20 İyun 2017 16:04
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qran Prisinin Bulvar tribunasına olan biletlər tamamilə alınıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim məlumat verib.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri bunu bu il ötən illə müqayisədə yarışı izləməyə xaricdən daha çox turistin gələcəyi ilə izah edib: “Biz bütün gücümüzü səfərbər edərək, geniş məzmunlu və maraqlı əyləncə proqramı hazırlamışıq. Dünya ulduzlarının iştirakı ilə baş tutacaq konsertlərin elan olunmasından sonra həm ölkə daxilindən, həm xaricdən alınan biletlərin sayında böyük artım qeydə alınıb. Əldə olan son məlumata əsasən deyə bilərəm ki, Bakıda keçiriləcək Formula 1 yarışını izləməyə bu il ötən ildəkindən iki dəfə çox xarici qonaq gələcək”.

Onun sözlərinə görə, bu il yerli tamaşaçılar da yarışa böyük maraq göstərir: “Son günlər yarışa bilet alan şəhər sakinlərinin sayı xeyli artıb. Bunun təbii nəticəsidir ki, artıq 3 tribunanın bütün biletləri alınıb. Digər tribunalarda da əhəmiyyətli dərəcədə doluluq müşahidə olunur. Ölkə əhalisinə müraciət edərək bildirmək istərdik ki, bilet almağa tələssinlər, əks halda sonraya bilet qalmaya bilər. Hamınıza möhtəşəm yarış həyəcanı ilə birlikdə unudulmaz əyləncə coşğusu arzulayırıq”.

Qeyd edək ki, Azərbaycan Qran Prisini yerində canlı izləmək istəyənlər üçün ümumilikdə 30 min yerlik tribuna və ayaqüstü zonalar təklif olunur.


Müəllif: Nərgiz