29 Dekabr 2017 15:43
1 955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış alim Ramiz Əskərin qardaşı qızı 9 yaşlı Fatimənin ingilis dilində “Aya and Maya” adlı 48 səhifəlik kitabı çap olunub.

Bu barədə Teleqraf.com-a Fatimənin əmisi məlumat verib. O bildirib ki, əslən azərbaycanlı olan Fatimə Əskər ABŞ-ın Şimalı Karolina ştatının Qrinsboro şəhərində yaşayır. Bu kiçik kitabda isə onun 12 hekayəsi toplanıb.

Ramiz Əsgərin dediyinə görə, Fatimə ibtidai məktəbin dördüncü sinfində təhsil alır:

“Hər axşam yatmazdan əvvəl atası ona və qardaşı Təkinə nağıl danışır, hekayələr oxuyurdu. Bir müddət sonra Fatimə də öz kuklası üçün hekayələr uydurmağa başladı. Məktəbə gedəndən və yazmağı öyrənəndən sonra bu hekayələrdən bir qismini kitab şəklində nəşr etməyi qərara aldı. Bu işdə atası, Şimali Karolina universitetinin professoru Əli Əskər də ona kömək etdi.

Hekayələrdən birinin qəhrəmanı Leyla təsadüfən meşədə azır, Aya və Maya adlı iki sevimli ayı balasına rast gəlir, onların mağarasına sığınaraq donmaqdan xilas olur, qızcığazla ayılar arasında səmimi dostluq yaranır. Başqa bir hekayədə ibtidai məktəb şagirdi Zəhra hər gün çantasında gətirdiyi yeməyi özü yemir, yaxınlıqda yaşayan dilənçiyə verir. Hamı onun bu nəcib hərəkətindən xəbər tutur və imkansız adamlara kömək üçün kampaniya başlanır.

O, digər hekayələrində də həssas uşaq qəlbini narahat edən məsələlər barədə söz açır, saf və təmiz duyğularını bədii şəkildə dilə gətirir.


Müəllif: Teleqraf.com