29 Yanvar 2015 10:58
2 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 27-də Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin həm giriş, həm də yekun nitqini ölkənin gələcək sosial-iqtisadi və siyasi inkişafını müəyyənləşdirən mühüm bir çıxış kimi qəbul etmək mümkündür.

Prezident İlham Əliyevin çıxışı zamanı heç şübhəsiz ki, mühüm məqamlara toxunması ölkə vətəndaşlarında ölkənin gələcəyinə dair aydın fikir formalaşmasına səbəb olub. Gəlin, həmin nitqdən seçilmiş çıxarışlara və tezislərə birgə nəzər salaq.

"Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır"

Prezident İlham Əliyev qeyd edib ki, dünyada siyasi böhran davam edir, maliyyə və iqtisadi böhranın yeni mərhələsi başlayıb, Yaxın Şərqdə siyasi və hərbi böhran yaşanır, Avropada vəziyyət gərginləşir, neftin qiyməti kəskin şəkildə aşağı düşüb. Ancaq bu mənfi amillərin fonunda Azərbaycan inkişaf edir, insanların rifah halı yaxşılaşır. Regionlar sürətlə inkişaf edir. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir. Dövlət başçısı Azərbaycanın dünyada sabitlik adası, inkişaf məkanı olduğunu bildirib. O, bunu Azərbaycanda xalqla iqtidar arasında birlik olması, hökumətin bütün təşəbbüslərinin xalq tərəfindən dəstəklənməsi ilə əsaslandırıb: "Bizim atılan bütün addımlarımız Azərbaycanın inkişafına xidmət edir. Bu gün Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir və dünyada bizə olan maraq artır".

"Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkədir"

İlham Əliyevin sözlərinə görə, statistik rəqəmlərə baxdıqda hər kəs bizim nə qədər böyük yol keçdiyimiz görə bilər: "Son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə olub. 2004-cü ildən bu günə qədər ümumi daxili məhsulumuz 3,4 dəfə artıb. Bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,7 dəfə artıb. On bir il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulub. 2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə, bu gün 50 milyard dollardan çoxdur".

"Heç kim bizimlə diktat dili ilə danışa bilməz"

"Azərbaycanın bütün nailiyyətlərə təkbaşına çatdığını bildirən Prezident bəzi hallarda ölkəmizin əsassız təzyiqlərə də məruz qaldığını deyib: "Bəzi hallarda bizə qarşı kampaniyalar da aparılıb və aparılır. Bəlkə bəzilərinin xoşuna gəlmir ki, Azərbaycan bu qədər müstəqil ölkədir, Azərbaycanda hər şey yaxşıdır, Azərbaycan çiçəklənir, gündən-günə inkişaf edir. İqtisadi güc imkan verir ki, siyasi səhnədə də heç kimdən çəkinmədən sözümüzü deyək, milli maraqlarımızı qoruyaq, qoruyacağıq və qoruyuruq. Heç kim bizimlə diktat dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq. Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik və heç kimin qabağında başıaşağı deyilik, ölkəmizi ləyaqətlə idarə edirik. Bəzi ölkələr ki, indi xarici yardımsız yaşaya bilmirlər, onların rəhbərliyi hakimiyyətə gəlmək naminə çoxlu vədlər vermişlər - maaşları on dəfə qaldıracağıq, pensiya yaşını aşağı salacağıq və s. Onlar da hakimiyyətə gələndən sonra gərək o sözləri yerinə yetirərdilər. Getdilər xarici bazarlardan borc aldılar, özlərini asılı vəziyyətə saldılar. Ona görə siyasi məsuliyyət də çox böyük əhəmiyyət daşıyır".

"Ermənistan heç nökər adına da layiq deyil"

Ermənistanın nəinki müstəmləkə vəziyyətində, hətta onun, bəlkə heç nökər adına da layiq olmadığını vurğulayan İlham Əliyev milli ləyaqətin kriminal xunta tərəfindən tapdalandığını və son hadisələrin bunu bir daha göstərdiyini söyləyib: "Görün, nə qədər bunlar aciz durumdadırlar ki, hətta haqlı tələbləri də irəli sürə bilmirlər. Bu ölkə artıq sübut edib ki, müstəqil ölkə kimi yaşaya bilmir. Müstəmləkə kimi yaşaya bilər".

"Nadir tarixi layihələr Avropanın enerji xəritəsini dəyişir"

Prezident deyib ki, vaxtında real sektora, infrastruktura investisiya qoymayan ölkələr bu gün peşman olurlar: "Biz hər şeyi vaxtında etməli idik və etmişik: "Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, "Şahdəniz", TANAP, TAP, "Cənub" qaz dəhlizi layihələri regionun, Avropanın enerji xəritəsini dəyişir. Bunların hər biri nadir tarixi layihədir. Bu layihələr son 9 il ərzində icra edilib. Mən vaxtilə şəxsən "Nabukko" layihəsinin müzakirəsi ilə bağlı azı 10 beynəlxalq tədbirdə iştirak etmişəm. Orada müzakirədən başqa heç nə yox idi. Yenə də təşəbbüs göstərmişik, TANAP layihəsini təklif etmişik. Adı da biz qoymuşuq, təşəbbüskarı da biz olmuşuq. 2012-ci ildə Türkiyə ilə bu layihəni imzaladıq. Ondan sonra artıq "Cənub" qaz dəhlizi üçün yol açıldı".

"Biz üçüncü proqramı da 2018-ci ilə qədər uğurla icra etməliyik"

Dövlət başçısı regionların inkişafına dair üçüncü proqramın da 2018-ci ilə qədər uğurla icra edilməli olduğunu vurğulayıb: "Proqramı icra etmək üçün bütün cəmiyyət səfərbər olmalıdır və əminəm ki, biz buna nail olacağıq. Bu proqramın icrası məsələsi böyük dərəcədə rayon və şəhərlərin icra hakimiyyəti başçıları və tanınmış biznes strukturlarının fəaliyyətindən asılı olacaq. Böhranla, iqtisadi, maliyyə böhranı ilə bağlı bizi qarşıda daha da böyük sınaqlar gözləyə bilər. Ancaq biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Biz vaxtında bütün tədbirləri görmüşük, heç vaxt populist bəyanatlarla çıxış etməmişik, heç vaxt xaricdə yerləşən hansısa quruma xoş gəlmək üçün addımlar atmamışıq".

"2015-ci il Azərbaycanda uğurlu il kimi tarixdə qalacaq"

Prezident kifayət qədər geniş həcmli Dövlət İnvestisiya Proqramının qəbul edildiyini bildirib: "Əminəm ki, proqram icra ediləcək və 2015-ci il də Azərbaycanda uğurlu il kimi tarixdə qalacaq. Bizim makroiqtisadi göstəricilərimiz çox müsbətdir. Keçən il inflyasiya cəmi 1,4 faiz olub, iqtisadiyyat təxminən 3 faiz, qeyri-neft sektorumuz isə 7 faiz artıb. Manatın məzənnəsi sabit olaraq qalır. Baxmayaraq ki, neftin qiyməti düşüb, böyük valyuta ehtiyatlarımız, düşünülmüş makroiqtisadi siyasət imkan verir ki, Azərbaycan vətəndaşları bu böhranı hiss etməsinlər. İnflyasiya çox aşağı səviyyədədir, manat ildən-ilə öz dəyərini artırır. Biz bu məsələyə baxmalıyıq. O vaxt pul islahatını apararkən bir manat bir dollara bərabər idi. İndi isə bir manat bir avrodan daha da bahalıdır. Hesab edirəm ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək".

"Məmurlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir"

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə "ASAN xidmət"in dönüş yaratdığını qeyd edən İlham Əliyev bu sistemin bütün sahələrdə tətbiq edilməli olduğunu deyib: "Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə böyük uğurlar var. Beynəlxalq qurumlar da bunu qeyd edir, əhali də bunu yüksək qiymətləndirir. Cəza tədbirləri, inzibati tədbirlər və sistem xarakterli islahatlar aparılır ki, biz bu bəlanı, bu yaranı aradan götürək. Azərbaycan vətəndaş-məmur münasibətlərində də nümunəvi ölkə olmalıdır. Xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim".

"İlham Əliyev fəaliyyətilə xalqa xidmətin nümunəsini təqdim edir"

Prezident İlham Əliyevin konfransdakı çıxışına münasibət bildirən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, 2003-cü ildə prezident seçilən cənab İlham Əliyev ötən müddət ərzində verdiyi bütün vədləri yerinə yetirməklə yanaşı, atdığı addımlarında hər bir azərbaycanlının Prezidenti olduğunu isbatladı. "Məhz bu gün də ölkə başçısı fəaliyyətilə xalqa xidmətin nümunəsini təqdim edir", deyən S.Vəliyeva qeyd edib ki, Prezident İlham Əliyev əməlləri ilə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi və ölkənin inkişafı üçün siyasi-mənəvi keyfiyyətləri də məmurlara aşılamaqdadır: "Bir dövlət rəhbərinin ad gününü qaçqın və məcburi köçkün vətəndaşları ilə birgə qeyd etməsi, bayram və matəm günlərində də xalqla bərabər olması onun xalqına olan münasibətinin səmimiliyindən irəli gəlir. Bu baxımdan da, Prezident İlham Əliyev atdığı addımlar və gördüyü işlərlə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi və ölkənin inkişafı üçün siyasi-mənəvi keyfiyyətləri də məmurlara aşılamaqdadır".

Millət vəkili qeyd edib ki, dövlət başçısının konfransda məmurlara verdiyi tövsiyələr və etdiyi xəbərdarlıqlardan hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır: "Prezident İlham Əliyev konfransda özünü xalqın birinci xidmətçisi adlandırmaqla məmurlara bir daha xəbərdarlıq edib ki, onlar yüksək etimadı doğrultmalı, xalqla bir yerdə olmalı, onların qayğıları ilə yaşamalı, kobudluğa, yekəxanalığa yol verilməməlidir. "Azərbaycanın inkişafı və ictimai-siyasi vəziyyətin müsbət istiqamətdə inkişafı bütün dünyada gedən böhranlardan asılı olmayaraq, bizim böyük sərvətimizdir", deyən Prezident İlham Əliyev aydın şəkildə izah edir ki, bu sərvətin qorunub saxlanılması hər bir azərbaycanlının mənəvi, məmurların isə həm də vəzifə borcudur".

"Məmurlar dövlətin həyata keçirdiyi siyasətin yerlərdəki icraçılarıdır", deyən S.Vəliyeva onu da əlavə edib ki, vəzifəli şəxslər xalqın qayğıları ilə maraqlanmalı, onların qarşılaşdıqları problemlərin həll edilməsinə maksimum dərəcədə köməklik göstərməlidir. Çünki, hər bir ölkənin inkişaf səviyyəsinin əsas göstəricilərindən birini də vətəndaş-məmur münasibətlərinin və xalqa xidmətin səviyyəsi təşkil edir: "Artıq Prezident İlham Əliyev bu münasibətlərdə nümunə təqdim edir. Düşünürəm ki, məmurlar da dövlət başçısından nümunə götürməli və göstərilən etimadı doğrultmalıdır".

"Sosial siyasət vətəndaşların rifah halının yüksəlməsinə xidmət edir"

"Ölkədə həyata keçirilən sosial siyasət birbaşa vətəndaşların rifah halının yüksəlməsinə xidmət edir". Bu fikri isə konfransda Prezident İlham Əliyevin etdiyi çıxışa münasibət bildirən Milli Məclisin Sosial siyasət komitəsinin üzvü İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, dünyada baş verən iqtisadi böhrana baxmayaraq, ölkəmizdə sosial layihələrin heç biri təxirə salınmayıb. Onun sözlərinə görə, bu, düşünülmüş sosial-iqtisadi siyasətin nəticəsidir: "Demək olar ki, hər il ölkəmizdə müxtəlif kateqoriyalar üzrə əməkhaqları artırılır, aztəminatlı ailələrin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısı səviyyəsində vurğulanıb ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, bu, ölkəmizdə sosial layihələrin, proqramların həyata keçirilməsinə heç bir problem yaratmayacaq. Bu amil isə Azərbaycanda nə dərəcədə uğurlu sosial-iqtisadi siyasətin həyata keçirilməsinin bariz göstəricisidir".

Səxavət HƏMİD


Müəllif: