9 Yanvar 2018 20:59
10 990
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bax, dost kimi deyirəm,

Mən hamıdan qaçıram,

Sən də qaç,eynəkli qız...
Zəmanəmiz korlanıb...
Gözlərini dörd aç,
dörd aç,eynəkli qız...”


İşlərimin düz getmədiyi vaxtlar idi. Hamıdan uzaqlaşmaq istəyirdim. İnsanlar mənimlə maraqlandıqca daha da əsəbiləşirdim. Daha çox tək qalmaq istəyirdim. Bir də gördüm biri mesaj yazdı:

“Səni şəxsən tanımasam da, sən və sənin kimi adamların həvəsdən düşməsini istəmirəm. Sizin etdikləriniz illərlə yaşayacaq. Sənət üçün əlinizdən gələni edirsiz. Mütləq qarşılığı da olacaq. Əlimdən gələni etməyə, yanında olmağa hazıram”.
Məliklə tanışlığımız belə başladı. Doğrusu, bu çəlimsiz uşağın mənə dəstək olmaq arzusu məndə də ona müsbət fikirlər yaratdı. Sonralar mütəmadi danışırdıq, görüşmək üçün vədələşirdik. Nəhayət ki, görüşə bildik. Utancaq idi. Qadın həyalıydı az qala. Danışdırmasaq, danışmırdı. Ara-bir bizim zarafatlara utana-utana gülüb susur, heç üzümüzə də baxmırdı. Dostlarla şeir oxumağa başladıq. O da şeirini oxudu: “Eynəkli qız”. Şeiri yazdığı kimi də oxuyurdu. Səmimi, kövrək, bir az da narahat...
Bu şeiri o qədər sevdim ki, öz şeir gecəmdə səsləndirəcəyim şeirlərin sırasına əlavə etdim. Onu az da olsa tanıtmaq mənim həm də vicdan borcum idi. Axı o ən çətin vaxtlarımda mənə dəstək mesajı yazmışdı. Dinləyənlər şeiri çox bəyəndilər. Bir neçəsi şeir haqda, şeirin müəllifi haqda maraqlandı, hətta onu tanımaq istədiyini dedi. Məlikə bu haqda deyəndə, gördüm ki, heç o qədər də önəmsəmədi. Düşündüm, bəlkə mənə inanmır. Fikirləşir ki, onu ruhlandırmaq üçün belə deyirəm. Gecə idi, mesaj yazdı: “Xəzər, “eynəkli qız” şeirə qulaq asıb. Çox bəyənib. Uzun aradan sonra danışdıq. Axır ki, bu şeiri ona yazdığımı dedim. Vasitəçi olduğun üçün çox sağ ol”.
Çox məsum idi. Üzündə elə bir yazıqlıq var idi, sanki dərdin insan formasıydı. Onu az da olsa sevindirə bildiyim üçün mən də sevinirdim. Bir dəfə də Feysbukda status yazdı ki: “İndiyə qədər tanıdığım insanlar arasında iki nəfər var ki, şahidi olduğum bir davranışına görə onlara insan kimi hörmətim birə beş artıb. Həmin nəfərlər hazırda dostluğumda da var və çox güman ki, bu statusu da görürlər. O iki nəfər bu statusa şərh yazsa, şərhlərinə ürək emojisi ilə reaksiya verəcəm”.
Nədənsə mənə elə gəldi ki, o iki nəfərdən biri mənəm. Ancaq həqiqətən də heç bir fikrim yox idi ki, niyə o iki nəfərdən biri mən ola bilərəm. Şərh yazdım, o da ürək emojisi ilə qarşılıq verdi. Dərhal səbəbini soruşdum, demədi. Heç vaxt da demədi...
İntihara ilk cəhdindən iki gün qabaq demişdi ki, görüşək. İşimə görə görüşə bilmədik. Amma şair dostlarımız Elvin Paşa, Rəşad Nağı Mustafa ilə görüşmüşdülər. Onlara da hər hansı problemi ilə bağlı bir söz deməyib. İntiharla bağlı yazdıqlarını oxuyanda hamımız şok olduq. İnanmadıq. Xoşbəxtlikdən həmin gün hər şey yaxşı qurtardı. Ümidlərimiz də Məliklə birlikdə sağ qaldı. Yazdı ki, yaxşıyam. Ancaq zənglərimizi açmadı, görüşmək istəmədiyini dedi.
Düşündük ki, bəlkə tək qalmaq istəyir, bəlkə ona belə yaxşıdır. Görünür, yanılmışıq...

52 saat 2 dəqiqə...

Ümid edirdik ki, hər şey yaxşı olacaq. Məlik yenə normal həyata qayıdacaq. Ona sadəcə, zaman lazımdır. Adam bu yaşda ölüm haqda necə düşünə bilər axı? Həm də Məlik kimi adam. Ən çətin vaxtlarda dostlarına dəstək olan, əlindən gələni etməyə çalışan biri...
İkinci dəfə intihar xəbəri yayılanda ağlıma gələn ilk fikir bu oldu ki, qətiyyən ola bilməz, Məlik belə şey etməz. Əlaqə saxladığımız adamlar da dəqiq bir söz demədi. Eyni zamanda bir xeyli şübhəli məqamlar var idi. Məlikin bibisioğlu Xəyal Kərimov Teleqraf.com-a açıqlamasında dedi ki, onun intiharına səbəb oxuduğu universitetin illik təhsil haqqını ödəyə bilməməsidir. Daha doğrusu, evdən ona verilmiş pulu təhsil haqqına yox, başqa şeylərə xərcləyib. Təhsil haqqı da hardasa 600 manat civarındadır. 3 gün sonra hərbi xidmətə yollanacaqdı. Universitetdən qovulduğuna görə, 12 ay yox, 18 ay xidmət edəcəkdi.

Bu xəbərə Məlikin dostları sərt reaksiya verdilər: belə şey mümkün deyil. Əgər səbəb bu olsaydı, biz mütləq bilərdik. 600 manat nə böyük puldur ki, biz onu ödəyə bilməyək?

Bir şühbə də burada yaranır ki, Məlikin intihar xəbəri saat 17 radələrində yayılmışdı. Həmin saatlarda hava çox qaralmır. Məlik bilirdi ki, onun dənizə atıldığını görənlər mütləq müdaxilə edəcəklər. Deyilənlərə inansaq, hətta görənlər də olub. Bəs, niyə müdaxilə edən olmayıb? Axtarışlar dünən yox, bu gün səhər saatlarında başlayıb. Və axşama qədər axtarışlar heç bir nəticə verməmişdi. Nəzərə alsaq ki, Məlikin intihar etdiyi ərazidə dənizin dərinliyi çox deyil, hava şəraiti də əlverişlidir və nəzərə alsaq ki, dənizkənarı bulvarda belə hadisələrdən maksimum 2-3 saat sonra intihar edən şəxsin meyiti tapılıb, dənizdən çıxarılıb, Məlikin hələ də tapılmaması intiharla bağlı ehtimalları azaldırdı. Bir yandan da Feysbuk hesabı aktiv idi, 2-3 saatdan bir Feysbuka kimsə daxil olurdu, hətta bir neçə adama dostluq təklifi də göndərilirdi, ümidlərimiz yenə sağ idi. Amma...

Bir gün ruh tərk edir səni,
Ruh səni, sən də hər kəsi...
Yaxınlıqdakı məsciddən eşidilir azan səsi...

Axtarışların nəticəsi gecikdikcə Məlikin sağ olmasına daha çox inanırdıq. Hətta bir-birimizə təsəlli də verirdik ki, yəqin suya atılıb, gedib başqa yerdən sağ-salamat çıxıb, harasa gedib. Məşhur “Yuxu” filmindəki Əlabbası da misal çəkirdik. Ancaq Əlabbas rəisin oğlundan qaçırdı. Bəs Məlik kimdən və ya kimlərdən qaçırdı? Onu intihara sürükləyən səbəblərin arasında bir dənə də olsun tutarlı səbəb yox idi axı. Məlik o səbəblərə görə bu addımı atmazdı...

Təəssüf ki, yanıldıq. Məlik həqiqətən də intihar etmişdi. Cəsədi sudan çıxarıldı. Məlik də Xəzərin növbəti qurbanı oldu...

Adıma görə uşaqlıqda yaşadıqlarımla bağlı xatirələrimi hər kəslə bölüşmüşdüm. Bəzən Xəzərə nifrət etdiyimi, orda həlak olanları sanki mən öldürmüşəmmiş kimi hislər yaşadığımı yazmışdım. Məlik də demişdi ki, biz sənin yaşadıqlarını oxuyub bu hala düşürük, gör indi sən bunları yaşayanda nə hislər keçirtmisən. Əgər mənim hislərimi anlamışdınsa, niyə belə etdin, Məlik? Niyə sənin də ölümünə görə ömür boyu mən əzab çəkməliyəm? Səni də öldürdüyüm üçün məni bağışla...


Müəllif: Xəzər Süleymanlı