12 Yanvar 2018 21:37
3 456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə Məlik Cahan kimi tanınan gənc şair bulvarda özünü dənizə ataraq intihar etdi. Gənc şairin intiharı mübahisələr doğurdu. Bəziləri onun intiharında ətrafını günahlandırdı. Belə bir fikir irəli sürdülər ki, Məlik özünə qəsd etməmişdən qabaq Feysbuk hesabında dəfələrlə intihar edəcəyi ilə bağlı eyham vurub, xəbərdarlıq edib, status yazıb, ancaq heç kəs bunun fərqində olmayıb.

Mövzuyla bağlı yazarlarımıza müraciət etdik. Həqiqətənmi intihar etməyi qarşısına məqsəd qoyan şəxsi fikrindən daşındırmaq mümkündür? Əgər mümkündürsə, nə etməliyik?

Aqşin Yenisey (şair, publisist)

- Baxır intihar etmək istəyənin kimliyinə. Əgər siz 78 yaşlı Ernest Heminqueyin əlindən tüfəngi almaq istəyirsinizsə, səfeh sizsiniz. Ağzından süd iyi gələn duyğu acizlərini isə istənilən yolla intihardan çəkindirmək olar, yetər ki, bir balaca diqqətli olaq.

Kəramət Böyükçöl (yazıçı, publisist)

- İntihar şəxsi məsələdir. Mənim düşüncəmə görə, başqalarının şəxsi həyatına qarışmaq böyük mədəniyyətsizlikdir. Kim intihar eləmək istəyirsə, buyursun, yol açıqdır. İşimin-gücümün başımdan aşdığı bir vaxt mənə nə düşüb ki, ölmək istəyən adamı tutub həyatda saxlayam.

Özünü ölüdürür, məni öldürmür ki... Yaşamaq istəmir, zordur? İntihar etmək istəyən adama təsəlliverici sözlər dedikcə daha da qızışır. Elə bilirlər, onlar doğrudan da qiymətlidir, əhəmiyyətlidirlər. Guya həqiqət məqamına çatmış adamlardır. Hamısından yaxşısı odur ki, onların işinə qarışmayasan, qoy gedib özlərini öldürsünlər. Dünəndən öldürsünlər, bu gün də üç gün olsun.

Cəlil Cavanşir (şair)

- İlkin olaraq psixoloji problemi olanlar, tez-tez ölümdən danışanların, şəxsi əşyalarını dost-tanışa paylayanların, ictimai həyatla bütün əlaqələrini qırmağa çalışanların və ətrafı ilə ünsiyyəti kəsib özünə qapananların intihar etmək riski çox yüksəkdir. Ətrafımızda belə insanlarla rastlaşanda onlara mənəvi dəstək verməyə, zərərli fikirlərdən daşındırmağa, imkan daxilində psixoloji dəstək verən şəxslərə yönləndirməyə çalışmalıyıq.

İntihar riski olanların peşəkarlarla danışması, məsləhət alması daha yaxşı variantdır. Əgər tanıdığınız birisinin intihar edəcəyi ehtimalı varsa, ona problemlərdən çıxış yolunu tapmaqda kömək edin, problemlərin həlli yollarını göstərin, dəstək olduğunuzu ciddi şəkildə hiss etdirin. Mümkün olduqda onu fiziki işlərə, idmana cəlb edin, yaxınları və əzizləri qarşısında məsuliyyəti olduğunu, dəyərli olduğunu xatırladın.

Xüsusilə gəncləri bu fikirdən daşındırmaq üçün onlara daha çox dəstək olmaq, dəyərli olduqlarını hiss etdirmək lazımdır.

Bəzən ünsiyyətdə olduğumuz birisini, bir kəlmə xoş sözlə, "Sən dəyərlisən, dostum" deməklə intihar fikrindən daşındıra bilərik. Qayğıkeş və diqqətli olmaqla, dostlarınızı dinləməklə, övladlarınızın problemləri və seçimləri ilə maraqlanmaqla, yaxınlarınıza vaxt ayırmaqla onları ölümdən xilas edə bilərik. Sevgi, qayğı və diqqət yaxınlarımızı, doğmalarımızı, çevrənizdəki insanları xilas etməyə qadirdir.

Fimar Asimqızı (jurnalist)

- İntihar barədə düşünən birisinin bunu ətrafındakılarla bölüşməsi onun qəti qərar vermədiyini göstərir. Yəni atacağı addıma tam hazır deyil. Körpünün ortasındadır. Bu halda onu fikrindən daşındırmaq mümkündür.

İlk addım dinləməyi bacarmaq, anlamaqdır. Pessimist düşüncələrdən uzaqlaşdırmaq və mümkün qədər problemin həllinə yardımçı olmaqdır. İntihar təklik və çarəsizlikdən yaranır, ən azından təkliyi aradan qaldırmaq olar. Söhbət psixi problemləri olmayanlardan gedir.

Elvin Paşa (şair, ssenarist)

- İntihar etmək istəyən şəxsi bu fikrindən daşındırmaq mümkündür. İntihara gül-çiçək bəzəyi vurub gözəl don geyindirmək də olmaz. Nəinki olmaz, hətta deyərdim, bu, bağışlanmaz səhvdir.

Mənim şəxsən tanıdığım iki nəfər ayrı-ayrı zamanlarda intihar edib və o ağrıların nə olduğunu yaxşı bilirəm. Bir neçə adamı dostlarla əl-ələ verib intihar fikrindən daşındırmışıq.

Fikirdən daşındırmaq asandır, amma yenidən özünəqəsdə cəhd etməməsi üçün intihar səbəbi yaradan problemi aradan qaldırmaq lazımdır. Biz uşaq olanda evdən qaçmaq var idi. İntihar heç ağlımıza da gəlmirdi. Əgər bir problemin sonunda ölüm yoxdursa, o, elə də ciddi problem deyil. Deməli, o problemlə mübarizə aparmasan da, ötüb keçəcək.

Məhlədə dalaşdı, döyüldü, qızdan ayrıldı, pulsuzdur deyə, özünü öldürənlərin bu addımı qəbuledilməzdir.

Ləman Ələşrəfqızı (jurnalist)

- Bir həvəskar şair var, adını yazmıram, populyar deyil. Bir dəfə mənə yazdı ki, həyat yoldaşım bu yaşayışla qane olmur, o qədər çox şeylər tələb edir, mən artıq intihar həddindəyəm. Özümü öldürməkdən başqa çarəm yoxdur. Çünki kənd müəllimiyəm, maaşım azdır, bundan artığına gücüm çatmır.

Ona dedim ki, intihar çıxış yoludurmu? Bəs həyat yoldaşın o iki uşağı necə saxlayacaq? Bu haqda düşündünmü? Xeyri olmadı. Ertəsi gün pessimist statuslar paylaşdı, Məlik kimi. Mən dərhal mesaj yazıb ona o qədər psixoloji təsir göstərdim ki, sözlə ifadəsi mümkün deyil. Hətta bir köşə də yazdım. Nəhayət, daşındırdım fikrindən.

Bir həftə əvvəl həyat yoldaşıyla kasıb, miskin komasından şəkil paylaşmışdı. Xoşbəxt görünürdülər. O şəkildəki ev məni çox məyus elədi. Gənclər belə şəraitdən yorulur, bezir və canlarına qıyırlar.

Düşünürəm ki, hər cür intihar etmək istəyəni yolundan döndərmək olar. Sadəcə bir az diqqətli olmaq, qarşındakının mesajlarına ciddi yanaşmaq yetər. Məlik Cahanın mesajlarına dostlarının qeyri-ciddi yanaşmaları, onu ələ salmaları da bu intiharın gerçəkləşməsində rol oynamamış deyil. Onun səhifəsini oxuyub bu qənaətə gəldim.

Azər Elşadoğlu (şair, esseist)

- Düşünürəm ki, intihar psixiloji bir sorundu. Mütləq həmin adamlar professional yardım almalıdırlar.

İlkin mərhələdə biz yardım edə bilərik, amma bu qənaət elə-belə formalaşmır. Mən professional yardım dedikdə həmin adamların alt şüuruna qədər nüfuzu nəzərdə tuturam. Bir gerçəklik də bundan ibarətdir ki, intihar mesajları sızdıran, elan verən adam hələ qərarına birmənalı əmin deyil. Unutmaq olmaz ki, elan etmək hələ intihara təşəbbüs deyil. Bu elan eyni zamanda bir diqqət umma, qayğı istəmə tələbinin təzahürü də ola bilər.

Bu üzdən əminliklə deyə bilərəm ki, həmin adamları diqqətlə, kobud şəkildə desək, vakuum şəraitinə salmaq lazımdır.


Müəllif: Xəzər Süleymanlı