14 İyun 2017 16:30
1 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 2017 Formula 1 Azərbaycan Qran Prisini izləməyə gələn tamaşaçılar üçün dördgünlük geniş əyləncə proqramı hazırlayıb.

Bakı Şəhər Halqasından Teleqraf.com-a verilən məlumata görə, əyləncə proqramı iyunun 22-dən 25-dək tarixlərini əhatə edir və proqramda nəzərdə tutulan bütün tədbirlər dənizkənarı bulvar ərazisi ilə yanaşı Sahil və Sabir parklarında yerləşən əyləncə zonalarında baş tutacaq. Əyləncə proqramı iyunun 22-də saat 14:00-dan 22:00-dək davam edəcək, 23-25 iyunda isə səhər saat 10:00-da başlayıb axşam saat 23:00-da başa çatacaq.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim yarışın bayram əhval-ruhiyyəsində keçəcəyini bildirib: “Biz bu il 2017 Formula 1 Azərbaycan Qran Prisinin tamaşaçıları üçün ötən illə müqayisədə daha geniş və daha məzmunlu əyləncə proqramı hazırlamışıq. Eyni zamanda müxtəlif günlərə və zonalara fərqli qiymətlərə biletlər təklif edirik. Məqsədimiz balacadan böyüyə, hər kəsin yarış həyəcanını yaxından yaşamasını təmin etməkdir.

Hamını bir daha yarışı bizimlə birlikdə izləməyə dəvət edirəm. Gəlin, yarış həyəcanını və əyləncə coşğusunu bir arada yaşayaq və yay tətilinə gözəl anlarla başlayaq.”

Dənizkənarı bulvar ərazisində salınmış böyük səhnədə dünya ulduzlarının iştirakı ilə canlı konsert proqramları baş tutacaq. İyunun 23-ü dünyaca məşhur türkiyəli müğənni Tarkan, iyunun 24-ü dünya ulduzlarından Nikol Şerzinger və The Black Eyed Peas musiqi qrupu və nəhayət iyunun 25-i Meray Keri səhnəyə çıxacaqlar. Axşam saatlarında baş tutacaq bu konsertlərdə dünya ulduzları ən çox sevilən ifalarını səsləndirəcəklər.

Yarışı izləməyə gələn tamaşaçılar Azərbaycanın gənc istedadlarının ifasında müxtəlif yerli və xarici mahnıları da dinləyəcəklər.

Azərbaycanı bu il Ukraynanın Kiyev şəhərində keçirilmiş Avroviziya müsabiqəsində “Skeletons” mahnısı ilə təmsil edən Diana Hacıyevanın (Dihaj) rəhbərliyindəki musiqi qrupu iyunun 23-dən 25-dək dənizkənarı bulvar ərazisində yarış həvəskarlarının qarşısına çıxacaq. 2007-ci ildə keçirilmiş “Yeni Ulduz” müsabiqəsinin qalibi Çingiz Mustafayevin başçılıq etdiyi “Palmas” musiqi qrupu ilə birlikdə iyunun 22-24-də Formula 1 azarkeşləri üçün ən çox dinlənən ifalarını səsləndirəcək. 2009-cu ildən bəri fəaliyyət göstərən “Palmas” qrupu indiyədək bir sıra ölkələrdə, o cümlədən İspaniya, Rusiya və Ukraynada baş tutmuş festivallarda iştirak edib.

Anar Keytarman rəhbərlik etdiyi musiqi qrupu ilə birlikdə iyunun 22-dən 24-dək müxtəlif növ musiqi nümunələri ifa edərək yarış həvəskarlarının əyləncəsinə zövq qatacaq.

Azərbaycanlı sirk ustası və 2015-ci ildə ABŞ-da keçirilmiş istedadlar yarışmasının finalçısı Üzeyir Novruzov Azərbaycan Qran Prisini izləməyə gələn tamaşaçılara nərdivanla möhtəşəm şou nümayiş etdirəcək. Ü.Novruzov 2016-cı ildə “nərdivan üzərində ən çox dayanan adam” ünvanını əldə edərək Ginnesin Rekordlar Kitabına düşüb. Üzeyirin Bakıdakı şousu 23-25 iyun tarixlərində Formula 1 şəhərciyində quraşdırılmış kiçik səhnədə müxtəlif saatlarda baş tutacaq.

Bakıda yerləşən bir çox məşhur əyləncə mərkəzinin davamlı iştirakçılarından olan tanınmış DJ-lərdən REEF, Bikoo, George Effe və Twist bilet sahiblərinə yarışdan kənarda əyləncə dolu anlar yaşadacaqlar. DJ REEF iyunun 22-25-də Formula 1 şəhərciyi və Konsert Arenasında, DJ Bikoo iyunun 22-dən 24-dək Azneft zonasında, George Effe 23-25 iyunda İçərişəhər zonasında və DJ Twist iyunun 23-dən 25-dək Sahil parkında yerləşən zonada çıxış edərək Formula 1 azarkeşlərinə zövqlü əyləncə təqdim edəcəklər.


Müəllif: Nərgiz