24 Aprel 2018 21:44
5 733
12 Punto 14 Punto 16 Punto 18 Punto

22 aprel tarixində Aken Group və CNK Colleges şirkətlərinin təşkilatçılığı ilə ADO Teatrında II Bakı Kitab Festivalı keçirildi.

Teleqraf.com festival və festivalda baş vermiş mübahisə ilə bağlı tənqidlərə Aken Groupun yaradıcısı Kamal Aken cavab yazısını təqdim edir:

İncəsənətlə məşğul olmağa başladığım ilk vaxtlardan bütün incəsənət adamlarının gileyləndiyinin şahidi olmağa başlamışdım. Yazıçılar oxucuların olmamasından, rəssamlar sərgilərin boş qalmasından, aktyorlar satılmayan teatr biletlərindən, rejissorlar min nəfərdən çox baxılmadığı filmlərinə görə narazıçılıqlarını gizlətmirdilər. Hamı günahı insanlarda görür, onları incəsənətə heç bir aidiyyəti olmamaqda suçlayırdılar, amma bir dəfə də olsun heç bir yazıçı öz yazısını oxucu kimi oxumadı, heç bir aktyor səhnədə özünə kənardan baxmadı, heç bir rejissor özünü tamaşaçı yerinə qoymadı.

Mənə çox maraqlıdı, bir dəfə də olsun özünüzə sual vermisinizmi ki, bu adamlar axı niyə sizi tanımalıdır? Publisistik yazıda mətn sözünü bir neçə dəfə "mətin" kimi yazan jurnalist hansı ağılla ona hörmət etməyən auditoriyanı günahlandıra bilər? Bəli, mən bu ölkənin incəsənət adamlarını da çox yaxşı tanıyıram, xalqını da. Fəaliyyətdə olduğum bu bir neçə ildə anladım ki, insanları aldatmaq mümkün deyil, nə mətndə, nə səhnədə, nə də başqa bir işdə bu insanları aldatmaq imkansızdı.

Mən bir yazıçı, aktyor kimi bu insanlara heç bir xeyrim dəyməyib, "Kəpənək və qaranquş" nağılındakı yanğını söndürmək üçün çay kənarından ağzı ilə damcı-damcı su daşıyan kəpənəyin halındayıq hamımız. İllərimizi həsr etsək də, yazı makinasının qarşısında ölsək də, səhnədə ürəyimiz dayansa belə, heç bir vəchlə heç birimizin o xalqı günahlandırmağa haqqı yoxdur, çünki onlar üçün çalışmağı insanlar bizdən istəməyib, öz istəyinizlə hansı sahədəsə vaxtınızı xərcləyirsinizsə bu sizin seçiminizdir.

Dövlətin heç bir maliyyə dəstəyi olmadan hər ilin aprel ayında öz hesabına, gənclərə kitab sevgisini aşılamaq üçün kitab festivalı keçirən, sahibi olduğum Aken Group və CNK Colleges şirkətləri bu günlərdə keçirdiyi II Bakı Kitab Festivalına görə çoxsaylı tənqidlər aldı. Bu tənqidlərin hər birinə qatılır, əksəriyyətinin doğruluğunu təsdiqləyirəm. Keçən il keçirdiyim I Bakı Kitab Festivalında yüzlərlə insanın qatıldığını gördükdə düşündüm ki, bu qədər hazırlaşmağımız boşuna imiş, Azərbaycanda bu qədər kitaba marağı olan gənclər varsa, yalnız nəşriyyatların stendlərini quraşdırmaqla, bir neçə tanınmış yazıçını dəvət etməklə, bir də musiqi ilə insanlar onsuz da burada əylənməyin yollarını tapacaq. Bu il isə festivala iki gün qalmış kiçik hazırlıqlar görməklə II Bakı Kitab Festivalının elanını verdik. Daha isti ortam yaratmaq məqsədilə kitabları yerdən - qəzetlərin üstündən düzməyimizə onlarla insan irad tutdu. Kitabın bir metr hündürlükdə qoymaq onu müqəddəs saymaq anlamına gəlmir, eynilə kitabları yerdən düzməyin onu aşağılamaq anlamına gəlmədiyi kimi.

Festivala gələn yazıçılar onları qarşılayan, hal-əhval tutan birilərinin olmadığı üçün narazıçılıqlarını bildirirdilər. Qardaş, sizinlə oxucularınızın görüşünü təşkil etmişik, qarşılığında təşəkkür belə istəmirik, hamı bilir ki, bizim nə burdan maddi bir çıxarımız var, nə də ki bununla nəsə əldə edəcəyik. Məqsəd Azərbaycan yazıçıları və oxucuları arasında körpü yaratmaq, kitabı təbliğ etməkdir, daha qırmızı xalı sərməyə nə gərək var?

Hələ festivalda iştirak etməsi üçün qonorar tələb edən, festivala gəlməsi üçün qapısına taksi göndərməyimizi istəyən yazıçıdan danışmıram.

Anlayıram, festivalda ciddi boşluqlar vardı, amma bir şeyi başa düşməkdə çətinlik çəkirəm, festivalı toyla qarışdırmaq kimin ağlına gəlib? Kim deyir ki, festivalda aparıcı olmalıdır? Kim deyir ki, kitab günündə kitab və yazıçılardan başqa bir şeyin olması şərtdir? Bir neçə yazıçı ADO Teatrının rəhbəri Elmin Bədəlovun onları tanımamasına irad tutdu. Bəylər, daşkəsənli Gülçöhrə Məmmədbağırqızı adlı şairi tanımıramsa, bu mənim günahımdır, yoxsa həmin şairin? Elmin Bədəlov festivalın moderatoru deyildi, sadəcə o, bir-birindən utanan yazıçı və oxucular arasında yaranmış soyuq sükutu aradan qaldırmağa cəhd edirdi.

Kəramət Böyükçöl tar və gitarın kiçik dueli formatında gənclərin hazırladığı performansı maraqla qarşılayıb alqışlayan qonaqlara bu performansdan nəyi anladıqlarını soruşdu və həmin sadə performansın hansı mesaj üstündə qurulduğunu anlamadığını etiraf etdi. Yəni həqiqətən bunu anlamaq üçün Frans Kafka olmaq lazımdır?

Həmid Herisçinin festivala gecikib zalın kənarında əyləşməsini ona irad tutub söz atəşinə tutmağa çalışanlar sonda festivalın gərginliklə başa çatmasının səbəbkarı oldular. Həmid Herisçi və digərləri arasında yaranan mübahisə böyüməyə doğru getdiyini görən iştirakçılar zalı tərk etdilər. Bu da insanların festivalı yox, məhz yazıçıları boykot etməsinin göstəricisi idi, əksi olsaydı, iştirakçılar ilk başdan çıxıb gedərdilər. (Cənab tənqidçi, Azərbaycan dilində "baykot" adlı ifadə yoxdur, xahiş edirəm yazılarınızın ən azından orfoqrafik səhvlərini nəzərdən keçirin).

­

Mənə çox maraqlıdır, "mən belə yerlərə getmirəm", "mən belə tədbirlərdə iştirak etmirəm" deyən məmurlar ee, üzr istəyirəm yazıçılar əsasən harada oxucularla görüş keçirir? Yoxsa ümumiyyətlə onların oxucu auditoriyası yoxdur?

Deməli, yeni­ fəaliyyətə başlayan bir jurnalist dostumuzun yazısı çıxdı qarşıma. Adam Həmid Herisçi ilə arasında olan şəxsi dialoqu belə reportajına əlavə edib, bu tip etik normaları pozan adam sabah başqaları ilə olan şəxsi yazışmalarını belə paylaşar. İradlarının birində də qeyd edib ki, təşkilatçı biri-biri ilə problemi olan yazıçıları çağırmamalı idi. Mən haradan bilim ki, siz ədəbiyyatla şou-biznesi səhv salmısınız.

Festivalla bağlı bir yazıda müəllifin ADO Teatrının məkanı ilə bağlı işlətdiyi "köhnə-kürüş ev" ifadəsi ilə rastlaşdım. Təəccüblənmədim doğrusu, həyətində bir ay toyuq saxlaya bilməyən adamların heç bir maddi dəstəyi olmadan 6 il bu boz mühitdə teatr saxlayanlara dil uzatması normaldır. Biz zirzəmi kimi yerdən başlamışıq fəaliyyətimizə, gah qapımızı möhürlədilər, gah yerimizdən qovdular, gah binanı sökdülər, bu qədər çətinlik arasında ayaq üstə qalmağımızı qoyaq kənara, hansı müstəqil teatrın 50 kv. metrdən böyük məkanı var? Burada kvadrat döyüşdürmək utancvericidir, xahiş edirəm belə ucuz iradlarla gözdən salmayın özünüzü.

Bunu da qeyd etmək istəyirəm ki, festivalın uğursuz keçməsinə səbəbkar ADO Teatrı deyil, ADO sadəcə bizə yer verib, təşkilatçılar Aken Group və CNK Colleges şirkətləri olduğu üçün məsuliyyət bizə aiddir.

Festivalda yaranmış mübahisənin birbaşa səbəbkarları isə məhz bizim oraya dəvət etdiyimiz yazıçılar idi.

Başqa biri yazırdı ki, onlar bu festivalı keçirməklə çox böyük bir səhv ediblər. Əgər həqiqətən elədirsə, əgər həqiqətən heç bir maddi dəstəyi olmadan və heç bir maddi çıxar güdmədən kitabı təbliğ etmək istəyimiz, fəaliyyəti yalnız söyülməkdən ibarət olan gənc yazıçılarımızı insanlara tanıtmaq istəyimiz böyük bir qəbahətdirsə bütün insanlardan min beş yüz səksən iki dəfə üzr istəyirəm, bunu da qeyd etmək istəyirəm ki, gələn ilə planlaşdırdığımız III Bakı Kitab Festivalına bir neçə ay sonra hazırlıqlar başlayacaq, xaricdən dəvət edəcəyimiz tanınmış yazıçılarla əlaqə saxlanılacaq. Bu dəfə məqsəd isə kitabın təbliği və yeni ortalığa düşmüş, özünü rüsvay etməklə reklam olunduğunu sanan yazıçılara əsl yazıçıları göstərməkdir.

Kamal Aken


Müəllif: