10 Fevral 2018 09:00
14 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com şair, tərcüməçi, şərqşünas–alim Nəriman Qasımoğlu ilə müsahibəni təqdim edir.

Son nəfəsinə İsa Hüseynov şahidlik elədi

- Uşaqlığınız Hüsü Hacıyev küçəsindəki (indiki Azərbaycan prospekti) “Yazıçıların binası”nda keçib. Səhv etmirəmsə, hazırda da orada yaşayırsınız. O bina, orada yaşayan qələm adamları, məhəllənin mühiti haqda nə deyə bilərsiniz?

- Bəli, indi də həmin binada yaşayıram. Vətən mənimçün maddi mənada, necə deyərlər, həmin binadan başlayıb. Uşaqlıq illərimdə Bakını müvəqqəti tərk edib haraya gedirdiksə, hətta o binanın içindəki pilləkənlərdən ötrü belə möhkəm qəribsəyirdim. İndi, əlbəttə, o hissiyyat xeyli korşalıb. Şəksiz ki, əsas səbəb o daş-divarı mənə məhrəm edən insanların artıq oradakı fiziki yoxluğudur. Amma inanıram vaxtilə o binanın sakini olmuş böyük ruhlar ara-bir öz mənzillərinə baş çəkir, həmin pilləkənləri qalxıb-enir. Anama həsr etdiyim bir şeirdə onun timsalında ruhların qonaq gəlib-getməsinə dair belə sətirlər var:

...Bu addım səsləri mənə bəllidi,

işdənmi qayıdıb gəlirdin yenə.

Doğma bir həsrətlə qulaq kəsildim

qapıya saldığın açar səsinə...

və yaxud:

Çıxırsan qapıdan əlim yellənir,

Allah amanında, yaxşı yol sənə!

Enirsən ehmalca pilləkənləri,

su səpir arxanca gözlərim yenə.

Binanın sakinləri Azərbaycanın tanınmış yazıçıları, şairləri idi. Ədəbi mühit barədə ümumi təsəvvür belədir və bu təsəvvür də təbiidir ki, burada müəyyən ziddiyyətlər baş verir. Amma bunu da təsəvvür edin ki, həmin insanların arasında olduqca məhrəm, mehriban münasibətlərdən başqa bir şey görmədim.

Qasım müəllimdən (Nəriman Qasımoğlunun atası, tanınmış alim-şair Qasım Qasımzadə nəzərdə tutulur – müəl.) yaşlı nəslin adamları da o binanın sakinləri içində: Abdulla Şaiq, Mirmehdi Seyidzadə, Ənvər Əlibəyli, Əhməd Cəmil... Yaş fərqlərinə baxmayaraq, bu insanlarla yaxın ailəvi münasibətlərimiz olub. Ənvər Əlibəylinin həyat yoldaşı Şövkət xanım mən uşaq vaxtı bir dəfə möhkəm xəstələnəndə hədsiz fədakarlıq göstəribmiş, anam bunu minnətdarlıqla xatırlardı. Televiziyada rejissor işləmiş oğlu Şahinlə də bağlı isti xatirələrim var. Zinyət xanım Əlizadə qardaşım Xansuvara süd analığını da edibmış. İlk vaxtlar qapı qonşumuz Bəxtiyar Vahabzadə olub. Bir müddət sonra binadan başqa yerə köçənlərin hesabına bir neçə ailənin imkanı oldu ki, mənzil şəraitini yaxşılaşdırsınlar və biz də 3 otaqlı mənzildən 4 otaqlıya köçdük, İsa Hüseynovla qonşu olduq. O bina ilə bağlı uşaqlıq xatirələrim Bəxtiyar Vahabzadə və övladları ilə assosiasiya edilirsə, sonrakı illərdə gündəlik olaraq qarşıma çıxıb hal-əhval tutan İsa Hüseynov olub.

İlyas Əfəndiyev, Elçin, Əliağa Kürçaylı, Zeynal Xəlil, Kamal Talıbzadə, Məsud Əlioğlu, Salam Qədirzadə, Qabil, İsi Məlikzadə, Bayram Bayramov, Mübariz Əlizadə, Hüseyn Arif, Tələt Əyyubov, Əmir Mustafayev, Qabil, İsmayıl Şıxlı, Məmməd Əkbər, Yusif Vəzir Çəmənzəminlinin övladları Fikrət və Orxan Vəzirovlar, Ənvər Yusifoğlu, Əkbər Ağayev, Hüseyn Abbaszadə... Bu insanların hərəsi bir dünya idi. 90-cı illərdən etibarən şəxsən daha çox Kamal Talıbzadə, İsa Hüseynov və Hüseyn Abbaszadə ilə ünsiyyətdə olmuşam.

Bina və balkon qonşumuz bəstəkar Xəyyam Mirzəzadə də ayrı bir aləmdir. Onun Qasım müəllimlə başlayan dostluğunun mənimlə, oğlum Türkərlə münasibətlərində naxışlı bir yeri var.

Bir də bunu mütləq qeyd etməliyəm. Həmin binanı birinci mərtəbəsində yerləşən “Yazıçılar poliklinika”sız təsəvvür edə bilmirəm. Binamıza tamlıq gətirən həm də o poliklinikanın varlığı idi. Həkimlərdən Məsumə xanım, Lətafət xanım, Zibeydə xanım, tibb bacıları Aliyə xanım, Səfurə xanım, Əntiqə xanım və başqaları yazıçıların bir növ doğmalarına çevrilmişdilər.

- İsa Hüseynov haqqında xeyli sirli məqamlar danışılır. O, əsərlərində, xüsusilə “İdeal”da qapalı dünyasını açıqlayıb. Bir binada yaşadığınız, qapı qonşusu olduğunuz yazıçını necə xarakterizə edərsiniz?

- İsa Hüseynov sevdiyim yazıçıdır. Əsl yazıçıların özlərinə xas qeyri-adilikləri də təbiidir. Yazıçını, şairi yazıya sövq edən elə qeyri-adilikləridir. Bilirəm nəyə görə soruşursunuz, İsa müəllimin fərqli xüsusiyyətləri mətbuatda çox müzakirə olunub. Söhbət ondan gedə bilər ki, İsa müəllim iç dünyasında baş verənləri qapalı saxlamayıb, hər zaman yazılarında da, müsahibələrində də, elə sizin istinad verdiyiniz “İdeal”da da açıqlayıb. Və mənimlə də şəxsən bölüşüb. Hər zaman diqqətlə onu dinləmişəm, pozitiv energetikası rahatlıq gətirib mənə.

Uzunmüddətli qürbət səfərlərinə yollananda onun və xanımı Firuzə xalanın xeyir-duası ilə yola çıxmışam. Ötən əsrin 90-cı ilində, ictimai-siyasi təbəddülatların kəskin məqamında “İki doğum günü” başlıqlı ilk şeir kitabım çıxmışdı. Ona təqdim etdim. Bir müddət sonra qapımızı döyüb ürək sözlərini yazdığı kağızı mənə uzatdı. İsa müəllimin o anı yaddaşımda belə qalıb ki, sevinc daşan gözlərindəki təbəssüm yanaqlarına yayılmışdı... Öz xəttilə yazdığı kağızı da həmin anın sənədi kimi arxivimdə saxlayıram. Yazdığından belə anladım ki, kitabda milli ruhumuzu korşalmağa qoymayan sətiraltı eyhamlardan xoşu gəlmişdi və mənə şəxsən ürək sözlərini də bu məzmuna aid edib yazmışdı.

Bir də məndən ötrü olduqca məhrəm xatirədir ki, Qasım müəllim bu dünya ilə vidalaşdığı son dəqiqələrdə yanında mən idim, doğmaları idi və birdən qapımızın zəngi çalındı, İsa müəllim içəri keçib Qasım müəllimin yataq otağına daxil oldu. Onu çağırmamışdıq, özü gəlmişdi. Və bunu, sözün açığı, çoxlarının qəribəlik kimi qəbul etdiyi ekstrahəssaslığının aşkar bəlirtisi olaraq qəbul etdim.

“Göylərlə danışıb yazıram” deyirdi... Dediklərində həqiqət payı olmamış deyil. Böyük əsərlər adi məişət davranışı ilə qolboyun adamların qələmindən çıxa bilməz.

- Bəzən ataların münasibətləri ilə övladlarınkı fərqlənir. Həmin binada Qasım müəllimin soyuq olduğu yazıçılarla, yaxud onların övladları ilə siz necə yola gedirdiz?

- Qasım müəllimin bəxtinə düşən xoşluqlardan biri onun gözəl xasiyyəti idi ki, hamı ilə yaxşı münasibətdə olub. Burada yalnız müvəqqəti umu-küsüdən söhbət gedə bilər ki, bunun da ardınca gələn münasibətlər daha məhrəm məzmun qazanırdı. Onu da deyim ki, yazıçı övladları öz aralarında münasibətlərini qətiyyən atalarına görə qurmurdular, hərçənd atalarının yaxşı mənada sərgilədiyi gözəl nümunə də ortada idi.

İndi gülməli gəlir, əlbəttə, bunu da xatırlayıram, hələ yetkinləşmədiyimiz çağlar idi, bəzən nadincliyimiz tuturdu, şit zarafatlarla bir-birimizi əyləndirirdik, bir-birimizin atalarına öz aramızda “ayamalar” qoşduğumuz da olurdu və bundan incimirdik də. Başqalarına baxanda azad ruhda böyüyürdük. Və heç şəksiz, bunda valideynlərimizin də, həyətdə özümüzün formalaşdırdığımız mühitin də, hər zaman futbol oynamaq üçün həyətimizə dəvət etdiyimiz ətraf məhəllələrin uşaqlarının da rolu var idi.

Yazıçılar evi (yuxarı məhəllələrin uşaqları bu binaya “şairlər evi” deyirdilər) həyətinin öz cazibəsi var idi desəm, yanılmaram. Məsələn, binamıza bitişik bəstəkarlar evində böyüyən yeniyetmələr də bizimlə dostluğa can atırdılar. Süleyman Ələsgərovun oğlu Əyyub həyətimizin tamhüquqlu üzvü idi. Binamıza bitişik başqa bir ev “alimlər evi” idi. O evin yetirməsi indi Rusiyanın məşhur biznesmenlərindən biri Araz Ağalarovun uşaqlığı bizim həyətdə keçirdi. O da həyət dostlarımızın içində idi, solaxay olduğuna görə ona “Levşa” deyirdik, yaxşı futbol oynamağı vardı.

Bir dəfə mənə sap burumu taxtasından özügedən traktor oyuncağı düzəltməyi öyrətmişdi, mən də bu innovasiyanı ötürmüşdüm tanıdığım bütün yaşıdlarıma.

- Ən yaxın dostunuz kim idi?

- Dairəmiz geniş idi deyə, açığı, hamını özümə yaxın bilirdim. Əlbəttə, bu da təbiidir ki, yaşca yaxın olanlarla ünsiyyətim daha çox olurdu: Əhməd Cəmilin oğlu Eldar, haqqında danışdığım “Levşa”, Məsud Əlioğlunun övladı Arazla (Vəliyev familiyasına görə ona “Vəliyovski” deyirdik) yaşıd idik. Yaşca məndən böyüklərlə də gözəl münasibətim vardı. Adlarını çəkim, sağ qalanları xatirələrə qərq edim, dünyasını dəyişmişlərin də ruhları şadlansın: Mübariz Əlizadənin övladları Zərdüştlə Araz, Bayram Bayramovun övladları Fəxrəddin, Tahir, Şahin, Bəxtiyar Vahabzadənin övladları İsfəndiyarla Azər, Zeynal Xəlilin övladları Rzayla Etibar, İsmayıl Şıxlının övladları Elçinlə Fərrux, 37-ci il repressiya qurbanlarından olan Hacıbaba Nəzərlinin nəvəsi Elik, Əliağa Kürçaylının oğlu Ülfət, Salam Qədirzadənin oğlu Ruslan, Qabilin oğlu Mahir, Əkbər Ağayevin övladları Məmmədlə Elman, Məmməd Əkbərin oğlu Rövşən, Ənvər Yusifoğlunun övladı Yusif, Kamal Talıbzadənin oğlu Şaiq.

Binanın yazıçı olmayan yeganə sakini Manaf Ələsgərov idi, bina tikilməmişdən bu ərazidə yaşayırmış. Övladı Cabbarın da sadaladıqlarımım içində öz yeri var. Hamısı – onların bacıları, eləcə də valideynləri mənə əziz insanlar olub.

...90-cı illərin ortalarında işsiz vaxtlarım idi, bir dəfə Kamal Talıbzadə həyətdə məni görüb dedi, həqiqi sözümdür, bilirəm qürurlu oğlansan, vallahi ki, səndən ötrü prezidentə qədər istənilən adamın qapısını döyməyə hazıram, sən sadəcə mənə “hə” söylə. Kamal müəllimin doğmalarının dediyinə görə, vəfat etməzdən öncə də mən sarıdan narahatlığını ara-sıra dilə gətirirmiş.

- Rəhmətlik Xəlil Rza da o binada qalırdı?

- Xeyr, Qasım müəllimlə EA-nın Ədəbiyyat institutunda bir yerdə işləyirdilər. Çox yaxın münasibətdə idilər. Qardaşım Fəxrəddinin 1984-cü ildə faciəsini yaşadığımız günlərdə ona böyük doğmalıqla silsilə şeirlər həsr etdi. Həmin şeirlər “Davam edir 37...”də dərc edilib. Dünyasını vaxtsız dəyişmiş bir gənci şəxsi ağrısı kimi ağlayan şairin nəhayətsiz insansevərliyi ilə yolunda can qoyduğu millətin fədaisi olmaq böyüklüyü arasında məhrəm bir əlaqəni də görməmək mümkün deyil... Qardaşım rəhmətə gedəndən sonra hər cümə axşamı Xəlil Rza ona ağılar yazırdı.

Xəlil Rza xatırlanırkən istər-istəməz milli dərdlərimiz yada düşür. Və bu mənada yeri gəlmişkən, bir maraqlı məqamı da qeyd edim. Yazıçılar o zaman bir-biri ilə, elə başqaları ilə də telefonla danışanda bəzən eşidirdin deyirdilər: “Telefon söhbəti deyil...” Dəqiq bilirdilər ki, o binadakı telefon danışıqlarını KQB dinlətdirir.

Və mən də bunu eşidəndə dəqiq bilirdim ki, söhbət millət məsələsindən, yaxud o dövrə görə hansısa müxalif bir mətləbdən gedir. Dərdlərini həyətdə, dənizkənarı gəzintilərdə rahatlıqla bölüşürdülər.

80-ci illərin əvvəlləri olardı. Bir dəfə Qasım müəllimi maşınla iş yerinə aparırdım. Hüseyn Abbaszadənin də gedəcəyi yer vardı, bizə qoşuldu. Maşında birdən deyəsən ki, Qasım, sənə bir xoş xəbər deyim, Türkiyədə, deyəsən, neft yataqları tapılıb. Hüseyn müəllim yaxşı mütaliəçi idi, oxuduğu qəzetlərin birinə istinadən bunu deyirdi. Qasım müəllim də qayıdasan ki, ay səni xoşxəbər olasan... Hüseyn müəllim maşından enəndən sonra Qasım müəllimə gülə-gülə dedim, sən də lap ağını çıxartdın, pantürkizmin də dərəcəsi var, daha bu qədər də olmaz, heç Bakı neftinin sənə dəxli yoxdur, o ki qala Türkiyədə hələ yeri-yatağı bəlli olmayan neftin! İkimiz də güldük. Dedi, zarafat bir yana, millətimizin gələcəyindən ötrü bizə Türkiyənin qüdrətli olması çox vacibdir...

Türkiyədən söz düşmüşkən, 1968-ci ildə Azərbaycan yazıçılarından ibarət böyük bir dəstə oraya birlikdə turist kimi getmişdi. Dəstədə binamızda yaşayanların əksəriyyəti təmsil olunurdu. Sovetlərin dövründə, xaricə çıxışların olduqca məhdud olduğu bir dönəmdə Azərbaycandan bir qrup ziyalıya imkan yaratmışdılar ki, qardaş ölkəni turistlər qismində birgə ziyarət etsinlər. Türkiyə sevdalısı Qasım Qasımzadə həmin səfərdən bol təəssürat və silsilə şeirlərlə qayıtdı.

Qayıdan kimi dərhal “On günün təəssüratları” yazısını qələmə aldı və “Azərbaycan gəncləri”nin ardıcıl olaraq on-on beş sayında dərc etdirdi. Sovet dövründə Türkiyə həqiqətlərini azərbaycanlılara öz ətraflı qeydlərilə müjdələyən Qasım Qasımzadənin bu yazısını o zaman demək olar, oxumayan qalmadı, oxucular səhərlər növbəyə dayanıb qəzet köşklərindən 2 qəpiyə satılan “Azərbaycan gəncləri”ni alırdılar. Türkiyə silsiləsindən yazıdığı şeirlərdə belə misralar var:

Bosfor sahilinə düşdü güzarım,
Nağılmı, röyamı bilə bilmədim.
Çoxaldı sevincim, artdı məlalım,
Ağlaya bilmədim, gülə bilmədim.

Sevincinin səbəbi dəmir pərdələr arxasından Türkiyə ilə vüsalıdırsa, məlalı bu vüsalın qısa müddətdə başa çatacağı ilə bağlıdır...

Onu da xatırlayıram ki, İsa Hüseynovun uzun müddət övladı olmurdu. Türkiyədən qayıdandan bir müddət sonra Sevinc dünyaya gəldi. Anam danışırdı ki, İsa müəllimin həyat yoldaşı Firuzə xanımla Türkiyədə məşhur məscidlərin birinə gedib orada dua edibmişlər. Sevincin dünyaya gəlişini İstanbulda edilən duanın müstəcəb olması ilə bağlayırdı anam.

Vaqif Bayatlının təkidi olmasaydı...

- Nəriman müəllim, sizin mühit, hətta yaşadığınız bina dinə münasibətiniz baxımından əlverişli deyildi. Genetik amil də nəzərə çarpmır...

- Ailədə dini təlimatla böyüməmişik. Qasım müəllimin aşkarlamadığı dindarlığı da vardı. Bunu hiss etdirmirdi, amma gizli də deyildi. Bunu da deyim, inanc genlə ötürülən bir nəsnə deyil axı. Təxminən 5 yaşım olardı, böyüklər evdə deyildi, qardaşlarımla televiziyaya baxırdıq. Kiminsə dəfn mərasimini göstərirdilər, məni fikir götürdü, görəsən, insanın ölümü nə deməkdir? Anam qayıdan kimi ondan cavab istədim. Güldü, məni fikrimdən yayındırmağa çalışdı... Zamanla ilahi varlığa imanım təbii yolla, heç bir kənar təsir olmadan gəlişməyə başladı və möhkəmləndi.

Hətta bir dəfə məktəbdə ictimaiyyət fənnindən dərs deyən müəllimimə demişdim, mənə şərait yaradın, söz verin, bu uşaqların qarşısında hamı üçün Allahın varlığını sübut edim. Müəllim qayıtdı ki, heç səndən gözləməzdim. Yəni sovet məktəbinin əlaçı şagirdi hara, qadağan olunmuş belə bir mövzunun dilə gətirilməsi hara... Amma doğrusunu deyim, heç xatırlamıram, o zamankı məktəbli ağlımla Allahın varlığını sübut edə bilən hansı arqumentə əsaslanacaqdım.

- Şərqşünaslığı seçməyiniz Qasım müəllimin arzusu idi?

- Yox. Bu, elə mənim öz istəyimə bağlı idı. O vaxt Azərbaycandan xaricə çıxış Şərq dillərini öyrənməklə mümkün idi. Dövlət universitetinin 3-cü kursunda oxuyanda bir ara ərəb dili müəllimimizi yazıçı Anarın bacısı Fidan xanım əvəz etmişdi. Bizə məsləhət gördü ki, ilkin mənbədən olan mətnlərin tərcüməsi ilə məşğul olaq. O zaman Qurandan bəzi ayələrin, ərəb hekayələrinin də olduğu bir mətn əlimə keçdi. İlk dəfə onda Qurandakı qısa surələri tərcümə etdim. Həmin dəftəri indi də saxlayıram, arasında suçəkən var, yazanda diyircəkli qələmdən yox, şiş uclu dəmir qələmdən istifadə etmişəm.

Sadəlövhcəsinə elə düşünmüşəm ki, müqəddəs mətndirsə, tərcüməsini yazanda da xəttin gözəl olmalıdır. Uzun müddət o yazıya yaxınlaşmadım, dəftərlərimin arasında öz ömrünü yaşadı. Bir dəfə Liviyada tərcüməçi işləyəndə kitab dükanından Quran aldım, ürəyimdən keçdi, görəsən, nə vaxtsa bunu tərcümə edə biləcəyəmmi?

Dostum Vaqif Bayatlının təkidi olmasaydı, bəlkə də heç vaxt mümkün olmazdı. “Xəzər” jurnalının baş redaktoru olanda dedi, gərək boynuna götürəsən, ərəbcəni yaxşı bilirsən, bunu səndən yaxşı edən olmayacaq. Yəni, bu işə Vaqif Bayatlı bir növ vəsilə oldu.

- 90-cı illərdə siz səfirlikdə işləmirdiniz?

- 1984-86-cı illərdə Moskvada SSRİ EA Şərqşünaslıq institutunda təcrübə keçirdim, elmi işçi idim, dissertasiya yazırdım. Bir məqamı deyim. O zaman Qasım müəllim məni qınayırdı ki, özün şərqşünassan, ərəbcəni bilirsən, xeyli imkanın var millətinin tarixinə, ədəbiyyatına dair maraqlı faktları ərəbdilli qaynaqlarda üzə çıxarasan, amma düşmüsən Fələstin probleminin arxasınca.

Sözün açığı, həm tarix, həm siyasi elmlər aspektindən problemin dərin qatlarına da getmişdim, Moskvada ciddi nəşrlərdə yazılarım dərc edilirdi, sovetlərdə fələstinşünaslıq sahəsində 4-5 mütəxəssis, alim vardısa, biri də mən idim. Bu sahədə məni ciddi elmi karyera gözləyirdi...

- Bir müsahibənizdə demişdiz: “Şərq nağıl və əhvalatlarına görə bizim təsəvvürlərimizdə sirli aləm kimi yaşayırdı”. O aləmin içərisinə daxil olandan sonrakı təəssüratlarınız çox maraqlıdır.

- Ərəb ölkələrinə gedib orada işləyəndə bu qənaətə gəldim ki, Azərbaycan müstəqil olsa, çox inkişaf edər. Şərqdə ənənələrin geriliyi, təhsilin aşağı səviyyədə olması halları ilə qarşılaşdım. Sovet cəmiyyətindən çıxmış, sovet təhsili görmüş biri üçün bu, qəribə hal idi. Mənə ancaq Şərqin etnoqrafik, ekzotik tərəfindən qidalanmaq qaldı. Bu mənada sirli nəsə gördüyümü deyə bilmərəm, reallıqlar uşaqlıqda təsəvvür etdiyim nağıllar aləmini dağıtdı.

- Yəqin ki, Moskva radiosunda diktorluq etməyinizin də qəribə tarixçəsi var.

- Əvvəl onu deyim ki, Bakıda da ərəb dili üzrə diktor işləmişəm bir müddət. Moskvada dissertasiya yazırdım, bəzi maddi sıxıntılarım vardı, bir gün fikirləşdim Moskva radiosuna müraciət edim, saat hesabı işləyib pul qazanaram. Onlara zəng etdim, çağırdılar. Bir mətn verdilər, oxudum. Təsəvvür edin, tanışsız-filansız və heç kimin zəmanəti olmadan məni işə götürdülər.

“Səsin mikrofona çox münasibdir, tələffüzün də əla” dedilər. İşə başladım. Kişi səsləri milliyyətcə ərəb, qadın səsləri rus olan diktorların sırasına qatılanda kollektivdə bunu həm də o mənada qiymətləndirmişdilər ki, ərəb olmayan, “sovet” olan yeganə kişi səsi mənimki idi. Təbii ki, efirdə çıxışıma “hunə musku, dəru-l-izəati-s-sufyitiyyə” (“Bura Moskva, sovet verilişləri evi”) ifadəsi ilə başlamalı olurdum. Verilişlərin çoxu öncədən yazılırdı. Bir dəfə çaşaraq Bakı vərdişim üzrə “Hunə məhattatu Bəku, dəru-l-izə’ati-l’əzərbəycəniyyə” dedim, çıxışımı saxladılar, gülüşdülər və dedilər yaxşı ki, birbaşa efirdə deyilsən...

Bir müddətdən, əslində, təxminən bir ildən sonra gördüm başım diktorluğa, orada çalışan əməkdaşlarla dostluğa elə qarışıb ki, dissertasiya-filan yaddan çıxıb. Məsuliyyət hissi mənə güc gəldi, düşündüm gərək oradan ayrılıb elmi işimə qayıdım. Demə, radioda ərəb verilişləri rəhbərliyinin də fikri varmış məni ştata götürsünlər, qalım Moskvada, onlarla işləyim. Niyyətimi biləndə çox heyfsiləndilər...

Cazibəsi məni özünə çəkdi

- Sosial şəbəkədə öz şeirlərinizlə yanaşı, Anna Axmatovadan tərcümələrinizi də paylaşırsınız. Yaxşı tərcüməyə rast gələ bilməyib içinizdəki etirazı bu formada nümayiş etdirirsiniz, yoxsa başqa səbəbləri var?

- Yazıya şeirlə başlamışam və demək olar ki, şeir məni heç vaxt tərk etməyib. Lap elmi yaradıcılıqla məşğul olduğum dönəmdə də imkan tapıb şeirə qayıtmışam. Ancaq bu da var ki, 90-cı ildə çıxan kitabımdan sonra daha şeir kitabı nəşr etdirmədim. Halbuki sonralar az yazmamışam və indinin özündə də yazıram.

- Səbəbini bilmək olarmı?

- Belə deyə bilərəm, yəqin elə belədir də: şeirə, yazıya tələbkarlığımla, yazdıqlarımın təbliğinə biganəlik arasında bir paralel var. Axmatovanın şeirlərinə gəlincə, onun yaradıcılığını orijinalda oxuyurdum. Şeirlərinin tərcüməsinə məni sövq edən, sözün açığı, bir də bu oldu ki, indiki gənclərə, necə deyərlər, “ustad dərsi” verim. Ona görə də həmin tərcümələri bilərəkdən orijinalları ilə birgə təqdim etdim.

Çünki ara-sıra elə zəif, elə istedadsız tərcümələrə rast gəlirdim ki, düşündüm poetik tərcümədə də nümunə göstərməyə ehtiyac var. Çünki bizdən əvvəlkilər yaxşı nümunələr qoyub gediblər, qoy indikilərə də yaxşı nümunələri biz göstərək. Annadan bir-iki tərcümə edəndən sonra ayrıla bilmədim, onun 20-dən çox şeirini, bəzi başqa əcnəbi şairlərdən də nümunələri dilimizə çevirdim.

- Kimin tərcümələrini oxuya bilirsiniz?

- Vaxt qıtlığından oxuya bilmirəm... Bəzən göz gəzdirəndə, vərəqləyəndə dəhşətli dərəcədə qüsurlu tərcümələrlə qarşılaşmalı olursan. Nəsr tərcümələrinin də əksəriyyətini qənaətbəxş hesab etmək olmur, ümumiyyətlə. Tərcüməni əslində yazıçı eləməlidir. Bədii mətni olmayan şəxs tərcüməyə girişəndə, əlbəttə, yazdıqlarının qüsurları üzdə olur. Vilayət Rüstəmzadənin, Natiq Səfərlinin tərcümələri yada düşür. Necə də gözəl dilləri var idi o tərcümələrin.

- Belə bir fikriniz var, Füzulinin Qeysi İsa Məsihin prototipidir...

- Bəli. Qeysin dünyaya gəlişinə aid misralara fikir verin. Qeysin doğulmasının “Ədəm”dən (bu söz hərfən “yoxluq” mənasını verir) pak bir oğlan uşağı dünyaya gəlir. Və bu uşağın həm kamil gözəlliyi var, həm də idrakı körpəliyindən İsa kimi kamildir:

Əlqissə, ədəmdən oldu peyda
Bir tifli-müzəkkərü müzəkka.
Xurşid kimi kəmalə qabil,
İsa kimi tiflilikdə kamil.

Sonra təsvir belə davam edir ki, körpə doğulan andan öz halını anlayır. Gələcək aqibətini elə o andan dərk edərək fəryad çəkir. Bu məqamda Füzuli özü müəllif kimi Qeysin hüznünə belə bir izah verir:

Yəni ki, “vücud dami-qəmdir,
Azadələrin yeri ədəmdir”.

Körpə Qeysin fəryadının səbəbi öncəgörməsidir ki, cəmiyyət onu qəbul etməyəcək. Bibliyanın Yeni Əhd kitabında İsa Məsihin ağlaması səhnəsi var. Bu o zamana təsadüf edir ki, Qüdsə daxil olur, hamı sevinc içində deyib-gülür. Az müddətdən sonra yaxınlarından olan İuda onu satacaq, Pyotr danacaq, Ponti Pilat dini şuranın başçısı Kaiafanın Məsihə ölüm cəzası kəsdirməsi təkidlərilə razılaşacaq, kütlənin içindən səslər gələcək: “Onu çarmıxa çəkin”...

Füzulinin tapındığı Quranda İsa Məsihə aid belə qəbuledilməzlik məsələsinin ayrıntıları vurğulanmır. Çarmıxa çəkilməsi isə ümumiyyətlə istisna edilir. Füzuli körpə Qeysin fəryadının ardınca onu İsa Məsih kimi danışdırır və müəllifin bu ədəbi priyomu İsanın çağalıqdan dil açıb danışması möcüzəsilə assosiasiya yaradır. Əlbəttə, İsa Məsihin körpə ikən dil açıb danışması, eləcə də digər möcüzələri onu uca tutan Quran ayələrində də zatən yer alır. Ancaq Qeysin dilindən səslənən sözlər İsa Məsihin məhz xristian qaynaqlarında ifadə olunan missiyasına oxşar bir məzmunu ifadə edir.

Xristian təliminə görə, Adəmin suç işlətməsilə bəşəriyyət əbədi bir günah içindədir. Hətta körpənin dünyaya göz açdığında ağlaması da xristianlarda dini baxımdan bu ibtidai günaha aid bilinir. İnsanlar əbədi xilasa nail olmaqdan ötrü və günahlarının bağışlanması naminə İsa Məsihin adıyla tövbə edib saleh əməllərdə bulunmalıdırlar. Quranda isə onun missiyası fərqli məzmundadır.

Dünyaya təzəcə göz açan Qeys hal diliylə belə deyir:

... Ey, cəfaçı dünya!
Bildim qəmini sənin ki, çoxdur,
Qəm çəkməyə bir hərif yoxdur.
Gəldim ki, olam qəmin hərifi,
Gəl, təcrübə eylə mən zəifi!
Hər qanda qəm ola, qılma ehmal,
Cəm eylə, dili-həzinimə sal!
Həm ver mənə qəm yemək kəmali,
Həm aləmi qəmdən eylə xali!

Beləcə Füzuli İsa Məsihin bütün insanlığın günahlarını öz üzərinə götürməsilə Qeysin dünyanın bütün qəmlərini öz üzərinə götürməsi arasında məhrəm bir paralel aparır. Füzuli mühafizəkar müsəlman ola-ola baş qəhrəmanını xristianlığın İsa Məsihi obrazında təqdim edir.

Quranın Budapeştdə tərcüməsi...

- Azərbaycan dilində sizinki də daxil olmaqla Quranın 4-5 tərcümə variantı var. Öz çevirmənizi çıxmaq şərtilə, hansını oxuyursunuz?

- Açığı oxumuram... Sadəcə, bir-iki dəfə vərəqləmişəm. Hərəsinin öz məziyyəti var. Məsələn, Tariyel Həsənovun Məmmədhəsən Qənioğlu ilə birgə tərcümə etdikləri Quran da son illərdə bu tərcümələr sırasına daxil olub, hərçənd Tariyel müəllim bu işə bizim hamımızdan əvvəl başlamışdı.

- Hətta Vasif Məmmədəliyevdən də öncə?

- Mətbuatda tam halda dərc olunan ilk tərcümə mənimki idi. Bayaq qeyd etdim, 80-ci illərin sonundan etibarən Vaqif Bayatlının redaktoru olduğu “Xəzər” jurnalında hissə-hissə çıxmağa başlamışdı. O vaxt artıq Tariyel müəllim öz tərcüməsinin qaralama variantını bitirib İraqa işləməyə getmişdi. Daha əvvəllər isə Şərqşünaslıq İnstitutunda şöbə müdiri işləyirdi. Mən də həmin şöbənin əməkdaşı idim. Hamımız şahid idik ki, şöbədə öz masası arxasında tərcümə üzərində necə işləyir. Ancaq taleyinin gərdişi, ailəsində yaşanan faciə, eləcə də digər səbəblərdən dolayı öz tərcüməsini çox gec, 2000-ci ildə üzə çıxardı.

Yeri gəlmişkən, onu da deyim ki, artıq Quranın yeni tərcümə variantını hazırlamışam, yaxınlarda çapdan çıxacaq.

- Bir şəxsin eyni mətni bir neçə dəfə tərcümə etməsi nə dərəcədə məqbuldur?

- Rəhmətlik İsa Hüseynov əvvəl yazdıqlarından imtina edən kimi, deyəsən, məni də oxşar məzmunda iş gördüyümü hesab edib düşünə bilərsiniz ki, bu da əvvəl yazdığından imtina edir. Əvvəlki tərcümənin xeyli oxucusu var, yenisinin də öz oxucuları olacaq. Müəllif kimi ikincilərin yanında olacağam, təbii.

- Eyni zamanda tənqidçiləri də olacaq...

- Əlbəttə. Yeni variantla razılaşmayanların sayı daha çox ola bilər.

- Nədən Quranı yenidən tərcümə etmək qərarına gəldiz?

- Birinci tərcüməni müxtəlif təfsirlərin təsiri altında eləmişəm. Onda mən hələ özümə etibar etmirdim. Orada ifadə olunan bütün fikirlər təfsirçilərindir, mənə aid olan yalnızca yazı dilidir. Zaman keçdikcə, ilahiyyat səpkisində araşdırmalarımı dərinləşdirdikcə xeyli mətləblərin yenidən və bir çox hallarda tamamilə başqa prizmadan ifadəsinə ehtiyac gördüm.

Yeni tərcümə variantında yeniliklərdən biri ondan ibarətdir ki, çalışmışam bədii tərcümə üslubu ilə sözbəsöz tərcümə variantının mümkün qədər sintezinə nail olum. Bu, ilk baxışdan olduqca çətin və mürəkkəb görünən bir yaradıcılıq işidir. Bunun oxunaqlığında kimlər üçünsə problemlər yarana bilər, əsas üstünlüyü odur ki, oxucu tərcüməçinin subyektiv mövqeyi ilə üz-üzə qalmır, öz dərrakəsi çərçivəsində ilahi informasiyadan aldığı qənaətlərini bir çox hallarda özü müəyyənləşdirmək, imanını kamilləşdirmək imkanı qazanır, təfəkkürünü inkişaf etdirir və bu işdə müəllifin əməyi ona sadəcə çılpaq və oxunaqlı bir informasiya kimi kara gəlir, Tanrı-insan münasibətlərində, necə deyərlər, vasitəçisizliyi – dinimizin bu başlıca prinsipini təmin edir.

- Quranın yeni tərcüməsini nə zaman oxucuların ixtiyarına verəcəksiz?

- İnşallah, yaxın zamanda.

- Sizə dindar deyəndə xoşunuza gəlirmi?

- Bu söz daha çox mövhumatla, tarixi-ənənəvi şəriət adət-ənənələri ilə assosiasiya olunur, mövqeyim də bu məsələlərdə aydındır və doğrusu, heç eşitməmişəm ki, mənə dindar desinlər. İnanclı, imanlı deyənlər, məncə, daha çox olar.

- Quranın dərinliyinə endikcə insanın imanı artır, yoxsa şübhələri? Ümumiyyətlə, hansısa dövrlərdə şübhələriniz olubmu?

- İmanı artır, əlbəttə. Elə mətləblərlə üzləşirsən ki, pakistanlı fizik, Nobel laureatçısı Əbdu Salamın sözlərilə deyim, iman etməkdən başqa çarən qalmır. Maraqlı bir epizodu xatırladım sizə. Quranı ikinci dəfə tərcümə edəndə altı ay Budapeştdə mehmanxanada tək yaşadım. Bu, yaradıcı adam üçün ideal şəraitdir. Kağıza yazırdım əvvəl, birbaşa kompüterdə yazmağa hələ öyrəncəli deyildim. Vərəsəlik məsələsinə dair ayələri tərcümə edərkən dayandım, qələm götürüb kənarda özüm üçün riyazi hesablama aparmağa başladım.

Dəqiq yadımda deyil, riyazi hesablamanı hansı qaydada aparırdım, amma görürdüm nə isə nəticə düz alınmır. İnternetdə də buna dair axtarış verdim, Quran əleyhdarları da vərəsəlik məsələsinin riyazi hesablamaya düz gəlməməsini vurğulayırdılar. Bir anlıq məni qəribə, anlaşılmaz duyğular bürüdü. Bədənimdən elə bil cərəyan keçdi. Qəribədir ki, kompüterimin ekranı da söndü bir anlığa. Şəkk gətirməmişdim, təbii. Amma deyim ki, özümdə də deyildim. Oturmuşdum masama yaxın çarpayıda, bir də baxdım ekran qayıdıb yerinə.

Yenidən başladım hesablamağa, nəticə dəqiq alındı. Özümü sınağa çəkilmiş kimi hiss elədim o zaman. Və xoş duyğulara sarılıb yazıma davam etdim.

Rasionallığa istinadən elmi və dini bir-birinə zidd qələmə verənlərin məntiqi məndən ötrü, olduqca bəsitdir. Ona görə ki, müqayisəyə gətirilən müqəddəs mətnlərin məntiqi deyil, tarixi-ənənəvi adətlərin və təsəvvürlərin gəlişdirdiyi və din adına qəbul edilən nədirsə, odur.

Əbdu Salam deyir ki, mən insan beynində on milyarda yaxın hüceyrənin varlığını görəndən sonra iman etməkdən başqa çarəm qalmadı. Və müsəlman dövlətlərinin başçılarına təklif edir ki, məscid tikintilərinin sayını artırmaqdansa, milyardlarla sərmayəni fundamental elmlərin inkişafına yönəltsinlər.

Yoldaşım ibadətlərinin birini də buraxmaz

- Kənardan həlimxasiyyətli birinə bənzəyirsiniz. Hansı anlarda mühafizəkar yönünüz ön plana çıxır?

- Peşə, sənət məsələlərində, deyəsən, çox tələbkaram. Bəzən Feysbukda rastıma çıxan hansısa yaxşı şeiri zövqlə oxuya-oxuya hazırlaşıram ki, “bəyənirəm” işarəsini qoyum, bir də baxıram, tək bircəcik söz, misra, yaxud obraz yerində deyil, dilxor oluram, həmin o yaxşı şeir gözümdən düşür. Bəlkə də yaxşı xüsusiyyət deyil. Qasım müəllim mənə arabir zarafatla deyirdi, həyata qara eynəklə baxırsan, hər şeyi tənqid edirsən.

- Bəs ailədə necəsiniz?

- Övladlarıma mühafizəkar deyiləm. Mənə heç “ata”, ya “papa” da demirlər, məni öz adımla çağırırlar. Aramızda indi valideyn-övlad münasibətindən daha çox dost münasibətləri var.

Qızım da, oğlum da sənət adamlarıdır. Türkər bəstəkardır. Qızım Amerikada müasir musiqi ifaçılığı üzrə ikinci magistratura təhsilini alır. Əvvəl Bakıda, sonra Norveçdə oxuyub.

- Müsəlman adət-ənənəsindən irəli gələrək onları inanca yönəltmisiniz?

- İmanlıdırlar. Yönəltməmişəm. Suallar veriblər, cavablandırmışam, görünür, onları qane edə bilmişəm, ya da özləri öz fikirlərilə baş-başa qalıb öz qənaətlərini sərbəst gəlişdiriblər. Yəni dəqiq deyə bilmərəm.

- Hər halda qız örtükdə, oğlan da saqqalda deyil...

- Deyillər.

- Yoldaşınız necə, başını örtürmü?

- Xeyr, amma ibadətlərinin birini də buraxmaz.

- Namazı hansı dildə qılır?

- Öz dilində.

- Siz hansı dildə qılırsınız?

- Azərbaycan dilində. İbadətdə məhrəmliyi ana dilindən başqa hansı dil yarada bilər axı?

- Qiyamətə, o dünyada sorğu-sual olunacağımıza inanırsınızmı?

- Şəksiz. Amma ənənəvi təsvirlərdə olduğu kimi yox. Quranda-Oxuda bir ifadə var: bu yazıdan hamıya pay düşür, hamı Oxudan öyüd ala bilər. Savadlı, savadsız, uşaq, böyük fərqi qoymadan mətnin təlqin etdiyi odur ki, hər kəs qavrayış səviyyəsi və meyarlarına görə öz dərkini müəyyənləşdirə, inkişaf etdirə bilər.

Bu, ilahinin hamıya bərabər ölçüdə olan lütfüdür, əslində. Ruhların şadlanmasına, qəmlənməsinə inanıram. Bu, Quranda da var.

Cəhənnəmə gəlincə, bunu uzun müddətli əzab kimi qəbul edirəm, əbədi əzab kimi yox. Quranda deyilir ki, ilahinin mərhəməti sonsuzdur, qəzəbi, cəzası isə sərhədli. Ancaq bütövlükdə Tanrını dərk məsələsində olduğu kimi, ruhun da, eləcə cənnət, cəhənnəm anlayışının tam dərki müşküldür.


Müəllif: Qurban Yaquboğlu, Elçin Murad, Nərmin