi kimi sizə maddi və mənəvi köməkliyi dəyirdimi? Yoxsa...

– Oh... Heç deməyin. Mənim əmim kimi əmi yox idi. Mənəvi köməyi heç danılmazdı. Uşaqlıq və orta məktəbdə oxuduğum dövrlər aydındır. Ucqar bir dağ kəndi... Naxçıvanda demək olar ki, bizim ailəni hər kəs tanıdığından sıxıntım olmayıb. Məktəbdə yaxşı oxuyan və dəcəl şagird idim.

Əsgəri xidmətim Sibirdə keçib, bir zaman babamın sürgün olduğu səmtlər. Məndən çox qulluq etmiş yerlilərim Məmməd Arazın qardaşı oğlu olduğumu və atamın da yazıçı olduğunu hərbi hissə komandirinə sızdırmışdılar. Mənə hər zaman Azərbaycanın böyük şairinin oğlu deyə müraciət edər və çəkinərdi.

Universitet illərində isə xüsusi bir mənəvi dəstəyi vardı. Xalq azadlıq hərəkatında aktiv, fakültədə yaxşı oxuyan tələbə idim. Müəllimlərim və universitet rəhbərliyi hər görüşəndə məni əmimə tərifləyəndə sevinərdim. Belə bir insanın qanından olmaq fərəh veririrdi. Ancaq bunun bir də məsuliyuəti var idi. Ki, o ağırlığı həmişə çiynimdə hiss etmişəm. Davranışımda hər zaman təsirli olub. Özümdə məsuliyyət hiss eləmişəm ki, birdən insanlar mənə görə əmimə nəsə xoşagəlməz bir şey deyərlər. Məmməd Arazın qardaşı oğlu olmağıma görə hər vaxt özümə nəzarətçi olmuşam. Ancaq yuxarıda dediyim kimi, məsələn, rektor məni ona tərifləyəndə üzdə utansam da, içimdə ölçüyəgəlməz bir sevinc olub.

Maddi dəstəyi isə həmişə olurdu. Birinci, ikinci kurslarda verdiyi pullar məni və tələbə yoldaşlarımı çox sevindirirdi... İş yerinin qapısından içəri girən kimi birinci cibimin pulunu qoyurdu... Deyirdi, tələbə dostlarını sıxılmağa qoyma. Bilirsən ki, bizim tələbəliyimiz çox ağır illərdə olub.

– Sizi yalnız qardaşı oğlu olduğunuz üçün belə çox istəyirdi, yoxsa fəaliyyətiniz, getdiyiniz yol onun xoşuna gəlirdi? Məsələn, o biri qardaşı uşaqlarına da eyni münasibəti göstərirdimi?

– Digər qardaşı və bacısı uşaqlarını da istəyib. Onların oxumalarına, davranışlarına nəzarət edib. Ancaq mənə özəl münasibəti var idi. Lap kiçik yaşlarımdan əmim məni digərlərindən fərqləndirirdi. Bilmirəm, orta məktəb illərimdəki aktivliyimmi, ya nə idi diqqətini çəkən. Tələbəliyimin birinci ilini yataqxanada qalmağa belə qoymurdu məni. Qızları da əmicanım da – biz əmi yoldaşına “əmicanı” deyirik – məni çox istəyirdilər. O zaman tələbə hərəkatında və xalq azadlıq hərəkatında önə çıxmağım, cəsarətli olmam, dərslərimi könüllü dayandırıb Qarabağa getməm yəqin, mənə münasibətini bir az da fərqli edirdi.

Onun şeirləri ilə etdiyini biz hərəkətlərimizlə gerçəkləşdirməyə başlamışdıq. Ölkəmizin azad olması, inkişafı üçün arzuladığı hər şeyin gerçəkləşəcəyinə inanırdı. Və onun arzuladığı gəncliyin içərisində mənim də olmam yəqin, mənə qarşı fərqli münasibət yaradırdı. Qarabağa gedərkən Məmməd əmimin yanına halallaşmağa getdim, xeyir-dua ilə yola saldı. Dedi, əsir düşməyin. Və uğurladı. Yəni ölün, əsir düşməyin, deyirdi. Sağlığında və yəqin, bütün həyatım boyu onun istəyi və öyüdləri mənə ayrıca məktəb oldu. Bu əmi-qardaşoğlu dostluğu bir ayrı idi. Sirlərini belə mənə deyə bilirdi. Çox vaxt evlərinin ətrafında ikimiz gəzişər, dərdləşərdik. Bir ömür o günləri xatırlayaraq köks ötürəcəyəm...

– Məmməd Arazın ən çox sevdiyiniz şeiri hansıdır? Hansı ki, o şeir təkcə Məmməd Araz yox, kim yazsaydı, yenə də sevəcəkdiniz...

– Hansı şeirini daha çox sevdiyimi demək çətindir. Ancaq elələri var, dərsliklərdə olmasını istərdim. Onun uşaq şeirlərini mən hər zaman nümunə kimi çəkmişəm və demişəm ki, "Quzu" şeiri xüsusilə dərsliklərə salınmalıdır. Bu şeiri kim yazsa gözəldir. "Bacım Gülsümə məktub", "Atamın kitabı" poeması, sevgi şeirləri...

"Öyünəsi bircəm idin, birimdin.

Yön tutası qibləm idin, birimdin.

Karvanqıran olmağında olarmış".

“Azərbaycan mayası nur, qayəsi nur ki,

hər daşından alov dilli ox ola bilər".

"Şanapipik, bu adada çınqıl gəzmə sən.

Baban görən, nənən görən mərzlər yox daha".

Və ya "Ayağa qalx Azərbaycan" şeirini hansı şair yazsa sevərdim. Ancaq Məmməd Araz yazdığını əlbəttə, başqa şairlərdə tapmaq bir qədər çətin olur.

“Vətən mənə oğul desə, nə dərdim,

Mamır olub, qayasında bitərdim".

Bunu deyən olubmu? Bu şeiri necə sevməyəsən?

– Siz bilərsiniz, Məmməd Araz "Dünya sənin, dünya mənim" şeirini kiməsə yazıb?

– Mən bu şeirin adını çəkmədim ki, çox populyardır. Bu şeir hələ çap olunmamışdan əvvəl dostları ilə dağlarımıza qalxmışdılar. Çox gözəl, nəşəli bir gün idi. Dostlarının gülüş səsləri Toğluqayada əks-səda verirdi. Mən də uşaq sevinci ilə tamaşa edirdim. Şahbulağın başında olan bəzi söhbətləri xatırlayıram. Və əmim orada "Dünya sənin, dünya mənim" adlı yeni şeir yazdığını və hələ çapa vermədiyini dedi. İlk dəfə də orada səsləndirdi. Nə şəxsən mənə, nə də bir başqa kimsəyə bu şeiri kiməsə görə yazdığını deməyib.

Bir də başlanğıcdan da görünür ki, bu şeir sırf dünyanın faniliyinə işarədir. Bir taleyin oynunda cütlənmiş zərik və ya eşidirsən, pıçıldayır yıxılan, duran və ya yüyəninə hər əl yetən bu ata güldüm və s. Bunların heç birini bir nəfərə xitabən deməz elə insanlar. Təbii, bəzən ya canını sıxanlara, ya da çox sevdiklərinə nə isə həsr edib. Ancaq bu şeir elə deyil.

– Onun canını sıxanlar kimlər olub ki?

– Bizim canımızı sıxanlar deyə siyahı açıqlaya bilmərik. Ancaq sovet hökuməti qurulandan bizə qarşı təqiblər olub. Atasını sürgün edib, ailənin var-yox nəyi varsa müsadirə edib aparan dövlət. Tələbəliyindən şeirləri ilə seçilən, parlayan əmimi gözü götürməyən insanlar. Şeirlərindəki açıq və sətiraltı bütöv Azərbaycan sevdasından qorxanlar. Bir də bir sürü bədxahlar ki, mikrob kimidirlər, ölmürlər.

– Məmməd Arazın və Elçibəyin bir-birinə münasibəti necə idi?

– Çox möhtəşəm idi. Şəxsən tanışlıqları nə zaman başlamışdı, bilmirəm. Ancaq Əbülfəz Elçibəyin bir Məmməd Araz sevgisi vardı. Hələ xalq hərəkatının ilk illərində bəy hər zaman məndən əmimi soruşar, salam və sayğılarını yetirməmi istəyərdi. Prezident olduğu müddətdə də hər zaman diqqət göstərdi. Hətta mənzil veriləməsinin gecikdiyinə görə bir müşavirədə sərt çıxış da elədi bəy.

Elçibəy Kələkidə olanda da nə zaman getsəydim, birinci əmimi soruşar, sonra başqa işlərimizə keçərdi. Əmim də eləcə. Prezident olduğu zaman görüşə bilmədilər. Narahat etmək istəmirdi. Hər zaman mənim vasitəmlə xəbər tutar, salamlarını göndərərdi. Kələkidə olduğu vaxtda da məndən soruşardı. Bir-birlərini çox istəyirdilər. Bəyin yasına da mənimlə getdi. Çox kədərlənmişdi...

– Yazıçı Əlabbas bir məqaləsində yazmışdı ki, Məmməd Arazın ilk sevdiyi qadın onun anası olub. Siz bu barədə nəsə bilirdinizmi? Yoxsa?

– Mən o barədə bilirdim desəm, ciddi olmaz. Mən bu barədə əmimin özündən eşitməmişəm. Rəhmətlik Şərqiyə xala bizim yaxın qohumumuz idi. Əmimlə yaş fərqləri o qədər çox deyildi, bəlkə doğrudan da əmimin ilk sevgisi olub. Ancaq bu sevgi nə idi, yeniyetməlik yaşına keçən oğlan və qızlar kiməsə aşiq olurlar. Hamımızın ilk sevgisi əlbəttə olub. O da elə. Əlabbas da çox sevdiyim yazıçı, dostum və qohumumuzdur. Mənə çox maraqlı gəldi. Kaş elə rəhmətliklərin sağlığında açılsaydı bu söhbət...

– Məmməd müəllimin iflic keçirməyinin səbəbi nə idi? Nəyəsə əsəbiləşmişdi?

– Məmməd müəllim iflic keçirməyib. Parkinson xəstəliyinə yaxalanıb. Parkinson xəstəliyi iflic deyil. Beyinlə bağlı olduğu bəllidir. İrsi və ya sonradan qazanılan olur. Əmimdə isə sonradan qazanıldığını təəssüflə bildirməliyəm. Səbəbi isə 70-ci illərin əvvəllərində edilmiş haqsızlıq və nahaqdan işdən çıxarılması olmuşdu. Məmməd müəllim uşaqlıq çağından çox sıxıntı və sarsıntılar yaşamışdı. Ailənin "kulak" edilməsi, tələbəliyində ailənin repressiya olunduğunu, atasının on il sürgündə və həbsdə qaldığını bəzən gizlətmək məcburiyyətində qalmışdı. Tələbə vaxtı istedadını görən partkom bu bacarıqlı tələbəni partiyaya keçirmək istəyir. Əmim uzun müddət edilən təklifdən yayınır. Sonra partkom əsəbiləşərək bu sayğısızlığının səbəbini soruşanda atasının repressiya olunduğunu deyir... Və partkom bundan sonra başını sığallayaraq, onu başa düşdüyünü və daha heç kimə bildirməməsini söyləyir.

Stalinin repressiya maşını sındı deyərkən, bu dəfə də gənc və istedadlı şairə qarşı yeni gizli və açıq hücumlar başlayır. 60-cı illərin Yazıçılar İttifaqı oyunlarından salamat 70-ə keçən gənc Məmməd Araza qarşı namərd, fürsətçi xislətlər marığa yatmışdılar. Və Nəriman Nərimanovun açılışı olmamış heykəlinin fotoşəkli ilə bağlı başlayan yeni hücum heç bir məsuliyyəti və günahı olmayan, məzuniyyətdə, istirahətdə olan bu parlaq gələcəyi şeirlərindən və şəxsiyyətindən yağan insanı işindən çıxartmağa nail olan "donos"çuların "qələbəsi" oldu. Görünür, daha əsəbləri dözməyərək, bu mənfur xəstəliyə yaxalandı. Ancaq xəstəliyinə baxmayaraq, Tanrı onu hər zaman hifz elədi. İstedadı ilə parlamağa davam etdi.

– Onun işdən çıxarılmasına da səbəb Nəriman Nərimanovun heykəlinin fotoşəkili idi?

– Bəli... “Əfəbiyyat və incəsənət” qəzetində baş redaktor müavini işləyirdi. Və yalandan hər şeyi onun üzərinə atıblar. O məsələdə kimlərin rol oynadığı haqda isə danışmağa dəyməz. İşdən çıxarılandan sonra isə bir müddət işsiz qalması, bəzi insanların namərdliyi, bəzilərinin dönüklüyü, fürsətçilərin amansızlığı və s. xəstəliyinin yaranmasına səbəbkar olublar.

– Bəs Heydər Əliyev Məmməd Araza nə kimi yaxşılıqlar edib?

– Rəhmətlik Heydər Əliyevin qardaşı rəhmətlik Həsən Əliyev Coğrafiya institutunun direktoru olanda "Azərbaycan təbiəti" jurnalı yaratmaq istəyir və Mərkəzi Komitədə müsbət həll edir. Və rəhmətlik Budaq Budaqovun təşəbbüsü ilə əmimi jurnala redaktor götürürlər. Bu, əlbəttə, çox böyük mənəvi bir dəstək olmuşdu. Məmməd Araz ömrünün son illərinə qədər baş redaktor olaraq çalışdı. Mərhum Heydər Əliyev prezidentliyi dövründə bu jurnalın çapının davam etməsi üçün lazımı göstərişlər vermişdi. Əmimin müalicəsi üçün Almaniyaya göndərilməsi də Heydər Əliyevin təşəbbüsü ilə olmuşdu. Almaniyada müayinə edərək bir daha təkrar yoxlanmağa gəlməsi tövsiyyə olunmuşdu. Əmim isə Azərbaycana döndükdən sonra getmək istəmədi. Dedi, bu vəsaitin mənə xərclənməsini istəmirəm. İstəsəydi, yəqin ki, Heydər Əliyev vəsait ayıracaqdı. Ümumiyyətlə, Heydər Əliyev prezidentliyi dövründə təkcə Məmməd Araza deyil, bir çox ziyalıların müalicəsinə və həyat səviyyəsinin yaxşı olmasına diqqət göstərmişdi.

– Əminizlə bağlı son xatirəniz yadınızdadırmı?

– Əmimlə bağlı çox şey danışa bilərəm. Ancaq ölümündən 15-16 gün əvvəl mərhum xanımımı Moskva şəhərinə müalicəyə aparacaqdım. Yola çıxmadan gedib əmimlə halallaşdım. Hər zaman bir səfərə gedib-gələrkən yad edərdim. Bir az xoş məramla yola çıxmayacağımızdan üzgün idi. Şəhlanı da çox istəyirdi. Dedi, sağ-salamat gedin, gəlin, ilk fürsətdə Naxçıvana gedək, Nursuya gedib, dədəmin, anamın, İbrahimin, Əbülfəzin Gülsümün məzarlarını ziyarət etmək istəyirəm. Beləcə, sözləşdik, ertəsi gün biz Moskvaya getdik. O bəd xəbəri aldım və təcili Bakıya dönüb dəfnində iştirak etməli oldum...

Onun son arzusunu yerinə yetirə bilmədiyim üçün hər zaman üzülürəm.

Bir də 1993-cü ildə Naxçıvanda 60 illik yubileyi keçirildikdən sonra bərabər Təbrizə getdik. Əmim, Gülxanım əmicanım, Söhrab Tahir əmi və nəvəsi Toğrul. Arazın o tayına keçdikdən sonra çayın sahilində dayanaraq, çox qəribə bir şəkildə baxdı. “Araz, Məmməd Araz da sənin üzərindən keçdi" deyib gülümsədi...


Müəllif: Kәramәt Böyükçöl