5 İyul 2016 22:35
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən tibb elminin inkişafındakı xidmətlərinə görə Sabir Həbibov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Azərbaycanın Rusiyadakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, iyulun 4-də Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Prezident İlham Əliyevin tapşırığına əsasən qeyd olunan fəxri diplomu tibb elmləri doktoru, professor, "Rusiya Federasiyasının əməkdar həkimi", Rusiya Tibbi-Texniki Elmlər Akademiyasının və Ümumrusiya Endoskopiya Cərrahları Cəmiyyətinin həqiqi üzvü, Moskva şəhəri Səhiyyə Departamentinin 79 saylı Şəhər Klinik Xəstəxanası dövlət müəssisəsinin rekonstruktiv, plastik və endoskopik cərrahiyyə şöbəsinin müdiri S.Həbibova təqdim edilib.

Tədbirdə çıxış edən P.Bülbüloğlu S.Həbibov kimi azərbaycanlılarla fəxr etdiyini, onun Rusiyadakı fəaliyyətini, insanlara göstərdiyi xidməti məmnunluqla önə çəkərək, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Səfir Prezident İlham Əliyevin çıxışlarında söylədiyi “Mən hər bir azərbaycanlının Prezidentiyəm“ ifadəsinə istinad edərək, sözügedən fəxri diplomun bunun bariz nümunəsi olduğunu bildirib.

S.Həbibov sözügedən diplomu qürbətdə yaşayıb işləyərək almağın onun üçün olduqca xoş olduğunu qeyd edib. Bundan əlavə o, Rusiyadakı soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısını hiss etdiklərini söyləyib. S.Həbibov fəaliyyətinə verilmiş bu yüksək qiymətə görə ölkəmizin başçısına dərin minnətdarlığını bildirib.


Müəllif: