15 Fevral 2018 08:47
4 818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sənət dünyamızın bizi heyrətə salan, öz işıqlı əsərləri ilə qəlbimizi isidən klassiklərimizin bir də qaranlıq nöqtələri var.

Bu nöqtələr bəzən memuarlara, xatirələrə də düşür. Amma zamanla da unudulur, biz klassiklərimiz haqqında miflər yaratmağa başlayırıq. Halbuki onlar insan idilər və yalnız ədəbiyyatdan, kağızdan, səhifədən ibarət deyildilər. Onların hər biri öz dramalarını sona qədər yaşamışdılar. Bu layihədə Azərbaycan klassiklərini, yazıçıların, şairlərin, aktyorların bir sözlə adları, əsərləri ilə ölümsüzlük qazanmış şəxsiyyətlərin gizlində qalmış xatirələrinə işıq salacağıq. Onları daha çox tanımaq, daha çox sevmək, daha çox xatırlamaq və xatırlatmaq üçün...

Əli Zeynalov Azərbaycan teatrının mühüm bir mərhələsidir.

Daha çox teatr aktyoru kimi tanınsa da, 40-a qədər filmdə oynayıb.

Bu böyük aktyorun “İki ömrüm olsaydı” adlı memuarı XAN nəşriyyatı tərəfindən yenidən çap edilib.

Kitab 70-ci illərdə yazılıb.

Maraqlıdır ki, memuar aktyorun teatra pərəstişi ilə başlamır.

Biz alışmışıq axı belə şeylərə...

Xatirənin kövrəkliyinə baxın:

“Desəm ki, gənc yaşlardan teatra məndə bir laqeydlik vardı, bəlkə də buna inanmazsınız. Hətta uşaqlıq çağlarımda mən teatrdan qorxmuşam da.

O zaman atam və əmin Salyanda müəllimlik edirdi. Həvəskarlardan dram dərnəyi təşkil etmişdilər. Ayda iki dəfə klubda tamaşa verirdilər.

Bir dəfə atam məni də tamaşaya aparmışdı. Yadımdadır, ikinci pərdədə atamla əmimi zindana salmışdılar. Mən maraq və qorxu ilə səhnəyə baxırdım. Bir də gördüm atam tapança ilə özünü vurdu. Mən dəhşətli bir səslə qışqırdım. Sonra nələr baş verdiyini deyə bilmərəm.

Gözlərimi açanda gördüm ki, evimizdəyəm, atam başımın üstündə dayanıb. O, elə kədərli və dalğın idi ki! Yaşarmış gözlərini silib üzünü yana çevirdi.

Atam sonralar nə qədər təkid etsə də, mən bir daha teatra getmədim”.

Əli teatra getməsə də, atasının əsl peşəsinin arxasınca getdi, Pedoqoji texnikumu bitirdi. Lakin içində onu sıxan bir şeylər vardı. Adını qoya bilmədiyi şeylər. Və bu şeylər onu teatr texnikumuna apardı. Bir müddət Moskavaya da oxumağa getdi. Aktyorluq fakültəsində yer olmadı. Rejissorluğa götürmək istəsələr də, Əlinin aktyor olmaq fikri möhkəm idi. Bakıya qayıtdı. Şəki teatrına təyinat aldı.

Elə bu teatrda çalışdığı zaman, 1930-cu illərin əvvəllərində baş verən bir hadisəni Əli Zeynalov belə xatırlayır:

Mənim üçün Şəkidə teatrın yaxınlığında kiçik bir otaq tutmuşdular. Aşağı mərtəbədə də Bakıdan gəlmiş hörmətli aktyorumuz Yunis Nərimanov olurdu. O çox təvazökar və ləyaqətli bir insan idi. Hamı ona hörmət edirdi. O, adəti üzrə məni çaya qonaq edirdi. Süfrəyə çay, peçenye, konfet qoyurdu. Bir gün çay süfrəsində başını qaldırıb tərəddüdlə:

- Dünən direktor ilə danışdım. Teatrın paltar sexindən sənin üçün bir yapıncı götürməyə icazə verdi. Sabah get götür, havalar soyuyub, xəstələnərsən. Gündüzlər geyərsən, gecələr də üstünə salarsan.

Bəli, o belə adam idi. Bir də görürdün cibindən pul çıxardıb bikef oturmuş aktyora uzadıır: - Utanma, götür, mənə lazım deyil.

Mən yapıncını gətirib yorğanımın üstünə saldım. O günün axşamı Yunis dayı mənim otağıma gəldi. Fikri dağınıq idi. Qayğı dolu bir səslə soruşdu:

- Bəs nə üçün yapıncını geymədin?

- Bilirsiniz, mən onu geyinib küçəyə çıxa bilmərəm.

O mənə qıyğacı nəzər saldı.

- Yoxsa, şəninə sığışdırmırsan, bəs bu soyuqda pencəklə gəzmək yaxşıdır?

- Yunis dayı, axı mən bir neçə gündən sonra Seyranı oynayacam. Səhnəyə də bu yapıncı ilə çıxım, küçəyə də?!

Yusif dayı əli ilə kürəyimə vurdu. Elə bil o mənim bu cavabımı gözləyirmiş:

- Bərəkallah, ağıllı oğlansan. Onda sabah yenə Bilal qədeşin yanına gedim, görüm bəlkə sexdən sənin üçün paltodan-zaddan tapdım.

Əli Zeynalovun xatirələrin ən kədərli və maraqlı hissələri inqilabdan qabaq böyük şöhrət tapmış aktyor Kazım Ziya ilə bağlıdır.

Şəkidən sonra Əli Zeynalov İrəvan teatrına göndərilir. Hələ Şəkidə ikən Kazım Ziya ilə tanış olub ondan çox şey öyrənən Əli Zeynalov İrəvana getdikdən bir az sonra Kazım Ziya da bu teatra dəvət alır. Bir evdə yaşamağa başlayırlar. Hər gecə Kazım Ziya öz möhtəşəm səsi ilə Yevgeni Onegindən, Füzulidən parçalar oxuyur. Gənc aktyoru mütaliəyə həvəsləndirir, ona səhnə və həyat dərsləri verir.

“İrəvanda qış çox sərt keçir. Direktor hörmət əlaməti olaraq bizə icazə vermişdi ki, hər gün axşam evə gedəndə özümüzlə beş-altı odun aparaq. Adət üzrə anbara gedib doğranmış odunlardan hərəmiz üç dənə götürər və Kazım Ziyanın cibindən çıxartdığı böyük ağ kağıza səliqə ilə büküb evə yollanardıq.

Yolumuz “Turist” kafesinin yanından keçirdi. Belə günlərin birində o ayaq saxlayıb sıhnədə rol oynayırmış kimi dedi:

- Şahzadə, bu gün ibadətlə məşğul olacağıqmı?

- Bəli, əlahəzrət, mütləq! - deyə, mən də ona əda ilə cavab verdim.

Bu kafe ədəbiyyat və incəsənət adamlarının görüş yeri idi. Axşamlar tamaşalar, konsertlər qurtardıqdan sonra bəstəkarlar, artistlər, yazıçılar bura toplaşıb qəhvə içir, yaradıcılıq söhbətləri aparırdılar.

İçəri girəndə asılqanda işləyən qoca əlimizdəki bağlama odunları da alıb rəfə qoymaq istədi. Amma Kazım Ziya “Zəhmət çəkmə, özümüzlə aparacağıq, içində sınan şey var”, - dedi.

Bir azdan kafedə stolların hamısı doldu. Söhbətlər, münaqişələr, mübahisələr, həyəcanlı səslər kafeni bürüdü. Kazım Ziya da şirin söhbətə başladı. Hamı diqqətlə ona qulaq asırdı.

Birdən Kazım Ziya cəld hərəkətlə cibindən qəzet çıxardıb stolun üstünə qoyduğumuz odun bağlamasının üstünə saldı. Mən təəccüblə ona baxdım. O, qəzetin bir tərəfini qaldırıb gözü ilə işarə etdi. Gördüm ki, bağlama cırılmış və odun yarıya qədər kağızdan çıxmışdır. O, əlini ağzına apardı.

- Sss... yaxşı ki, görən olmadı, yoxsa biabır olardıq.

Məni gülmək tutdu”.

1945-ci ildən Əli Zeynalov Azdramın aktyor truppasına qoşulur. Kazım Ziya da artıq burda çalışırdı.

“Bakıya gələndə sevinirdim ki, Kazım Ziya ilə dostluğumuzu yenidən davam etdirəcəyəm. Lakin çox təəssüf ki, bu belə olmadı. Yaman qaşqabaqlı olmuşdu. Ağıllı gözlərində bir kədər duyulurdu.

Tutqun bir payız günündə dəniz sahilində oturmuşdum. Hiss etdim ki, yanımda kimsə əyləşdi. Əhəmiyyət vermədim.

- Belə havada nə tək-tənha oturmusan?

Bu, Kazım Ziyanın səsi idi. Diqqətlə ona baxdım. Dərin düşüncələr aldı məni. Onun tamaşalarına heyran-heyran baxdığım çağları xatırladım. O, coşğun bir qəhrəman kimi salonu titrədir, bəzən də qəddar bir qəhrəman kimi hamının nifrətini qazanırdı.

O bir qədər dinməzdə oturdu. Sonra əlindəki ağacı yerə döyə-döyə əsəbi halda dedi:

- Bu gün bir hekayə oxudum. Hekayənin bir yerində yazır ki, sən də qızı aktyorların səhnədə qızı sevdiyi kimi yalandan sev! Görürsən? Bir yazıçı aktyorun səhnədə keçirdiyi hiss və həyəcanları duymursa, o, haranın yazıçısı oldu?

O get-gedə əsəbiləşirdi:

- Nə üçün bir çoxları sənətin yalnız yüngül formalarından zövq alır, sənətə bir əyləncə kimi baxırlar?”.

Kazım Ziya ilə bağlı sonuncu əhvalat isə teatrdakı o məşum gecədə olmuşdu.

“Nazim Hikmətin “Türkiyə” pyesini oynayırdıq. Məni Əhməd Salahlı ilə birgə qolları bağlı səhnəyə gətirdilər. Səhnədə məhkəmə qurulmuşdu. Hərəmizin bir cümlə sözü vardı. Əhməd tamaşadan əvvəl bikef idi. Nə qədər səbəbini soruşsam da, heç nə demədi. Səhnədə hakim Əhmədə sual verdi. Əhməd susurdu. Hakim sualı təkrarladı. Əhmədin bədəni titrəyirdi. Onun sözünü mən dedim.

Tamaşadan çıxanda gördüm ki, Əhməd məni gözləyir. Bilirdim ki, ürəyi doludur. Gördüm ki, gözləri yaşlıdır. Əslində, onunla çox yaxın deyildik. Ona ürəyim yandı. Qəhər məni də boğdu. Ona təsəlli verməyə çalışdım.

- Özünü ələ al!

- Ürəyim partlayır!

- Axı nə olub? Uşaq deyilsən ki...

- Bu gün səhər müdiriyyət məni çağırmışdı. Bilirsən, mənə nə təklif elədilər?

- Nə? Rolu səndən alırlar? Bəlkə kimsə şikayət edib?

- Mənə dedilər ki, ərizə ver, səni inzibatçı vəzifəsinə keçirək. Daha səhnəyə yaramırsan.

O, bunu deyib uşaq kimi hönkürdü.

Əhməd Salahlı əsasən Tiflis teatrında fəaliyyət göstərmişdi. 1941-ci ildə Bakıya köçmüşdü. 1940-cı ildən əməkdar artist adını almışdı. 1953-cü ildə, bu hadisədən cəmi bir neçə il sonra vəfat etdi.

Əhməd Salahlı ilə Əli Zeynalovun görüşü uzun çəkdi. Gecə yarısına qədər dərdləşdilər. Axırda vidalaşıb ayrıladılar.

“O zaman mən İçərişəhərdə, Sabir bağının arxa tərəfində olurdum. “Monolit”in yanından keçəndə qulağıma tanış bir səs gəldi. Gec olduğundan küçədə heç kim yox idi. Yoluma davam etdim, səs yenə eşidildi. Geri döndüm. “Monolit”in qarşısındakı dirəyin yanında bir kölgə gözümə dəydi. Yaxınlaşdım. O, aydın bir səslə oxuyurdu:

Tutuşdu qəm oduna şad gördügün könlüm,

Müqəyyəd oldu ol azad gördügün könlüm.

Nə gördü badədə bilmən ki, oldu badəpərəst,

Mürid məşrəbü zöhhad gördügün könlüm.

Bu, Kazım Ziya idi.

Mən xeyli müddət kədərlə, ürək ağrısı ilə onun arxasınca baxdım. Onu bir daha görə bilmədim…”


Müəllif: Qan Turalı