3 Aprel 2018 12:19
2 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən bu prinsiplə yaşamıram ki, hansısa hadisə baş verən kimi tez-tələsik nəsə yazım. Həmişə necə işləmişəm, elə də işləyəcəm.

Bu sözləri Teleqraf.com-a müsahibəsində Prezidentin “Şöhrət” ordeni ilə təltif etdiyi xalq yazıçısı Mövlüd Süleymanlı deyib.

Müsahibəni təqdim edirik.

- Mövlüd bəy, “Şöhrət” ordeni ilə təltif olunmağınızı necə bildiniz, bunu gözləyirdizmi?

- Gözləməyə qalsa, çox şey gözləyirəm. Amma bundan xəbərim yox idi. Bağdaydım, zəng etdilər, dedilər. Adımın bu cür anılmağı mənə çox xoş təsir etdi. Gözlənilməz dəyişikliklər hiss etdim özümdə. Dəyişməyimə də təəccübləndim. Deməli, bu xəbəri bütün varlığımla gözləyirəmmiş. Çox sağ olsunlar, təşəkkür edirəm.

- Hazırda yaradıcılığınızla bağlı hansı yeniliklər var?

- Bir məsəl var: hər şey vaxta baxar, vaxt heç nəyə baxmaz. Ömür də, yaş da vaxtdır. Bu məntiqlə düşünsək, yaş da heç nəyə baxmır. Elə mənim 75 yaşım da... Ancaq özümü boş saxlamıram, demək olar ki, boş vaxtım olmur. Bir tənqidçi dostum demişdi ki, Mövlüd yazmıram deyəndə də yazır. Düz deyirmiş. Çünki mənim başqa məşğuliyyətim yoxdur.

- Bu mükafatın bundan sonrakı yaradıcılığınıza nə təsiri olacaq?

- Mən bu prinsiplə yaşamıram ki, hansısa hadisə baş verən kimi tez-tələsik nəsə yazım. Həmişə necə işləmişəm, elə də işləyəcəyəm. Ancaq prezident səviyyəsində diqqət mənim üçün çox qiymətlidir. Bu, mənə ümid verdi. Bax bu diqqətin nəticəsidir ki, şəhərimiz günü-gündən gözəlləşir. Bu diqqətin nəticəsidir ki, ölkəmiz inkişaf edir.

- Həmkarlarınızdan təbrik edənlər oldumu?

- Dünəndən zəng edib təbrik edirlər. Heç birini seçmək istəmirəm. Hətta tanımadığım bir nəfər zəng etdi, təbrik edəndə inanmadım. Sonra təltif edilənin soyadının Balakişiyev olduğunu dedi, onda inandım. Çünki mənim əsl soyadım Balakişiyevdir. Hamısının canı sağ olsun. Bütün dostlara, zəng edənlərə, Teleqraf.com saytına təşəkkür edirəm.


Müəllif: Xəzər Süleymanlı