19 Yanvar 2018 12:57
7 754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Bir şeirin tarixçəsi” layihəsinin budəfəki hekayәtçisi tanınmış şair Rəbiqə Nazimqızıdır.

Rəbiqə xanım oxucuları maraqlandıran bu şeiri kimə həsr edilib sualına cavab verir.

“Xatırlamıram, hansı ay idi, il 2007 olmalıydı, səhv etmirəmsə, adi günlərdən biriydi, ola bilsin, qış idi, çünki ürəyim sıxılırdı - Bakının qışı maraqsız, hətta cansıxıcı olur. Miniavtobuslardan birinin, əlbəttə ki, pəncərəyə yaxın tərəfindəki yerdə oturmuşdum. O vaxtlar daha tədbirliydim. Üstümdə bloknot və qələm vardı - jurnalistin ən vacib silahları.

Elə bil kimsə canımı agrıda-ağrıda əmr elədi: "Yaz". "Yox", - dedim, - bu, çox ağırdı, bütün məhrəm şeirlərdən daha intimdi, bu ağrını bölüşə bilmərəm". İçəridəki, ya çöldəki bu səslə bu mübarizənin nəticəsində yazıq-yazıq, fağır-fağır, arada gözlərim dola-dola yazmağa başladım. Sözlər, misralar qəribə bir enerjiylə üstümə axırdı və mən bu yükün altından yalnız onları yazmaqla çıxa bilərdim. Əlbəttə, söhbət məlum "Aynur üçün" şeirindən gedir. Fikirləşirdim ki, çox mənasız mətn alınır və özümə təsəlli verirdim ki, yazılandan sonra onu cırıb atmağa nə var.

Şeirin əsas hissəsi Binəqədi, Rəsulzadə qəsəbəsi ilə "Vorovski kruqu" dediyimiz məkan çərçivəsində yazılıb. İşlədiyim redaksiyaya gəlib çatanadək əsas hissə yazılmışdı. Ürək-dirək almaq, mətnin necə olduğunu bilmək - o həyəcanın içərisində obyektiv ola bilməyəcəyimi düşünmüşdüm - telefonun mesaj yerinə köçürüb həmkarım Cavidana göndərdim, yazdı ki, yaxşıdı, davam elə. Yüzdə yüz inanmasam da, bir az özümə gəldim. Sonuncu bəndi tapa bilmirdim. Məsələ bənddə deyil, o şeirdə süjet var, qızla anasının hekayəsi necəsə yekunlaşmalıydı. Sonluq heç cür alınmırdı. İndi adama gülməli gəlir, amma az qala ürəyim partlayacaqdı. Belə anlarda bir saniyənin işidi özümü ələ almaq. Özümə: "sakit ol, Rəbiqə, indi bir şey fikirləşib tapacağıq" dedim. Süjetli şeirləri yadıma salmağa çalışdım. Vaqif Səmədoğlunun "Yagış" şeirini xatırladım. Orada qaçmaq istəyən sevgililərə yağış "mane olur". Mənə də belə bir maneə lazım idi: getmək istəyən ana və qızı heç yana getməməli idilər. "Yagış"ı xatırlayandan sonra özümə sual verdim: ana ilə qızına nə mane ola bilər? Uşaq da, qadın da ən çox nədən qorxa, narahat ola bilər. Cavab avtomatik gəldi: qaranlıqdan. Beləcə sonuncu bənd alındı.

O vaxt heca şeirlərinə çəkmirdi məni. Həm də ağrı var o şeirdə. Sevmirdim onu. Bir gün dostum Səlim Babullaoğlu oxudu və dedi ki, bu, indiyədək yazdığın və bəlkə də, yazacagın şeirlər içərisində ən yaxşısıdır. Təəccübləndim. Amma xoş sözlər idi axı. İnandım.

Beləcə, vizit kartıma çevrilən o şeir həm də ədəbi həyat qazandı. Amma etiraf edirəm, o şeiri qısqanıram, ona paxıllığım tutur, çox zaman onu sevmirəm, çünki başqa mətnlərim, bir qayda olaraq, kölgədə qalır. Aynura yazılmasaydı, bəlkə də, çoxdan cırıb tullamışdım”.

Şeiri təqdim edirik:

AYNUR ÜÇÜN

Qızım, paltarını yığ, yığış gedək,

Daha buralarda bir işimiz yox.

Bizim indimiz yox, keçmişimiz yox,

Bircə yolumuz var, o da gələcək.

Biz güclü deyilik, zəifik, zəif,

Gələr üstümüzə daşla adamlar.

Baş aça bilmərik nə istəyirlər

Bu cavan adamlar, yaşlı adamlar.

- Hara gedəcəyik? – Burdan uzağa.

- Orda məktəb varmı? – Əlbəttə ki, var.

- Bəs, təzə evimiz, orda qalmayaq?

- Bizsiz də o evdə qalan tapılar.

Daha sual vermə, cavabım yoxdur,

Hər gün əsəblərim itir bu yerdə…

Darıxma, nənənə zəng eləyərsən,

Dayına bir məktub yazarsan hərdən.

Bəsdi sözə tutdun, vaxt yoxdu, quzum,

Uzun yolumuz var – üzü qüruba.

Qırmızı kərpicdən evimiz olsa,

Bir də şimal qışı, balaca soba.

Niyə geyinmirsən, gözləmirəmmi?

Deyirsən, qaranlıq düşübdü artıq?

Eybi yox, bu gün də qalası olduq,

Səhər paltarları yığışdırarıq.


Müəllif: Xəzər Süleymanlı