25 İyun 2017 13:19
1 745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində bu gün Bakı bulvarında səhnəyə çıxacaq ulduz müğənni Meray Kerri artıq paytaxtdadır.

Teleqraf.com xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai özünün “İnstaqram” səhifəsində M.Kerrinin gəlişinə dair hava limanından çəkilmiş qısa video-rolik paylaşıb.

Mahnı satışına görə dünyada qadın müğənnilər arasında rekord göstəriciyə sahib M.Kerri Formula 1 Azərbaycan Qran Prisinin podium mərasimindən sonra dənizkənarı bulvar ərazisində yerləşən böyük səhnədə ən sevilən ifalarını səsləndirəcək. Karyerasının zirvəsində olduğu bir dövrdə Las-Veqasda ilboyu davam edən silsilə konsert proqramlarına ara verərək Bakıya təşrif buyuran dünya ulduzu yarış başa çatdıqdan sonra Formula 1 azarkeşlərinə unudulmaz gecə yaşadacaq. Müğənnilik karyerasında ifa etdiyi möhtəşəm mahnıları ilə ABŞ-da 18 dəfə ən yüksək pillədə yer alan M.Kerri Bakıda ona dünya şöhrəti qazandırmış “Hero”, “Fantasy”, “Always Be My Baby”, “We Belong Together” və başqa mahnılarını səsləndirəcək.

Qeyd edək ki, dünya pop-ulduzu M.Kerrinin mahnıları indiyədək ümumilikdə 220 milyondan çox satılıb. M.Kerriyə ABŞ-da “Nömrə-1” ünvanını qazandıran 18 mahnıdan 17-sinin sözləri ona məxsusdur. “Fantasy”, “Always Be My Baby”, “Hero”, “Touch My Body”, “One Sweet Day” və “We Belong Together” kimi mahnıların sözlərini yazan M.Kerri öz mahnıları ilə dünya şöhrəti qazanmış ən məşhur solo ifaçı hesab olunur.

Sahib olduğu beş oktava səs gücü və peşəkar yanaşması ilə M.Kerri müasir pop müsiqisinə yeni çalarlar gətirib. İfaçı, mahnı sözlərinin yazıçısı və prodüser kimi çox sayda mükafata, o cümlədən dəfələrlə “Grammy” mükafatına, 21 dəfə Amerika Musiqi Mükafatına, “Billboard”ın “Son Onilliyin Ən Yaxşı Müğənnisi” mükafatına, “Minilliyin Ən Çox Mahnı Satan Qadın Müğənnisi” ünvanını əldə etdiyinə görə Ümumdünya Musiqi Mükafatına və mahnı sözlərinin yazılmasında göstərdiyi yüksək peşəkarlığa görə “BMI”in “İkona” mükafatına layiq görülüb.

Baku I'm on my way! @f1 #bakugp

A post shared by Mariah Carey (@mariahcarey) on


Müəllif: Nərgiz