17 Fevral 2018 21:44
6 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com gənc yazıçı Pərvinlə müsahibəni təqdim edir.

– Pərvin xanım, bir neçə il bundan əvvəl müsahibələr alırdınız. Bəs necə oldu ki, müsahibə alan adam birdən-birə müsahibə verən adama çevrildi?

– Mənim aldığım müsahibələr ənənəvi formatda deyildi. Yəni şablon suallar verib, hər şeyi diktafondan olduğu kimi köçürüb qəzetdə çap etdirmirdim. “Pərvinin həmsöhbəti” adlı layihəm vardı. Bu layihədə isə yenə deyirəm, bizim alışdığımız klassik müsahibə üslübundan fərqli söhbətlər edirdim və buna da öz yaradıcılığım kimi yanaşırdım.

Ədəbi mühitə nasir kimi gəldim, hekayələrim işıq üzü gördü. Sonradan esselər yazdım, “525-ci qəzet”də köşələrim çap olundu. Yadınızdadırsa, təxminən, 2010-cu ildə çoxlu saytlar yaranmağa başlayanda hər kəs 5-10 sual götürüb kiminsə üstünə gedirdi, söhbəti səliqəsiz və baş-ayaq köçürürdülər, heç bir dramaturgiyası da olmurdu bu müsahibələrin. Daha çox da “özünüz haqda nə deyə bilərsiz” səviyyəsində suallar çoxlarını əsəbiləşdirirdi. Elə o ərəfələrdə müsahiblərimin demək olar ki, bütün fəaliyyətini oxuyub öyrənərək onlarla söhbət etmək, polemikalar aparmaq qərarına gəldim. Son vaxtlarda yaxşı ki, müsahibə “janrında” xeyli maraqlı polemikalar ortaya çıxır. Və sevindirici haldır ki, alınan müsahibələrdə artıq bir söhbət intonasiyası, səviyyə yaranıb.

O ki qaldı konkret sualınıza, necə oldu ki, mən müsahibə verən adama çevrildim? Mənə elə gəlir ki, ardıcıl və fasiləsiz zəhmətin nəticəsidir. Təbii, təkcə zəhmətlə, kitab oxumaqla, çalışmaqla da iş bitmir, Allahın lütfü olan istedad lazımdır. Bu baxımdan istedadın, ardıcıl əziyyətin, insanlarda, oxucularda maraq yaradacaq layihələrin, işlərin, durmadan çalışmağımın nəticəsidir ki, mən müsahibə verən adama çevrilmişəm.

– Azərbaycanda qadın yazarlar çoxdur. Ancaq nədənsə, bizdə yazar qadınların uğuruna şübhə ilə yanaşırlar. Düşünürlər ki, onun arxasında mütləq bir kişi dayanıb, onun yolu mütləq kabinetlərdən və yaxud, nələrdənsə keçir. Niyə belədir?

– Qeybətin tarixi çox qədimdir axı... Sadəcə, öz işinlə məşğul olmalısan, vəssalam. Mən möhkəm təməlləri və sərt qaydaları olan bir ailədə böyümüşəm. Hələ uşaq vaxtından ailəmizdə cəmiyyət nə deyər, filankəs nə deyər, özünü bu cür yox, bu cür apar kimi tərbiyə metodikası olub. Valideynlərim Abşeron bölgəsində tanınan, nüfuzlu insanlardır. Durmadan mənə deyirdilər ki, sən ailəmizin adına layiq olmalısan. Ona görə də cəmiyyətin fikrinin mənim üçün böyük əhəmiyyəti var. Hansısa çərçivələri qıraraq yaşamaq çətindir, mütləq nələrisə gözləyirəm, yanımdakı insanların, doğmalarımın mənə görə əziyyət çəkmələrini istəmirəm. Ona görə sizin dediyiniz kimi, yersiz qeybətləri eşidəndə pessimist oluram bəzən. Sadəcə, bu qeybət də “elnən gələn bəladır”. Qadının uğuruna şübhə ilə yanaşmaq məsələsi yalnız ədəbi mühitdə deyil. Hər yerdə, hər sahədə belə söz-söhbət var. İstənilən uğur qazanmış qadını dindirsəniz, bu problemdən əziyyət çəkdiyini görərsiniz.

– Siz də əziyyət çəkirsiniz?

– Mənim bu tip suallara ciddi bir cavabım var: heç kəs mənim əvəzimdən yazı yazmır, heç kim əvəzimdən dərs demir, mühazirə oxumur, çıxış etmir və s. Əziyyəti mən çəkirəm, bu yolda olduğum üçün nələrəsə qatılmalı oluram. Mən yaşda qadınlar əyləncəni, gəzməyi, bəzənməyi üstün tuturlar. Mən isə gənc yaşımda daha rahat həyatı narahat bir həyata dəyişmişəm. Yəqin siz də razılaşarsız ki, yazmaq həmişə nədənsə narahat olmaq deməkdi həm də...

– Bəs niyə adamlara elə gəlir ki, sizin xeyli rahat həyatınız var.

– Xeyr, elə deyil. Amma insanların haqqımda bu cür düşünməyi məni sevindirir. Mənim narahatıqlarım mənə aiddir, hansı maddi, mənəvi çətinliklər, fiziki problemlər, xəstəliklər keçirməyimin heç kəsə dəxli yoxdur. Çünki ortada olanlar mənim mətnim, yazılarım, pedaqoji fəaliyyətimdir, bundan nə qədər istəsələr, danışa bilərlər.

– Bir az kobud çıxmasın, bayaqdan çox mətn, mətn deyirsiniz. Güvəndiyiniz hansı mətnləriniz var?

– Hesab edirəm ki, “Balerina” povestim nasir kimi yetişdiyim ən uğurlu məqam oldu. Xalq yazıçısı Anarın yaradıcılığı haqqında yazdığım kitab həm Azərbaycan, həm də Türkiyədə çap olunub, burada Anar müəllimin özünün də, müxtəlif tədqiqatçıların, oxucuların da qeyd etdiyi kimi fərqli bir baxış, yanaşma ortaya qoymağa çalışdım. “Yüz gözəl sevgi şeiri” layihəsini aparırdım, sonralar bu esselər toplu şəklində “Sevdim səni” kitabı kimi çap olundu. Bəlkə əslində yazmağa yeni-yeni başladığım vaxtda çap olunan bir neçə essemi, hələ yazı vərdişlərini itiləmədən, ədəbiyyat qanunlarını mənimsəmədən qələmə aldığım bir neçə yazımı çıxsam, qalan heç birinə görə narahatlıq keçirmirəm. Biri uğurlu, biri uğursuz, biri çox bəyənilən, biri az, fərqi yoxdu, hesab edirəm ki, müəyyən bir yolu gedirəm və bu yolda hər yazımın öz yeri var və onlar məni hərəsi bir cür ifadə edir.

– Dediniz ki, bütün uğurlarımın arxasında çəkdiyim əziyyət dayanır. Başqaları da əziyyət çəkir, amma onlar sizin qədər dəyərləndirilmir. Demək olarmı, sizin həm də bəxtiniz gətirib.

– Şübhəsiz. Bu yaxınlarda öz sahəsində uğur qazanmış bir akademiklə söhbət edirdim. Mənə tanış olmayan sahədə çalışdığı üçün tam məlumatlı deyildim işlərindən. Ona görə düşündüm, yəqin, bu insan mənə elə əsərlərindən danışacaq ki, məhz onlara görə gəlib bu səviyyəyə çatıb. Amma o etiraf etdi ki, fövqəladə işlər görməyib, cildlərə sığmayan əsərlər müəllifi deyil. Və qazandığı uğurları çox sadə izah etdi, sadəcə lazım olan məqamda lazımi yerdə olmasıyla bağladı. Mən də bəxt faktorunu istisna etmirəm. Allaha inanıram və düşünürəm ki, zəhmət çəkən insan üçün Allah da çalışır. Allah zəhmətinin bəhrəsini bəzən tez, bəzən də qram-qram verir. Amma bəzən də lazımı anda yaxşı insanları qarşına çıxarmaqla mükafatlandırır adamı. Bu mənada Allahımdan razıyam ki, qarşıma həmişə yaxşı insanlar çıxarıb. Həyatımda rol oynayan, mənə dəstək olan, uğurlarıma sevinən insanların da əziyyətini danmıram heç vaxt, onların hər birinə minnətdarlığım sonsuzdu. Bir də deyirəm, qarşıma yaxşı adamları çıxarıb Allah, amma ola bilsin, mən də pis adamlardan qaçmışam.

– Oğlunuzun adını da deyəsən, Anar qoymusunuz?

– Bəli. Üzr istəyirəm, mən oğlumun dünyaya gəlişini gözlədiyim vaxtda dissertasiya yazırdım, evin hər tərəfi Anarın kitablarıyla, haqqında dərgilərlə, şəkillərlə dolu idi. Qayınanam uşağın olmasına az vaxt qalmış dedi ki, bütün bu müddətdə Anardan yazdın, yaradıcılığı ilə məşğul oldun, elə uşağın da adını Anar qoyun. Bu təklif hamımızın ürəyincə oldu.

– Pərvin xanım, söz düşmüşkən, Anar müəllimin 10 kitabına ön söz yazmısınız, o da sizin kitaba ön söz yazıb. Dissertasiyanız da onun yaradıcılığı haqqındadır. Oğlunuzun adını da Anar qoymusunuz. Sizdəki Anar sevgisinin, Anar vurğunluğunun səbəbi nədir? Eyni nəsildən olan başqa yazıçılarımız da var. Əkrəm Əylisli, Elçin Əfəndiyev, Kamal Abdulla...

– “Anar dünyası” kitabımın müqəddiməsində yazmışam bu haqda. Ümumiyyətlə, ədəbiyyat, sənət sevgim atamın hədsiz mütaliəli, dünyagörüşlü, savadlı insan olmasından gəlir. Təsəvvür edin, atam 7-ci sinifdə kitabxanaya gedəndə ona deyiblər ki, daha kitab qalmadı, sən olanların hamsını oxumusan. Atam nənəsinin himayəsində böyüdüyü vaxtlarda hətta gizlin şəkildə kitabxanaya girirmiş ki, kitabxanaçılar gedəndən sonra orda qalıb kitab oxusun. Yadımdadı, uşaq olanda hey gileylənirdi məndən, deyirdi, sən kitab oxuyan deyilsən ki... Baxmayaraq ki, çox yaxşı oxuyurdum, həm məktəbdə əlaçı idim, həm də onun kitablarını ardıcıl mütaliə edirdim. Amma o özü qəsəbə kitabxanasındakı kitabları oxuyub bitmişdi deyə, məndən də daha çox çalışmağı tələb edirdi. Bu mənada ümumiyyətlə sənət, ədəbiyyat həvəsim atamdan gəlir. Anar yaradıcılığına meylim isə anamdan gəldi.

Anarın “Sizsiz” əsəri bizim evimizdə stolüstü kitab idi. Anam o kitabı tez-tez oxuyurdu və hər oxuyanda kövrəlir, ağlayırdı. Məni isə oxumağa qoymurdu ki, sənə pis təsir edər. Bir gün o kitabı oğurladım və bağımızdakı əncir ağacının altında oxudum. Anar yaradıcılığı ilə ilk tanışlığım ordan başlandı. Sonralar da Anar müəllimin əsərlərini ardıcıl oxudum, fəlsəfə doktorluğu mövzusu seçəndə onun nəsrini seçdim. Yəni Anar haqqında daha çox yazmağımın səbəbi həm də budur. Amma adını çəkdiyiniz yazıçılarla bağlı da məqalələr yazmışam, bəzilərindən müsahibələr götürmüşəm.

Yusif Səmədoğlu haqqında böyük bir yazım çap olunub “Azərbaycan” dərgisində. Vaqif Səmədoğlu haqqında bir neçə essem var, bu şənbə də kino layihəm çərçivəsində növbətisini yazacam. Fikrət Qocanın on cildliyini bütöv oxumuşam və haqqında geniş məqalələr yazmışam. Mövlud Süleymanlı haqqında, xüsusən “Dəyirman” povesti əsasında universitetdə elmi iş yazmışam. Kamal Abdullanın “Səsimi unutma” pyesi Yuğ teatrında oynanıldı. Həmin pyes ətrafında Kamal müəllimin yaradıcılığını incələyən esse yazdım. Yəni mən Azərbaycan ədəbiyyatının yalnız Anardan ibarət olduğunu düşünmürəm. Belə bir fikir çox naşı, nadan və ədəbiyyatdan bixəbər adamın düşüncəsi ola bilər. Təxminən, 10 illik pedaqolji fəaliyyətim var və Azərbaycan ədəbiyatı tarixini qədim dövrdən tutmuş ən yeni dövrə kimi tədris etmişəm. Azərbaycan ədəbiyyatında sevdiyim və bəyəndiyim yazıçı və şairlər haqqında kifayət qədər yazmışam. Amma bununla yanaşı, Anar yaradıcılığına xüsusi münasibətim də göz önündədir. Yəqin bu hal sizə də tanışdı... Bəzən baxırsız ki, biri şair yaxşıdır, şeirləri çox gözəldir, bir yazıçı dəyərlidir, onun da öz oxucu kütləsi var, amma hiss edirsən ki, bu sənin yazıçın deyil. Peşəkarlıq cəhətdən qəbul edirsən, amma tam hiss etmirsən, anlamırsan onu. Anar bu mənada bütün yazdıqları ilə mənim yazıçımdır. Onun şəhərə, insana münasibəti, nəsrində və dramaturgiyasındakı xarakterlər, millətinə münasibəti, çox sevdiyim Mirzə Cəlilə, Üzeyir bəyə, Mirzə Fətəliyə, Hüseyn Cavidə, Nazim Hikmətə münasibəti mənim üçün dəyərlidir, dünyagörüşümə təsir edib və yəqin ki, məhz bütün bunların cəmi məni Anar yaradıcılığında cəlb edir.

– Azərbaycan yazıçısını narahat edən əsas məsələlərdən biri də kitabının satılmamasıdır. Deyəsən, bu məsələ sizi o qədər də maraqlandırmır.

– Yanılırsız, çox maraqlandırır. Məsələn, “Anar dünyası” kitabımın satışından gəlir əldə etdim və bu qazanc mənim üçün çox şirin idi. Heç vaxt universitetdə tələbələrimə kitab satmamışam, amma onlar da özləri mağazaya gedib bu kitabı aldılar. İmza günü keçirmədən, kitabın piyarı ilə məşğul olmadan satılması böyük zövq idi. Həmçinin, “Sevdim səni” kitabımın ötən il 14 fevralda – Sevgililər günündə imza günü keçirildi, xeyli satıldı. Siz də iştirak etmişdiniz. Düzdür, gəlir mənə yox, nəşriyyata aid idi, amma hər halda kitabımın satıldığını görmək xoş idi. Bəzən tələbələrim mağazadan kitabı alıb məndən imza istəyirlər, bu da məni çox sevindirir.

– Pərvin xanım, maddi vəziyyətiniz necədir?

– Hamıda olan problemlər məndə də var. Doğrusu əvvəllər ümumiyyətlə bu haqda düşünmürdüm, necə bacarırdıqsa, elə yaşayırdıq. Amma oğlum dünyaya gələndən sonra maddiyyat düşündürür məni, onun əziyyət çəkməyini istəmirəm. Ancaq yenə də şikayətçi deyiləm. “525-ci qəzet”də yazaram, ordakı bütün əməkdaşlara maaş, qonorar verilir. Eyni zamanda layihələrim olur. Dövlət sifarişi ilə pyeslər yazıram. İndiyə kimi artıq 8-9 pyes yazmışam. Rejissorlar Bəhram Osmanov, Ramiz Həsənoğlu ilə birgə işlərimiz olub. Pyeslərimin qonorarını alanda hansısa maddi ərköyünlüklər edə bilirəm...

– Amma kənardan sizin də maddi problemləriniz olduğu görünmür...

– Elə görünməsə yaxşıdı. (gülür) Amma bir sirrimi deyə bilərəm ki, mən az pulla çox iş görməyi, normal yaşamağı bacarıram. Çox ucuz köynəyi elə geyinirəm, insanlar düşünür ki, onu ən bahalı firmadan almışam. Uyğunlaşdırmağı bilirəm... Düşünürəm ki, təbiət bizə xarici görünüşü əmanət kimi verir. Sən əgər onu qoruya bilirsənsə, xidmətindəsənsə, başa düşürsən ki, özünü necə aparmalısan, necə geyinməlisən. Zaman keçdikcə insanda ciddi bir özünətələbkarlıq olmalıdır. Bəzən hər hansı bir adam haqqında deyirlər ki, özünə baxmır, pintidi, tanıyanlar tez müdaxilə edirlər ki, maddi imkanı aşağıdır. Axı geyindiyini də təmiz, səliqəli şəkildə “daşımağa” pul lazımdı bəyəm? Çox şeyin səbəbi tənbəllikdir.

– Gənclər, adətən, emosional olur. Məsələn, bir haqsızlıq görəndə dözə bilmir, çünki hisləri sağlamdır, diridir. Etiraz edir, yazır, ictimai-siyasi mühitə baxır, fikirləşir, başını yelləyir, infarkt keçirir... Siz də belə hisslər keçirirsinizmi? Necə ötüşdürürsünüz?

– Qətiyyən ötüşdürmürəm. Bu kimi halları görəndə mən də sarsılıram. Sadəcə, mənim özümün fərqli yanaşmalarım var. Tutalım, biri sosial şəbəklərdə status yazmaqla edir etirazını, başqa birinin üsulu hansısa idarə müdirinin eyibini şəxsən üzünə çırpmaqdır. Mən isə etirazımı öz üsullarımla ifadə edirəm.

– Necə?

– Etirazım, üsyanlarım yazılarımda görünür hər halda. Bu, əslində, heç bizdən də asılı deyil. Həm də mənim üsulum odur ki, insanlara sadəcə, yaxşını göstərməyə çalışıram. Onsuz da pisi yazan, deyən, neqativi tirajlayanların sayı-hesabı yoxdu. Yaşamamaq üçün çoxlu səbəblər ola bilər, amma yaşamağa lazım olan sadəcə, bir səbəbi göstərmək kifayət edir bəzən.

– Oğlunuzun neçə yaşı var?

– 3 yaşındadır.

– Birdən uşaq daşıdığı ada layiq ola bilmədi. Bir ana kimi narahat olarsınızmı?

– Ola bilməz. Əslində, hər kəs fərd olaraq dünyaya gəlir. Sən valideyn kimi çox da müdaxilə edə bilmirsən, sadəcə, hansısa cəhətləri, məziyyətləri görürsən, nələrisə artırıb-azaldırsan. Valideyn bir növ redaktor rolunu oynayır. Təbiət bizim əvəzimizə hər şeyi həll edib. Biz sadəcə, nümunə ola bilərik, düz yolu göstərə bilərik. İnanıram ki, həm mənim, həm də yoldaşımın ailəsindən gələn ənələlərə sadiq olacaq oğlum.

– Pərvin xanım, eşitdiyimizə görə, sizi Yazıçılar Birliyinin Gənclər üzrə katibi hazırlayırlar. Rəşad müəllim isə artıq gənc olmadığına görə başqa vəzifəyə göndərilir...

– Şaiyədir, əlbəttə... Belə fikir heç ağlımın ucundan da keçməyib. Çünki hesab edirəm ki, Rəşad müəllim çox gəncdir. Eyni zamanda gənclərlə işləməyi bacarır. Gənclərlə işləməyin özü insandan tamamilə başqa bir xarakter, bacarıq, düşüncə tərzi, səbr tələb edir ki, o da Rəşad Məciddə var. Doğrusu, nədənsə, Rəşad müəllimi başqa bir yerdə təsəvvür etmirəm.

Mən isə sadəcə, öz sahəmdə, həm yaradıcılığımda, həm də pedaqoji fəaliyyətimdə iddialıyam. Fəlsəfə doktorluğu müdafiə edəndən sonra bu sahədə davam etmək, elmlər doktorluğu dissertasiyası yazmaq, üzərində işlədiyim povestimi bitirmək istəyirəm. Qalan məsələlər tale işidi...

– Mütaliə edirsiniz?

– Əlbəttə. Fasiləsiz. Həm sistemli, həm də pərakəndə. Bu yaxınlarda dünya ədəbiyyatını Homerdən oxumağa başladım. Eyni zamanda XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatını, xüsusən dramaturqlarımızı ardıcıl oxudum. Hətta o maarifçi dalğa haqqında geniş bir yazı da yazmaq düşünürəm. Amma bəzən bu cür ardıcıl işlərin içində nəzərdə tutmadığımız mövzular, əsərlər də girir araya. Məsələn, təsadüfən səyyah Tur Heyerdalın əsəri əsasında çəkilmiş “Kon Tiki” filminə baxdım və həmin əsəri oxumaq istədim. Beləcə mütaliədə pərakəndəlik yaranır. Məndə hansısa mövzuya yoluxmaq kimi bir xasiyyət də var. Bir ara Holokost mövzusuna yoluxmuşdum. Ona aid nə varsa, oxuyurdum, sənədli filmlərə baxırdım. Bu cür ağır mövzularla məşğul olmaq isə bəzən depressiyaya salır insanı.


Müəllif: Kəramət Böyükçöl