24 İyun 2017 09:29
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Formula 1 Azərbaycan Qran Prisi üçün əsas günə başlanılıb.

Teleqraf.com xəbər verir ki, bu gün Formula 2 yarışlarında birinci yarış, həmçinin Formula 1-də üçüncü sərbəst yürüş və sıralama turu keçiriləcək.

Formula 2-də 20 pilotun qatılacağı 29 dövrəli birincilik saat 12:00-da start götürəcək. İyunun 23-də reallaşan sıralama turunda ən yaxşı nəticəni “Prema Racing” komandasından Şarl Lekler göstərib - 1:52.129. Nobuharu Matsuşita (Yaponiya, ART Grand Prix) ikinci, Nikolas Latifi (Kanada, DAMS) isə üçüncü olub.
Gün “The Black Eyed Peas” qrupu və Nikol Şerzingerin konserti ilə yekunlaşacaq.

Sabah isə Formula 2-də ikinci yarış təşkil olunacaq. Ardınca əsas mübarizəyə hazırlıq başlayacaq. Pilotların paradı, Grid təqdimatı olacaq və Azərbaycan himni səslənəcək. Saat 17:00-da Qran Prinin startı veriləcək. Təxminən 2 saatlıq yarışın ardınca mərhələ qaliblərinin mükafatlandırılması və Meraya Kerinin konserti nəzərdə tutulub.

Bu mərhələyə də əvvəlki yarış kimi 10 komandanın heyətində 20 pilot qatılacaq. Ölkəmizdə “Mercedes”in heyətində Luis Hamilton, Valterri Bottas, “Ferrari”nin heyətində Sebastyan Fettel, Kimi Raykkonen, “Red Bull”un heyətində Daniel Rikkardo, Maks Ferstappen, “Force İndia”nın heyətində Serxio Peres, Esteban Okon, “Toro Rosso”nun heyətində Daniel Kvyat, Karlos Sayns, “Willams”ın heyətində Felipe Massa, Lens Stroll, “Renault”un heyətində Niko Hülkenberq, Colion Palmer, “Haas”ın heyətində Roman Qrojan, Kevin Maqnussen, “Sauber”in heyətində Markus Eriksson, Paskal Verlyayn, “McLaren Honda”nın heyətində Fernando Alonso və Stoffel Vandorn sürətini yoxlayacaq.

Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Bolidlər buradan başlayaraq, Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.

Qeyd edək ki, martın 26-da Avstraliyada start götürən mövsümdə 7 mərhələdən sonra pilotların mübarizəsində 141 xalla “Ferrari”nin pilotu Sebastiyan Fettel liderdir. Onu “Mersedes”dən Luis Hamiltonla (129 xal) Valterri Bottas (93 xal) izləyir.

Komanda hesabında isə “Mersedes” 222 xalla birincidir. “Ferrari” 214 xalla ikinci, “Red Bull” 112 xalla üçüncüdür.
Xatırladaq ki, Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. İndiki qaydalara əsasən bolidlərin eni 20 sm artırılıb.


Müəllif: Nərgiz