11 Aprel 2017 22:10
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Formula 1 yarışına iki aydan çox müddət qalsa da, artıq Azneft dairəsinin qarşısında yerləşən Filarmoniya tribunasında bütün yerlər tamamilə satılıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Teleqraf.com-a verilən məlumata görə, BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bunu Azərbaycan Qran Prisinə yaxınlaşdıqca yarışa marağın artması ilə izah edib: “Yarışa 75 günün qaldığı bir ərəfədə tribunaların birində bütün biletlərin satılması çox sevindirici haldır və bu, yarışa həm xaricdən, həm də ölkə daxilindən böyük marağın olduğunu göstərir. Biz yaxın günlərdə yarışın həftə sonu axşamlarında iştirak edəcək dünya ulduzlarının adlarını açıqlayacağıq. Bundan başqa, ötən həftədən etibarən biz, 2-16 yaş qrupunda olan azyaşlı tamaşaçılar üçün dördgünlük endirimli biletlərin satışına başlamışıq. Nəticədə, biletlərin satışında qısa müddət ərzində yüksək artım gözləyirik. Bakıda baş tutacaq növbəti möhtəşəm Formula 1 yarışını qaçırmamaq istəyən bütün avtoidman həvəskarlarına səslənirəm: Bilet almağa tələsin və ilin ən çoşğulu və həmçinin əyləncə ilə dolu həftəsində bizimlə birlikdə olun!”

Qeyd edək ki, bu il 23-25 iyun tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində tamaşaçılar üçün müxtəlif biletlər, o cümlədən bir, iki və dördgünlük biletlər təklif olunur. Dördgünlük biletlərin ümumi qiyməti tribunadan asılı olaraq 250-690 AZN arasında dəyişir. Azyaşlılar üçün bütün tribunalara təklif olunan dördgünlük biletlər 175-480 AZN təşkil edir.

Dördgünlük bileti olan tamaşaçılar Azərbaycan Qran Prisi ilə əlaqədar keçiriləcək bütün yarış sessiyalarını izləməklə yanaşı cümə axşamı günü baş tutacaq Pit Yolu gəzintisində və həmçinin yarış həftəsonu ərzində dənizkənarı bulvar ərazisində təqdim olunan bütün əyləncə proqramlarında da iştirak edə biləcəklər.
İndiyədək Azərbaycan da daxil olmaqla Bakıda keçirilən növbəti Formula 1 yarışına ümumilikdə 48 ölkədən bilet alınıb. Satılan biletlərin 34 %-i Azərbaycanın payına düşür. Qalan 66 %-lik hissə isə xaricdən alınıb. İlk onluğa daxil olan ölkələr Rusiya, Böyük Britaniya, Ukrayna, Gürcüstan, Avstriya, Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxstan, ABŞ və Almaniyadır. Satılan biletlərdə fərdi müştərilərlə yanaşı korporativ müştərilər də böyük paya sahibdirlər.

Azarkeşlər Bakıda keçiriləcək Azərbaycan Qran Pri yarışını tribuna və ayaqüstü zonalardan izləyə biləcəklər. Tribunaların ümumi tutumu 18 min yerdir və ayaqüstü zonalar da azı 10 min tamaşaçını qəbul edə biləcək genişlikdədir.

Nərgiz


Müəllif: