28 Yanvar 09:46
1 925

Tiflisdə bir bazar günü...

Otaqda üç nəfər mübahisə edir.
Birincisi, Şeyxülislam Əhməd Hüseynzadə Səlyani, Əli bəy Hüseynzadənin babası.

Digəri Mirzə Fətəli Axundov.

Üçüncüsü də ev yiyəsi, Molla Mustafa, şeyxülislamın müavini.

Qəhrəmanımızın atası...

Molla Mustafa Axundovu belə xarakterizə edirdi: “Çox ağıllı, bilikli və xeyirli adamdır. Heyf etiqadı batildir”.

Mirzə Fətəli Molla Mustafadan tez-tez dini kitablar alırdı.

Görünür, yazıçı “Kəmalüddövlə məktubları” üzərində işləyirmiş.

O günlərdə hələ Abdulla doğulmamışdı.
“Gözünü açıb dünyanı qaranlıq görməmişdi”.

Amma o evdən Axundovun böyük bir davamçısı çıxacaqdı.

Bütün ömrünü təhsilə, sənətə həsr etmiş görkəmli bir ziyalı!

Və qəribəsi o idi ki, o da çox ağıllı, bilikli və xeyirli adam olsa da etiqadı batil olacaqdı.

Tülkünü həccə göndərəcək adam!

Abdulla Şaiq...

Dindar bir ailədə böyümüşdü.

Anası Mehri seyid qızı idi.

Ailəsi onu ancaq seyid qızına verməyi əhd eləmişdi.
Atası yaxın dostunu qızgilə göndərdi.

“Molla da elə seyid kimi bir şeydir”, - deyib, qızı aldılar.
Molla Mustafanın bacısı Mehrinin qardaşı ilə evli idi.
Yəni Abdulla Şaiqin dayısı Abbas ilə bibisi Mina ilə evli idi.
Atası molla olsa da elmə, təhsilə xoş münasibəti vardı.
Abdulla gözəl təhsil aldı.
Rus, fars dillərini öyrəndi.
Lakin bu səadəti uzun sürmədi.
Dayısının bibisindən uşağı olmurdu.
Axırda onun üstünə günü gətirdi.

Bibisi buna dözməyib bir il sonra vəfat etdi.
Nənəsi Abdullanın atası Mustafadan anasını boşamağı tələb edirdi.

Deyirdi ki, onlar mənim qızımı bədbəxt elədilər, sən də onların qızını boşa.

Atası buna razı olmurdu.
Ailəyə qanqaraçılıq düşürdü.
Abdullanın atası ilə anası bəzən aylarla bir-birləri ilə danışmırdılar.
Anası bir gün kiçik qızını götürüb evdən getdi.
Abdulla anasız darıxırdı.
Yeddi yaşı vardı.

Bir gün küçədə yerişindən anasına oxşayan çarşablı bir qadın gördü.
Qaçaraq onu qucaqladı.

Hönkürdü.

Bu qadın onun anası deyildi.
Amma o yad qadın çox kövrəldi.
Gedib anasını tapdı, ona əhvalatı danışdı.
Anası evə qayıtdı.

Söz-söhbət isə nəinki bitirdi, hətta alovlanırdı.
Söz-söhbət yaradanlardan biri də xidmətçiləri Məşədi Pəri idi.
Anasını Xorasana, İmam Rzanın qəbrini ziyarət etməyə o həvəsləndirdi.
Bu fikir anasının başına girəndən sonra ailədə yeni münaqişə ocağı yarandı.

Atası buna izn vermirdi.
Axırda məcbur qaldı.
Dəmiryolu ilə Bakıya gəldilər.
Abdulla da anasıyla idi.
O, Bakını, dənizi ilk dəfə görürdü.

Gəmi ilə Krosnovodskiyə, ordan qatarla Aşqabada, Aşqabaddan da faytonla Xorasana getdilər.
Faytonçu yol kənarındakı iri daşları göstərib deyirdi: “Bu daşlar da İmam Rzanı ziyarətə gedir”.
Anası Məşədi Pəriyə qoşulub hönkürürdü.

Molla Mustafanın qohumu Hacı Məmmədəligilə düşdülər.
O günlərdə Xorasanda vəba yayılmışdı.
Hər gün yüzlərlə adam vəbadan ölürdü.
Vəba sovuşana qədər evdən çıxmadılar.
Anası evdəki davalardan da, ərindən də bezmişdi.
Burda yaşamağa başladılar.

Abdulla Şaiq xatirəsinə yazdığı epiqrafda “keçmişin ağır, iztirablı günləri”ndən bəhs edir.
Onun elə ən iztirablı günləri burda idi.

Tiflis kimi bir şəhərdə böyümüş təhsilli bir uşaq üçün Xorasan çox darıxdırıcı idi.
Anasının geri qayıtmağa niyyəti yoxdu.
Burada qalmaq istəyirdi.

Evdəki söz-söhbət onu çox bezdirmişdi.
Atası onlara tez-tez məktub və pul göndərirdi.
Abdulla təhsilinə burada davam etməli oldu.
Buradakı təhsil Tiflisdəki kimi modern deyildi.
Falaqqa, çubuq metodu tam gücüylə işləyirdi.
Bir gün məktəbdə Abdulla uşaqlarla namaza durdu.
Səcdədən başını tez qaldırdı.

Burada səcdədə uzun dualar oxunurdu deyə, səcdə uzun çəkirdi.
Abdulla bundan xəbərsiz idi.
Hər əlinə iki çubuq vurdular.
Bundan sarsıldı, daha mollaxanaya getmədi.
Yusif Ziyanın məktəbinə getməyə başladı.

Bu məktəb mollaxanaya görə daha müasir idi, amma çubuq-falaqqa burada da vardı.
Atası isə dalbadal məktublar yazır, anasını geri çağırırdı.
Anası təkid edirdi.
Düz 5 il atasız yaşadılar.
Atası bir aylıq onlara baş çəkməyə gəldi.
Abdulla atasını qucaqlayıb hönkürtüylə ağladı.
Anası yumşalmırdı.

Həm ailədəki sıxıntılar, həm də Xorasandakı mühit Abdullanı çox sıxırdı.
Abdulla təbii ki, Azərbaycan dilini gözəl bilirdi.
Lakin doğma dilində təhsili az idi.
Farsca savadı daha mükəmməldi.

Krılovun təmsillərini on yaşlı uşaq ruscadan farscaya çevirirdi.
Bir gün müəllimi Yusif Ziyaya bu tərcüməsini göstərdi.
Müəllimi “Azərbaycanlı deyilsənmi”, - deyə, soruşdu.
Abdulla “bəli” cavabı verdi.

“O zaman Azərbaycan dilinə tərcümə elə”, - dedi müəllim.
Abdullanın azərbaycanca savadı az idi.
Ciddi-cəhdlə dilini öyrənməyə başladı.
Abdulla öz savadını daim artırmağa çalışırdı.
Ərəb dilini də öyrəndi.

Xatirələrində çox parlaq Xorasan mənzərələri vardı.
Xorasan bir Azərbaycan şəhəriydi.
İmam Rzanın qəbri burdaydı, buna görə şəhər çox dindar idi.
Bununla belə, hələ o dövrlərdə, XIX əsrin sonlarında şəhərdə gizli şərabxanalar vardı.
Tiryək çox geniş yayılmışdı.
Feodal zülmü pik həddəydi.
Heç bir qanun, qayda yoxdu.

Misal üçün, müctəhidin əmri ilə bir babinin (XIX əsrdə İranda meydana çıxmış yeni din - Q.T.) üstünə neft töküb küçədə yandırmışdılar.

Bu, Abdullanın gözləri qarşısında baş verdi.
Sonralar katolik kilsəsinin inkvizisiyaları haqda oxuduqdan sonra bu “Xorasan faciə”lərini xatırlayacaqdı.
Ailədəki problemlər isə davam edirdi.
Anası Tiflisə qayıdası oldu.

Abdulla isə təhisli davam etdirdiyi üçün 1 il sonra, 1900-cü ildə geri döndü.

Ailədəki münasibətlər daha da gərginləşmiş, atası yenidən evlənmişdi.
Anası öz günüsünə “qızım” deyə müraciət edirdi.

Amma iki arvad bir evdə necə söz-söhbətsiz yaşaya bilər ki?!

Yeni arvad uşaqlar da doğmuşdu.

Evi özü idarə etmək istəyirdi, çünki evin xanımıydı.
Anası da evi idarə etmək istəyirdi, çünki o da evin xanımı idi.
Belə qarışıq bir mənzərə....

Abdulla Şaiq bu travmaları da yaşayası oldu.
Amma o, indi daha uşaq deyildi.

Təhsilli idi, savadlı idi, 18 yaşı vardı.
Müəllim işləmək üçün Bakıya getdi.
Və ömrünün müstəqil illəri başladı.

Abdullanın Şaiqə qədər olan günlərinin müxtəsər tarixi bundan ibarətdir.


Müəllif: Qan Turalı