26 Dekabr 2017 12:53

Təəssüf ki, ədəbiyyatımızda, xüsusən gənclərin yaradıcılığında postmodernizm uzunömürlü oldu.

Teleqraf.com xəbər verir ki, bu sözləri yazıçı-publisist Həmid Herisçi gənc yazarlar haqda danışarkən deyib.

O, ədəbiyyatın yerində saydığını, ədəbi proses əvəzinə ədəbi yarış getdiyini iddia edib:

“Postmoderndə nə varsa düşür həyatın tərs qanunlarının cənginə. Gənc ağsaqqallıq etməyə başlayır. Dönür saqqallı uşağa. Millətini aşağılayır. Özünü dartır. Dəyərlər şkalası “top-onluq”larla əvəzlənir. Ədəbi proses əvəzinə ədəbi yarış başlayır. Ancaq lap axırda hamıya bircə həqiqət bəlli olur ki, bütün bunlardan heç kim... bir də təkrarlayıram, heç kim yerindən tərpənməyib. Elə yerindəcə sayıb. Lakin hamı yalançı, saxta bir prosesə inanıb. Hamıya elə gəlir ki, guya ortada bir hərəkət-filan var. Ədəbiyyatımızda əvvəlcə yaşlı nəsil süqut etdi. İndi növbədə gənclərdir. Hər yazdıqları əsərlə, şeirlə özlərini gülünc vəziyyətə qoyurlar. Yazmasalar, daha yaxşıdır. Çox istedadsızdırlar. Xahiş edirəm ki, bunu təkcə ədəbiyyatın ayağına yazmayasınız. Musiqidə, TV sənətində də oxşar faciə yaşanır. Həvəskar müğənnilər, aparıcılar peşəkarların pişiyini, necə deyərlər, divara dırmaşdırıblar. Əvvəllər ədəbiyyatımız qocaların inhisarı altında inildəyirdi. İndi isə o, gənclərin zülmündən zara gəlib”.

Xatırladaq ki, Həmid Herisçi AYO ədəbi birliyinin yaradıcılarından olub və postmodernizmi Azərbaycana özünün gətirdiyini iddia edib.


Müəllif: Xəzər Süleymanlı
Загрузка...