28 Fevral 2018 15:30
4 543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Portret” layihəsində şair Rəbiqə Nazimqızı mərhum dostu Fərhad Mete haqqında danışır.

– Rəbiqə, maraqlıdır, tanımadığı bir adam sual versə ki, Fərhad Mete sənin üçün kim idi? Necə cavab verərdin?

– Bu sualın mənim üçün iki cür cavabı var. Birincisi, Fərhad Meteni gənc və istedadlı, ömrü yarıda qoymuş bir şair kimi qələmə verərdim. Çünki bu, ədəbiyyat və onu tanımayan bir adam üçün daha vacibdir. İkincisi isə əlbəttə, Fərhad ilk növbədə mənim dostum idi.

– Bəs dostluğunuz necə yaranmışdı?

– Tanışlığımız çox qəribə bir şəkildə başladı. O zamanlar Zahir Əzəmətin kult.az saytı vardı. Onda üç gənc şair təqdim etmişdilər; Feyziyyə, İlham və Fərhad. Mən Kult.az-ın yazarı hesab olunurdum. Həmin vaxtlar elə bilirdim Kult.az mənim atamındır və mənim rəfiqələrimdən, dostlarımdan və ümumiyyətlə, tanıdığım adamlardan başqa heç kim burda çap olunmamalıdır. Məndə Kult.az-la bağlı qəribə mülkiyyətçilik hissi vardı, orda yad kimisə görəndə aqressiv olurdum və indi bunları xatırlayanda özümə gülməyim tutur.

Və təbii, tanımadığım üç cavan şairi – Feyziyyəni, Fərhadı və İlhamı saytımızda görəndə hirsləndim. Ən çox da Fərhad məni hirsləndirirdi. Baxdım ki, şəkildə qəşəng bir oğlan boylanır və özündən xeyli razı görünür, gülür. Dedim ki, görüm nə yazırsan, oxuyum, şərhini də yazaram. Dəqiq xatırlamıram, deyəsən, ona iynəli bir şərh yazmışdım. Baxmayaraq ki, şeiri uğurlu idi, amma mən öz münasibətimi bildirməli idim.

Bundan sonra “Gənc Ədiblər Məktəbi”nə Slavyan universitetinin həmin üç nümayəndəsi gəldi. Mən o üç şairlə şəxsən orada tanış oldum. Yəqin ki, ordan çıxıb harasa yemək yeməyə getdik, çay içdik və s. Beləcə, bizim Fərhadla tanışlığımız başladı. Mən oğlanlarla daha rahat ünsiyyətə girirəm, nəinki qızlarla. Feyziyyə xanım olduğu üçün evdən çox çıxmırdı, amma İlham və Fərhadla daha tez-tez və rahat görüşə bilirdim. Demək olar ki, günümüz bir yerdə keçirdi.

– Onda Fərhad ailəli idimi?

– Bəli... Ümumiyyətlə, Fərhad digər dostlardan, eləcə də İlhamdan da qəribə şəkildə mənə doğma idi. Bu doğmalığın səbəbini mən indinin özündə də bilmirəm. Sanki biz bir-birimizi illərdir tanıyırdıq. Nə bilim, mənə elə gəlirdi ki, Fərhadı min ildir tanıyıram.

– İndi yada düşürmü? Qayıda bilirsənmi o illərə?

– Çox yada düşür. Fərhad məni ilk dəfə real ölümlə qarşılaşdırdı. Ona qədər nə qohumda, nə qonşumda, nə də dostlarım arasında belə bir hadisə baş verməmişdi. Ki, diri bir adam hansısa bir qəzadan dünaysını dəyişsin. Hərdən də mənə elə gəlir ki, ümumiyyətlə, Fərhad adında adam tanımamışam. Yaxud, hərdən elə olur, düşünürəm ki, bəlkə ölməyib. Hərdən elə bilirəm bu hadisə dünən baş verib. Nə bilim...

– Ateist idi?

– Yox. Daha çox deist idi, yaradıcı qüvvənin var olduğuna inanırdı. Amma xristian dininə, İsa peyğəmbərə daha çox sevgisi vardı. Eyni zamanda buddist fəlsəfəsini də sevirdi. Mənə elə gəlir ki, Fərhadın dini-mistik baxışları hələ axtarışda idi. O, özünü hansısa bir dində tapa bilmirdi. Bəlkə də yeganə üst-üstə düşməyən cəhətimiz bu idi ki, o hind-buddist fəlsəfəsini sevir, ondan statlar gətirirdi, mən isə sevmirdim.

Ölümündən bir həftə əvvəl dostlarla bir yerdə görüşmüşdük. Səlim Babullaoğlu İçərişəhərə namaz qılmağa getdi. Fərhad dedi ki, mən də getsəm, olarmı? Bizə çox qəribə gəldi ki, daim üsyankar, Allaha qarşı asi olan adam hara, namaz qılmaq hara? Və o, Səlimlə gedib bir yerdə namaz qıldı.

– Namazın sözlərini bilirdi ki?

– Bəli... Bu istək onun şeirlərində və gündəliyində də qeyd olunmuşdu. Gündəliyində İncildən və Tövratdan sitatlar vardı. Yenə deyirəm, mənə elə gəlir, o, dini baxışlarını axıra qədər müəyyən edə bilməmişdi.

– Sanki Şahin Ağabəylinin taleyi ilə Fərhadın taleyində bir oxşarlıq da vardı. İkisi də avtomobil qəzasında həlak oldu, ikisinin də ölümündə dostu günahlandırılırdı... Yoxsa?

– Amma Şahin siyasi, Fərhad isə ədəbi fiqur idi. Fərhadın Şahinlə müqayisədə demək olar ki, düşməni yox idi. Çünki Fərhadın iddiası da yox idi. Zahirən ola bilər ki, onlar arasında oxşarlıq görünsün, amma daxilən situasiya fərqlidir. Çünki İlham Fərhadı bizdən daha çox sevirdi, nə olsun ki, onun maşınında qəzaya düşdü və həlak oldu? İlham hələ də bu itki ilə barışa bilmir. Bizdən qaçmasının, uzaq gəzib-dolaşmasının səbəbi də budur ki, o, özünü bizim yanımızda günahkar bilir.

– Sanki, bu hadisədən sonra İlham ədəbiyyatdan da getdi...

– O, əvvəllər də o qədər də görünməyən bir adam idi.

– Rəhmətə gedəndə Fərhadın neçə yaşı vardı?

– 33 – İsa yaşında idi. Dedim axı, İsanı çox istəyirdi. Deyirdi ki, onun yaşında ölmək istəyirəm. İstədiyi yaşda da dünyasını dəyişdi. Onun belə bir düşüncəsi gündəliyində də vardı.

– Deyəsən, qəza hansısa rayondan qayıdanda baş vermişdi, hə?

– Hə, İlhamın maşının ilə Oğuza toya getmişdilər, qayıdanda qəza oldu.

– Rəbiqə, Fərhad ölümünün ilk illərində dostları tərəfindən daha tez-tez xatırlanırdı. Onun anım gecələri keçirilirdi... Get-gedə sanki, unudulur. Görünür, həyatın qanunu budur.

– Bu, Fərhada etibarsızlıq deyil. Yumşaq ifadə etsək, bu, daha çox bizim özümüzə qarşı olan etibarsızlığımızdır. Yəni bu, onu unutmağımızdan deyil, bizim bir araya gəlmə imkanlarımızın məhdud olması ilə bağlıdır. Heç əvvəlki kimi uşaqlarla görüşə bilmirik, qaldı Fərhadı birlikdə xatırlamaq. Amma təbii, Fərhad elə bir adam idi ki, onu xatırlamamaq mümükn deyil.

– “Gənc Ədiblər Məktəbi”nin üzvü idi?

– Bəli... Amma nisbətən yaşlı üzvü idi. Fərhad bizim aramızda İlham Çərkəzdən başqa hamımızdan böyük idi.

– Bildiyimə görə, gənc ədiblərin lideri hesab olunurdu...

– Yox, yox... Deməzdim ki, onda güclü liderlik keyfiyyətləri vardı. Əslində, buna imkanı da çatardı, sadəcə o, müəllim janrında adam deyildi. Əksinə, öyrənməyə meyilli idi, təvazökar idi. Bir işin üstündə dəfələrlə çalışırdı, oxuyurdu. Fərhad heç vaxt liderlik etmək istəməzdi. Çünki buna xarakteri imkan verməzdi və bu o demək deyil ki, Fərhad zəif xarakterli bir insan idi. Sadəcə, olduqca tolerant və demokratik adam idi. Belə adamdan lider olmazdı...

– Dünyasını dəyişənə qədər şeir kitabı çap olunmuşdumu?

– Yox. Şeirlər kitabı dünyasını dəyişəndən sonra xalq yazıçısı Anarın maliyyə yardımı ilə çap olundu.

– Necə bilirsən, ədəbiyyatda qalacaq səviyyədə şeirləri vardımı? Yoxsa, hələ yaradıcılıq axtarışları dövrünü yaşayırdı?

– Bu məsələ bir az qəlizdir. O mənada ki, ümumiyyətlə, kimin ədəbiyyatda qalıb-qalamayacağı bir az mübahisəli məsələdir. Ədəbiyyatda qalan adamların hamısı heç də istedadına görə qalmır. Bu, bir az da şans məsələsidir. Ölümündən sonra Fərhad haqqında tədbir keçirilmişdi. Ədəbi cameənin böyük təmsiliçilərinin iştirak etdiyi həmin tədbirdə bir neçə yaşlı şairin fikirləri üst-üstə düşdü ki, onun yaradıcılığı hələ tam mükəmməl bir şair obrazı yaratmırdı. Sadəcə, bu yoldaydı. Amma mən sağlığında da onun şeirlərini çox sevirdim, indi də elədir. Çox istərdim ki, onun kimi yazam.

– Dostların arasında kimi ona bənzədrisən? Həm şair kimi üslubunu, həm də insan kimi xarakterini...

– Heç kim Fərhada bənzəmir. Fərhadın çözmək istədiyim çox qəribə bir xasiyyəti vardı, onu nə qədər aydınlaşdırmağa çalışırdım, alınmırdı. Məsələn, soruşurdum ki, niyə filan qızla, filankəslə bu qədər yaxınlıq edirsən? Halbuki, həmin qadınların şəxsi həyatında problemlər vardı. Fərhad isə onların hamısı haqqında olduqca mərhəmətlə danışırdı. “Adajio” adlı şeir yazmışdı. Şeirin sujetindən belə görünürdü ki, üç nəfər – iki kişi bir qadın kafedə oturur, kişilərdən biri çıxıb gedir və hesabı verir. Kafedə bir qadın və bir kişi qalır. Məsələ burasındadır ki, qadın gedən kişini sevir. Burda qalan isə qadını sevir. Şeir isə ikinci kişinin dilindən yazılıb.

– Qadınların xasiyyətidir, həmişə gedəni sevirlər...

– Elədir. (gülür) Sənə verdiyim izahatı Fərhada da danışdım. O isə dedi ki, sən şeiri düzgün anlamadın. Dedi ki, kafedə qalan kişi o qadını sevmir. Soruşdum ki, necə yəni sevmir? Dedi, onun o qadına mərhəmət hissi var, görür ki, könlü qırılıb, yazığı gəlir deyə onun yanındadır. Bu şeir əslində, Fərhadın öz xarakterini açırdı.

– Belə çıxır ki, Fərhad da hansısa qadının həyatında gedən yox, qalan kişi idi? Çünki özün dedi ki, bu şeir Fərhadın xarakterini açır.

– Ola bilər. O, bir dəfə dedi ki, qadınlarla yaxşı davranmayan bütün kişilərin yerinə özümü günahkar hiss edirəm. Daim insanlara təsəlli verirdi. Bu fikir ailəsi tərəfdən pis anlaşılmasın, Fərhad sadəcə, zəif bildiklərinin yanında olmağı özünə borc bilirdi.

– Səhv eləmirəmsə, bir dəfə demişdin ki, Fərhad şeirlərində daim ölümün kodlarını çağırırdı.

– Bəli... Söhbətlərində də vardı. Ölümdən və tez ölmək arzusundan tez-tez danışırdı. Mənə elə gəlir ki, elə pərdələr var, Tanrı onları aşmağını istəmir. Bəzi şeylər var ki, sən onları bilməli deyilsən. İsrarla bilmək istəyəcəksənsə, bu öz həyatın bahasına mümkün olacaq. Mənim düşüncəm budur. Fərhad da ölümümn sirrini açmaq istəyirdi. Böyük ehtimalla da o sirrin dalınca getdi.

Qəza yoldaşı İlham danışırdı ki, xəstəxanada çarpayılarımızı yanaşı qoymuşdular. Fərhadın məhz belə bir məzmunda şeiri vardı. İki nəfər yan-yana uzanmışdı, bir öldü, biri qaldı. Sanki intuitiv olaraq şeirlərində o kodları çağırırdı. Bəlkə də başına gələcəklərini hiss edirdi, bilmirəm.

– Rəbiqə, təsadüfən, Fərhada vurulub eləməmişdin ki?

– Bu sualı gözləyirdim, çünki bu cür düşünən adamlar çox idi. Amma əminəm ki, ona vurulmamışdım, sadəcə, çox yaxşı dost idik. Adam yaxşı tanıdığı birinə vurula bilməz. Qadın əsasən, tanımadığı kişiyə vurulur. Fərhad isə həddindən artıq açıq adam idi. Sağlığında yox, amma ölümündən sonra belə bir məqam oldu, ölümündən sonra mən ona vuruldum. Bilmirəm, bəlkə də bu sevgi onun ölümündən aldığım sarsıntının nəticəsi idi. İlk 40 gün müddətində gözümə görünürdü. Bir anlıq mənə elə gəldi ki, artıq bu adama vurulacağam.

Əlibala Hacızadənin “Təyyarə kölgəsi” adlı əsəri var. Qadın onu sevən kişiyə öldümündən sonra vurulur. Baxmayaraq Fərhadla aramızda heç bir sevgi münasibəti olmamışdı, amma o əsəri xatırlayanda mən qorxdum. Bu, əslində, çox anormal bir şey olardı. Bu hissi Fərhada həsr etdiyim bir şeirdə yazmışam. Fərhadın ölümündən sonra qəribə bir paranoya yaşayırdım və bu paranoyanın içində hər şey ola bilərdi. Mən bundan dostların sayəsində xilas ola bildim.

– Deyəsən, xanımının Fərhadın bəzi dostlarına qarşı hirsi hələ də qalır.

– Hicran özü müsahibəsində demişdi ki, qızlar Fərhada zəng edəndə xoşum gəlmirdi, narahat olurdum. Bu, mənim də başıma gəlmişdi. Fərhadla qəzet çıxarırdıq. Fərid, Qismət, Səlim də bizimlə bir yerdə idi. Əslində, qəzet bəhanə olmuşdu, bir nömrəsi çıxmışdı, amma biz hər gün görüşürdük. Guya qəzeti müzakirə edirdik. (gülür)

Bir dəfə qəzetlə bağlı Fərahda zəng vurdum, telefonu xanımı götürdü. Mən də dedim ki, qəzetlə bağlı zəng etmişəm, Fərhadı olarmı? Gördüm ki, qadın mənimlə çox qəzəbli danışdı. Ondan sonra mən heç vaxt Fərhadın nömrəsini yığmadım. Amma bunu Fərhada da demədim. Sonra məlum oldu ki, başqa qızlarla eyni problemləri yaşayıblar. Çox təəssüf ki, Hicranla Fərhadın ölümündən sonra tanış olduq. O da həm göz yaşları, həm də sevgi hissi ilə dedi ki, kaş onun sağlığında tanış olardıq, sizə qarşı o hisləri yaşamazdım.

– Mümkünsə, Fərhadla bağlı maraqlı xatirlərindən birini danış...

– Dəhşətli dərəcədə pozitiv adam idi. Yaxşı səsi vardı və sərxoş olduqdan sonra mahnı oxumağa başlayırdı. Çoxlu lətifələr bilirdi və mütəmadi olaraq onu danışıdı. Narkomanlarla bağlı lətifələri çox xoşlayırdı, bizi həmişə güldürürdü.

– Tez-tez sərxoş olurdu?

– Hə... Amma çox pozitiv sərxoşluq idi. Yumşaq xarakterli idi, dalaşmaqla, sındırmaqla arası yox idi. Onunla bağlı kövrək bir xatirəm də var. “Gənc Ədiblər Məktəbi”nin tədbiri idi. Həmin gün şəxsi probelemim vardı və kefim yox idi. Mütəmadi zəng və smslər gəlir, mən çölə çıxıram-filan, gözlərim dolur. Mənim üçün kimin yanında oturmaq çox önəmlidir və mən həmişə Fərhadla yanaşı otururdum. Fərhad da bunu bilirdi deyə həmişə mənim yanımda otururdu. O, gördü ki, narahatam. Gördü ki, gözlərim dolub, dedi, bilirəm, nələrsə baş verir, ağlamaq istəyirsən. Amma xahiş dirəm, burda ağlama. Heç kəs göz yaşlarını görməsin, burdan çıxaq, İlham, sən və mən. Gedib oturuarıq, danışarsan, lazım olsa, biz də səninlə ağlayarıq, lazım olamsa, hamımız bir yerdə gülərik. O belə danışdıqca gözlərim daha çox dolurdu. Təbii, söz vermişdim deyə tədbirdə ağlamadım, amma ondan sonra üçümüz bir yerdə oturduq. Bulvara getdik, yelləncəyə mindik. Düzü, Fərhad minmədi, amma İlahmla mən xeyli yelləndik.

Bir dəfə də dəniz qırağında görüşmüşdük. Anar Amin, mən, Qismət oturmuşduq. Mənim bloknotuma şeirlər yazmışdılar. Fərhad heç vaxt heca şeiri yazmamışdı, yaza bilmirdi. Heca şeiri yazanda barmaqları ilə hecaları sayırdı, bölgünü bilmirdi. Bizə deyirdi ki, necə edirsiniz ki, hecalar 11 alınır? Yəni bu adamda ritm hissiyyatı yox idi. Həmin gün dedim ki, gəmiyə minmək istəyirəm. Aralarında tək xanım idim, istəyirdim mən deyən olsun, amma heç kim getmədi. Fərhad gördü ki, heç kim getmir, yalnız o mənimlə gedib gəmiyə mindi.


Müəllif: Kəramət Böyükçöl