9 Aprel 2018 10:17
3 791
12 Punto 14 Punto 16 Punto 18 Punto

(Faiq İsmayılovun şeirləri haqqında)

Ədəbiyyat axtarırıq, yeni səs, yeni hiss, düşüncə, yeni ədəbi parıltı, işıq gəzirik daima… Əslini, əsil ədəbiyyat nümunələrini tapmadıqca oxşarlarını dəyərləndirməyi, diqqət mərkəzinə çəkməyi belə ədəbi xidmət sayırıq çox zaman… Halbuki, Faiq İsmayılov faktı sübut etdi ki, vaxtında görmədiyimiz, fərqinə varmadığımız, yanımızdan külək kimi ötüb keçən, başımız üstündən ulduz kimi axıb gedən həqiqi poetik söz, duyğu sahibləri olub. Təvazökar, tərəddüdlü, sənətə, sözə qarşı məsuliyyətli, tələbkar…

Şairlər tək özləri üçün yazmır şeirlərini, gündəlik, xatirə dəftəri üçün deyildi Faiqin də şeirləri… Sevgilisinə yazırdı:

Sənə yazdığım məktubları

sənə göndərə bilmədim…

Şeirlərini də vaxtında, zamanındaca oxucularına…

Şairlər üzlərdəki həyəcanı, gözlərdəki mənanı, diqqətdəki marağı duymazsa, inamsız olar, məncə. Şairlər oxucusunun hərarətli, hərdən onun misralarını pıçıldayan nəfəsini, səsini yanında, ruhunda hiss etməlidir. Şeirlərin də insanlar kimi taleyi, həyatı, aqibəti, bəxti, bəxtsizliyi olur. Faiqin şeirlərini oxuyuram. Nə qədər nisgil var onların taleyində…

Ümid və ümidsizlik haqqında yüzlərlə şeir oxumuşuq, “ümid dilənçisi” isə yenidir. Mən poetik portretləri sevirəm. O şeirləri ki, rəssama material, ideya verə bilir. Lap bu şeirdəki kimi. Baxın, əlləri dizlərinin üstündə tində ümid dilənən “Ümidsizliyin obrazı”na:

Əllərim dizimin üstündə,

oturmuşam tində.

Gələnin-gedənin

zəhərini içirəm.

bir tikə

ümid gəzən dilənçiyəm.

“Ümidsizliyin obrazı”… Bu ad mənim ağlıma gəldi, bir oxucu kimi… Şeir mənə də yaradıcı yanaşmaq imkanı verdi. Az söz və dərin məna, səmimi ifadəetmə olanda belə olur həmişə, oxucu da yaradıcı, düşünən olur.

“Bənövşə” şairləri söz saxlamamışdı bu çiçək haqqında. “Şah misra”nın möhürü vurulmuşdu Qurbanilə: “Ayrılıqmı çəkmiş boynu əyridir?”… Və boynubükük hicran şəhidi zənn edirdik bənövşəni. Daha incə, zərif, sevgisi və həsrəti ilə heykəlləşmiş çiçək obrazı… Amma Faiq İsmayılov bənövşəsi dağıtdı xəyalları, qəlibləri, qəliblənmiş çiçək cizgilərini. Budur, qarşımızda daha cəsarətli, daha iradəli, daha mübariz və ümidli bir bənövşə əzəməti var:

Torpağın altında dözə bilmədin,

Ah çəkdin, ahından torpaq söküldü.

İstəyin, diləyin özgəydi sənin,

baxdın bu dünyaya, belin büküldü.

Bu şeirin də rəsmi gözlərimiz önündə şəkillənir. Üz-gözündən, saçlarından torpağı silkələyib tökən, ahı ilə yeri yarıb həyata, işıqlı dünyaya yol tapan zərif güc! Böyük sevdalarla dünyaya qədəm qoyan, ancaq istəkləri ilə tərs mövqedə dayanan dünyanın halından şikayətçi olan bənövşənin nəinki “boynu əyri” oldu, hətta daha ağır dərd daşıyıcısı kimi “belibükük”lük nisgilinə düçar edildi…

“Ölən ağaclar”ın yuxusu da yuxumuza qarışır daha, yəni qarışacaq-Faiqin bu şeirindən sonra:

Göyərməyənlərin qisməti

baltadır.

Göyərməyənlərin qisməti

daldadır, -

od qoxusu,

ocaq qoxusu…

görəsən necə olur

ağacların yuxusu?

Özümüzü, şəxsimizi, “mən”imizi gəzirik bir ömür boyu, bəzən bu yolun başındaca onu itirir, ölənə qədər də tapa bilmirik, bəzən isə “yaxası” əlimizə keçir:

İnsan özünü bircə dəfə

tapır bu dünyada.

insan özünü iynə kimi

salıb itirə də bilər.

Əgər özünü tapsan,

möhkəm yapış yaxandan.

Yoxluqlarda, boşluqlarda səadət, xoşbəxtlik axtarırıq daima, “çiynimizə qonan xoşbəxtliyi” isə hiss etmirik. Kueylonun “Kimyagər” əsərinin ideyasını xatırlatdı bu misralar. Xoşbəxtlik eşqilə məşəqqətlər çəkən, Misir ehramlarına qədər gedib çıxan Santiyaqonun başına müəllif diğər qəhrəmanlarının əli ilə bir-iki ağır, ölümcül zərbə endirir və sanki deyir: yazıq, bədbəxt axtarışçı! Xoşbəxtlik dalınca bu qədər uzaqlara getmək lazım deyildi əslində, o sənin bircə addımlığında, lap yaxınında, bəlkə də içində idi. Doğrudan da Santiyaqo daxilindəki xoşbəxtliyi salıb itirə-itirə onun dalınca gedir və hey bədliyə və bədbəxtliyə düçar olurdu… 1983-cü ildə yazdığı şeirində də Faiq elə bunu deyirdi, özü də böyük bir romanla yox, bir neçə misra ilə…

Biz xoşbəxtliyi

həmişə çıraqla gəzmişik.

Guya xoşbəxtlik iynədir,

düşüb samanlığa…

Xoşbəxtlik çiyinlərimizə

qonanda heç bilməmişik!

Onun çox maraqlı obrazları var. Bir hadisəyə, detala, əşyaya aid yox, həm də assosiativ lövhələr yarada biləcək poetik məqamlara dair. Onun can verib canlandırdığı dəmirlərin, maşınların, qatarların belə səciyyəsi insanlaşır, xarakterləşir, ruhu, canı, xasiyyəti olan varlıq kimi simvollaşa bilir. Zəhmətkeş, axşam-səhər “gecə daşıyan” qatarlar da varmış, işıqlı sabahlara doğru yürüyən qatarlar-yorğun-darğın, Prometey əzablı qatarlar:

Gecəni yükləyib vaqonlara,

qatarlar şütüyür sağa-sola.

Qatarlar gecəni aparır,

qayıda sabahla.

Gecə də qurtarmır..

Qatarlar yorulacaq, vallah!

“Yorulan qatarlar”ın dərdini çəkən şairin gözlərimiz qarşısında “çabalaya-çabalaya can verən” zaman ölümlərinə matəmi daha duyğuludur:

Gözlərimin qabağında

Sudan çıxarılmış

balıq kimi

çabalaya-çabalaya

ölür vaxt…

Bu dünyada ən böyük dərd

vaxtın ölməyini görməkdi.

Faiqin poeziyasında bir ağrıyan, yanan ürək, bir düşünən baş, bir də bunların ünsiyyətindəki əzabdan sıxılıb yanaqlara süzülən göz yaşları var… Bəzən sahibindən başqa kimsəni incitməyən, ağrıtmayan, təsirləndirməyən göz yaşları:

Bir sakit bucaqda

axıdılan göz yaşı,

yanaqlardan savayı

heç nəyi yandırmır…

indi özün bil!

Faiq də hamımızın baxdığı insanlara, hamımızın tamaşa etdiyi təbiətə baxırmış, amma biz görəni görmürmüş, daha doğrusu, onun hər şeiri, hər misrası sübut edir ki, onun baxdıqlarını və gördüklərini biz görə bilməmişik. Payız və yarpaqsız budaqlar haqqında nə qədər şeir eşitmisiniz? Çox… Amma payızın “talanı”na qarşı qəzəblənib meydan sulayan bu “qəzəbli barmaqları” görməmisiniz yəqin:

Külək əsir.

yarpaqsız budaqlar

qəzəbli barmaqlar kimi

hədələyir payızı.

Faiqin şeirlərinin sonundakı yazılma tarixi çox maraqlıdır. Maraqlıdır və təəccüblüdür. XX əsrin 80-ci illəri (1982-1983…) … Vaqif Bayatlı və Ramiz Rövşən poeziyasını şeirimizin intibahi səhəri kimi qarşıladığımız illər… Sevə-sevə oxuyurduq o şeirləri. Eyni illərdə isə Faiq elə onların poeziyası qədər əks-səda doğura biləcək şeirlərini yazıb, “öldürürmüş”- saxlayır, üzə çıxarmırmış… Biz itirmişik, ədəbiyyatımız, şeirimiz itirib…

Altmışıncılardan fərqli, yetmişincilərdən, səksənincilərin çoxundan daha rəvan, poetik, cilalı dillə şeirlər yazırmış, məntiqli, mənalı, yeni ifadə üslubu, obrazı olan şeirlər… Bizim axtardığımız şeirləri… Amma ünvanı yazılmayan məktublar kimi poçt qutularında susan, sahibinə çatmayan məktubların taleyini yaşadı bu şeirlər uzun illər. Açılmayan sirr, döyülməyən qapı kimi məchulluqda qalmışdı onun şeirləri, yaradıcılığı. 33 il keçdi onu bizi səsləməsindən. Düz 33 il! İndi bir səs eşidirik, bizi səsləyən, illərin o üzündə qalan, vaxtilə bizim hənirimizə, diqqətimizə möhtac olan cavan və nakam bir şairin səsini:

Ey, qapımı döyən,

Utanma gəl içəri.

Bayırda soyuqdu,

mən də yalqızam.

İçəridə soba yoxdu,

soba üstə tava yoxdu.

Yalqızların yarasına

dərman yoxdu, dava yoxdu.

Ey, qapımı döyən,

bayırda soyuqdu,

mən də yalqızam.

Ya pişiksən, ya itsən, -

mənim üçün nə fərqi,

kimsənsə kimsəsizsən.

Utanma gəl içəri.

Ey, qapımı döyən,

bayırda soyuqdu,

mən də yalqızam…

(Yalqız evin nəğməsi)

L.Borxes sərbəst şeiri çox çətin yaradıcılıq prosesi kimi təhlil edirdi adətən. “Oxucu sərbəst şeirdə həyəcan axtarır - ayaqlarının yerdən üzülməsini, fərqli hisslərə düşməyi gözləyir... sərbəst şeirdə oxucuya fiziki təsir edən nəsə var. Qulağa xoş gəlməsə də (adətən gəlmir), bu tip şeirləri oxuyanda, oxucu, şairin onu hansı havaya salmaq istədiyini bilir”.

Və Borxes həm də yazırdı ki, məni incidən hissləri, yaxamdan əl çəkməyən şeirləri əlüstü yola vermək üçün klassik formaya müraciət edirəm, sərbəstdə isə ciddi düşünür, yazandan sonra xeyli çap etdirməyib gözləyirəm və cilalamaq işini təkrar-təkrar üstündə işləyirəm...

Faiq İsmayılov Azərbaycan poeziyasında ən mükəmməl sərbəst şeirlər yazan müəlliflərdən biriymiş... Bu gün əsil sərbəst şeirin qayda-qanunundan və ya yenə əsil poeziya nümunəsi yarada biləcək qədər “sərbəst qanunsuzluqları”ndan xəbəri olmayan müəlliflər öz nasiranə sətirlərini bölükləyib səpələməklə sərbəst şeir yazdıqlarını zənn edirlər. Əlbəttə, bu müəlliflər üçün şeir yazmaq da elə sərbəstdə yazmaq kimi “asan” görünür. Halbuki, məlum ifadə ilə desək, bir var asan yazılıb çətin oxunan şeirlər, bir də var çətin yazılıb asan oxunan şeirlər. Faiq İsmayılov isə “sərbəst şeir” yaratmaq işində “tər tökən”, onun yox hesab etdiyimiz, “gözəgörünməz”, sözlə ifadə olunmayan, tərifə gəlməyən poetik prinsiplərini yarada bilən cəfakeşlərindən olub.

….

Anam boyundan uzun əyilir

təndirə.

Kündə yapır.

Anamın kündə yapan

əllərini öpürəm,

çörək dadır! (1982)

“Boyundan uzun təndirə əyilən” qadınlar… güclərindən artıq yükdən yapışan fədakarlar… Hamımızın şahidi olduğu mənzərənin (çörək üçün od üstünə əyilən anaların təndirin dibinəcən uzanmasını) şair elə bir cizgisini qabardaraq şeirləşdirir ki, həmin cizgi ilə kompazisiyanın əsas detalı -ana obrazı mərkəzə çıxır.

Faiqin şeirlərində süjet, düşüncənin sistemi, davamlılığı və məntiqi sonluğu, ideya həddinə çata biləcək analitik təhlili var. Qafiyələr sözlərin fonetik qabığı fonunda deyil, məna və mahiyyətin qohumluğundan yaranır, doğulur. Məsələn, aşağıdakı şeirdə “səsinə-nəfəsinə”, “sümük-qəpik” qafiyələnməsi poetik fikir axarında yaradılan yox, yaranan, doğulan həmahənglikdir, harmoniyadır…

Korlar əsasının səsinə,

quşlar baharın nəfəsinə

tapır yolları.

Bir də hər işi

müşkülə düşən talesizlər,

ilıq, doğma

nəvazişdən xəbərsizlər

var bu dünyada.

Yolları insan mərhəmətində

gəzirlər.

Mərhəmət

it qabağına atılan sümük,

dilənçi camına atılan qəpik

deyil…

Korlar əsasının səsinə,

quşlar baharın nəfəsinə

Tapır yolları.(1982)

Bu şeirdə çox incəliklə qarşılaşdırılan, müqayisə edilən psixoloji ovqat və fəlsəfi yozumlara diqqəti cəlb etmək istəyərdim. Və əsas obraza! Faiqin digər şeirlərində də bədii zəmin, məkan, müxtəlif obrazlar olsa da, mütləq önə çıxardılan, diqqətə hədəflənən bir özəl obraz var. O obraz insan da ola bilər, quş da, ağac da, hadisə və ya yalqızlıqdan titrəyən, üşüyən kimsəsizlik də, küncə qısılmış qorxu da…

Bu şeirdə isə həmin obraz “çıxış yolunu insan mərhəmətində axtaran, işi müşkülə düşən talesizlər, ilıq, dogma nəvazişdən xəbərsizlər”dir. Bu obraz və ya onun durumu, halı hətta fiziki olaraq da insana tanış gəlir. Mərhəmət doğmalıq və ya yardım, kömək, nəvaziş demək deyilmiş hələ. Mərhəmətin də eybəcər, qorxunc, ikrahdoğurucu sifətləri olurmuş bəzən. Lap bu şeirdə göstərilən çeşidlərdə olduğu kimi : “it qabağına atılan sümük, dilənçi camına atılan qəpik”…

Amma korlar əsasının səsinə, quşlar baharın nəfəsinə tapırsa arzuladığı, dilədiyi yolu, bəxtsiz, talesiz insanlar üçün də sığınacaq yeri bahar nəfəsi qədər qutsal bir sevgi olmalıdır, dilənçi camında cingildəyən qəpik dəyəri ilə tən gələn alçaldılmış “mərhəmətlər” yox… Faiqin lirik-psixoloji “Mən”i bu cür zərif, incə ruhun və alicənab, mərd xarakterin sahibi idi… Biz indi tanış oluruq bu lirik “Mən” ilə-Faiq İsmayılov adlı yəqin ki yaşı 50-ni keçmiş, tanımadığımız qəribə taleli şairlə. Bəlkə bu cür qəribə tale onu daha tez məşhurlaşdıracaq? Çünki çoxlu suallar yaranır hər şeiri oxuduqca. Və ən əsas sual da , görünür, tale və qədərlə bağlıdır: Niyə indi, sözün, şeirin qiymətdən düşdüyü və həqiqi poeziya adına nümunələr tapılmayan bir vaxtda çıxdı qarşımıza? Qəribədir, zaman da şairə kömək edir. Quraqlıqda su, qıtlıqda çörək kimi girdi şeir bazarımıza - solğun, ölü, bir-birini təkrarlayan qeyri-səmimi misralar bolluğunda mataha, hamının əl uzadacağı sənət malına çevrildi. Deyimlərini, poetik aforizmlərini unutmaq olmur: “yarpaq-yarpaq tökülən vaxt”… zamanın payız qanunları ilə edamı… saniyə-saniyə, dəqiqə-dəqiqə, saat-saat yox, yarpaq-yarpaq ölən zaman! Payız yarpaq-yarpaq sökür təbiətin yaz büsatını. Və bu ölən, sona çatan təbiətin taleyini yaşayır zaman…

Vaxtın yarpaq-yarpaq

töküldüyünü,

saatlar istəmir

bizə bildirə…

saatlar gündüzlər

səssiz işləyir.(1981)

Xöşbəxt olmağın da qorxusu varmış:

Xoşbəxtliyi

əlindən salmamaq üçün.

xoşbəxtlər dönürlər qorxağa.

xoşbəxtlik

yaş balıq kimidi, dostum…

heç vaxt tələsmirəm

xoşbəxt olmağa! (1984)

Şair kimi yaşamaq, yalnız yazı masası arxasında deyil, bütün anlarda, bütün hadisələrdə, bütün yaşantılarda şair olaraq qalmaq hər müəllifin xislətində olmur. Faiq hər detala, hər səmtə, hər olaya şair kimi baxıb. Namərdliyə, xəyanətə, rəzilliyə şair kimi diksinib, şair düşüncəsi ilə xoşbəxtlikdən üz çevirib, şair duyğuları ilə səssizliyin dibində boynunu büküb qulağını, qəlbini sözə söykəyib.

Yağışlı bir gündə Bakının şair heykəllərinə üz tutub onlara “tapşırıq verən” kimsə gördünüzmü? Və ya belə bir adamın istəyində əsil ədəbiyyatın estetikasını tuta bildinizmi? İllərlə yağış altda qalan heykəl şairlər dillənəcək - sevgidən şeir deyəcək bu yağışlı gündə:

Şəhərin şair heykəlləri,

heç kəsin tanımadığı,

Heç kəsin nəğmə qoşub,

oxumadığı

sevgi şeirləri söyləyəcək

bu yaz yağışının altında.

Sağlığında sevgidən yazanı da,

yazmayanı da

sevgidən söyləyəcək.

Siz Allah, bağlayın o çətirləri,

açın başınızı yaz yağışına.

sudan quru çıxan eşitməyəcək

şair heykəllərin şeirlərini!(1984)

Bu şeirdən isə - Siz Allah, bağlayın o çətirləri, açın başınızı yaz yağışına – deyiminin təsiri ilə ayrılırıq…

Həyata ədəbiyyat, şeir, sənət gözü ilə baxanda məlum olur ki, hər şeyin-hətta ölü sükutlu məkan və zamanın belə poeziyası, şeiriyyəti, simfoniyası, harmoniyası var. Belə durumların musiqisini, nəğməsini də eşidə bilərsən, ruhun qabalığın, məkr və şeytani fəsadların yox, ali hisslərin əlindədirsə… Faiq İsmayılov belə məqamların birində xoşbəxtliyi yaxalayır. Çoxlarının darıxdığı, bəlkə də “sevməyə və sevinməyə heç nə yoxdur”- deyə biləcəyi həmin məqamın (hamı yatıb, sükut və gecə, bütün çiçəklərin solduğu bir zaman…) dibindən bir həyat eşqi tapıb çıxardır:

Bir bəyaz gecədi.

adamlar çoxdan yatıb.

Mənəm səssiz-səmirsiz

pəncərənin önündə

göz qırpmadan oturan.

Sükut necə gözəldi,

lap həzin nəğmə kimi.

Çiçəklər çoxdan solub,

amma çiçək ətri var

bütün duyğularımda.(1984)

Diqqət etdinizsə, Faiqin yoxluqlar və boşluqlar içərisində əlinə keçirib, həmin anlarda xoşbəxt ola biləcəyi qənimət “çiçək ətirli duyğulara” üz tutması oldu… Yenə Nazim Hikmət hikməti yada düşdü: “Məsələ əsir düşməkdə deyil, məsələ təslim olmamaqdadır!”… Bu fikri N.Hikmət ömürlük həbs cəzasına məhkum olduğu zamanlarda, həbsxanada deyib… Və düşünürəm: İlahi, xoşbəxt və qəhrəman olmaq üçün nə az şey lazım imiş bizə… lap az şey… Faiqin xoşbəxt olduğu, daha doğrusu, özünü xoşbəxt edə bildiyi anın detallarına, atributlarına baxın:

Oturmuşam

ay işığının,

ot ətrinin,

böcək nəğməsinin içində.

Qu tükü tək yüngüləm.

Heç bilmirəm.

nə var, nə yox

ay işığının,

ot ətrinin,

böcək nəğməsinin çölündə.

Mən də belə dəliyəm.(1984)

Ay işığı, ot ətri və böcək nəğməsi qədər böyük səadət bəxş edə bilən , həm də havayı, heç bir mücadilə və xərc tələb etməyən bir gözəlliyi, nemət dolu ovqatı yaxalaya bildinizmi?

Maraqlıdır, onun şeirlərinin dili və ruhu kədərli, mənası, məntiqi isə nikbin, ümidlidir. Sevməyin şəklini çəkir sadə dillə. Sadə sözlərlə:

Sevgi adamın içində

çiçək kimi açır.

Səssiz-sözsüz

nəğmələr kimi,

kəpənəklər uçur

solundan, sağımdan.

Yaşım azdı,

boyum uzun,xəbərim yoxdu ağlımdan.

Hələ öz ağlına görə

ağlımı ölçür…

Sevgi adamın içində

çiçək kimi açır!(1984)

İçində cənnət misalı bir büsat qurur şair. Çiçək açan məhəbbət, sağında və solunda bu eşqdən vəcdə gələn kəpənəklər… Məhəbbətin klassik gül-bülbül yox, daha incə simvollarına diqqəti çəkir. Və ən əsası özü yaradır bu eşqli, sufiyanə məhəbbət mənzərəsini, özü…

Deməli, gözəl yaşamaq, gözəlliyi yaşamaq üçn hiss və duyğularınla səmimi dost olmağın yetər…

Onun poeziyasında insanların özlərindən daha çox onların hiss və duyğuları, ruhları ünsiyyətdə olur. Bir qərib, nisgilli, utancaq baxışa bağlı pəncərələr arxasından ürəyinin səsi ilə cavab verən dostlar arzulayır:

Bir ildi

bu şəhərdən

getmişəm.

İndi qərib-qərib

gəzirəm küçələri.

Qapıları döyməyə utanıram,

gözlərimlə döyürəm pəncərələri.

kimin ürəyində varamsa,

pəncərədən

baxacaq…(1984)

“Vəfalı kədər” şeirində yorulur şair, usanır, təngə gəlir qaçmaqdan, iradəsini, dözümünü, mücadiləsini nə qədər səfərbərliyə alsa da minbir üzlü, minbir kələkli, fitnə-fəsadlı “Kədər” sadiq köpək kimi əlini-ətəyini, izini buraxmır…

Sadiq köpək kimi,

yalmanar sağımda,

solumda.

qovaram, getməz.

Qol qaldırıb oynayaram,

oxuyaram qışqıra-qışqıra,

hirslənərəm üstünə,

getməz, yenə getməz.

Səssiz-səmirsiz

ya məndən irəlidə,

ya arxada,

ya divarlarda

ayaqları ayaqlarıma bağlı

kölgəm kimi

əyilə-əyilə,

uzana-uzana,

gödələ-gödələ

hara getsəm

düşər yanıma.

Qələbəlikdə

anasını itirməkdən qorxan

uşaq kimi

buraxmaz ətəyimi.

Sevdiyim qızdan, -

“tale” dediyim ulduzdan,

sirr verdiyim,

“qardaş” dediyim dostlardan

vəfalı kədər! (1984)

Yaşantılarımızın nə qəribə ifadəsi: “Qol qaldırıb oynayaram, oxuyaram qışqıra-qışqıra, hirslənərəm üstünə, getməz, yenə getməz”- hamımıza tanış çılğınlıq. Sevinclə, şənlik, əyləncə ilə qovmaq istədiyimiz kədərin daş üzü yumşalmaq bilmir ki, bilmir… Hətta şairin bəzən ona yazığı da gəlir, onu “anasını itirməkdən qorxan uşaq” adlandırır…

xxx

Faiq İsmayılovun poeziya mövzusunda Ə.Salahzadə, V.Səmədoğlu, R.Rövşən, V.Bayatlı şeirlərindəki mənzərələrlə doğma olan məqamları çox gördüm. Tənhalıqları, qorxuları, sevgiləri, dostlara olan səmimi münasibətləri bir-birinə oxşayan şairlərin payızı da, yazı da, hətta kənddən gələn saf qəlbli, heyrət dolu, böyümüş gözlərlə dünyaya baxan oğlan obrazları da eynidir, sanki… R.Rövşənin “göy üzünə daş atan” oğlanı ilə Faiqin “güllü köynək kənd usage” necə də oxşayır:

Güllü köynək kənd uşağı,

gözlərinin qorasını sıxdın bəsdi.

köynəyini çıxart, ağart.

Şalvarının balağını

apar kəsdir,

bir az daralt.

Ürəyin bir çiçək üzü,

ürəyin bir bulaq gözü.

belə olmaz,

Güllü köynək kənd uşağı.

Bir az hiylə

bir az biclik,

bir az kin at,

küdurət qat.

Şair payıza tamaşa edir, payız qurbanlarının (viran olan təbiət detallarının) ölümünə kədərənir. Amma onun kədəri bir az fərqlidir, məncə. Çünki burda ənənəvi vəsf və təəssüf yox, həm də obrazlaşmış bir məqam var: ürək şəkilli, saralmış, quru, xəzan olmuş yarpaqları tapdasan son dəfə xırıldar və çilik-çilik olub dağılar. Qatil isə ayaqlarımız olacaq, ona görə də yalnız şairlər deyə bilər bu ifadəni – “alım ayağımı çiyinlərimə!”

Payıza baxıram pəncərələrdən,

yarpaqlar hamısı

ürək şəklində.

Saralmış ürəklər,

Solmuş ürəklər

Son dəfə xırıldar

əgər tapdasan.

Alım ayağımı çiyinlərimə!

Onun şeirinin ölən, solan, yox olan, itən, ayaqlanan, əzilən gözəllikləri sırasında bir qız da var - gözəllər gözəli Sənəm! Yazı payıza dönən, gülü-çiçəyi solan. xəzan olan, sevgisi əziyyətli, məşəqqətli həyatın ağırlığı altda qalıb ölən talesiz bir qız… Aya, günə “sən çıxma, mən çıxacam” deyən, çiçək kimi zərif, kəpənək kimi kövrək, yerişi canlar alan ürkək Sənəmin çiçəklərdən, güllərdən dəstə bağlayıb sevinən, gülən, sevilən çağıydı. Çiçək tutacaq əllər müharibəyə düşdü, yapışdı cütün, kotanın dəstəyindən, arpa əkdi, buğda səpdi… Nələr yaşadı, necə oldu ki, dava bitəndən sonra kişi kimi bığ çıxartdı, kobud, qaba görünüş aldı Sənəm? Bir ölən qız gözəlliyinin şeirini də yazıbmış Faiq İsmayılov:

Göy üzünün gözü quruyanda, -

buludu ağ günlər kimi

qəhət olanda,

ala gözlərini buluda döndərdi

ala gözlərinin

sevdalı oğlanlara

naz yağdıran çağıydı.

Xurma yeyəndə

boylu görünən Sənəm

kəpənək çiyinlərinə

yük götürdü duzdan ağır,

«döz»dən ağır.

Yük varmı, heç bilmirəm,

dərdin, kədərin,

niskilin özündən ağır?!

Dava arxada qalmışdı.

Aya sən çıxma, mən çıxacam,

günə sən çıxma, mən çıxacam

deyən Sənəm bığ çıxarmışdı.(1984)

Hecada olan şeirlərində də Faiq İsmayılov sərbəst, azad ilhamla yazırdı. Düşüncəsi, ruhu, təxəyyülü at belidə ucsuz-bucaqsız çöllərdən keçirmiş kimi sərbəst idi yazı anında. Hətta tinə, dalana dirənmiş sevgisini təsvir edəndə də…

Son görüşün son dəqiqələri, ayrılığın son döngəsi, son tinidir. Amma bu nisgilin də şeirini yaşayır müəllif daha çox, kədərini yox… Ayrılığa doğru qoşa addımllayırlar, hər addımda, hər tin başında ümidlər ölür, yol bitmək üzrədir:

Allah, bu yol nə uzunmuş,

addımına daş bağlanır,

bundan ağır zülüm yoxmuş,

yanağından yaş buğlanır.

Nə sözün var, dayanma, - de,

lap zəhər olsa da, udum.

Ayrılığa hələ yol var,

bir-iki tin, beş-on addım.

“Yanağında yaş buğlanır” misrasındakı göz yaşının poetik təsirliliyindən, estetik cazibəsindən əlavə, həm də yeni, deyilməmiş, yazılmamış halını (yanaqda od üstündə qaynayırmış kimi, buğlanan halını) da gördük…

Faiqin poeziyasında bizi ağrıdan bir obraz da var . Və bu obraz onun bir çox şeirində özünü göstərir. - yara yetişməyən məktub… “Bir əlcə məktubumu yara yetirmədilər”, - deyir, günahkar başqasını bilir...

Dünyadan tez köçəcəyinin, unudulacağının da şeirini yazan müəllif misraları yox, bəndləri bir-birinə bağlayan “üzümü-izimi-özümü” formalı qafiyə sisteminin məna uyğunluğunda həm də özünün tale obrazını əks etdirir. Suların, yolların və ruhların yaddaşından, xatirəsindən silinib gedən mövcudluğunun ölən, izi itən, unudulan şəklini sözlə çəkə bilir:

Kimin yadına düşəcəm

bir isti yay günü,

o ayna sularınmı?

Üzümü özündə saxlamır.

Kimin yadına düşəcəm,

yağışlı bir payız,

o asfalt yollarınmı.

- İzimi özündə saxlamır.

Kimin yadına düşəcəm,

bir ağappaq gecə,

o qərib ruhlarınmı?

- Özümü özündə saxlamır.

Bir çox şeirinin başlanğıcında bəxtsizliyindən gileylənən şair (Bu çayın bir ac balığı tilovuma tuş gəlmədi) elə həmin şeirin sonunda ölüm haqqında danışır, daha çox bu barədə sual verir (Qardaş, şirin bir sevdadı, ölmək görən asandırmı?)…

Bəxtsizlikdən gileyi Faiq hiss olunur ki, şeirinə dəb kimi gətirməyib, o halın ağrılarını içdən sızıldayıb həmişə. Ölümü arzulayıb, ölümün ona əl uzadacağı anı “kömək” kimi qəbul edib.

Üzümdə şeytan tükü yox,

əynimdə xortdan kürkü yox,

çiynimdə fələk yükü yox,

hər işi giley olmuşam.

Nəğd deyilən yaxın durmur,

təxt deyilən yaxın durmur,

bəxt deyilən yaxın durmur,

bilməm niyə doğulmuşam.

“Bəxtsizlik” portreti var onun poetik dünyasında. Başımız üstündən izsiz axıb gedən buludlara bənzədir tez ötüb keçən xoşbəxt anlarını:

Balaca-balaca, ağ-ağ uludlar,

O yelkən buludlar, dalğa buludlar,

O şeir buludlar, nəğmə buludlar

xoşbəxtliyin ayaq izləri kimi

uçurlar başımın üstündən.

Təbiətin insan siması var Faiqin şeirlərində. Diqqət etsək görəcəyik ki, tamaşa, tərənnüm üçün deyil, ünsiyyət, təmas, dostluq üçündür təbiətin çeşidləri onun aləmində. Dənizlə üz-üzə, göz-gözə dayanıb təkliyini unudan, kədərini bölüşən şair sonda onu dost kimi özü ilə aparmaq istəyir. Dost kimi dənizin əlindən tutub şəhərə yollanan şairlər olar ancaq… Ondan dalğalarının təlatümünü tələb edir –kar sükutu pozmaq üçün…

Yusun dalğaların qırçın düzümlə,

qurtaraq sukutun kar olmağından.

Dəniz, aparıram səni özümlə,

Qorxma küçələrin dar olmağından.

Bu poeziyada intonasiya yeknəsəkliyi yoxdur. Məzmunun tələbi ilə şeirin ahəngi, forması və ritmi, tempi də dəyişir. Məsələn, dostuna yazdığı “Üz tutub getdiyin şəhər” şeirində əvvəki şeirlərdəki ritm ağırlığını, ovqat süstlüyünü görməyəcəyik. Müraciət və sual dolu ünvanlama ahəngi sürətlidir:

Uca-uca dağ başından,

anan, atan, qardaşından,

qohumundan, tanışından

dostum, səni kim apardı.

Sakit axan çay qırağı,

çayın daşı, çay balığı,

qonşunuzun gülyanağı,

səni saxlaya bilmədi, -

dostum, səni kim apardı?

Aya baxdım, ay çəkmədi,

suya baxdım, su çəkmədi,

sən gedən yollara baxdım

yollar yaman çəkdi məni, -

dostum, bizi kim apardı?

Məqalənin əvvəlində şeir rəsmlərindən yazmışdım. Rəssamlara mövzu verən şeirlərdən… Faiqin şair sözündə həm də rəssam gözünün, baxışının rəngləri var. Qələmin fırçaya çevrildiyi anları oxucu asanlıqla görə bilir.

İçəri şəhərin “buxara papaqlı daş hasarları”nı şairdən daha çox rəssam təxəyyülü ilə tapmaq olardı…

Ə.Salahzadənin Xəzər haqqındakı şeirinin davamını yazıb sanki. Ə.Salahzadə yazırdı:

Okeandan xəbərin yox,
özünü göl san!
Dəniz ola-ola gölsən deyiblər.
Dənizlər içində dəniz olarsan
gedib okeandan gəlsən, deyiblər.

Faiq İsmayılov isə Xəzərin dəniz adından imtinasını, okena əl uzadıb böyümək istəməməsini belə izah edir:

Dənizin bir əli

yapışmalıdı

okeanın ətəyindən.

Qınamayın Xəzəri,

neyləsin yazıq Xəzər,

ayrılıb gedə bilmir

Qız qalasından.

Buxara papaq

Uzana-uzana hara gedir

bu şəhər,

uzana-uzana hara ucalır

bu evlər?

Boylanın görün harda qaldı

O sevgili Xəzər, o gözəl Xəzər.

Uzana-uzana hara getsə də

baş alıb qalxsa da

göylərə sarı,

Bu şəhərin buxara papağıdı

İçəri şəhərin daş hasarları.

Məqalə boyu qəribə hisslər yaşadım… Kim imiş Faiq İsmayılov? Azər Turan Faiqin iki kitabını nəşr etdirib indiyə qədər. “İynə boyu şeirlər” (2000) Bir də əsərlərinin birinci cildini (2005). O, təəssüf hissi ilə yazır ki, “...Amma heç kəsin diqqətini cəlb etmədi bu müddətdə. Faiq dramlar, pyeslər də yazırdı, həm də gözəl bir nasir idi, hekayələri, hətta bitməmiş “Qarı” povesti vardı. Onu da tamamlanmamış olmasına rəğmən, kitab şəklində nəşr etdirdim. Nədən ki, bütün əlyazmaları məndəydi. Rahatsız idim. Mənə də bir şey olsaydı, Faiqin yazıları it-bata düşə bilərdi. Odur ki, bunların nəşrini gerçəkləşdirdim. “Yeni Azərbaycan” qəzetinin “Ədəbiyyat” əlavəsində də bütün yazılarını, istisnasız olaraq, bütün yazılarını çap edirdim. Bütün bunlar nədənsə şeir tənqidçilərinin diqqətini cəlb etmirdi. Ümumiyyətlə, qəribədir ki, Faiq heç zaman bizim tənqidin diqqətini cəlb etməyib. Mən isə bilirdim ki, mənim dostum 80-ci illər Azərbaycan poeziyasında nadirlərdəndir. Bəlkə də ən nadir şairdir. 1993-cü ildə Faiq barədə “Aydınlıq” və “Azadlıq” qəzetlərində “...Nə böylə ayrılıqlar”, “Ölüm süvarisi” adlı məqalələrim çıxmışdı. Sonralar bu yazıların əsasında yazdığım “Ölüm süvarisi” kitabımı nəşr etdirdim. Kitabı Adil Mirseyid oxumuş və “Palitra” qəzetində “Ölüm süvarisi” barədə qəribə, ilginc bir yazı yazmışdı: “Faiq üçün kapriççio”. Bu qədər... Sonra yenə də Faiq unuduldu... İndi də yenidən daha mükəmməl bir kitabını hazırlamaq istəyirəm...”

Bu günədək şeirlərini oxumadığım şair, qarşılaşmadığım insan… Qəribədir, poeziyasına bu qədər maraq göstərdiyim müəllifin həyatı haqqında heç nə öyrənmək istəmədim… Şeirlərindən tanıdığım Faiq İsmayılov adlı bir nakam, talesiz şairin ruhunu canlı insan obrazında onun hər misrasında, şeirində duyurdum, hiss edirdim… Doğrudan da sözü ilə qalmaq özü, vücudu ilə var olmaqdan, yaşamaqdan daha dəyərli imiş. Sözünün ömrü qədər yaşamaq nəsibi bəlkə elə xoşbəxtliyin özüdür?..


Müəllif: İradə Musayeva