29 Dekabr 2017 21:00
4 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qiraətçi”də yenicə çapdan çıxmış “Duman” kitabının müəllifi Azər Qismətin “Söndürülmüş işıq” hekəyəsi.

Teleqraf.com təqdim edir:

Soyuqdan üşüyə-üşüyə hündür binanın qarşısına çatdı. Alaqapıdan içəri girməyə tələsmədi, divara vurulmuş avtomat telefonun dəstəyini götürüb nömrələri yığdı.

- Alo, hə, mənəm... Sifariş verilən ünvanlara getdim... Niyə evə gəlmirəm? Qəribə söz danışırsan... Kefimdən eləmirəm ki... Bir nəfər qalıb. Deyəsən evdədir, işığı yanır. Çalışacam on dəqiqəyə çıxım ordan... Tək olmaz. Əri ilə uşaqları da yanında olar... Yaxşı-yaxşı... Dedim ki, tez gələcəyəm... Mən də səni... hə, hə... mən də öpürəm.

Dəstəyi asıb əynindəki zərli-naxışlı qırmızı xələti düzəldə-düzəldə özünü tələsik alaqapıdan içəri atdı, şaxtalı külək kələyini kəsmişdi. Uşaq vaxtı əzbərlədiyi şeirləri yadına salmağa çalışdı.
Artıq siyahıdakıların hamısının evinə getmişdi. Bu binadakı müğənnisə siyahıya salınmamışdı. Onlardan yalnız biri zəhmətinin müqabilində pul verməmişdi. Qalanları azdan-çoxdan cibinə pul basmışdılar.

Qaşları çatıldı. Siyahıdakı dördüncü mənzildən çıxıb elə pilləkənlərdəcə Şaxta Baba paltarını çıxarıb nəfəsini dərəndə, ürəyində deyinmişdi ki, "pulsuzluğun üzü qara olsun". Amma cibinə pul qoyulduqca şənlənirdi ki, həyat köpüklü pivə kimi gözəldir, bir yandan da körpələri sevindirə bilmişdi. Hələ onlarla şəkil çəkdirəndə çox atılıb-düşmüşdülər. "Yaxşı ki, şeirləri bir-birinə quraşdırıb deyə bildim. Ehh, yalançı Şaxta baba! Niyə yalançı? Mən bilən hər şey əla idi. Böyüklərin də xoşu gəldi. Həə, qaldı bu məşhur müğənni. Yəqin indi ərciyəzi onun başını sinəsinə qoyub "canım, bir ili də belə yola verdik" deyir, o da yanağını ərciyəzinin seyrək tüklü başına sürtüşdürə-sürtüşdürə "hə, ömrümüzdən bir il də əskildi" deyir. Bəlkə də əri yaxşı oğlandır, deyə bilmərəm. Yaxşıdır, pisdir, özü üçün, indi bu barədə fikirləşməyə vaxtım yoxdur. Məni görəndə bilərlər ki, bu soyuqda beş-on manatın dalınca qaçanlar da var. Daha həyatın gözəlliyindən dəm vurmazlar".

Müğənni doqquzmərtəbəli binanın üçüncü mərtəbəsində qalırdı. Şaxta Baba ünvanı güclə tapmışdı...

Yağlı boya çəkilməkdən parıldayan qapı deyəsən qoz ağacından idi. Barmağını zəngin düyməsinə toxundurmazdan əvvəl qapının qarşısındakı yumşaq ayaqaltısına ayaqqabılarını sürtdü. Zəng qutusunun böyüklüyü qəribə gəldi ona. Düyməni basdı. Səs eşidildi:

- Kimdir orda?

Sən demə danışıq avadanlığı imiş. Başındakı papağı düzəldə-düzəldə "sizə qonaq gəlmişəm" dedi. "Hə, yəqin indi masanın üstü bəzənib, yemək yeyirlər. Şampanı hələ açmazlar. 12-yə hələ var. Sırsıra bağladım burda, bircə qapını açsaydı..."

- Axı, kimdir orda?

- Dərələrdən yel kimi, təpələrdən sel kimi, saqqalı qırov bağlayan Şaxta Baba sizə qonaq gəlib.

Qapının o üzündən yenə səs gəldi:

- Bu evdə uşaq yoxdur. Və bir də mən Şaxta Baba sifariş etməmişəm.

"Uşağını gizlədir, elə hər şeyini gizlədir ki, birdən göz dəyər. Deyirəm bu varlılar niyə gözdəymədən belə qorxurlar?"

- Mən Şaxta Babayam, başa düşürsünüzmü? Siz məni çağırmısız, mən də gəlmişəm. Əgər zarafatlaşmaq fikriniz vardısa, yanğınsöndürmə idarəsinə zəng edib "pişiyim yanır" deyərdiz. Sizə nə var ki, oturmusuz isti yerdə... Süfrə başında mənim də gözləyənim var axı...

İçəridən səs gəlmədi.

- Şaxta Baba qarlı aşırımlardan keçib, sıldırım qayalardan keçib, bu soyuqda bir stəkan pürrəngi çay içmək istəyir.

"Deyirəm, bəlkə əri gedib şampan almağa, bunu da qısqanclığından saxlayıb içəridə, açarı da özü ilə götürüb?" İçəridən səs gəldi:

- Əgər doğrudan da Şaxta Babasızsa, sizə isti çay olmaz. Yoxsa əriyib suya dönər, axıb çaya gedərsiz.

O, zərli-pambıqlı, butalı papağını başından ağır-ağır sürüşdürüb elə ağır-ağır da aşağı enməyə başladı. Beş-altı pillə aşağı düşmüşdü ki, yuxarıdan gurultu gəldi, qapı açıldı. Saçları çiyinlərinədək qısa kəsilmiş, əyninə yapon xələti geyinmiş müğənni onu səslədi:

- Deyəsən gedirsiz? Niyə siz qocalar uşaq kimi dəymə-düşər olursuz?

- Mən qoca deyiləm.

- Bilirəm, siz Şaxta Babasız. Di, qalxın... qalxın yuxarı.

O, yenə də ağır-ağır addımlarla yuxarı qalxdı. Yorulmuşdu. Müğənni gülümsədi:

- Deyəsən, doğrudan incidiz? Üzr istəyirəm. Duş qəbul edirdim ki, birdən zəng səsi eşitdim. Sizi söhbətə tuturdum ki, paltarımı geyinim, elə bu vaxt da bizim hörmətli Şaxta Babamız incidi.

- Hə, açığı bir az incidim.

Gözlənilməz qonağın almacıqlarının qızarması müğənninin gözlərindən yayınmadı. Əsasən də Şaxta Babanın yorğun görkəmi, pambıq bığının bir ucunun qopması güldürdü onu:

- Qonaqpərvərliyimə söz ola bilməz. Burada dayanmayaq. Qonşularım sözbazdırlar, sabah yenə dalımca zurna çalacaqlar ki, evinə kişi salmışdı.

- Evinə kişi salmışdı?

- Müğənniyəm də… Rejissor gəlir, prodüser gedir, evdə məşq də edirik… Bunlar da tutub dururlar ki, bəs filankəsin evindən kişi əskik olmur. Hansının ağzını yumasan?! Keçin içəri. Xoş gəlmisiz mənim kasıb komama. Amma sizi hardasa görmüşəm.

- Ola bilər. Hamımızın mayası bir kişidəndir - Adəmdən.

- Onu düz dediz. Yox, ora yataq otağıdır, keçin qonaq otağına. Rahatlanın.

Şaxta Baba onun şampan dalınca gedən ərinin hər an içəriyə girəcəyini düşündü.

- Tez gedəcəksiz?

- Bilirsiz, biz sifarişlə işləyirik. Başqa ünvanlara da getməliyəm. Düz beş ildir ki, müxtəlif səbəblərdən Yeni ili öz evimdə qarşılaya bilmirəm. Gah qonaq gedirəm, gah da dostlarımla kafedə, barda ilişib qalıram. Hə, tez getməliyəm. Uşaqlar məni gözləyirlər.

Yalan danışmasına özü də qızardı. Əslində onu bir qızdan savayı heç kim gözləmirdi. Onu da bilmirdi ki, o qızı sevir, yoxsa elə-belə gününü keçirir.

- Təəssüf. Heç olmasa bu neçə ildə birinci dəfədir ki, evimə Şaxta Baba gəldi. Sən gözlə, incimirsiz "sən" deməyimə?.. Deməli incimirsən, bu dəqiqə sənə pürrəngi çay gətirim. Aclığın yoxdur ki?.. Ancaq çay?.. Oldu.

Bu evi bəlkə də Qış Sarayının zümrüdlü otağına bənzətmək olardı. Yox, bu ağ oldu. Sadəcə, rahatlıq və əyləncə üçün hər cür şəraiti vardı. Parlaq ağ rəngli işləməli mebeli, şüşə rəflərdə sıralanan çini servisləri, büllür qabları, iri ekranlı televizoru, cürbəcür nömrəyazan telefonlar, məxməri divar kağızları, zərli çərçivəyə salınmış qanadlı uşaqlar, yarıçılpaq məleykə rəsmləri, otağa yumşaq istilik verən divar sobası, ayaq altındakı sıx naxışlı qırmızı xalılar, qorxulu Afrika maskaları, ağ fil fiqurları, türklərin yumşaq taxtı... Əşyalar bahalı, yerində və gözoxşayan olsa da, sanki yetim idi. Onlara baxmaqdan yoruldu, "gözəllikdən də usanmaq olarmış" - deyə düşündü. Yumşaq taxtın böyründəki kiçik dolabın üstündə yanakı durmuş çərçivəli şəkillərdə müğənni xoşbəxtcəsinə gülümsəyirdi. "Belə adamlar çox yaşayırlar. Nə qədər alqışlar, təriflər. Təkcə orta məktəbdə keçirilən şəhər festivalında bir dəfə oxuduğum "Cavanlığım" mahnısına görə mənə o qədər əl çalmışdılar ki, indiyəcən o alqışlar yuxuma da girir. Müğənniyəsə hər gün əl çalınır. Həsəd aparmıram, sağlığına qismət. Nə iləsə məşğuldur, deməli nə iləsə xeyir verir. Yoxsa mən? Otuz yaşım var. Məhəllədəki axsaq it də tanımır məni".

Müğənni gümüşü sinidə limonlu çay, mürəbbələr, xarici konfetlər və onların içində ən çox sevdiyi "Mumu"nu gətirdi. Üst-başındakı ləl-cəvahirat gözlərini qamaşdırdı. Gördüyü dəm-dəstgah onu fikirdən ayıltdı. Müğənni gətirdiklərini səliqə ilə masaya düzüb Şaxta Babanı diqqətlə süzdü:

- Ancaq doğrudan da sizi haradasa görmüşəm. Axır vaxtlar hələ yaddaşsız da olmuşam. Görürsən, yenə "siz" dedim, istəyirəm səmimiyyət olsun, alınmır. Hə, onu deyirdim axı... Yaşınıza uyğun deyilsiz. Bura baxın, bilmirəm bura necə gəlmisiz, hansı sifarişlə, amma mənim uşaqlarım yoxdur axı!

Şaxta Baba təəccübləndi. Həyətdə, alaqapıda, elə bu evdə düşündüyü qara-qura fikirlərinə görə peşmançılıq çəkdi və özünü danladı: "Çox axmaq adamsan":

- Niyə uşağınız yoxdur?

"Doğrudan da danışığımı bilmirəm".

- Qəribə sual verirsiz. Axı, uşaq olmazdan əvvəl ərə getmək lazımdır. Nə toy duvağımı üzümə çəkmişəm, nə də o duvağı üzümdən götürən olub.

"Yox, məndən adam olmayacaq. Gör, bayaqdan bu yazıq haqqında ürəyimdə necə pis-pis şeylər quraşdırırdım":

- Sevdiyiniz olmayıb?

- Bir nəfər vardı. Onu dəlicəsinə sevirdim. Sonrası da heç nə. İstəyənlərim çox oldu. Mənsə daha sevmədim.

"Elə belə deyəcəyini düşünürdüm. Eyni ssenari, eyni sonluq". Müğənni isə danışırdı:

- Heç birini bəyənmədim. Bir də ki, ərə gedəndə qadının əli-qolu bağlanır. İndi də yalvaranlar var. Getmirəm. Bilirəm ki, şan-şöhrətimə, puluma görə qarmaqlarına keçirmək istəyirlər məni. Ərə getmək istəmirəm.

Müğənninin kasıb adlandırdığı komanın gözlənilməz qonağı sevdiyi albalı mürəbbəsini gümüş çay qaşığına doldurub-boşaldır, ona qulaq asırdı. Çay isə soyuyurdu. İçmək istəsə də müğənninin danışdığı melodramatik əhvalatın sonunu gözləyirdi: "Danışsın qurtarsın sonra içərəm. Ədəbsizlik olar. Bu qadın elə bil doğrudan da insan üzü görmürmüş".

- Ərə getmək sənət adamı üçün zəncirlənmək deməkdir.

- Düz demirsiz.

- Nəyi?

- Elə bu dediklərinizi. Nə qədər eyni söhbət, bayağı sözlər... Siz qadınların xasiyyətidir. Ərə getməyəndə özlərinə təsəlli üçün deyirlər ki, guya bəyəndiyimiz olmayıb, nə bilim ərə getmək azadlığı boğmaqdır, indi də yalvaranlar var...

"Düz etmədim. Onunla elə danışdım ki, sanki neçə illərin tanışlarıyıq”. Üzündəki cizgilərin soluxması, gözlərindəki işığın öləziməsi tanış idi mənə. Yorğun, bezgin insan sifəti. Elə bil ərkim çatırdı ürəyimdən keçənləri deyim ona, qışqırım, acılayım. Bəlkə də mənimlə açıq danışdığına görə bir azdan peşman olacaqdı.

- Bağışlayın, amma mənimlə bu tonda danışmayın. Sizi bilmirəm, mən yalan danışmıram.

- Çılğınlıq etdiyimə görə üzr istəyirəm. Bəs, uşağınız yoxdursa, niyə evinizdə çoxlu uşaq oyuncaqları, uşaq paltarları var? Deməli uşağınızın olmasını arzulayırsız.

"Oxu hədəfinə vurdum. Yoxsa, elə biləcəkdim ki, yaxşı atıcı deyiləm".

- Yox, sadəcə, uşaqlıq illərimi yadıma salıram.

- Deməli keçmişlə yaşayırsız. Bəs, gələcəklə kim yaşayacaq? Yoxsa uşaqlığınız boynuna ağır yük götürüb sizi gələcəyə aparacaq?

- Bilmirəm... Bəzən gecələr o ümidlə yatıram ki, səhər duranda görəcəyəm, saçları hörüklü, ucları ağ bantlı həmin qızcığazam. Həmin o uşaq ki, asfalt küçədə tabaşirlə şəkillər çəkərdi, yağış damcıları həmin şəkilləri yuyub aparar, sonra yenidən, yenidən çəkərdi. Böyüklərə şeir deyərdi, onlar da başını sığallayar, şıltaqlıqla alnına düşən tellərini dağıdardılar. Daha sonra tut ağacına dırmaşardı, qapqara tutlarla ağız-burnunu, əllərini, ağappaq donunu qaraldardı. Axşam evə gələndə isə danlanardı. Soyuq gecələrdə nənəsinin nağıllarına şirin-şirin qulaq asar, dərin-dərin yuxulara gedərdi. Yuxuları da dadlı idi. Tez-tez yuxularına qızıl balıq girən qızcığaz. O qızıl balıq arzularımı yerinə yetirərdi. Bər-bəzəkli tovuz quşları görərdim röyalarımda. Səhərlərim rəngarəng mənzərələrlə açılardı. Həyatın əslində nə olduğunu nə yaxşı ki, dərk etmirdim. Hələ adamları demirəm, onlara müqəddəslər kimi baxardım.

- Bəs indi?

- İndi... İndi... İndi varmı? İndi başlamamış tarixə dönür. Gecikəndə də elə cansıxıcı olur ki. İstəsək də, istəməsək də. Səhərlərim eyni mənzərə. Tez-tələsik çay içib səsyazma studiyasına, ordan radioya, nə bilim televiziyaya qaçmaq, jurnalistlərə müsahibələr vermək. Bayaqdan telefon susur. Amma özgə vaxt həmin qələm tutanlar zəng edib zəhləmi tökürdülər: "Gələcək planlarınız? Yenidən dünyaya gəlsəydiniz müğənni olardınızmı?" Müğənni həmkarlarımsa paltarımı harada tikdirməyimi, hansı kremdən istifadə etməyimi, yayda harda dincəlməyimi soruşub saatlarla beynimi aparırdılar. Elə bilirsiz ki, xətrimi çox istədiklərindən mənimlə maraqlanırlar? Yox, əzizim, çoxunun paxıllıqdan içi göynəyir. İndi isə telefon susur, heç birinin yadına düşmürəm. Səhərlərim şüşə kimi düz, rəngsiz. Axşamlar da "Rapsodiya"da oxuyub gündəliyimi qazanmalıyam, bəzən elə mədəniyyətsiz adamlara rast gəlirəm ki. Bir də görürsən ki, masa ətrafında harıncasına yayxanıb ağzının danışığını bilməyən adamlar üçün oxumalı oluram. Hərdən toylara da gedirəm. O olmasa xərclədiyimi qazana bilmərəm. Günüm beləcə keçir, gecə də mənzilimə gəlib başımı balışa qoyub yenidən fikirləşirəm ki, "uşaqlığım niyə belə tez keçdi?" Və hərdən də hirsimdən balışımı döyəcləyirəm... Həyatım əriyib gedir, ona çata bilmirəm, arxasınca qaçıram. Bəzən mahnılarım da ürəyimi bulandırır.

- Niyə ki, pis deyil.

- Bəsdirin siz Allah. Eyni mövzudan cana yığılmışam.

Sükut yarandı. Fincandakı çay qəddar adamın ürəyi kimi soyudu. Müğənni doluxsundu. Amma ağlamadı, qızaran gözlərini üzümə dikib dilləndi:

-Yaxşı, biz nə vaxta qədər belə oturacağıq? Şaxta Baba rolunu çox pis oynayırsız. Heç məni uşaq kimi sevindirmirsiz...

- Başa düşmədim, sizə də şeir deyib, mahnı oxuyum? – deyə Şaxta Baba təəccübləndi.

- Nə olar, nə olar, əyləndirin də məni... Bir az könlüm açılsın. Nə qədər olmasa da bayramdır axı...

Onun sınıq qəlbini çilikləmək istəmədim. Yaxşı adam olmasam da, cəllad da deyildim:

- Nə deyirəm, amma mahnı-filan bilmirəm.

Müğənni "eybi yox, eybi yox" deyə-deyə onu tələsdirir, gözləri işıldayırdı. Şaxta Baba zərli xələtinin düyməsini bağlayıb, ağ qotazlı papağını gözünün üstünə bir az da basıb, bığlarına əl gəzdirdi ki, qopub düşməsin. Ciddi, həm də gülərüz görkəm alıb əlindəki zərli ağacını başının üstündə hərlədi, qalın səslə ucadan gülə-gülə hay çəkdi:

- Mənim şəkər nəvəm, bu gün bayramdır. Nə bayramıdır, deyə bilərsənmi?

Müğənni uşaq səsilə:

- Babacan, bu gün Yeni ili qarşılayırıq.

- Nə edirik?

- Köhnə ilə əlvida deyirik, onu qəlbimizin tarixinə yazırıq.

Şaxta Baba əyilib onun yanağından öpdü.

- Mənim hiyləgər Şaxta Babam deyəsən fürsətdən istifadə edir. Amma məni elə qocalar kimi öpdün haa, - deyə müğənni uğunub getdi.

- Ağıllı nəvəm, hələ bu harasıdı… Baban səni o qədər güldürsün ki, tənhalığı heç hiss etməyəsən.

Müğənni uğunub gedir, işıldayan gözlərindən sevinc yaşları axır, uşaq kimi oynayırdı.

- Babacan, ay babacan, bəlkə şeir deyəsən? Nə olar, şeir istəyirəm, şeir istəyirəm, - müğənni əlini gözünün üstünə qoyub guya uşaq kimi yalandan ağlamağa başladı, - şeir istəyirəm, şeir istəyirəm, babacan, heç sən mənə xurcununda nanəli konfetlər, gəlinciklər gətirmisən?

- Ay mənim balaca nəvəm. Sənin Şaxta Baban bura gələnə qədər çox əziyyətlər çəkdi, təpələrdən yel kimi, dərələrdən sel kimi, dağların bumbuz bulaqlarından su içdi, ayaqlarına təpər, səsinə güc gəldi. Bəs sən bu qoca babanı nə bilirdin? Səni şirin qoğallarsız, konfetlərsiz qoyarammı? Hələ bir deyirsən səni haradasa görmüşəm. Axı, mən hər il sənin kimi çoxlu-çoxlu körpələrə, nəvələrimə qonaq gəlirəm, xurcunumdan rəngbərəng hədiyyələr çıxarıb paylayıram, sevindirirəm. Onlar isə rəqs edir, şeir deyir, mahnı oxuyurlar. Bəs, sən qoca babanı nə ilə sevindirəcəksən?

Müğənni boğazının ən incə səsilə qışqırdı:

- Şax-ta ba-ba, Şax-ta-can, har-da-san bu vax-ta-can-n-n-n?

- Ay mənim gözəl nəvəm, məgər şeiri də belə qışqıra-qışqıra deyərlərmi? Babanın qulağı batdı ki… Bəlkə rəqs edəsən, hə?

Müğənni uşaq kimi yeriyə-yeriyə qonşu otağa keçdi. Şaxta Baba isə sevinirdi. Çoxdan idi belə sevinməmişdi, hətta süfrə arxasında gözləyən qızı da yadından çıxarmışdı. Özü də elə bil yenidən doğulmuş, yenidən uşaqlaşmışdı. Müğənni isə qısa saçına ağ bant bağlayıb, əyninə qırmızı don geyinmişdi. Don belini sıxsa da, uşaqlığına yenidən və yenidən qayıtmaq üçün hər şeyə dözərdi. Müğənni bəzədiyi küknar ağacının ətrafına yellənə-yellənə dövrə vurub rəqs edir, yorulanda dayanır, uşaqlar təki barmağını ağzına aparıb şeir deyirdi. Şaxta Baba isə əl çalır, hərdən qol götürüb oynayırdı. Müğənni xoşbəxt idi. Qısa vaxtda özünü uşaqlığında olduğu kimi hiss etmişdi. Bundan sonrası isə maraqlı deyildi. İndisində maraqlı olan onun xoşbəxt anları idi. Və xoşbəxtliyindən qarşısındakı Şaxta Babanı qucaqlayıb bağrına basırdı, özgə, yad adamı özünə doğma bilir, onun əlindən tutub bəzəkli küknar ağacının dövrəsinə fırlanır, şeir deyir, şaqraq səslə gülür, qulağına bir-birinin ardınca "qoy üzümüzə gələn Yeni il bizə xoşbəxtlik gətirsin, qoy arzularımız çiçəklənsin, qoy heç kim tənha qalmasın" deyirdi.

...Şaxta Baba qırmızı zərli xələtini çıxarıb evdən çıxmaq istəyəndə müğənni əlini onun cibinə apardı. Oğlan əlini cibinə salanda xeyli pul olduğunu hiss etdi:

- Götürmərəm, vallah götürmərəm.

- Xahiş edirəm, əlimi geri qaytarmayın. O qədər sevindirdiniz ki, məni.

O, bu sözləri deyib doluxsundu. Gözlərində yaş damcıları muncuqlandı, çənəsinə diyirləndi. Ağlamaq istədi, ağlaya bilmədi, səsi içinə çökdü. İçində qəlbi ağlayırdı:

- İnanırsız, müvəqqəti də olsa o uzaq, əlçatmaz illərimə qaytardınız məni. Pulları isə götürün. Mümkünsə yenə gəlin.

- Sizi heç bayram günlərində təbrik etmirlər?

- Təbrik də edirlər, qonaq da gəlirlər. Bilirsiz, biz çox darıxdırıcı yaşayırıq. Mən də, siz də, elə Şaxta Baba da… İldə bir dəfə Laplandiyadakı evindən çıxır ki, adamları sevindirsin… Kimisinin qapısından, kimisinin sobasından evlərə girir ki, küknar ağacının dibinə, kimisinin sobasından asılan coraba hədiyyə qoyub getsin, özü də gizlicə…Və təsəvvür edin, onun evlərə gəlişini heç kim görməməlidir… Özümüz Şaxta babaları fikirləşdik, özümüz də həyatlarını puç etdik.

- Niyə ki… Onları hamı sevir…

- Lənətə gəlsin belə sevgini. Ömrünün hər bir ilində yalnız bircə gün sevirlər… Sonrasa qoca yaddan çıxır. Qınına çəkilir və yenə də həmin o bir günü gözləyir. Məgər bu da həyatdır?

- Hər halda mən bir Şaxta Baba olaraq bildirirəm ki, özümü xoşbəxt hiss edirəm.

Hər ikisi gülüşdü. Müğənni yenə də qaşlarını çataraq:

- Budur saat 12-nin tamamına az qalıb. 12-dən sonra mənim də qonaqlarım gələcək. Siz isə qeyri-adi, unudulmaz qonaq oldunuz. Aşırımlardan, enişlərdən, sıldırım qayalardan, sırsıralı meşələrdən keçib bu tənha komama qeybdən, özü də qəflətən gəldiz. Qəflətən də gedirsiz. Amma təəssüf ki, sizi harada görməyimi yadıma sala bilmədim.

- Bir dəfə konsertiniz vaxtı səhnəyə qalxıb sizdən aftoqraf almışdım.

-Yadıma düşmədi. İndi gedirsiz Yeni ili qarşılamağa, mənsə bu qırmızı donumu, ağ bantımı çıxarıb süfrə hazırlayacağam, qonaqlarımın qarşısına gülə-gülə çıxacağam. Sanki heç nə olmamış kimi. Onlar heç nəyi bilməyəcəklər. Bunu bir siz, bir də mən biləcəyəm.

...Alaqapıdan şaxtalı havaya çıxanda hiss elədi ki, onu iki tərəfdən külək vurur. Təbiətin bu qış gününə verdiyi külək, bir də cibini yandırıb daş kimi ağırlıq edən kağız pulların küləyi. İkinci küləkdən azad olmaq üçün yenidən pilləkənlərlə yuxarı qaçıb pulları müğənninin qapısı ağzında qoyub zəngi basdı. Və pillələri sürətlə, bəlkə də qaça-qaça düşüb birinci küləyin ağuşuna atıldı. Müğənni isə pəncərəni açıb onun ardınca baxır, gülə-gülə başını bulayırdı.

Oğlan Şaxta Baba paltarını çıxarıb binanın qarşısındakı telefon köşkünə yaxınlaşıb nömrələri yığdı:

- Axşamın xeyir. Bu Yeni il gecəsi sifarişini yerinə yetirdim. Əcəb sürpriz fikirləşmisən... Getdim, hələ çay da içdim... Narahat olma, sevindirdim onu. Zövqün yaxşı imiş... Necə? Gəncliyində ondan gözəl idi? Nə bilim... Daha neyləyək, ilk və uğursuz məhəbbətindi də... Saat 12-dən sonra qonaqları gələcək, sən heç onun yadına da düşməyəcəksən. Yoldaşını təbrik elə, mənim ağzımdan uşaqların üzündən öp... Nə deyirsən? Ondan danışım?.. Ey, bura bax, mən burda donuram, sənsə ilk məhəbbətinin xiffətini çəkirsən... bircə bunu deyim ki, onu atmaqla ömrün boyu səni qarabaqara izləyəcək səhv eləmisən. Səni can verənə qədər izləyəcək böyük səhv! Anladın məni??

Dəstəkdən səs gəlmədi. Dəstəyi asdı. Dayanacağa tərəf gedə-gedə neçə dəfə arxaya çevrilib müğənninin pəncərəsinə baxdı. Müğənni daha görünmürdü. Yeni ilin gəlməsinə dəqiqələr qalırdı. Taksiyə əyləşdi. Yenidən arxaya çevrilib onun pəncərəsini tapmaq istədi. Tapdı. Binanın bütün pəncərələrində işıq yanırdı. Bir pəncərədən başqa. Müğənninin pəncərəsi qaranlıq idi. Deməli saat 12-dən sonra heç kim onun komasına gəlməyəcəkmiş. Qaranlıq pəncərə sanki yiyəsiz bir daxmaya bənzəyirdi. O, öz işığını söndürmüşdü. Özü də çoxdan söndürmüşdü.


Müəllif: Teleqraf.com